“Bir insan etdiklərindən gerçəkdən peşmanlıq duyarsa ən xoşbəxt olduğu zamana geri dönüb sonsuzadək orada yaşaya bilər. Bəlkə elə cənnət budur?”
Həyat başlanğıcı və sonu olan yoldur. Bu yol düz, girintili-çıxıntılı, dolaşıq və ya hamardır. Amerika kinematoqrafı Frenk Darabontun Stiven Kinqin eyni adlı romanı əsasında çəkdiyi «Yaşıl yol» filmində əsas hadisələr yaşıl yol üzərində addımlayan insanlardan bəhs edir. Kimlər üçünsə yol bir başlanğıc, yeni həyatdırsa filmin məhbus qəhrəmanları üçün yaşıl yol addımlarının, ürək döyüntülərinin, nəfəslərinin gəzişdiyi sonuncu yoldur. «Yaşıl yol» adının verilməsi isə elektrik stulunda edama məhkum olunanların yerləşdiyi «E» blokunun dəhlizinin yaşıl rəngdə olması ilə bağlıdır. Ümumi mənada isə «yaşıl yolu keçmək» filmdə qaçılmaz olana doğru getmək kimi izah edilə bilər. Frenk Darabontun filmində yaşıl rəng düşünürəm simvolikdir. O sanki məhbusların ölümə getdiyi yolu işıqlandırır.
Yaşıl yol üzərində addımlayanlar təkcə ağır cinayətlərə məhkum olunanlar deyil, həm də haqsızlığa məruz qalanlardır. Frenk Darabontun rejissoru olduğu bu filmdəki hadisələr XX əsrin 30-cu illərinə təsadüf edir. Bu rəqəm «Böyük depressiya» və ya «Beynəlxalq İqtisadi Böhran» adı ilə tarixə düşmüşdür. Filmin baş qəhrəmanı Pol Eckomb rolunu Tom Hənks oynayır. Hadisələr Pol Eckomb tərəfindən yaşadığı «Corciya Paynz» qocalar evindəki rəfiqəsi Eleyn Konelliyə nəql edilir. Onu qeyd edim ki, Pol Eckombun qocalığını güman edilirdi ki, elə Tom Hənksin özü ifa edəcək. Lakin qrim olunmuş Tom Hənksin siması onun qocalığını tam təsvir etmirdi. Buna görə də sonda qocalmış Pol Eckombu Dabbs Qririn ifa etməsinə razılıq verilir.
Pol Eckomb Luiziana ştatında yerləşən «Soyuq dağ» adlı təcridxananın «E» blokunun baş nəzarətçisidir. Onun 44 yaşı var və o da hamı kimi yaşayır, sevir, dostları ilə görüşür. Onu xoşbəxt adlandırmaq da olar. Lakin bir gün sistit xəstəliyinin hədəfinə məruz qalır və həmin gün həbsxanaya Con Kofi adlı nəhəng qaradərili bir kəndli gətirilir. Hadisələr bundan sonra dəyişir. Polun Con Kofi ilə tanışlığı həyatında bir dönüş yaradır. Polun xidmət etdiyi təcridxanada məhbuslar elektrik stulunda edam cəzasına məhkum olunmuşlar olduğundan bu "ölüm maşın"ının qurbanlarından biri də günahsız Con Kofi olur.
Con Kofi adi bir qaradərili, aşağı təbəqəyə mənsub olan, yalnız öz adını yazmağı bilən, ayağında ayaqqabısı belə olmayan kasıb kəndlidir. Lakin o sadə olduğu qədər də qeyri-adidir. Əslində isə o, tanrının yerə göndərdiyi möcüzədir. O, fövqəlbəşər qüvvəyə malikdir. İnsanlara yalnız yaxşılıq etməyə çalışan, onları ölümcül xəstəlikdən qurtaran, hətta filmin irəliləyən dəqiqələrində kiçik rolun ifaçısı Cənab Cinqls adlı siçanı ölümdən xilas edən də odur.
Nəhəng, qaradərili, kobud xarici görünüşü ilə kövrək, həssas daxili aləmi arasında ziddiyyət olan bu möcüzəvi insan ədalətsizliyin qurbanı olur-elektrik stulunda ən ağır cəza ilə cəzalandırılır. Maykl Klark Dunkan (Con Kofi rolunun ifaçısı) obrazını o qədər dəqiqliklə, bütün təfərrüatı ilə, həssaslıqla ifa edir ki, kövrəlməyə bilmirsən. Filmin bir çox qəhrəmanlarının gözündə, simasında qəzəb, kin, hiyləgərlik simptomlarını gördüyün halda, onun gözlərindən daima uşaqlara məxsus həssaslıq, kövrəklik, məsumluq, günahsızlıq, saflıq boylanır. Con Kofi bir fermerin qızlarının öldürülməsində təqsirli bilinir. Məqsədi öldürmək yox, öldürülmüş qızlara kömək etmək olan Con Kofi polislərin heç bir təhqiqat, araşdırma aparmadan «Göz gördüyünə inanar» prinsipinin qurbanı olur. Məlumat üçün deyim ki, 1889-cu ildən ilk dəfə olaraq Obern həbsxanasında tətbiq edilən "ən insani və yüngül" edam üsulu hazırda ABŞ-ın 13 ştatının qanunvericiliyində qalmaqdadır.
