Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boşanmalar niyə artır? (ARAŞDIRMA)

Ailə zaman-zaman kiçik və ya böyük problemlərlə üzləşən bir dövlət hesab olunur. Həmin problemlər həllini tapmadıqda isə təəssüf ki, boşanmayla nəticələnir.
Statistik məlumatlara əsasən, Azərbaycanda son 7 ildə rəsmi nikaha girənlər arasında boşananların sayı 2 dəfə artaraq 10 %-ə çatıb. Bəs ciddi narahatlığa səbəb olan bu statistik göstəricinin arxasında hansı səbəblər dayanır? Çox vaxt boşanan tərəflərdən bunun səbəbini soruşduqda, xasiyyətlərinin uyğunsuzluğunu əsas gətirirlər. Ancaq bu, artıq ümumi boşanma “termininə” çevrilib. Əslində isə, boşanmaya gətirib çıxaran səbəbləri aşağıdakı kimi ümumiləşdirmək olar:
1.İqtisadi problemlər;
2.Tərəflərin sosial-mədəni səviyyə fərqliliyi;
3.Cinsi problemlər;
4.Ünsiyyət problemi;
5.Tərəflərdən birinin xəyanəti;
6.Ailədaxili şiddət.

Əsas səbəb nədir?

Sosial psixoloq Naib Niftəliyev bildirir ki, hazırki şəraitdə boşanmaların sayının artması, əslində, ənənəvi ailə təsisatının (institutunun) yaşadığı böhranın təzahürüdür: “Bu, həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Obyektiv amillər daha çox iqtisadi fəallığın artması, xüsusən, qadınların əmək məşğulluğunun, iqtisadi təşəbbüskarlığının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə izah edilir. Subyektiv meyllər isə daha çox məlumatlılıq səviyyəsinin artması, informasiya əldə etmək imkanlarının genişlənməsi, insanların hüquqi-psixoloji biliklərinin dərinləşməsi, düşüncə tərzinin dəyişməsi, mövcud mənəvi-əxlaqi dəyərlərin nəzərəçarpacaq dərəcədə aşınması, deqradasiyaya uğraması ilə əlaqələndirilir. Boşanmaların əksəriyyəti iqtisadi səbəblərdən baş verir, yəni əmək məşğulluğu ailəni dolandıra bilməməklə daha çox bağlıdır. Bununla yanaşı, psixoloji ziddiyyətlərin, psixofizioloji uyğunsuzluğun meydana çıxması, xəyanət, alkoqollu içkilərə, narkomaniyaya meyllilik, həyata münasibətin, düşüncə tərzinin çox fərqli olması, dözümsüzlük, sevginin, qarşılıqlı istəyin itməsi, valideynlərin müdaxiləsi, toplumun təsiri, tərəflərin arasında ciddi səviyyə fərqinin olması, müxtəlif sosial-psixoloji stereotiplərə qapılma və s. bu kimi amillər də mühüm səbəblər sırasındadır ”.

…Mexanizm yoxdur

Hüquq müdafiəçisi Sədaqət Paşayeva da bildirdi ki, boşanan tərəflər çox vaxt xasiyyətlərinin uyğun gəlməməsini səbəb kimi göstərirlər: “Ancaq ən çox rast gəlinən səbəblərdən biri ailədaxili zorakılığın artmasıdır. Bu zorakılığa kiçik narazıçılıqlar da yol aça bilir. İşsizlik də səbəb ola bilir. Boşanmaların arasında qohum evliliklər də çoxluq təşkil edir. Ailə dağılmalarının artmasının bir səbəbi də boşanmanın şərtlərinin çox asan olmasıdır. Hər hansı cəza mexanizmi yoxdur. Buna görə də, çox asan evlənirlər və boşanırlar. Çox vaxt bir-birlərini yaxından tanımadan belə ailə qururlar. Müşahidələr göstərir ki, daha çox təsadüfi evliliklər olur. Belə ailələr də heç bir təzminat olmamasından, uşaqların taleyini həll etmək üçün hüquqi mexanizmin çox aşağı səviyyədə olmasındandır ki, çox asan şəkildə ayrılırlar. Fikrimcə, boşanmanın da şərtləri şərtləşdirilməlidir. Həm Cinayət, həm Ailə, həm də Mülki Məcəllədə. Çünki boşanma çox adi hala çevrilib. Həmçinin, çoxları öz hüquq və vəzifələrini anlamaq səviyyəsində deyillər və onlara “dayan” deyəcək mexanizmlərimiz də yoxdur”.

Sosial şəbəkələr də “boşandırır”

Onu da qeyd edək ki, boşanmaların artmasında müasir texnologiyaların da rolu inkaredilməzdir. Belə ki,. Amerika Boşanma Vəkilləri Akademiyasının apardığı araşdırmalar göstərib ki, şəxsi şəkillərin “facebook”da yayımlanması boşanmaların əsas səbəblərindən biridir. Araşdırmalar zamanı o da məlum olub ki, “facebook”da insanların keçmiş sevgililəri ilə yenidən əlaqələr qurması da ayrılıqlara gətirib çıxarır. Boşanmaya səbəb olan bu amillər artıq azərbaycanlı ailələrin də dağılmasına zəmin yaradır. Tanışlıq saytlarında və digər sosial şəbəkələrdə ailəli insanların çoxluğu və nəticələr bunu deməyə əsas verir.

