Hamilə qadınlarda erkən baş verən toksikozlar. Hamilə qadınların toksikozu - ürək-damar sisteminin, böyrəklərin, qaraciyərin mərkəzi və periferik sinir sisteminin mübadilə funksiyalarının pozulması ilə təzahür edən polisimptom (müxtəlif simptomlu) xəstəlikdir. Hamilə qadınlarda toksikozlar çox vaxt daxili üzvlərin (mədənin, böyrəklərin, qaraciyərin, hipertonik xəstəliyin və s.) mövcud xronik xəstəlikləri fonunda əmələ gəlir.
Erkən baş verən toksikozlar hamiləliyin birinci günləri və həftələrindən başlayaraq təzahür edərək, hamiləlik dövrünün ikinci yarısında yox ola bilər. Lakin erkən baş verən toksikozların xeyli qrupu hamiləliyin axırına qədər davam edir.
Hamiləliyin erkən müddətlərində toksikoz müxtəlif klinik formalarda təzahür edə bilər. Bunlara qusma, selik, ağız suyu (tüpürcək) axması, dermatozlar (dəri xəstəlikləri) və s. aiddir.
Qadınların xeyli hissəsində hələ hamiləliyin erkən müddətlərində qoxuduyma funksiyalarının (bəzi qoxulara dözümsüzlük kimi) və dadbilmə funksiyalarının (bəzi qidalardan ikrah, digərlərinə tələbat kimi) pozğunluğu baş verir.
Arasıkəsilməyən qusma ağır xəstəlikdir. O sutka ərzində 20 dəfə və daha çox təkrarlanır. Həm də gecə və gündüz baş verə bilir. Bu xəstəlik çox çəkdikdə bərk arıqlamaya (gücdən düşməyə) səbəb olur, nəbz sürətlənərək dəqiqədə 100-120-yə çatır, temperatur yüksəlir, ağızdan aseton iyi gəlir, dəri quru və büzüşük olur. Müalicə xəstəxanada aparılır. Xəstəyə yataq rejimi, xırda hissələrlə qəbul edilən yüksək kalorili, vitaminlərlə zəngin qida təyin edilir, mayelərin, plazmaların və başqa zülali preparatların, vitaminlərin və birləşmiş vasitələrin parenteral yeridilməsi də təyin edilir. Müalicə oluna bilməyən ağır cərəyan edən toksikozlarda hamiləliyin dayandırılması məsələsi qoyulmalıdır.
Ağızsuyu ifrazı demək olar ki, arası kəsilməyən cərəyanla davam edir ki, bu da çənəaltı dərisinin qıcıqlanma və masserasiyasına səbəb olur. Aydın toksikoz halında hamilə qadın əhvalı pisləşir, yuxusuzluq baş verir, bədən kütləsi azalır. Ağız suyu axını ağır pozğunluqlara səbəb olmur və hamiləliyin dayandırılmasını tələb etmir.
Hamilə qadınların gec baş verən toksikozları.
Hamilə qadınlarda hidrops əmələ gəldikdə maye əsasən dərialtı piy qatında toplanılır. Mayenin toplanması su-duz mübadiləsinin yüksəlməsində asılıdır. Xəstəlik hamiləliyin ikinci yarısında baş verir. Əvvəlcə ayaq və baldırlarda pastoz sonra ödem baş verir. Ödemlər nəticəsində bədənin çəkisi həftə ərzində 500-700 q və daha çox artır. Hamilə qadınlarda hidropsun yüngül formaları olduqda tam dəyərli zülallar (bişirilmiş zərif ət, bişmiş təzə balıq, kəsmik, kefir), vitaminlər daxil edilməklə duzsuz yüngül südlü-bitkili dietik qidalara icazə verilir, mayelər və duz işlədilməsinin məhdudlaşdırılması və yataq rejimi təyin edilməsi məsləhət görülür və diurez üzərində nəzarət qoyulur, hamilə qadının rejimi düzgün olmadıqda hidrops toksikozun daha ağır forması olan nefropatiyaya keçə bilər.
Hamilə qadınlarda nefropatiya. Bu xəstəlik zamanı hamilə qadınlarda ödemlər baş verir, sidikdə zülal qeyd edilir, arterial təzyiq artır. Nefropatiya, adətən, hamiləliyin 2-ci yarısında çox vaxt onun axırıncı aylarında inkişaf edir. Bu mürəkkəbləşmə halı qadının və dölün səhhəti üçün təhlükəlidir. Nefropatiya eklampsiyaya keçə bilər. Nefropatiyanın müalicəsi ancaq stasionarda aparılır. Təyin edilən pəhrizdə duzun miqdarı məhdudlaşdırılaraq, ona vitaminlər, karbohidratlar (kisel, sıyıq, cem, meyvələr) və zülallar (kəsmik, bişmiş təzə balıq, bişmiş ət) daxil edilir. Xəstələr üçün yüngül qidalanma günləri keçirilir. Hipetenziv, spazmolitik vasitələr, qlükoza, sedativ preparatlar, yuxu dərmanı təyin edilir.
