Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belke BIr Gun...

*Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

*Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…

*Sonra o qız əl eləyə, sağollaşa, sənə həyatın yaşıl işığını yandıra. İşə gedib hirslənmədən adamların üzünün saflığında çiməsən, daha metrolardan tər iyi gəlməyə. Sən avtobusu, adamlar səni minməyə.

*Günorta pəncərədən yerə baxasan, görəsən ki, əlini ağzına salan uşaq bilmədən barmağını dişlədi. Dünyadakı bütün hərəkətlərin bu qədər təbii olacağına inanasan. Ağlayan uşağın yanağından süzülən yaş, böyük bir prospektin tozunu yatıra.

*Gözünü yumub özün haqda yox, başqaları haqqında düşünəsən. İnsan özü haqda o zaman çox düşünür ki, öz dərdi çoxalaraq onun başqalarına baxan gözünü bağlayır. Sonra yuxu tuta səni, yuxunda baxçanın həyətində oynayan uşaqları görsən. Amma, yuxuları yozmayasan səhər-səhər.

*Oyuncaq dükanlarını uşaqlara bağışlayalar. Ya da, uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara.

*Qocaların ən çox getdiyi yer əczaxanalar, ən çox danışdıqları mövzu dərman preparatları olmaya.

*Qapıların kandarından təbəssüm asalar. İnsanlar ancaq ürəkləri istəyəndə gülələr. Varlılar üçün ayrı, kasıblar üçün ayrı maska taxmaya insanlar.

*Papiros və zavod tüstüləri küsüb gedələr şəhərdən.

*Gözəl qızların çantalarından gözəl kitablar çıxa.

*“Buyurun”, “Çox yaxşı”, “Mən də məmnunam”, “Allah köməyiniz olsun” sözləri gün ərzində ən çox işlənən kəlmələr ola.

*Baltalar ağacları yox, kin-küdurəti doğraya...

*Televizoru açasan və eşidəsən ki, İraqda 300 uşaq doğulub. Çeçenlər silah yox, şənlik fişəngi atırlar.

Bəs Siz bir səhər gözünüzü açdıqda nəyin dəyişdiyini görmək istərdiniz?.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi varmı?
loading...