Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlıq boynu xərçəngi...

Uşaqlıq boynu xərçəngi bütün müasir qadınların qorxusudur. Uşaqlı boynu xərçəngi bədxassəli şişlərdən olub, qadınların onkoloji xəstəlikləri arasında dördüncü yerdə durur (mədə, dəri və süd vəzi xəstəliklərindən sonra).
Uşaqlıq boynu xərçəngini yaradan hüceyrələr həmin nahiyəni əhatə edən normal hüceyrələrdən inkişaf edir. Hər il 600000 qadına bu xəstəliyin diaqnozu qoyulur. Adətən, uşaqlıq boynu xərçəngi 40-60 yaşarası qadınlarda rast gəlinir, lakin təəssüf ki, son zamanlar xəstəlik xeyli «cavan»laşıb.
Səbəb digər onkoloji xəstələrdə olduğu kimi, burada da risk faktorlarına yaş, radiasiya və kimyəvi konserogenlər aiddir. Bundan başqa, alimlər sübut ediblər ki, genital herpes və papillomavirus kimi virus xəstləlikləri ilə uşaqlıq xərçənginin arasında birbaşa əlaqə var. Məsələn, papilloma virusundan əziyyət çəkən qadınların ( Human papilloma virus- HPV) 95%-də xərçəng aşkarlanır. Hər iki virusun daşıyıcısı olan qadınlarda isə uşaqlıq boynu xərçənginə tutulma riski sağlam qadınlara nisbətən 2-3 dəfə çoxdur.
Beləliklə, belə bir tendensiya yaranır ki, uşaqlıq boynu xərçəngi cinsi əlaqə vasitəsilə keçir.
Həkimlər müəyyənləşdiriblər ki, altı və daha çox tərəf müqabili olan qadınlarda uşaqlıq boynuna tutulma riski 11 dəfə çoxdur. Ən böyük risk qrupuna isə fahişələr aiddir, bakirələrdə isə bu risk demək olar ki, sıfıra bərabərdir.
Əksər hallarda şiş aşağıdakı qrupa aid olan qadınlarda meydana çıxır:
- çox gənc yaşda cinsi həyata başlamış (16 yaşına qədər).
- 16 yaşına qədər hamiləlik və doğuş keçirən
- düzgün cinsi həyat sürməyən
- çox abort elətdirən
- iltihabi və zöhrəvi xəstəliklərdən əziyyət çəkən
- çox siqaret çəkən
- uzun müddət kontraseptiv hormonal preparatlar qəbul edən
- immun sistemi zəif olan qadınlar
Uşaqlıq boynu xərçəngi nadir hallarda heç bir səbəb olmadan yaranır, bunlara aiddir: uşaqlığın eroziya və yastı kondilomalar zamanı, doğuş abortlarından sonrakı toxuma çapıq dəyişiklikləri, o cümlədən uzun müddətli iltihabi proseslər nəticəsində uşaqlıq hüceyrələrinin xüsusiyyətinin dəyişilməsi. Orta hesabla, xərçəngönü xəstəliklərlə xərçəngin yaranması arasındakı vaxt 2-15 il çəkir. Başlanğıc mərhələdən son mərhələyə qədər olan vaxt isə 1-2 ildir. Əvvəlcə şiş yalnız uşaqlıq boynunu zədələyir, sonra isə yavaş-yavaş ətraf orqan və toxumalara yayılır. Xəstəlik zamanı şiş hüceyrələri limfa dövranı vasitəsilə yayılaraq limfa düyünlərinə keçir və metastazlar yaradır (yəni yeni şiş düyünləri).
Xəstəliyin erkən mərhələlərində çətin ki, qadın belə bir xəstəliyin yarandığını aşkarlaya bilsin, səbəb isə adətən, xəstəliyin simptomsuz keçməsidir. Əksər hallarda təsadüfən ginekoloqun müayinəsi zamanı aşkarlanır.
Lakin qadınlar özləri də diqqətli olmalıdırlar, uşaqlıq yolundan hər hansı ağ rəngli ifrazat olarsa, az miqdarda qanla qarışıq bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Şiş nə qədər böyük olarsa və uzunmüddətli olarsa, bu zaman böyük ehtimalla cinsi əlaqədən, ağır yük qaldırdıqdan, gərginlikdən sonra qanlı ifrazat olacaq. Bu əlamətlər artıq uşaqlıq boynunda damarların partlaması ilə müşahidə olunan törəmələrin yaranmasını göstərir.
