Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat geniş yayılmışdı. Meşəliklərin təsərrüfat baxımından böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, Ardanış ərazisində əsasən kolluqlar, eləcə də Adatəpədə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrin ikinci yarısına qədər Ardanışın şərq və cənub tərəflərində sıx meşəliklər mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyətinin nəticəsində həmin meşəliklər məhv edilib. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişib, bu isə öz növbəsində heyvanat və bitki aləminə təsirsiz ötüşməyib. Ada təpədə çoxlu bitki növü qeydə alınmışdır. Oradakı kol bitkilərindən alaçəhrə, tuvulğu, qarağac, ardıc, qaraqoyungözü, qatırquyruğu, dovşan alması, itburnu, yemişan, dovşanalması, zirinc, gərməşov , kol armudu, meşə xirniyi, başınağacı, və s. kol meyvələri yetişir. Göyçə gölünün sahilində salınmış meşə zolağında şam, iydə, akasiya, çinar, qızıl söyüd, qarağac ağacları və çaytikanı (kol bitkisi) təbiətə xüsusi bir gözəllik bəxş edirdi. Ardanış ərazisində yarımsəhra (yovşan, gəvən və s.), dağ-bozqır bitkiləri (kəklikotu, çaşır və s.), çoxlu yabanı dərman bitkiləri yetişir ki, bu da xalq təbabətinin geniş inkişafına səbəb olmuşdur.
Tarix: 07.02.2015 / 13:14 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Qərbi Azərbaycan