Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Əl-Bəqərə surəsinin 285-286 ayələrinin fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Uca Allah: «Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir» (əl-Bəqərə 284) ayəsini Allah Elçisinə  nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin  yanına gəlib diz üstə oturdular və dedilər: «Ya Rəsulallah! Biz bacardığımızı-namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır». Allah Elçisi  buyurdu: «Sizdən əvvəlki iki kitab əhli kimi (yəhudi və xristianlar): «Eşitdik və asi olduq!» - demək istəyirsiniz?» Xeyr, deyin: «Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!». Onlar bunu dedikdən sonra Allah bu ayəni nazil etdi: «Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): «Biz Onun elçiləri arasında fərq qoymuruq!» Onlar dedilər: «Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!» (əl-Bəqərə 285). Onlar bunu dedikdə Uca Allah ayəni nəsx (hökmünü ləğv) etdi və Allah  bu ayəni endirdi: «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. «Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!» (əl-Bəqərə 286). Möminlər bu ayəni oxuduqda, hər dəfə: «Ey Rəbbimiz!...» - deyə dua edib Allaha xitab etdikdə, O: «İstədiyinizi sizə verdim!» - deyə cavab verir».

(Muslim 125, 180, 344.)


Tarix: 24.04.2013 / 22:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Hedisler
loading...