Sonrakı mərhələlərdə şişin inkişaf etməsi ilə əlaqədar kiçik çanağın sinir kələfləri sıxılır və nəticədə oma, bel və qarnın aşağı hissəsində ağrıların əmələ gəlməsi ilə xarakterizə olunur.
Uşaqlıq boynu xərçənginin inkişafı zamanı və kiçik çanağın orqanlarına metastaz verdikdən sonra isə kürək nahiyəsində, ayaqlarda ağrılar, ödem meydana çıxır, defekasiya aktı və sidiyə getmə pozulur. Bundan başqa, həmçinin bağırsaq və uşaqlıq arasında fistullar əmələ gələ bilər.
Diaqnostika: uşaqlıq xərçənginin diaqnostikası ginekoloqun müayinəsindən başlayır. Müayinə zamanı həkim uşaqlıq yolunun barmaqla müayinəsi, ginekoloji güzgü vasitəsilə uşaqlığın müayinəsi, kolposkopiya ( kolposkop adlı xüsusi cihaz vasitəsilə aparılan müayinə) vasitəsilə uşaqlığın vəziyyətini və burada törəmənin olub-olmamasını aşkarlayır. Müayinə zamanı həmçinin biopsiya da aparıla bilər (yəni həmin nahiyədən kiçik bir hissəcik götürülərək histoloji müayinə edilir). Əgər ginekoloqun şübhə etdiyi xəstəlik təsdiqlənsə bu zaman pasient onkoloqun konsultasiyasına göndərilir.
Uşaqlıq boynu xərçənginin erkən mərhələlərində aşkarlanması üçün xüsusi test mövcuddur. Bu testi ildə 2 dəfə 40 yaşını adlamış hər qadının elətdirməsi məsləhət görülür. Kiçik çubuq vasitəsilə uşaqlıq boynundan yaxma götürülür, sonra isə xüsusi rəngləndirici vasitəsilə rənglənir və mikroskop altında müayinə aparılır. Bu metodun adı «mikroskop altında uşaqlı boynundan götürülmüş yaxmanın sitoloji müayinəsi»dir. İngilisdilli ölkələrdə bu test Papanikolau, ABŞ-da isə «pap smear» adlanır.
Bəzi hallarda həkim USM təyin edə bilər. Qarın boşluğu və çanaq orqanlarının KT və MRT müayinəsi vasitəsilə şişin ölçüsü və lokalizasiyasını , o cümlədən yerli limfa düyünlərinin də prosesə cəlb olunduğunu təyin etmək olar.
Müalicə: uşaqlıq xərçənginin müalicəsi kompleks şəkildə aparılır: əməliyyat, kimya və şüa terapiyası. İndividual vəziyyətə , xəstəliyin mərhələsi, yanaşı gedən xəstəliklər, uşaqlıq boynunu vəziyyəti və hazırda olan iltihabi xəstəliklər nəzərə alınaraq müalicə təyin edilir.
Əməliyyat zamanı gedişindən asılı olaraq, uşaqlığın boynu və ya onun bir hissəsi, bəzən isə tamamilə uşaqlıqla birlikdə şişin çıxarılması mümkündür. Əgər şiş hüceyrələri kiçik çanağın limfa düyünlərinə də yayılıbsa bu zaman əməliyyat zamanı onlar da aradan götürülür. Yumurtalıqların saxlanılması isə vəziyyətdən asılı olaraq dəyişir, belə ki, cavan qadınlarda xərçəngin ilk mərhələlərində onları saxlamaq mümkündür.
Əməliyyatdan sonra ehtiyac olduqda pasientlərə şüa terapiyası təyin edilir. İonlaşdırıcı şüalarla müalicə həm əməliyyatı tamamlayan bir müalicə növü kimi, həm də ayrı bir müalicə sistemi şəklində təyin edilə bilər.
Bundan başqa, uşaqlıq boynunun xərçəngi zamanı kimyəvi terapiya da aparıla bilər, bu preparatlar xərçəng hüceyrələrinin böyüməsi və çoxalmasının qarşısı alır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, uşaqlıq boynu xərçəngində kimyəvi terapiyanın imkanları çox məhduddur.
Ümumiyyətlə, uşaqlıq boynu xərçənginin müalicəsində effektivlik qadının yaşından, terapiyanın düzgün seçilməsindən, ən əsası da erkən diaqnostikadan asılıdır. Əgər xəstəlik erkən mərhələlərdə aşkar olunursa, proqnoz müsbətdir və təkcə cərrahi metodla xəstəlik müalicə olunur.


Tarix: 26.01.2015 / 11:14 Müəllif: Aziza Baxılıb: 374 Bölmə: Ginekoloq Meslehetleri
loading...