Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər.
M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur.
"Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir.Mündəricat
1 Tarixi
2 Məzmunu
3 Spaso Evində Yaz Festivalı və "Master və Marqarita"
4 Əsas obrazlar
4.1 Müasir ruslar
4.2 Voland və ətrafı
4.3 Masterin romanındakı obrazlar
5 Mövzu və təsvir
6 Təsirlənmələr
7 Mədəni təsirləri
7.1 “Əlyazmalar yanmır”
7.2 Moskvada Bulqakov muzeyi
7.3 Yaradıcılığa təsirləri
7.4 Adaptasiyalar
7.4.1 Rəssamlıq
7.4.2 Kinomatoqrafiya
7.4.3 Televiziya
7.4.4 Animasiya
7.4.5 Teatr
7.4.6 Balet
7.4.7 Opera
7.4.8 Musiqi
8 İstinadlar
Tarixi
Mixail Bulqakov həyat yoldaşı Elena ilə birgə 1939 - cu ildə
Bulqakov romanı 1928–ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930–cu ildə yandırmışdır.[1] 1931–ci ildə isə yenidən həmin mövzu üzərində işləməyə başlamışdır. 1935–ci ildə Bulqakov ABŞ–ın SSRİ–dəki səfirinin iqamətgahı olan "Spaso Evi"nə getmiş və səfir Uilyam Byulit yazıçını roman üzərində işlərini tamamlamağa həvəsləndirmişdir.[2] Əsərin son versiyasının bütün xəttlərini özündə birləşdirən ikinci layihə 1936–cı ildə tamamlanmışdır. Üçüncü layihə isə 1937–ci ildə yekunlaşdırılmışdır.
Əsərin senzuradan keçmiş ilk versiyası (senzura romanın tam mətninin 12%-ni silmiş, həmçinin əsərdə çoxlu mətn dəyişiklikləri etmişdir) Moskva jurnalında (N. 11, 1966 və N. 1, 1967) nəşr edilmişdir.[3] Mətnin silinmiş və dəyişdirilmiş hissələri samizdatın bazasında nəşr edilmişdir. Əsərin 1967–ci ildə Frankfurtda Posev tərəfindən nəşri zamanı senzuranın redaktələrinin geri qaytarılması isə bu nəşrə əsaslanmışdır. Əsərin tam versiyası SSRİ–də 1973–cü ildə Anna Saakyants tərəfindən "Xudojstvennaya Literatura" jurnalında nəşr edilmiş və bu nəşr əsərin 1940–cı il nəşri əsasında hazırlanmışdır. Bu versiya 1989–cu ildə ədəbiyyatçı Lidiya Yanovskaya tərəfindən əlyazmalar əsasında romanın son versiyası nəşrə hazırlanana qədər dəfələrlə nəşr edilmişdir.
XX əsr dünya ədəbiyyatının təqdirəlayiq hadisəsi olan "Master və Marqarita" rus ədəbiyyatında o zamana kimi görünməmiş misilsiz, qeyri-adi bir hadisəsi, Qoqol satirası ilə Dante poeziyasının, gülüşlə lirikanın mükəmməl qatışığıdır. Bulqakov "Master və Marqarita"nı yaşadığı dövr və insanlar haqqında tarixi və psixoloji həqiqət kimi qələmə almış, məhz ona görə də roman dövrün bir növ unikal bədii sənədinə çevirilmişdir. Eyni zamanda gələcəyə xitabla yaradılmış bu dərin fəlsəfi hekayət öz yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı ola bilmək səviyyəsinə yüksəlmişdir.
Məzmunu
"Moskva ilə vidalaşma"
İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı, "Master və Marqarita" əsəri, ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır. İblis hökmranlıq edir, Bulqakovun müasiri – ilhamlanmış Master isə özünün ölməz romanını – bütün həyatının əsərini yaradır. Orada bir yəhudi hökmdarı olan Ponti Pilat İsanı edama göndərir, eyni zamanda XX əsrin 20–30–cu illərində "Sadovaya" və "Bronnaya" küçələrində yaşayan insanlar alçaqlıq edir, boş–boşuna vurnuxur, zəmanəyə uyğunlaşır, yaxınlarına belə xəyanət edirlər. Gülüş və qəm, sevinc və ağrı orada elə yüksək səviyyədə bir araya gəlir ki, buna yalnız nağıllarda təsadüf etmək mümkündür. İstedadın məhvindən danışan "Master və Marqarita" işığa və xeyirxahlığa doğru can atmağın meyarı olan sevgi və əxlaqi borc, şərin insaniliyi və yaradıcılığın həqiqiliyi haqqında nəsrlə yazılmış fəlsəfi–lirik poemadır.
