İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün heç bir səbəb tapa bilməyəcək.
Sevgini, hörməti və sədaqəti daimi edən, iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı, imanı və əxlaqı üçün sevən adam, ailə həyatında da qarşısındakı adama qarşı hörmət bəsləyən, sadiq və gözəl əxlaqlı olacaq. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də zənginlik kimi xüsusiyyətlərini itirməsi, həmin insanın sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilməyəcək. İmanı və Allah qorxusu olduğundan heç vaxt qarşı tərəfi narahat edən, çətinliyə salan hərəkətlər etməyəcək. Quran əxlaqına uyğun olaraq həmişə şəfqətli, mərhəmətli, ədalətli və xoşniyyətli olacaq, Allah qarşısında məsuliyyət daşıdığını unutmayacaq. Allah Quranda ailədə qadın və kişinin bir-birlərinə qarşı olan məsuliyyətlərini "... Onlar sizin, siz də onların libasısınız ..." (Bəqərə Surəsi, 187) ayəsində bildirir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bir-birlərinə qarşı bərabərhüquqlu olduqlarını da xatırladır. Allahın ayədə bildirdiyi "libas" ifadəsi, tərəflərin bir-birləri üzərindəki qoruma xüsusiyyətlərini göstərir. Bu ayədə, həmçinin qadın və kişinin bir-birlərini tamamlayan xüsusiyyətlərinə də diqqət yetirilir.
Tarix: 22.05.2013 / 22:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri