Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Azərbaycan mətbuatı tarixi

7 iyul 2009-cu ildə Mətbuat Şurasında yenicə çapdan çıxmış "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının təqdimatı keçirilib. "Elm" nəşriyyatında çap olunan kitabın müəllifi Bakı Dövlət Universiteti nin jurnalistika fakultəsinin dossenti, filologiya elmləri namizədi Pərvanə Məmmədli dir.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabı Azərbaycan jurnalistikasında əlamətdar hadisə adlandırıb. O, nəşrin ölkəmizin jurnalistika ədəbiyyatında məxsusi rol oynayacağına ümidvar olduğunu bildirib.

İran da 1978-ci il inqilabından sonra bu ölkədə müasir türkdilli mətbuatın yaradıcılarından olan, «Varlıq» jurnalı nın təsisçisi və baş redaktoru doktor Cavad Heyət əsərin əhəmiyətini vurğulayarkən cənublu ziyalıların ictimai fəaliyyətindən geniş bəhs etməsini önə çəkib.

Kitabın rəyçisi tarix elmləri namizədi Nəsiman Yaqublu əsərin Azərbaycan mətbuatı tarixinin bütövlükdə öyrənilməsində gərəkli mənbə olduğunu deyib.

Çıxış edənlərdən azərbaycanşünas tədqiqatçı Güntay, BDU-nun dosenti Atamoğlan Məmmədli, mətbuat tarixi tədqiqatçısı Tahir Aydınoğlu, jurnalist Tatyana Çaladze və digərləri kitabın məziyyətlərindən söhbət açıblar və müəllifin bu yöndəki tədqiqatlarını davam etdirməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə həmçinin bildirilib ki, iki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar qədim, zəngin mədəniyyətin və tarixin öyrənilməsinə ağır zərbə vursa da, xalqın öz varlığını yaşatma əzmini sındıra bilməmişdir. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat və mətbuat əvəzsiz rol oynamışdır. Təsadüfi deyil ki, Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olmuşdur. Lakin hakim dövlət siyasəti İranda baş verən hər inqilabdan sonra mədəni həyatda müşahidə olunan irəliləyişin və tərəqqinin qarşısına sədd çəkmişdir. Buna görə də həmin dövrdə çıxan hər bir mətbuat nümunəsinin, adicə bir sayın da böyük siyasi və mədəni əhəmiyyəti var.

Pərvanə Məmmədlidir çıxışında kitabın Cənubi Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədilə yazıldığını bildirib. O, əsərin uzun illər apardığı elmi axtarışların nəticəsi olduğunu bildirib. Cənubi Azərbaycan mətbuatının İrandakı Azərbaycan türklərin mili varlığını sübuta yetirmək yolundakı mübarizədə həmişə kəsərli silah olduğunu vurğulayan müəllif kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan ziyalılarımızın ədəbi-ictimai fəaliyyətindən, onların səyləri ilə işıq üzü görən çeşidli mətbuat orqanlarından geniş bəhs olunduğunu diqqətə çatdırıb.

Girişdən, 8 bölümdən ibarət nəşrdə həmçinin keçilmiş bir əsr yarımıq yolu əks etdirən dəyərli sənədlər də toplanıb.


Tarix: 14.03.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Kitablar elm
loading...