Paytaxtda (Moskvada) İblis və onun dəstəsi peyda olur. Müəllifin çox sevdiyi mövzulardan biri olan iblisanəlik bu romanda o qədər realist məzmunludur ki, öz növbəsində romanın personajlarını əhatə edən ziddiyyətli canlı reallığın satirik–qrotesk təsvirinin ən gözəl nümunələrindən biridir. Əsərdə ən müəmmalı obraz və eyni zamanda romanın əsas ideyasının daşıyıcılarından olan Voland alçaqlığı, yalanı, rəzilliyi, acgözlüyü kəskin tənqid edərək Bulqakov Moskvasının üzərindən qəzəblə ötüb keçir. Voland yer üzünə cəza vermək və əfv etmək üçün gəlmişdir və bilir ki, kimi nəyə görə cəzalandırmaq, nəyə görə əfv etmək lazımdır. Volandın kimliyi isə hadisələrin gedişində oxuyucuya aydın olur. İvanuşkadan ötrü o, xarici ölkə casusudur, tarix professoru Berliozdan ötrü ağlını itirmiş sərsəri, yabançıdır, Styopa Lixodeyevdən ötrü cadugərdir, Masterdən ötrü isə ədəbi personaj. Lakin əslində Voland İblisin özüdür.
Bir çox araşdırmaçıya görə Bibliya mənşəli Volandla İeşua – İisus arasında dərinlərdən gələn gizlin bir bağlılıq vardır. Bulqakov romanının əsas personajlarından biri olan Voland XX əsr rus ədəbiyyatında yaradılmış ən parlaq İblis obrazları sırasındadır. Bulqakovun fəlsəfi konsepsiyasında öz yerinə görə o, mahiyyətindəki bütün fərqliliyinə baxmayaraq Dostoyevskinin Roskolnikovuna və ya İvan Karamazovuna yaxındır. Voland ideyası isə hər halda “Faust”dan gəlir. Voland da Mefistofel kimi ayağını çəkir, ümumilikdə isə “Master və Marqarita” “Faust”la səsləşir. Əgər İ. V. Hötenin və M. A. Bulqakovun əsərlərindəki İblis obrazları qarşılaşdırılarsa, o zaman Volandın Mefistofellə, eləcə də Masterin Faustla, Marqaritanın isə Qrethenlə büsbütün əks qütblərdə dayandığı aydın olar.
Hadisələrə xüsusi həyatilik vermək üçün müəllif romanı qəhrəmanların sonrakı həyatından bəhs edən epiloqla bitirir. Lakin, romanın sonuncu səhifəsini çevirəndən sonra, oxucunun qəlbində xəfif bir kədər doğur.
İnsanın dünya nizamının bir parçası olduğuna zərrəcə şübhə etməyən Bulqakovun fikrincə, mövcud şəraitdə ədaləti bərpa etmək üçün şərlə məhz şər qüvvələr vasitəsiylə mübarizə aparmaq lazımdır. Elə romanın faciəvi qroteski də bundadır. Voland Masterə onun ümidsiz vəziyyətdə yandırdığı Ponti Pilat haqqında romanı qaytarır. Masterin kitabında yenidən canlandırılmış Pilat və İeşua haqqındakı hadisə oxucunu bəşəriyyətin, mənəvi sivilizasiyanın başlanğıc dönəminə aparır və bununla da təsdiqləyir ki, xeyir və şərin mübarizəsi daimidir. O, həyatın öz şərtləri daxilində, bu günkü günün keçici maraqlarının quluna çevrilən və yüksək ehtiraslara qabil olan insanın qəlbindədir.
Süjetin fantastik dönüşü yazıçıya bütöv personajlar məcmusunu oxucunun qarşısında çirkinlikləri ilə canlandırmağa imkan vermişdir. Şər qüvvələr ilə qəfil görüş Berlioz, Latunski, Maygel, Nikonor İvanoviç və digərlərinin iç üzlərini ifşa edir. Şəhər varyetesində Volandın öz köməkçiləri ilə birgə keçirdiyi magiya seansı, hərfi və məcazi mənada bəzi tamaşaçıları soyundurur. Lakin müəllif və onun sevimli qəhrəmanları üçün İblis qorxuludur.