İndi isə qayıdaq filmə… Con Kofi malik olduğu qeyri-adi gücü sayəsində Polun xəstəliyini əlləri ilə sağaldır. Bu qeyri-adiliyin şahidi olan Pol Eckombda Kofinin cinayətkar olmasına qarşı şübhələr yaranmağa başlayır. Belə ki, həbsxananın balaca sakinlərindən biri olan Cənab Cinqls adlı siçanın sadistliyi ilə seçilən gənc nəzarətçi Persi Uetmor tərəfindən öldürülməsinin şahidi olan Con Kofi siçanı əlinə alaraq siçandakı qara qüvvəni daxilinə çəkib onu ölümdən xilas edir. Eləcə də təcridxananın müdiri olan Hel Mursinin beyin xərçəngindən əziyyət çəkən həyat yoldaşını da sağaldan Con Kofi olur.
Bu möcüzənin şahidi olan Pol Eckomb və digər həbsxana nəzarətçiləri, məhbuslar Allahın yerdəki möcüzəsinə heyran qalırlar. Kinematoqrafın ərsəyə gətirdiyi bu film o qədər mükəmməl detallarla zəngindir ki, elə bil Stiven Kinqin yaratdığı bu obrazlar kitabdan çıxaraq canlanıblar. Qeyd etmək istərdim ki, rejissor burada müsbət rollarla yanaşı mənfi rolların ifaçılarını da zərgər dəqiqliyi ilə seçib. Amerika polisinin qəddarlığını əks etdirən Persi Uetmor rolunu Daq Hatçison ifa edib. Öldürməkdən, insana əzab verməkdən həzz alan bu insan əslində ölümdən qorxur. Bunu «Vəhşi Bill» ləqəbli Uilyam Uortonun həbsxanaya gətirilərkən qəfildən nəzarətçilərdən biri Din Stentonu boğmaq istəməsi epizodunda görmək olar. O öz həmkarını xilas etmək əvəzinə qorxudan qaçıb kənardan müşahidə etməyi üstün tutur. Filmin sonunda Uilyam Uortonu öldürdüyünə görə, həm də psixi çatışmazlığına görə onu «Brayr Ridc» adlı psixi xəstəxanaya yerləşdirirlər. Uilyam Uorton haqqında da məlumat vermək gərəklidir. Uilyam Uortonun sağ qolunda «Vəhşi Bill»in döyməsi olduğundan onu bu ləqəblə çağırırlar. O 3 nəfərin öldürülməsində ittiham edilib, onlardan biri də hamilə qadındır. Filmin sonuna yaxın məlum olur ki, əslində iki balaca qızın qatili məhz odur. Belə ki, Con Kofi Hel Mursinin evinə aparılarkən qəfildən Uilyam Uorton onun əlindən yapışır və Kofi məcazi mənada desək onun ürəyini görmüş və etdiyi cinayəti qeyri-adi gücü sayəsində izləyə bilmiş olur.
Həbsxana müdirinin xanımını beyin xərçəngindən sağaldan Con Kofi ordan təcridxanaya qayıtdıqda daxilinə çəkdiyi xəstəlik hələ də özündə idi və onu özündən uzaqlaşdırmaq üçün Kofi Persi Uetmoru seçir və daxilindəki xəstəliyi, qara qüvvələri ona doğru yönəldir. Beləliklə qara qüvvə ilə yüklənmiş olan Persi Uetmor ölüm hədəfi kimi Uilyam Uortonu nişan alır və onu silahla öldürür. Persi Uetmorun seçilməsi isə təsadüfi deyildi. Kofi dəfələrlə onun qəddarlığının şahidi olmuşdu. Buna misal olaraq Persinin Eduard Delakruanın barmaqlarını əlindəki dəyənəklə sındırmasını, Cənab Cinqls adlı siçanı öldürməsini, Eduard Delakruanın elektrik stulunda edamı zamanı onun başına süngəri bilə-bilə quru şəkildə qoymasını (qeyd edim ki, su elektriki rahat keçirdiyindən məhbusların başına cihazı yerləşdirməmişdən əvvəl süngəri su ilə isladıb qoyurlar. Laki Persi Uetmor bunu etmir, çünki o öldürməkdən həzz alan biridir. Və nəticədə Eduard Delakruanın cəsədi tamamilə yanmış olur) göstərmək olar.
