Deyirlər ki ağ gül güllərin ən gözəli, ən ətirlisimiş. Bahar fəsli onu nazənin bir xanım kimi yuxudan oyadırmış. Bir gün ağgülün budağına xallı bir kəpənək qonur. Hələ o vaxt ağgülün budaqlarında tikanlar yox imiş. Çünki baharın tacı hər kəsə inanırmış. Kəpənək dilini işə salıb ağ gülün sadə qəlbini ələ alır….
- Mən ala kəpənəyəm bütün güllərin, çiçəklərin rəngi məndə olsa, özümü xoşbəxt sanaram. Həmişə budağına qonub, ətrinə məst olub sənə sədaqetimi bildirərəm. Səxavətini məndən əsirgəmə.
Ağgül ona inanır, ağ rəngindən kəpənəyə də pay verir. Məqsədinə catdıqdan sonra kəpənək ağgülü unudur. Bir müddətdən sonra xırda bir arı vızıldayıb onun tikansız budağına qonur. Arı da xallı kəpənək kimi şirin dilini isə salır:
- Mənim yaşama ümidim bütün çiçəklərin, güllərin şirəsini dadmaqdır. Əgər belə olmasa mən o saat ölərəm. Mənə rəhm elə qisa ömrümə qıyma, şirəndən bir az mənə ver. Sənin bu yaxşılığını unutmaram. Həmişə budağına qonub vızıldayaram – sədaqətimi bildirərəm.
Ağ gül arının da xətrinə dəymir onu razi yola salır. Ancaq işi düzələn arı bir də geri dönmür. Xallı kəpənəyin və arının vəfasizlığı ağgülə bərk təsir edir. Özünə söz verir ki birdaha heç kimə inanmayacaq , gözəl budaqlarında tikanlar bitirəcək. O, dediyi kimi edir. Necə olursa şeyda bülbül cəmənzarda ağgülə rast gəlir. Yaraşıqlı boylu – buxunlu , ətirli və ağ çiçəklərini görən kimi şeyda bülbül ona bir könüldən min könülə aşiq olur. Cağırır, ağgül başını qaldırmır. Budağına qonmaq istəyir, tikanları yaxın buraxmır. Əlacsız qalan şeyda bülbül ağgülün başına fırlanır və yanıqlı ürəyindən gələn məhəbbət mahnıları oxuyur. Xallı kəpənəyın və arının vəfasızlığını görən ağgül şeyda bülbülün məhəbbətinə və sədaqətinə inanmır.
Sevdalı bülbül özünü sevgilisinin qoynuna atır. Tikanlar onun eşq ilə cirpınan qəlbini qana boyayır. Ağgül öz amansızlığından peşman olursa da, artıq gec olur. Şeyda bülbülün məhəbbəti olan al qanı ağgülə hopur. O vaxtdan çiçəkləri qırmızı rəngdə açılır, qızılgül olur.
Ağ gülün başına gələn nə vaxtsa sizin də başınıza gəlibmi?
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi varmı?