Romanda tamamilə fərqli bir inam – insana və insanlığa, sarsılmaz əxlaq qanunlarına inam var. Bulqakov üçün əxlaq qanunları insan qəlbinin elə bir parçasıdır ki, gözlənilən cəza qarşısında dini qorxudan asılı olmamalıdır. Bunun təzahürünü çox böyük bir ədəbi təşkilata başçılıq edən bilikli, lakin vicdansız ateistin şərəfsiz ölümündən asanlıqla sezmək olur. Bulqakovun romanının başlıca qəhrəmanı olan, İsa və Pilat haqqında roman yazan Master də sözün ilahi mənasında möminlikdən uzaq adamdır. O, güclü psixoloji təsirə malik, tarixi mövzuda kitab yazıbdır. Bu roman bütün ziddiyyətləri, düşünən və iztirab çəkən hər bir şəxsiyyətin qəbul etdiyi qərarları həll etməyə və düzgünlüyünü təsdiqləməyə məhkum edilənləri bir növ özündə cəmləşdirən romandır.
Spaso Evində Yaz Festivalı və "Master və Marqarita"
Spaso Evi
Bulqakovun özünün də iştirak etdiyi bir tarixi hadisə - 1935 – ci il 24 aprel tarixində ABŞ-ın SSRİ-dəki səfiri Vilyam Bulit tərəfindən Spaso Evində (ABŞ səfirinin Moskvadakı qərargahı) təşkil edilmiş Yaz Festivalı – Master və Marqarita romanının yazılmasına böyük təsir göstərmişdir. Bulit Moskva tarixində o zamana qədər səfirlər tərəfindən keçirilmiş bütün qəbul mərasimlərindən fərqlənən bir mərasimin təşkil olunmasını tapşırmışdı. Dekorasiyaya on brich ağacı daxil edilmiş, otaqlar şamdanlarla bəzədilmiş, yemək masasına fin zanbaqları qoyulmuş, döşəmə nəm ot effekti yaradan xüsusi şəkildə hazırlanmışdı. Festivalın keçirildiyi yerə Moskva zooparkından müxtəlif heyvanlar da gətirilmişdi.
Lakin İosif Stalin aralarında Xarici İşlər Naziri Maksim Litvinov, Müdafiə Naziri Kliment Voroşilov, Kommunist Partiyasının yüksək vəzifəli şəxsləri Nikolay Buxarin, Lazar Kaqanoviç, Karl Radek, Sovet marşalları Aleksandr Yeqorov, Mixail Tuxaçevski, Semyon Budonniy və yazıçı Mixail Bulqakovun da olduğu dörd yüz nəfərin mərasimə qatılmasına icazə verməmişdi.
Mərasim səhər açılana qədər davam etmişdi. Festivala gətirilmiş ayı balalarından birinə Karl Radek tərəfindən şampan şərabı içirilmiş, səhərə yaxın isə zebralardan biri qaçmışdı.
Mixail Bulqakov Yaz festivalını romanın əsas yaddaqalan hissələrindən biri - Bütöv Ayın Yaz Balı kimi təsvir etmişdi.[4] 2010-cu ilin 29 oktyabrında orijinal balın keçirilməsinin yetmiş beş illiyi və Master və Marqarita romanının şərəfinə ABŞ-ın Rusiyadakı səfiri Con Beyrle tərəfindən yenidən mərasim təşkil edilmişdi. [5]
Əsas obrazlar
Müasir ruslar
Master
Ponti Pilat və Yeşua Ha-Nozri haqqında roman yazan yazıçıdır. Lakin Master psixiatrik dispanserə düşür və orada Bezdomnıy ilə tanış olur. Bu obrazın keçmişi haqqında heç bir məlumat verilmir, onun Marqarita ilə tanışlıqdan əvvəlki həyatının mənasız olduğu qeyd edilir.
