Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Necə dost seçməli"

“Bir gün zalım öz əllərini didər və deyər: Ey kaş, Allahın peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə! Kaş filankəslə dostluq etməyəydim! Quran mənə gəlib çatdıqdan sonra, o məni Allahı yad etməkdən yayındırdı. Şeytan həmişə insanı yalqız qoyub gedəndir”. (Furqan surəsi, ayə 27-29)

Hər bir insan yaşadığı cəmiyyətdə təbii olaraq, kimlərləsə dostluq edir, gediş-gəliş yaradır və səmimi münasibətlər bərqərar edir. İslam dini də dostluq əlaqələrinin bərqərar olmasına və dostlar arasında səmimiyyətin güclənməsinə böyük əhəmiyyət verir. Bu haqda çoxlu kitablar yazılmış, eyni zamanda Qurani-Kərimdə və Əhli-Beytdən nəql olunmuş hədislərdə dəfələrlə bu mətləbə toxunulmuş və dəyərli məsləhətlər verilmişdir. Lakin İslam dostluğa ləyaqəti olmayan şəxslərlə dostluq etməyi məsləhət görmür. Əgər dost insana qohumdan da yaxın ola bilirsə, təbii ki, insana digərlərindən daha çox təsir göstərəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan öz dostunun dinindədir, belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun!” (Əmali Tusi, səh. 518)


Yəni, insan dostluq etdiyi şəxsin təsiri altına düşür: bəzən onun müsbət xüsusiyyətlərindən bəhrələnir, bəzən də mənfi xüsusiyyətlərindən zərər çəkir. Biz insanları dostluq etdikləri şəxslərlə tanımalıyıq, çünki hər kəs xoşuna gələn kəslərlə yoldaşlıq edir.

Əli (ə) buyurub: “Bircə bilsəydin, nəfsinlə mübarizədə sənə kömək etməyən şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür!” (Ğürərül-hikəm, hədis 9041)

Nəql olunmuş hədislərdən belə nəticəyə gəlmək olur ki, hər bir insan özünə dost seçdiyi zaman hər bir şeydən əvvəl onun kimliyinə və xüsusiyyətlərinə diqqət yetirməlidir. Təqvalı və pəhrizkar insanla yoldaşlıq etməlidir. İnsan gərək elə kəslərlə yoldaşlıq etsin ki, onları gördükdə Allahı yadına salsın və onların söylədikləri və gördükləri hər bir iş Axirəti xatırlatsın. Həqiqi dostlar odur ki, dostlar bir-birinin eyb və nöqsanlarını gizlədib qarşılıqlı olaraq müsbət xüsusiyyətlərdən bəhrələnə bilsinlər. İmam Baqir (ə) buyurub: “O kəslərlə dostluq et ki, səni ağladar, lakin xeyrini istəyər. Güldürərək ağlatmaq istəyən şəxslərdən isə daim uzaq olmağa çalış!”. (Mizanul-hikmət)

Qeyd edirik ki, insan dost seçdiyi zaman onların əxlaq və davranışına, şəxsiyyət və kimliyinə diqqət yetirməlidir. Deməli, o kəslərlə yoldaşlıq etməliyik ki, ilk növbədə mənəvi inkişafımıza və yaşadığımız cəmiyyətdə baş ucalığına səbəb olsunlar.

Allah bizləri Muhəmməd (s) və Əhli-beyt dostlarından qərar versin! Amin!


Tarix: 08.01.2013 / 11:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 831 Bölmə: Maraqlı Melumatlar
loading...