Preeklampsiya - nefropatiyanın artma hadisələri və mərkəzi sinir sisteminin qıcıqlanma simptomlarının (başağrısı, görmə qabiliyyətində pozğunluqlar, bəzən qusma və başqa hallar) əmələ gəlməsidir. Preeklampsiya isə eklampsiyaya keçə bilər. Bundan əlavə, həyat üçün əhəmiyyətli üzvlərə qansızması, ciftin vaxtından qabaq aralanıb qopması və hamilə qadın, habelə döl üçün təhlükəli başqa mürəkkəbləşmələr baş verə bilər.
Xəstəyə təcili sürətdə ağrısızlaşdırıcı və hipotenziv dərmanlar yeridilməsi, onun stasionara qoyulması, yanında daimi növbətçi olması, bütün qıcıqlandırıcıların (səs-küy, parlaq işıq) aradan qaldırılması tələb edilir. Xəstə üçün uyğun pəhriz təyin edilməli və bu pəhrizdə maye və duzun miqdarı məhdudlaşdırılmalıdır. Təyin edilən xüsusi müalicədə hipotenziv, sedativ, ağrısızlaşdırıcı, diuretik vasitələrin və yuxu dərmanlarının, habelə mikrosirkulyasiyanın yaxşılaşdırıcı vasitələrin və preparatlarının tətbiq olunması tələb edilir. Bütün manipulyasiyalar və inyeksiyalar narkoz altında keçirilməlidir.
Eklampsiya - ağır toksikozdur. Bu xəstəlik, hamilə, habelə zahı və yenicə doğmuş qadınlarda doğumdan sonrakı dövrün birinci günlərində baş verə bilər. Xəstəlik qıcolmalarla, huşun itməsi, arterial təzyiqin artması ilə xarakterizə olunur. Eklampsiya zamanı həyat üçün əhəmiyyətli üzvlərin funksiyalarında dərin pozğunluqlar: qan dövranında pozğunluq, maddələr mübadiləsi pozğunluğu, beyin ödemi, beyinə qansızma, mərkəzi sinir sistemində yüksək oyadıcılıq müşahidə olunur. Qıcolma əlamətləri baş verdikdə (üz sinirlərinin, göz qapaqlarının titrəməsi) xəstəyə dərhal narkoz vermək lazımdır. Dilin dişlənməsinə yol verməmək üçün azı dişlərin arasına genəldici və ya tənzifə bükülmüş qaşıq sapı qoyulmalıdır. Mama-ginekoloq və anestezioloq həkimin iştirakı ilə xəstələrin xüsusi müalicəsi aparılır.
Hamilə qadınlarda toksikozların profilaktikasına rasional qidalanma, yemək-içməkdə həddin gözlənilməsi, duzun məhdudlaşdırılması, fiziki və zehni əməyin tənzimi, normal gecə yuxusu, tez-tez havada olmaq kimi tədbirlər daxildir.
Toksikoz keçirmiş bütün hamilə qadınlar doğumdan sonra da həkimin nəzarəti altında olmalıdırlar.
Hamiləlik zamanı xarici cinsiyyət üzvləri isti su və sabunla yuyulmalıdır. Əvvəlcə əllər diqqətlə yuyulur. Sonra sol əldə tutulan ətrafa və ya parçdan - su tökərək sağ əllə qasıqdan anusa doğru yuyurlar (əksinə istiqamətdə yumaq olmaz). Stasionar şəraitində qadınların tualeti kuşetka üzərində keçirilir. Bu zaman kuşetkaya müşəmbə sərir, xəstənin altına isə ləyən qoyurlar. Yuma zamanı kornsanqla tutulmuş steril pambıq tamponlardan istifadə edirlər.
Hamiləlik zamanı ultrabənövşəyi şüalandırma doğum zamanı və doğumdan sonrakı dövrdə baş verən mürəkkəbləşmələrin profilaktikasına kömək edir. Ümumi ultrabənövşəyi şüalandırmaya hamiləliyin 32-ci həftəsindən etibarən başlanır və azı 15 - 20 şüalandırma seansı keçirilir.
Dölün elektrokardioqrafiyası - dölün ürək fəaliyyətinin kardioqraf vasitəsilə daha artıq və erkən təyin edilməsi metodu.
Elektrofonokardioqrafiya - dölün ürəyindən gələn səs ehtizazının qeyd edilmə metodu olub, dölün ürək fəaliyyəti vəziyyətini adi auskultasiyaya nisbətən daha dəqiq və vaxtında təyin etməyə imkan verir.
Tarix: 26.11.2014 / 16:23 Müəllif: Aziza Baxılıb: 228 Bölmə: Ginekoloq Meslehetleri