Marqarita
Masterin sevgilisi. Uğursuz evlilikdən əziyyət çəkir və öz həyatını öldüyünü düşündüyü sevgilisi Masterə həsr edir. Valpurgiya gecəsində Şeytanın böyük balına sahibəlik etdiyi romanın ikinci hissəsinə qədər Marqarita romanda görünmür. O, Hötenin Faust əsərinin qəhərmanı - əsl adı Marqarita de Valois olan Qretşenin adına uyğun adlandırılmışdır. Marqarita eyni zamanda, Bulqakovun da sevdiyi Cakomo Meyerberin “Hugenotlar” operasının və Aleksandr Dümanın “La Reine Margot” romanının əsas qəhrəmanıdır.
Mixail Aleksandroviç Berlioz
Massolit ədəbi birliyinin rəhbəridir. O, “Faustun lənətlənməsi” operasının müəllifi olan fransız bəstəkarı Hektor Berliozun soyadını özünə ləqəb götürmüşdür.
İvan Nikolayeviç Ponoryov (Bezdomnıy)
Gənc şairdir. Onun ləqəbi rus dilindən tərcümədə evsiz anlamına gəlir. Başlanğıcda o, sadəcə Massolitdə nüfuz qazanmaq arzusunda olsa da, hadisələrin sonrakı inkişafı onu dəyişdirir. Günahsız Berliozun onun gözləri önündə ölməsindən sonra psixoloji dispanserə salınan Bezdomnıy orada Masterlə görüşür və daha yazmamaq qərarına gəlir.
Stefan Boqdanoviç Lixodeyev
Sirkin direktoru və Berliozun otaq yoldaşıdır. Daha çox Styopa ləqəbi ilə tanınır. Öz yaramaz hərəkətlərinə görə o, Voland tərəfindən cəzalandırılır və Begemot onu gecə paltarında Yaltaya atır.
Qriqori Daniloviç Rimski
Sirkin kassiridir. Volandın sirkdə tamaşa göstərdiyi gün Varenuxa (Voland tərəfindən vampirə çevrilmişdi) və Hella tərəfindən tələyə salınır. Bundan sonra o, şəhəri tərk edir.
İvan Savelyeviç Varenuxa
Sirkin idarəçisidir. O, qaranlığın övladına çevrilsə də, Valpurgiya gecəsindən sonra öz insanlığını bərpa edir.
Nataşa
Marqaritanın gənc xidmətçisidir, sonradan cadugərə çevrilir.
Nikanor İvanoviç Bosoy
Sadovaya küçəsi 302B ünvanında yerləşən mənzilin (Berliozun yaşadığı mənzil) sahibidir. Öz zəkası ilə əvvəlcə Korovyovu aldada bilsə də, sonradan cəzalandırılır.
Voland və ətrafı
Begemot, Andreyevski enişi, Ukrayna
Voland
Moskvaya qara magiya üzrə mühazirə oxumaq üçün gəlmiş “xarici professor”dur. Hadisələrin sonrakı inkişafı onun əsl kimliyini gizlətdiyini və başqa məqsədlər güddüyünü ortaya qoyur. İblis məharətlə gizlənir.
Begemot
Böyük (iri donuz böyüklüyündə) qara pişikdir. İki ayağı üstündə gəzə və danışa bilir. O, yaxşı şahmat oynayır, tapança ata və vodka içə bilir.
Korovyov/Faqotto
Keçmiş drijordur. Ola bilsin ki, yazıçı bununla Korovyovun mələklər xorunun üzvlərindən biri olmasına işarə etmişdir. Volandın köməkçisi olan Korovyev müxtəlif illuziyalar yarada bilir. Begemot və Azazellodan fərqli olaraq Korovyov tapşırıqları yerinə yetirərkən gücdən istifadə etmir.
Azazello
Təhdid edici, uzun iti dişlərə malik və iri qorxunc gözlərə malik, Volandın köməkçisi, carçı və assasindir, ola bilsin ki, Apokalipsisin süvarilərindən biridir. Ola bilsin ki, Əzazilə istinad edilmişdir. Əhdi-Ətiqin apokrifal Enox kitabının 8:1–3 hissəsində Əzazil insanlara silah və zinət əşyası hazırlamağı, qadınların üzünü təsvir edən “günahkar incəsənət”i öyrətdiyinə görə qovulmuş mələk kimi qeyd edilir. Bu Azazellonun Marqaritaya sehrli krem verməsində də özünü göstərir.
Hella
Gözəl və cazibədar xarixi görünüşə malik qadındır. Voland və ətrafındakılara xidmət edir. O, qurbanlarının boğazında iz qoymağı sevən vampirdir.
