Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban memarlığı nümunələri bu gün

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr) və Varazqun məbədi (XII əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr), Şəki (II əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qax rayonunda Ləkit məbədi (V əsr), Qum məbədi (VI əsr), Yeddi kilsə məbədi (IV əsr), Kürmüx məbədi (XII əsr), Qazax rayonunda Avey məbədi (IV əsr), Koroğlu (IV əsr), Kilsədağ (V əsr), Tatlı (V əsr), Qıraq Kəsəmənli (XII əsr) məbədləri, Ağstafa rayonundakı Keşikçi məbədi (XII), Qəbələ rayonunda Böyük Əmilli məbədi (IV əsr), Gəncə şəhərində iki alban məbədi (XII əsr), Göygöl rayonu Çaylı kəndində Anaid məbədi (VI əsr), Kəlbəcər rayonu Talış kəndində Urek məbədi (1279), Kəlbəcər rayonu Qozlu kəndində Xatirvəng məbədi (1204), Babək rayonu ərazisində Qızılvəng məbədi (XII əsr), Culfa rayonu Camaldin kəndində Ətik Əhməd məbədi (XII əsr), Tovuz rayonunda Kirzan məbədi (XII əsr), Qubadlı rayonunda Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi (XII əsr), Xocalı rayonunda Xansıx (1122), Xaçmaç (1100), Armudlu (1202) məbədləri, Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd (1000), Şəki raonunda Bideyiz məbədi (XI əsr) və Zəyzit məbədi (X əsr), Zaqatala rayonu ərazisində Mamrux məbədi (IV əsr) və Yuxarı Tələ məbədi, Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərçivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə maraq doğurmuş və seçilmişdir. Həmişə diqqət çəkən yenilik öz məzmununa görə maraq doğurduğundan digər Qafqaz xalqları da qədim alban mdəniyyətindən faydalanaraq özlərinin memarlıq və mədəniyyətləini inkişaf etdirmişlər.

Erməni saxtakarlığı
Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır. Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: "... Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi" – Şərqi Ermənistan adlandırırlar". Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, ermənilərin himayədarı olan Rusiyanın vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir.

Albaniyada xristian memarlığı
Demək olar ki, Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikililəri idi. Bu kilsələr uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyada xristianlığın memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu üslub yalnız albanlara aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Albaniyada xristian memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Albanlarda həm mehrablı, həm də mehrabsız sovmələrə rast gəlinir. Sovmələrin divarı bir qayda olaraq zərif naxışlara malik nişan daşları ilə bəzədilirdi. Alban dövrünün ən mürəkkəb tikililəri isə bazillikalar və monastırlar hesab olunur. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki alban dövrü memarlıq abidələrinin divarları üzərindəki elementlər yalnız bu dövr abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir.

Ermənilər tərəfindən ən çox mənimsənilməyə məruz qalan abidələrin bir qismi də ermənilərin "monastır" adlandırdıqları alban bazilikalarıdır. Azərbaycanda geniş sahəli, mürəkkəb formaya malik müasir dövrümüzə qədər yaxşı formada gəlib çıxan bazillikaların tikilməsi VI-VIII əsrlərə təsadüf edir. Bazillikaların geniş zalı böyük və dəbdəbəli sütunlarla bir neçə nefə bölünür. Ümumi ansambla uyğun olaraq hər nefin Şərqində yarımgümbəz formalı çıxıntılar düzəldilirdi. Ortadakı iri çıxıntı mehrab rolunu oynayırdı. Bazillikaların dam örtüyü də digər tikililərdən fərqlənirdi. Belə ki, onların orta hissədəki gümbəzləri kiçik çıxıntılarla tamamlanırdı. Bir qayda olaraq bazillikaların Qərb tərəfində xüsusi sütunlar üzərində zəng asmaq üçün yer qurulurdu.


Tarix: 02.02.2015 / 14:25 Müəllif: Feriska Baxılıb: 191 Bölmə: Qafqaz Albaniyası
loading...