Bəs metrodakı qadın? Yox, yəni bu qədərmi sarsaq birisidir ki, tanımadığı cavan uşaqlara paylayır koordinatlarını? Ola bilərmi? Ola bilməzmi? Ya zəng eləsəm indicə? Ya o deyilsə? Ya ... Ya nə? “Lənət şeytana!”,- deyib, bir gözüm vizit kartında,bir gözüm telefonda rəqəmləri yığdım. - Eşidirəm, - eşitdiyim səs o qədər həlim, o qədər şirin, o qədər doğma idi ki! - Bağışlayın, bu nömrəni vizit kartında gördüm, kitabımın içinə buraxmışdı kimsə, maraqdan yığdım. - Həə, ola bilər... - Mən kitabları təkcə metroda əlimdən buraxmışam, orda kimsə imkan tapıb...sizi boşuna narahat elədimsə bağışlayın! - Metroda? Yadıma düşdü, hə,mən idim, kitablarınızı saxladım... - M.A.A.? - Aha, Maa. - Çox – çox üzr istəyirəm, amma düzü motivi anlamadım bir az,- mən qadını zərrə qədər də olsa incidə biləcək heç bir kəlmə işlətməmək üçün bilmirdim nə düşünüm və nə deyim, yaxud da nə düşünməyim və nə deməyim. - Elə bir kriminal motiv deyil, qorxmayın, - o, güldü,- sadəcə bu cümə günü sizi bir toplantıya dəvət eləmək istədim, üzünüzdə o qədər təmizlik vardı ki, inanın, elə bil ürəyimin içindən kimsə dedi mənə “ bu oğlanı çağır”. - Mən siyasi və ya dini toplantılara getmirəm, düzü,ürəyimin içindən də kimsə mənə demir “ bu çağırışa get”, - mən yarızarafat-yarıciddi, gülərək dedim. Niyə güldüyümü anlamadım, bu qadına niyə yalan söylədiyimi də. Axı əslində müxalif partiyaların birinin gənclər təşkilatında vardım və təşkilatın bütün tədbirlərində iştirak eləyirdim. Elə sabaha da bir etiraz aksiyamız vardı, günortadan sonra mütləq Qız qalasının yaxınlığında yığışmalıydıq. Buradakı səkilərə qırmızı rəng səpəcəkdik, divarlara qırmızı çiçəklər yapışdıracaqdıq, qırmızı kepkalarda, qırmızı maykalarda olacaqdıq hamımız... Başqa tərəfdən isə əlimə fürsət düşən kimi paytaxtdakı dini mərkəzlərin əsas ibadət ocaqlarını gəzir, məscidlərin, kilsələrin divar və tavanlarındakı rəsmləri dönə-dönə fotoaparatımın, ondan da çox beynimin yaddaşına yığır, bu rəsmlərin hər bir millimetrini öyrənməyə, oxumağa, hiss eləməyə can atardım. - Ay Allah! – o, necə də şirin güldü, - vizit kartındakı ünvanda olacam, istərsəniz gəlin, söz verirəm ki, nə siyasi, nə dini heç bir şey olmayacaq...
Səhər dostum zəng eləyib xatırlatmasaydı, onunla, daha doğrusu, naturaçı ilə görüşmək yadıma da düşməyəcəkdi. Səmayə alaqaranlıqdan təzəcə ayaq tutmuş qızını da qoltuğuna vurub qapımın ağzını kəsdirmişdi: - İslaam, aay İslam, aç qapını, yatmısan hələ də? Oğlan, gün günorta olubdu e! - Noolub? – üzüm-gözüm yuxulu halda qarşısına çıxmışdım. - Otello dönə-dönə tapşırdı ki, mitinqə-filana getməyəsən. Bax, özü də orda olacaq, səni görsə, bir də bu evin adını tutmayasan gərək, qandınmı? - Oofff, öz işinə baxsın da Otello qardaş, - dedim. - Kül ağlıva, polisin işinin adı nədir ki bəyəm? Yaxşı ki, elə dostum da məhz bu məqamda zəng elədi və mən telefona sarı dönəndə Səmayə də qapını örtüb getdi.