Abadonna
Qara üzlü ölüm mələyidir.
Masterin romanındakı obrazlar
Ponti Pilat
İudeyadakı Roma hakimidir. İstəmədən özünün də ideyalarını qəbul etdiyi Yeşua Ha-Nosrini edama göndərir.
Yeşua ha-Nosri
Avara, Pilatın adlandırdığı kimi “dəli filosof”dur və onun adı ivrit dilindən İisus Krist və ya Nazaretli İsa kimi tərcümə edilir.
Afranius
Roma xüsusi xidmət qurumunun rəhbəridir.
Levi Matfey
Keçmiş vergi yığan, Yeşuanın ideyalarının davamçısı, Matfeyin İncilinin müəllifidir. Masterin romanının obrazı olmasına baxmayaraq “Master və Marqarita” romanının sonunda Matfey Moskvada peyda olaraq Volanda Yeşuadan söz gətirir.
Cozef Kaifa
İudeyanın baş din xadimi. O. Yeşuanın öldürülməsində xüsusi maraq göstərir. Buna səbəb onun getdikcə artan ardıcıllarının ənənəvi dindən hə məbədlərdən üz döndərməsi. Məbədlərin gəlirinin azalmasıdır.
Keriaflı İuda
Bibliyadakı obrazlardan biridir. Yeşuanı izləyərək onun fəaliyyəti haqqında Roma xüsusi xidmət orqanına məlumat ötürür və bunun qarşılığında pul alır. Yeşuanın ölümündə oynadığı rola görə, İuda daha sonra Pilatın əmri ilə öldürülür.
Mövzu və təsvir
Ümumilikdə romanın mövzusu xeyir və şərin qarşılıqlı təsirləri, məsumiyyət və günahkarlıq, cəsarət və qorxaqlıq, avtoritar hakimiyyətin məhv etməyə çalışdığı həqiqəti söyləmək məsuliyyəti və azad olmayan dünyada azad ruha sahib olmaq haqqındadır. Sevgi və məsumiyyt romanın dominant mövzularıdır. Marqaritanın Masterə olan məhəbbəti onu öz ərini tərk etməyə məcbur edir və sonda bu məhəbbət qalib gəlir. Onların arasındakı cinsi birliklə yanaşı ruhi birlik də mühüm əhəmiyyət daşıyır.
Roman qarışıq hissi təsir yaradır, lakin, sevgisiz sevinc hissinin yaşanması romanda qəti satirik keçidlərlə təsvir edilir. Od, su, dağılam və digər təbii vasitələr romanda ictimai sabitlik yaratmaq üçün vasitələr, işıq və qaranlıq, səs və sakitlik, gün və ay isə müxtəlif güclü qütblər kimi təqdim edilir. Romanın əvvəlindən axırına kimi, Moskva və Yerusəlim arasında əlaqə izlənilir. Roman, xüsusilə onun qorxaqlıq, inam, intellektual maraq və xilaskarlıq motivi Götenin Faust əsərinin böyük təsiri altında yazılmışdır.Onun parlaq ədəbi uğuru, güldürərək qamçılaması, dərin fəlsəfi alleqoriyası və sosio-politik mühitin tənqidinin təkcə keçmiş Sovet mühiti üçün yox, müasir cəmiyyət üçün də dəyərli olmasındadır.
Təsirlənmələr
Ümumilikdə roman Götenin Faust romanının, xüsusilə onun birinci hissəsinin və Şarl Fransua Qunonun Faust operasının təsiri altında yazılmışdır. Eyni zamanda Nikolay Qoqolun əsərləri də Bulqakova təsir etmişdir. Ponti Pilat və Yeşua Ha-Nozrinin dialoqunda isə Fyodr Dostoyevskinin “Karamazov Qardaşları” romanının ciddi təsiri izlənməkdədir. Şanssız qonaqların gəlməsi səhnəsində “Oblonskilərin evində hər şey qarışmağa başladı” ifadəsində isə Lev Tolstoyun Anna Karenina romanına istinad edilir. İblisin yaşayış binasında kütlə arasına çıxması səhnəsinə isə Spaniard Luís Vélez de Guevaranın “Topal İblis” əsərində də rast gəlmək mümkündür.
