Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏM ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

Müqəddəs Qurani-kərimin bir çox ayələrində, İslam Peyğəmbərinin mübarək sünnəsində və Əhli-beytdən rəvayət edilən hədislərdə cəhənnəmə düşəcək insanların xüsusiyyətləri ətraflı şəkildə izah edilir



Müxtəlif günahlara bulaşmış insanların axirətdə hansı cəzalara düçar olacağı təsvir olunur. Bu günahlar sırasında həm iman və əqidə azğınlıqlarını, həm vacib ibadətlərə qarşı laqeydliyi, həm insanlarla pis rəftarı, həm də əxlaq pozuntularını görmək olar. Aşağıda bu günahlardan bir neçəsini diqqətinizə təqdim edirik. Allah bu günahlara bulaşmaqdan və cəhənnəm alovundan bizi qorusun!



İnsanı cəhənnəmə salan ən mühüm və güclü amil – imansızlıqdır. Hətta Qurani-kərimdə buyurulur ki, Allah Ona şərik qoşan (və tövbə etməyən) bəndəsini bağışlamaz (Nisa, 48). Ayələrdə kafirlərin, müşrik və münafiqlərin cəhənnəmə atılacağı dönə-dönə təkid edilir: “Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (Nisa, 140). “Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!” (Fatir, 36).

Bəzi ayələrdə küfrlə yanaşı, başqa günahlara da bulaşanların cəhənnəmə salınacağı bildirilir. Məsələn, qiyamət günündə əl-qolu zəncirlə qandallanıb cəhənnəmə atılacaq şəxsin Allaha küfr etməklə bərabər, yoxsullara yemək verməməsi və camaatı da buna təşviq etməməsi təsvir edilir (Haqqə, 33-34). Müddəssir surəsində isə deyilir ki, cənnət əhli cəhənnəmdəkilərə müraciətlə: “Sizi bura salan nədir?” deyə soruşduqda onlar namaz qılmadıqlarını, yoxsulları yedizdirmədiklərini, boşboğazlıq etdiklərini və qiyamət gününü dandıqlarını bildirəcəklər. Başqa bir ayədə cəhənnəm sakinləri təsvir edilərkən, Allahın əmrlərinə arxa çevirib tabe olmayanlar, mal-dövlət toplayan və bundan ehtiyaclılara pay verməyən şəxslər xüsusi qeyd olunur. Quranın təbirincə desək, cəhənnəm bu kimi insanları özünə sarı çağırır (Məaric, 17-18). Məhz zəif iradəli insanların var-dövlət qazandıqdan sonra başqalarına ehsan və yardım göstərməkdən boyun qaçırdıqlarını, həris, acgöz və daşqəlbli adama çevrildiklərini nəzərə alaraq, hədislərdə cənnət əhlinin böyük əksəriyyətinin kasıblardan ibarət olduğu vurğulanır.

İnsanı cəhənnəmə aparan yollardan biri də dünya nemətlərinə qürrələnmək, var-dövlətə, vəzifəyə, şöhrətə arxayın olmaqdır. Qudurğan insan heç bir günahdan və zülmdən çəkinməz. Hətta azğınlığı o yerə çatar ki, Allahın qanunlarını da məsxərəyə qoyar, özünü Allahdan daha güclü sayar. Qurani-kərimdə bu kimi şəxslərin cəhənnəmdə əbədi qalacaqları və heç bir peşmançılığın onlara fayda verməyəcəyi bildirilir (Casiyə, 34-35).

İkiüzlü, riyakar insanlar da cəhənnəm alovunun sakinləridirlər. İslamda bunlara “münafiq” deyirlər. Onlar üzdə özlərini mömin, əxlaqlı kimi göstərir, hətta yeri düşdükcə başqalarına nəsihət edir, amma nəinki özləri bu nəsihətlərə əməl etmir, hətta imkan düşdükcə möminləri düz yoldan azdırmağa çalışırlar. Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, cənnət əhlinin bir qisminə elm və əməl öyrətmiş bəzi adamlar cəhənnəmə atılacaqlar. Cənnətdəkilər bu işə məəttəl qalıb səbəbini soruşacaqlar. O zaman cəhənnəm əzabı çəkənlər cavab verəcəklər ki, biz sizi yaxşı işlərə doğru çağırdığımız halda, özümüz bunu etmirdik.

Cəhənnəm əzabına səbəb olan mənfi əməllərdən bir qismi də dilin günahlarına aiddir. Yalan danışmaq, qeybət etmək, söz gəzdirmək və bütün bunları xasiyyətə çevirmək, tövbəsiz yerinə yetirmək axirətdə Allahın qəzəbinə səbəb olar. İslam Peyğəmbəri Əbuzər Ğifariyə tövsiyələrində buyururdu ki, sözgəzdirən adam cənnətə girməz və qiyamət günündə Allahın əzabından amanda qalmaz”. Quranın Hüməzə surəsinin ilk ayələrində də dalda qeybət edib üzdə insanlara tənə vuran, eləcə də hərisliklə sərvət toplayan, mal-dövlətin onu hər zaman qoruyacağına inanan adamlar cəhənnəmin ən dəhşətli qatlarından olan hütəmənin sakinləri adlandırılır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar
loading...