Boşanma niyə sərt qarşılanır?

Psixoloq boşanmanın cəmiyyət tərəfindən sərt qarşılanmasına, pis qəbul olunmasına gəldikdə isə qeyd edir ki, bu, tam təbii, normal reaksiyadır: “Çünki istənilən halda ailə cəmiyyətin (eləcə də dövlətin), təməli, özəyidir və özünün yarımqapalı dünyası, daxili nizamı ilə kiçik bir dövlətdir. Bununla cəmiyyət özünün əsaslarını, təməlini qoruyub möhkəmləndirməyə, inkişaf etdirməyə can atır. Bu, bir qayda olaraq, ictimai qınaq formasında təzahür etdiyindən kütləvi təzyiq fenomeni kimi nəzərə çarpır. Nə qədər təzadlı, ziddiyyətli görünsə də, hətta boşanan, ayrılan insanların əksəriyyəti belə, boşanmanı mənfi, neqativ, arzuolunmaz təmayül kimi dəyərləndirirlər, xoşagəlməz, çıxılmaz vəziyyətdə qalıb bu addımı atdıqlarını deyirlər”. Ancaq müsahibimizin sözlərinə görə, başqa çıxış yolu qalmayıbsa, tərəf müqabillərinin arasında olan sevgi, hörmət, etibar, qarşılıqlı inam hissi itibsə, onda boşanmaq, ayrılıb daha sağlam həyat qurmaq yaxşıdır: “ İnsan xanım və ya kişi olmasından asılı olmayaraq, hər şeydən əvvəl bir şəxsiyyət kimi özünə hörmət qoymalıdır, ailədə isə dözümün qarşısında dözümlü, mətanət, etimadın, etibarın qarşısında sədaqətli, anlamanın, qiymətləndirmənin qarşılığında şərəfli, ləyaqətli olmalıdır”.

…Ondansa boşanmaq yaxşıdır!

Naib Niftəliyev bildirir ki, əgər ailədə tərəflərin ən azı biri özünü digərindən üstün sayırsa, həyat yoldaşını heç bir səbəb olmadan təhqir edir, incidirsə, bu ailə dağılmasa belə, cəmiyyət, yaxınlar, doğmalar, xüsusən həmin ailədə böyüyən uşaqlar üçün heç də yaxşı nümunə olmayacaq: “Burada kiminsə uşaqların xətrinə məşəqqətə, zülmə, əzaba dözməsini anlamaq olar. Bu, sözsüz ki, böyük fədakarlıqdır. Lakin sadəcə, uşaqları nəzərə alıb özünü unutmaq, məsuliyyəti birtərəfli qaydada öz üzərinə götürmək də doğru deyil. Adətən, belə vəziyyətlə daha çox xanımlar üzləşir. Azərbaycan xanımlarına gəldikdə, həyat yoldaşları onları tərk etsə belə, onlar çox nadir hallarda övladlarından imtina edirlər. Ümumiyyətlə, analıq hissi, valideynlik duyğusu kifayət qədər güclü olan istənilən qadın heç vaxt belə bir addım atmır”.

Psixoloq onu da vurğuladı ki, bu gün uşaq hüquqlarının daha səmərəli qorunması məsələsi dünyada və Azərbaycanda ən aktual problemlərdən biri kimi dəyərləndirilir: “Bununla bağlı həm müvafiq dövlət qurumlarının, həm də cəmiyyətin uşaqları fəal şəkildə himayə etməsi, düzgün istiqamətləndirməsi olduqca vacibdir. Məsələn, Almaniyada, Avstriyada övladının üstünə qışqıran, onunla azacıq sərt, kobud rəftar edilən valideyn kimliyindən asılı olmayaraq, valideynlik hüququndan məhrum edilə, hətta cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Ailələrin “süni” davamlılığı lazımdırmı?

Sədaqət Paşayevanın da sözlərinə görə, zorakılıq şəraitində böyüyən uşaqların dünyagörüşü, psixologiyası korlanır: “Uşaq ailədə xəyanət, yalan, şiddət görürsə bunu cəmiyyətdə tətbiq etməyə başlayacaq. İstər dostlarına, istərsə də gələcəkdə öz həyat yoldaşına. Bütün saxta münasibətlər uşağın dünyagörüşündə öz dərin izini buraxır və gələcəkdə cəmiyyət üçün təhlükəli bir şəxsə çevrilir. Ona görə də, zorakılıq şəraitində ailənin yaşının süni şəkildə uzatmaq faydalı deyil. Ancaq bu, heç də boşanmaların qarşısını almaq metodu deyil. Ona görə də, ailə üzvlərinə onların hüquqi, sosial, istisadi məsuliyyətlərini anlatmaq, münasibətlərini dəqiqləşdirmək lazımdır. Əks halda həmin ailələrdə böyüyən uşağın vəziyyətindəki ziddiyətlər cəmiyyətdə bu və ya digər şəkildə özünü göstərəcək”.