Mədəni təsirləri
“Əlyazmalar yanmır”
Romanın ən unudulmaz və tez-tez sitat gətirilən ifadəsi “Əlyazmalar yanmır” (rus. рукописи не горят) ifadəsidir. Master həm şəxsi problemləri həm də XX əsrin 30-cu illərində Stalin rejiminin Moskvada yaratdığı problemlərdən əziyyət çəkən bir yazıçıdır. O, SSRİ hakimiyyətinin təzyiqlərinə tab gətirməyərək yazdığı romanın əlyazmasını yandırır və romanda təsvir etdiyi hər şeyi yadından çıxararaq unutmağa çalışır. Daha sonar Voland (İblis) yandırdığını sandığı əlyazmanı ona qaytararaq deyir: “Sən bilmirsənmi ki, əlyazmalar yanmır?” Romanın bu hissəsi müəyyən qədər avtobioqrafik xarakter daşıyır. Belə ki, Bulqakov da “Master və Marqarita” romanının ilkin əlyazma nüsxəsini Sovet hakimiyyətinin mənfi münasibəti səbəbiylə yandırmışdı.
Moskvada Bulqakov muzeyi
Bulqakovun ev muzeyində Faqotto və Azazello
Master və Marqaritanın yazıldığı, Bulqakovun Moskvadakı köhnə evi 1980-ci illərdən əsasını Moskva satanistləri təşkil edən Bulqakov fanatlarının görüş yerinə çevirildi və qonaqlar evin divarlarını müxtəlif məzmunlu qraffitlərlə bəzədilər. Bütün bu qraffitlər isə 2003-cü ildə evin divarlarından silindi. Lakin silinməzdən əvvəl onların ən gözəlləri, sonradan divarda bərpa olunması üçün köçürülmüşdü. Tezliklə binanın bütün sakinləri onu tərk etdilər və binada Bulqakovun ev muzeyi yaradıldı.[6]
Muzeydə Bulqakovun şəxsi əyaları, fotoları saxlanılır və onun həyatı, yaradıcılığı və müxtəlif əsərləri haqqında sərgilər təşkil olunur. Həmçinin muzey müxtəlif ədəbi və poetik məclislərin keçirildiyi məkan kimi də tanınıb.
Yaradıcılığa təsirləri
Master və Marqaritanın təsiri ilə bir çox yazıçı və musiqiçilər müxtəlif əsərlər yaratmışlar.
Mik Cagger “Sympathy for the Devil” mahnısını romanın təsiri ilə yazmışdır.[7]
Pearl Jam qrupu romanda Yeşua Ha-Nozri və Ponti Pilatın dialoqunun təsiri ilə 1998-ci ildə çıxardığı “Yield” albomuuna daxil olan “Pilate” mahnısını yazmışdır.[8]
S ürrealist rəssam H. R. Giger 1976-cı ildə çəkdiyi rəsm əsərini bu romanın şərəfinə adlandırmışdır. Həmin əsər Danzigin 1992-ci ildə çıxardığı “Danzig III: How the Gods Kill” albomunun üz qabığı kimi istifadə olunmuşdur.[9]
Rus heavy metal qrupu Arianın 2003-cü ildə çıxardığı “Kreşenie Oqneom” albomuna “Zülmət Knyazının Balı” (rus. Бал у Князя Тьмы) adlı mahnı daxil edilmişdir.
Rusiya pop müğənnisi İqor Nikolayev “Master və Marqarita” adlı mahnı ifa etmişdir.
Kanada qrupu “The Tea Party” üçüncü studio albomu olan “The Interzone Mantras” albomuna “The Master and Margarita” adlı mahnı daxil etmişdir.
Şotland “Franz Ferdinand” qrupunun "Love and Destroy" mahnısı “Master və Marqarita” romanından bəhs edir.
“Andre ilə naharım” (My Dinner With Andre) filmində “Master və Marqarita” romanının səhnələşdirilməsi çəkilmişdir.
Stoner metal Hong Faux qrupu özünün 2012-ci ildə çıxardığı "The crown that wears the head" adlı debüt albomundan olan “Sparrow Hills” mahnısıanda romanın təsvirlərindən istifadə etmişdir.
Adaptasiyalar
Rəssamlıq
Roman əsasında, 2008-ci ildə Andrey Klimovski və Danusia Şeybal tərəfindən qrafik roman yaradılmışdır. [10]
Rəssam Nadya Ruşeva (1952–1969) romana çəkdiyi qrafik illüstrasiyalarla məşhurlaşmışdır.
