Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On şey fitrətdəndir

Aişə (r.anha) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “On şey fitrətdəndir: Bığları qısaltmaq, saqqal buraxmaq, misvakdan istifadə etmək, burnu su ilə yaxalamaq, dırnaqları tutmaq, oynaqları yumaq, qoltuqaltı tükləri yolmaq, ayıb yerlərini qırxmaq və ayaqyoluna getdikdən sonra su ilə təmizlənmək.” Rəvayətçi deyir: “Onuncunu unutdum. Yəqin ki, ağızı su ilə yaxalamaq idi.” Müslim rəvayət etmişdir.
( Müslim: Tahara ? 261. Tirmizi: Ədəb ? 2757. Nəsai: Zinət ? 5040. Əbu Davud: Tahara ? 53. İbn Macə: Tahara ? 293. Əhməd: 6/137.)

ŞƏRH
Fitrət, (insana anadan olduğu ilk gündən verilən) xilqətdir. Allah Öz qullarını onun əsasında xəlq etmiş, fitri olaraq xeyri və onun əldə edilməsini onlara sevdirmiş, şərə qarşı nifrət vermişdir. İnsanları xeyri qəbul etsinlər, Allaha səmimi (ixlaslı) baş əysinlər və Ona yaxınlaşsınlar deyə, onların fitrətlərində hənifliyi (tək Allaha ibadəti) yerləşdirmişdir.
Uca Allah fitri qanunlar iki yerə ayırmışdır.
Birinci: Qəlbin və ruhun təmizlənməsinə xidmət edən. Bu, Allaha imanı və onun bəhrəsi olan Allah qorxusu, sevgisi, ümidi və ona pənah aparmağı əhatə edir. Uca Allah buyurur: “(Ey Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar). (Ey Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!” (Rum, 30-31). Bu nəfsləri pak edir, qəlbi təmizləyir və inkişaf etdirir, rəzillikləri ondan uzaqlaşdırır və onu gözəl əxlaqla zənginləşdirir. Bütün bunlar imanın əsaslarına və qəlb əməllərinə qayıdır.
İkinci: Zahiri təmizlənməyə xidmət edən. Onunla çirk və pisliklərin qarşısı alınır. Hədisdə deyilən on fitrət əməli buna xidmət edir. Əzaların təmizliyinə, mükəmməlliyinə, sağlamlığına və effektliliyinə xidmət edən bu əməllər İslam dininin gözəlliyinin səmərəsidir.
Ağızı su ilə yaxalamağa və buruna su çəkməyə gəlincə, yekdilliklə bildirilir ki, onlar kiçik və böyük natəmizlik (dəstəmaz və qüsl) halında təmizlənmək üçün edilir. Bu vacibdir və ağız-burunun təmizlənməsinə xidmət edir. Ağız və burun müxtəlif növ çirk və zərərli hava ilə bulaşdığı üçün onun təmizlənməsi mütləqdir. Misvak da ağızı təmizləyir. O, ağızı pak edən və Allahı razı salan əməllərdəndir. Misvakdan hər zaman istifadə etmək icazəlidir. Dəstəmaz və namazdan öncə, yuxudan oyandıqda, ağızdan pis qoxu gəldikdə, dişlər saraldıqda və digər bu kimi hallarda onun istifadəsi şəriət tərəfindən daha ciddi tələb olunur.
Bığları qısaltmağa və ya dodaq görününcəyə qədər götürməyə gəlincə, bu bir təmizlik formasıdır. Həmçinin burundan çıxanın silinməsi üçün daha əlverişlidir. Çünki bığ uzanıb dodağın üzərinə düşdükdə yeyilən və içilən qidaya bilavasitə toxunur. Bizə görə söz və əməlləri heç bir önəm daşımayan bir qisim insan belə bir görünüşü yaxşı saysa da, belə insanın zahiri görkəmi ürəkaçan olmur. Saqqal isə onun əksinədir. Allah onu kişiyə qürur və gözəllik olaraq vermişdir. Buna görə yaşa dolmuş insan, saqqal ilə öz gözəlliyini saxlayır... Adət və kor-koranə təqlid yaxşını pis, pisi isə yaxşı kimi tanıdır.
Dırnaqların tutulmasına, qoltuqaltı tüklərin qoparılmasına və oynaqların yuyulmasına gəlincə, onlar bədənin çirk yığılan çuxur hissələri sayılırlar. Buna görə də həmin yerlər təmizlənməli və əziyyət verməsi danılmayan pisliklər yox edilməlidir. Ayıb yerlərinin qırxılması da buraya daxildir.
Ayaqyoluna getdikdən sonra təmizlənməyə gəlincə, bu, ön və arxa ifrazat çıxışlarından xaric olanların su və ya daşla silinməsidir. O, təharət üçün lazımlıdır və onun şərtlərindən biridir.
Artıq bildin ki, bu sadalananların hamısı insanın zahirini kamilləşdirir, onu pak edir və təmizləyir. Eyni zamanda zərərli və çirkli şeyləri ondan uzaqlaşdırır. Təmizlik isə imandan sayılır.
Fitrətin şəriəti bütünlüklə, onun zahirini və batinini əhatə edir. O, insanı daxilən pis davranışdan təmizləyərək ora iman etiqadı, tövhid, ixlas və ümiddən formalaşan gözəl əxlaqı yerləşdirir. İnsanın zahiri görünüşünü murdarlıqdan, çirkdən və natəmizliyə səbəb olan amillərdən uzaq edir. Sağlam fitrət insanı həm zahirən, həm də mənən pak edir. Buna görə də Peyğəmbər  buyurmuşdur: “Təharət (təmizlənmək) imanın yarısıdır.”( Müslim: Təharət ? 223. Tirmizi: Dualar ? 3517. İbn Macə: Təharət ? 280. Əhməd: 5/342. Darimi: Təharət ? 653.)
Uca Allah buyurur: “...Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (Bəqərə, 222).
Şəriət bütünlüklə paklıq, təmizlik, inkişaf və kamillikdir. O, insanları ali məqsədlərə ruhlandırmış və mənasız işləri qadağan etmişdir. Allah daha doğrusunu bilir.


Tarix: 22.04.2013 / 22:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Hedisler
loading...