Bəs uşaqlar nə istəyir?

N.Niftəliyev eyni zamanda boşanmanın uşaq psixologiyasına təsirlərindən də danışdı: “İstənilən halda valideynlərdən birinin yoxluğu – atanın və ya ananın ayrılıb ailəni tərk etməsi, eləcə də valideyn himayəsindən məhrum olma uşağın psixikasında çox mənfi fəsadlar yaradır. Əgər bu ayrılıq, boşanma qarşılıqlı təhqir, böyük dava-dalaşlar fonunda baş veribsə, onda uşağın məruz qaldığı mənəvi-psixoloji sarsıntı dəfələrlə ağır, silinməz olur. Təəssüf ki, belə xoşagəlməz səhnələrin şahidi olan valideynlər çox vaxt qətiyyən öz övladlarını fikirləşmirlər. Dövr, şərait, zaman isə insanlardan həm ailə quranda, həm övlad dünyaya gətirib tərbiyə edəndə, həm də boşananda, ayrılanda məsuliyyətli olmağı tələb edir. Əgər fikirləri, münasibətləri uyğun gəlməyən, birgə yaşamaqda çətinlik çəkən tərəf müqabilləri sivil qaydada, ədəb-ərkan çərçivəsində aydınlaşdırıb ayrılırlarsa, burada qeyri-adi heç nə yoxdur. Sadəcə, bu ayrılığın səbəbini çox vaxt uşaqlara izah etmək çox çətin, bəzən qeyri-mümkün olur. Çünki onlar valideynlərini həmişə birgə, öz yanlarında görmək istəyirlər”.

Uşaqların fikrini öyrəndikdə isə burda yaş amili özünü göstərdi. Belə ki, azyaşlılar nə baş verdiyini elə də anlamır və ata-anasını bir yerdə görmək istəyirlər. Ancaq uğurlu münasibətlər olmayan ailələrdə böyüyən uşaqlar isə, belə bir sarsıntı yaşamaqdansa, boşanmanın daha yaxşı olduğunu düşünürlər. Onlar üçün valideynlərinin ayrılması nə qədər ağır olsa belə. Çünki yaşadıqları anormal həyat tərzi onların həyatında istər-istəməz özünü göstərir.

Ən yaxşısı

Yuxarıdakı səbəblərdən evlilik problemləri yaşayan ər-arvadın ata-ana olaraq da uşaqlarıyla sağlam ünsiyyət qura bilmələrini gözləyə bilmərik; ana, ya da ata ayrı-ayrılıqda uşaqlarıyla sağlam əlaqələr qursalar belə, birlikdə övladlarına qarşı düzgün davranmaqda çətinlik çəkəcəklər. Bir evliliyi həlli olmayan, bacara bilinməyən, qurtarmaq bilməyən problemlərlə davam etdirməyin uşaqda yaradacağı mənfi təsirlər, bəzən boşanmanın özünün yaradacağı təsirlərdən daha çox və yıxıcı ola bilər.
Qeyd edək ki, boşanmanın səbəb və necəliyi uşaqların boşanmadan nə qədər təsirlənəcəyini müəyyən edir.
Məsələn, tərəflərin bir-birini başa düşməməsi (ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək. Birincisində, tərəflər daha uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər. İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər. Vəziyyət belə olduqda istəsələr də, uzlaşan ola bilməzlər. İkinci tip boşanmalarda uşaqlara təbii olaraq daha çox zərər dəyir. Ona görə də, bu məqamda daha diqqətli olmaq lazımdır.

Bu, onun haqqı və həyatıdır

Sonda isə bir məqama toxunmaq istərdik. Hər halda, heç bir kəs ailəsinin dağılmasını istəməz. Ancaq hər hansı məcburiyyətdən bu artıq baş veribsə, onu qınaq atəşinə tutmaqdansa, təbii bir haqqı kimi də qiymətləndirmək olar. Nəticədə seçimin nəticəsini və o həyatı yaşayacaq şəxs odur və qınaqla bu nəticəni dəyişdirmək də mümkün deyil. Psixoloq Naib Niftəliyevin fikrincə də, yersiz qınaqlar, cəmiyyətdə anlaşılmamaq, başa düşülməmək hər kəsi xüsusən, ciddi səbəblərə görə, boşanmaq haqqından istifadə edərək ayrılmağa qərar verən insanları çox məyus edir: “Buna görə, kimisə məzəmmət etməkdən, qınamaqdan öncə, onu düzgün anlayıb başa düşmək lazımdır. Əlbəttə, bir insan səhv yoldadırsa, heç bir səbəb olmadan ailəsini dağıtmaq qərarına gəlibsə, ona ictimai qınaq vasitəsilə təsir göstərmək heç də pis deyil. Çünki belə olduqda yaxınların, doğmaların, sosial mühitin təsiri onu doğrudan da səhv yoldan, yanlış addımlardan çəkindirir”.


Tarix: 18.05.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...