Kinomatoqrafiya
1971-ci ildə polyak rejissoru Andrey Vajda German TV üçün “Master və Marqarita” romanda Masterin romanı əsasında “Pilat və Başqaları” adlı film çəkmişdir.[11]
1972-ci ildə Aleksandr Petroviçin təqdimatında İtaliya-Yuqoslaviya istehsalı olan “Master və Marqarita” filmi çıxarılmışdır. Romanda Master bir-qədər anonim obraz olsa da, Nikolay Afanasiyeviç Maksudovun canlandırdığı Master filmdə əsas qəhramandır. [12]
1992-ci ildə roman əsasında Paul Bryers tərəfindən çəkilmiş "İudeyada insident" filmində isə yalnız Yeşuanın əhvalatı təsvir edilmişdir. Filmdə Bulqakovun yazdığı məşhur proloqdan da istifadə edilmişdir.
1994-cü ildə Yuri Karanın rejissorluğu ilə “Master və Marqarita” adlı Rusiya filmi çəkilmişdir. Bir çox tanınmış aktyorların rol aldığı filmin musiqisini Alfred Şnittke yazmışdır. Film yalnız 2011-ci ildə kinoteatrlarda təqdim edilmişdir. [13]
Televiziya
1989-cu ildə Polşa rejissoru Maciej Wojtyszko roman əsasında “Mistrz i Małgorzata” adlı dörd seriyalı bir serial çəkmişdir.[14]
2005-ci ildə Bulqakovun “İt ürəyi” və Dostoyevskinin “İdiot” əsərlərini ekranlaşdırmış məşhur rejissor Vladimir Bortko “Master və Marqarita” romanı əsasında on serialı bir serial çəkmişdir. Serial 19 dekabr 2005-ci il tarixdən yayımlanmağa başlamışdır.
Animasiya
2010-cu ildə İsrail rejissoru Terentij Oslyabya “Master və Marqarita, I fəsil” adlı animasiya filmi çəkmişdir. Filmdə romandakı sözlər dəqiqliklə təkrarlanmışdır. [15]
Teatr
"Master və Marqarita" Severodvinsk Dram Teatrında. Professor Volandın Varyetedə qara magiya seansı səhnəsi
1971-1977-ci illərdə roman əsasında hazırlanmış bütün tamaşalar polyak dilində olmuşdur. Lakin həmin tamaşaların heç biri Master və Marqarita adlandırılmamışdır. 1971-ci ildə Xarkovda təşkil edilmiş tamaşa “Qara magiya və onun aşkara çıxarılması”, 1973-cü il Katoviç tamaşası “Qara magiya”, 1974-cü il Varşava tamaşası “Ponti Pilatı görmüsünüzmü?”, 1976-cı il Varşava tamaşası isə “Xəstələr” adlandırılmışdır.[16]
1977-ci ildə roman ilk dəfə SSRİ-də, Moskva şəhərində Taqanka teatrında Yuri Lyubimovun rejissorluğu ilə səhnələşdirilmişdir. [17]
1978-ci ildə rumın mənşəli Amerika rejissoru Andrey Şerban romanı Nyu York İctimai Teatrında səhnələşdirmişdir.
1980-ci ildə roman rumın mənşəli rejissor Cătălina Buzoianu tərəfindən Buxarestin Kiçik teatrında səhnələşdirilmişdir. [18]
1982-ci ildə roman isveç rejissoru Peter Lukhaus tərəfindən İsveç Milli Dram Teatrında səhnələşdirilmişdir.[19]
1992-ci ilin iyununda Lyric Hammersmithdə “Four Corners” teatr kompaniyası Maykl Denninin tərcüməsi əsasında Devid Qraham-Yanq romanı səhnələşdirdi. 1992-ci ilin iyulunda isə həmin səhnələşdirmə Almeida Teatrına verildi.
1994-cü ildə roman Rusiya-Kanada rejissoru Aleksadr Marine tərəfindən Monrealın Centaur teatrında səhnəlşdirilmişdir.