Bu qətl mənzərəsinin şahidi olan Pol Eckombu yanına çağıran Con Kofi onun əlinə toxunmaqla özündə olan qeyri-adi qüvvənin bir hissəsini ona verməli olur ki əsl qatilin kim olduğunu ona göstərsin. Düşünə bilərsiniz ki, burada Persi Uetmor mənfi qəhrəmandan bir anlıq müsbətə çevrilib ədaləti bərpa etmiş olur. Lakin bu nisbidir. Pis insan pisin əli ilə öldürülür. Mahiyyət də bunda idi. Bunun əksi baş versə idi, yəni müsbət qəhrəman tərəfindən öldürülsə idi bu filmin ssenarisindəki ideya ilə ziddiyyət təşkil edərdi. Filmi izləyən tamaşaçı ədalətin az da olsa bərpa olunmasına sevinir. Lakin ədalət bütünlüklə bərpa olunmur. Con Kofinin edamına yaxın Pol ona qaçmağa şərait yaratmaq istəsə də Kofi ölümü seçir. Çünki o artıq haqsızlıqdan, ədalətsizlikdən, insanların ona yönəlmiş ittihamlı baxışlarından yorulmuşdu. O yaşamaqdansa ölməyi üstün tutdu. Ona və bu qəbildən olan insanlara bu dünyada yer yoxdur. Gec-tez ya onlar özləri ölür, ya da kimlərsə tərəfindən öldürülür. Ölümdən qorxmayan bu insanın təkcə bir qorxusu var idi. O da «qaranlıq».
Həbsxanaya gətirilərkən Pol Eckombdan saxlandığı kameranın işığının gecə söndürülməməsini istəyən, edam olunarkən başına qara parçanın salınmamasına etiraz edən də o idi. Bunu mən bir növ qara qüvvələrə olan etirazın simvolikası kimi qiymətləndirirəm. Filmin ən təsirli səhnələrindən biri də Con Kofinin edamı zamanı qürurluğu, dözümlüyü ilə seçilən amerikalı polislərin günahsız insanın edam prosedurunu yerinə yetirərkən göz yaşlarını saxlaya bilməmələridir. Bu səhnəni görüb kövrəlməmək olmur, xüsusilə də haqsız yerə edam edilən uşaq qəlbli Con Kofini əzab çəkərkən görmək insana təsir edir. Sonda Con Kofinin edamı üçün elektrik açarının işə salınması əmrini Pol Eckomb verməli idi. O əvvəl tərəddüd etsə də polis həmkarının təkidindən sonra dəhşətli cəzanın reallaşması üçün əmri verməli olur. Con Kofi ölümü seçsə də əvəzində Pol Eckombu həyatla, uzunömürlülüklə cəzalandırır. Özündə olan fövqəlbəşər qüvvənin bir hissəsini Pola verir. Hadisələri nəql edən Pol artıq 108 yaşındadır. O bütün yaxınlarının, sevdiklərinin, ailə üzvlərinin ölümünə şahid olur. Onun dili ilə desək bu Allahın ona verdiyi cəzadır. Çünki o, tanrının yaratdığı möcüzənin həyatına son qoyulmasına əmr vermişdi. Həyatla cəzalanan Pol artıq ölümündən əvvəl dünyasını dəyişmək istəyir. Ölümə aparan yaşıl yol isə ona sonsuz bir xətt kimi uzun görünür. Həm rejissorun, həm ssenaristin, həm də aktyorların uğurları bir-birini tamamlayır. Ərsəyə gələn uğurlu film sayəsində tamaşaçı dolğun, təsirli, onu düşündürən, kövrəldən, vicdan əzabı yaşatdıran bir ekranlaşdırmanın izləyicisinə çevrilir.
Bu filmi bütün dövrlərin filmi adlandırsam yanılmaram. Filmin çəkilməsindən, yayımından 14 il keçməsinə baxmayaraq hələ də bu filmi izləməyə doymayan milyonlarca insan var. İnternet saytlarında filmə tamaşaçılar tərəfindən verilən rəylər yalnız filmin lehinədir. Kimi filmə baxanda kövrəlir, göz yaşlarını film boyunca saxlaya bilmir, kimi öz etdiyi səhvləri düşünür, kimi həyatın paradoksallığı ilə razılaşmaq istəmir, kimi filmin əsas qəhrəmanlarından biri olan nəhəng qaradərili Con Kofiyə edilən haqsızlıqla barışmaq istəmir, kimi isə də düşünür ki, bataqlıq girdabında boğulan bu dünyada yaşamaqdansa ölümü seçmək daha doğrudur...Necə ki, Con Kofi bunu etdi....
Tarix: 28.11.2014 / 11:35 Müəllif: Aziza Baxılıb: 213 Bölmə: Filimler