1. Ayaqqabınız palçığa batmışsa, nəm əski ilə təmizləyin.
2. Ayaqqabınızı heç vaxt suyun altında və ya paltaryuyan maşında yumayın. Bu, ayaqqabınızın formasını itirməsinə, həmçinin ömrünün qısalmasına gətirib çıxara bilər.
3. Ayaqqabınızın "formada qalmasını” istəyirsinizsə, qəliblərdən istifadə edin.
4. Üstü tikişli ayaqqabılarda tikiş yerlərindən su buraxma ehtimalı çoxdur. Ona görə də bu cür ayaqqabıları yağışlı və qarlı havalarda geymək məsləhət deyil.
5. Yaş və ya nəm ayaqqabını radiator üzərində və günəş altında qurutmayın. Ən yaxşısı onları otaq temperaturunda qurutmaqdır.
6. Əgər üzərində "Su keçirmir" (waterproof) sözləri yoxdursa, deməli, ayaqqabınız həmişə su buraxa bilər.
7. İçi astarlı və ya astarsız ayaqqabılar həqiqi dərindən hazırlandığı üçün sağlamlıq üçün təhlükəli deyil. Lakin belə ayaqqabılarda dərinin rənginin ayaqlara və corablara çıxması istisna olunmur. Ona görə də astarın rənginə uyğun corab geymək məsləhətdir.
8. Əgər ayağınız tərləyirsə, gec-tez dəri üzərində duzlaşmaya səbəb olur. Təəssüf ki, bu cür halların qarşısını almaq qeyri-mümkündür.
9. Zamşa və ya dəri altlıqlı ayaqqabılardan qarlı və yağışlı havalarda istifadə etmək məsləhət deyil. Ən yaxşısı bu havalarda rezin və kauçuk altlıqlı ayaqqabılar geyinməkdir.
10. Əgər ayaqqabınız iplidirsə, çıxaranda da ipini açın.
11. Ayaqqabınızı geyinəndə və çıxaranda dabanını əzməməyə çalışın.
Ayaqqabılara qulluq
1. Adətən ayaqqabının dərisi üzərində ayağın formasına uyğun qırışlar əmələ gəlir və bu qırışlar tədricən artır. Bunun qarşısını almaq üçün dərinin cinsinə uyğun qoruyucu və yumşaldıcı maddələrdən istifadə etmək məsləhətdir.
2. Dəri təbii hidrofobik səthə və gözənəklərə malik olduğu üçün belə ayaqqabılar daha tez islanır. Bu isə tədricən ayaqqabının su çəkməsinə gətirib çıxarır.
3. Ayaqqabının suya qarşı davamlılığını artırmaq üçün xüsusi püskürdücülərdən istifadə etmək olar. Bundan başqa, dərinin rənginə uyğun boyalar da köməyə gələ bilər.
4. Ayaqqabının ömrünün uzadan əsas amillərdən biri də eyni ayaqqabını hər gün geyməməkdir. Məsələn, bir ayaqqabını günaşırı geymək onun ömürünü üç dəfə artırır.
5. Ayaqqabılara hər gün qulluq etmək lazımdır. Məsələn, səhər və axşam məxmər parça ilə ayaqqabınızın tozunu ala, həftədə bir dəfə isə boyaya bilərsiniz.
Tarix: 10.01.2015 / 12:02 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qadın dünyası