2000-ci ildə romanın Ehud Manor tərəfindən ivrit dilinə tərcüməsi əsasında İsrailin “Geşer” teatrı romanın növbəti səhnə adaptasiyasını hazırlamışdır. Haim Topol, Yehvehi Hamburq, İsrael “Saşa” Demidov və başqalarının rol aldığı romanın premyerası 26 dekabr 2000-ci ildə keçirilmişdir. 26 musiqiçidən ibarət orkestr və müxtəlif xüsusi effektlərin də istifadə edildiyi tamaşa böyük uğur qazanmışdı.
2002-ci ildə romanın alman dilinə tərcüməsi əsasında Frank Kastorf tərəfindən hazırlanmış tamaşanın premyerası Avstriyada Vyana Festivalı çərçivəsində gerçəkləşdirilmişdir.
2004-cü ildə romanın ingilis dilinə Edvard Kemp tərəfindən hazırlanmış tərcüməsi əsasında, Stiven Pimlottun rejissorluğu ilə Birləşmiş Krallığın Çiçester Festival Teatrında yeni səhnə versiyası təqdim edilmişdir. [20]
2006-cı ildə romanın beş saat davam edən ən uzun müddətli tamaşası Gürcüstan rejissoru Avtandil Varsimaşvilinin rejissorluğu ilə təqdim edilmişdir.
2007-ci ildə roman “Satana Moskvaya gəlir” (Saatana saapuu Moskovaan) adı ilə Finlandiyanın Helsinki şəhərində “Ryhmäteatteri” teatrında fin rejissor Esa Leskinenin rejissorluğu ilə təqdim edilmişdir.
2008-ci ildə “Stockholms stadsteater”də Leif Stinnerbomun rejissorluğu ilə romanın İsveçdə yeni tamaşa versiyası hazırlanmışdır. [21]
2010-cu ildə Maks Hoen və Reymond Blankenhornun təqdimatında roman əsasında Oksford Universiteti Dram Cəmiyyətinin Yay Turu çərçivəsində hazırlanmış tamaşa Oksfordda, Londonda və Edinburqda göstərilmişdir.[22]
2011-ci ildə “Complicite” teatr şirkəti roman əsasında Simon MakBörninin rejissorluğu ilə hazırlanmış yeni tamaşasını təqdim etdi və həmin tamaşa Lüksemburq, London, Madrid, Vyana, Reklinqhausen və Amsterdamda göstərilmişdir.
Balet
2003-cü ildə Rusiyanın Perm Opera və Balet Teatrı Qustav Mahler, Dmitri Şostakoviç, Hektor Berlioz, Astor Piazolla və başqa bəstəkarların musiqisi əsasında “Master və Marqarita” baletini təqim etmişdir. Xareoqrafik və səhnə quruluşu David Avdiş, texniki quruluş Simon Pastux, kostyum dizaynı Qalina Solovyovaya aid olan balet 2007-ci ildə Ukrayna Milli Opera Teatrında David Avdişin quruluşunda yenidən təqdim edilib. [23]
2010-cu ildə balet "Synetic Theater" tərəfindən Paata Tsikirişvilinin rejissorluğu ilə Lansburq Teatrında təqdim edilmişdir.
Opera
1972-ci ildə Rusiya bəstəkarı Sergey Slonimski üç hissəli “Master və Marqarita” operasını tamamlamışdır. Lakin operanın nə təqdimatı keçirilmiş,nə də hansısa teatrda səhnələşdirilmişdir. Bu operanın premyerası yalnız 20 may 1989-cu il tarixdə Moskvada gerçəkləşdirilə bilinmiş, 1991-ci ildə isə nəşr olunmuşdur. Avropada operanın premyerası 2000-ci ildə Hannoverdə baş tutmuşdur.
1997-ci ildə Riçard Kreyn tərəfindən roman əsasında myuzikl yazılmış, həmin myuzikl onun arvadı Faynia Vilyamsın rejissorluğu ilə Edinburq Fraynq Festivalı çərçivəsindəBadford Universitetinin Dram Truppası tərəfindən Bedlam teatrında səhnələşdirilmişdir.[24]
Musiqi
2011-ci ildə Avstraliya bəstəkarı və domra (rus mandolinası) ifaçısı Stefen Lalor özünün “Master & Marqarita Süitası”nı təqdim etdi. Əsər 2011-ci ilin iyul ayında Moskva şəhərində, Bulqakovun ev muzeyində ifa olundu
Tarix: 15.03.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1007 Bölmə: Kitablar elm