Axşamdan qalan boyat çayı elə soyuq haldaca başıma çəkib küçəyə çıxdım. Nəhəng bir qarışqa yuvasına bənzəyirdi şəhər. Yekəbaş, iribuynuz qarışqalar başlarından böyük, bədənlərindən ağır yüklərini çiyinlərinə alıb o yana – bu yana tələsir, bir-birlərinə ilişir,bir-birlərinə mane olur, bir-birlərini itələyirdilər. Hər birisi o birilərinkindən daha ağır yükün altına girməyə can atırdı. Beli bükülənlər, çiyinləri qısılanlar, başları boyunlarına keçənlər daha inadlı, daha məğrur idilər. Mənsə, yük altında yaşamaq istəməyən qarışqalardan idim və bu şəhər də, bu qarışqaların ağır-batman həyat tərzi də mənə yad idi... Dinməyən, yükünün ağırlığını, belinin ağrısını bircə dəfə də olsun dilə gətirməyən, həyatı boyunca heç nəyə və heç kimə etiraz eləməyən qarışqa olmaq mənlik deyildi. Şəhərin küçələrini, divarlarını qaradan qara bir rəngə boyamış bu qarışqa sürüsünə bağırmaq, onları ayıltmaq, həyatda daha başqa rənglərin, daha başqa həyat tərzlərinin olmasına inandırmaq istəyirdim. Özüm kimi dostlarım, tanışlarım vardı, biz mütəmadi olaraq bir yerə toplaşıb sabah şəhərin hansı yerində aksiya keçirməli olduğumuza qərar verirdik və toplaşdığımız zaman həmən yaxınlıqdakı divarları qırmızı rəngə boyayır, şüarlarımızı səsləndirməyə, qarışqalara eşitdirməyə çalışırdıq. Qarışqa həyatına yox! Qara rəngə yox! Ağır yüklərə etiraz edirik! Susmağa yox! Mütiliyə yox! Miskinliyə qarşı çıxırıq! Biz – insanıq, bizi yükləməyə, bizi tapdalamağa kimsənin haqqı yoxdur! ...Və döyülürdük, və həbs olunurduq, və təqiblərə, təzyiqlərə məruz qalırdıq. Oxuduğumuz, işlədiyimiz qarışqa məkanlarında canımıza daraşırdılar həyatlarının ritmini dəyişmək istəməyən yekəbaşlar və iribuynuzlar... Naturaçımız Naturaçımızı bəyənmədim. Hardasa 30-35 yaşlarında arıq, ortaboylu, uzun saçları qaraya boyanmış sarışın bir qadın idi. Əynindəki bir-birindən qara paltarlarını soyunub dostumun çarpayısının üzərinə atdıqca ətimin ürpəndiyini, ürəyimin sıxıldığını hiss elədim.
Döşləri boş və sallaq idi, elə qarnı da, budları və qolları da. Bunu hardan tapmısan deyə dostumun üstünə qışqırmaqdan özümü zorla saxladım. Amma deyəsən elə dostum da mənim halımdaydı, pərtliyi-pərişanlığı gözlərimə girirdi. Qadın otağın ortasında dimdik dayanıb gah mənə, gah dostuma baxırdı. - Bir az tez eləyin, başqa müştərim də var, - dedi. İlahi! Elə bil əsrlərdir qıfıllanıb paslanmış bir darvazanı ağır-ağır araladı kimsə. Qadının səsindən ürəyim bulandı. Dostum: - Elə bizim də başqa işlərimiz var, - deyib gülərək mənə göz vurdu və mətbəxə keçdi. - Dayan, - ardınca qaçdım az qala, onu qapının ağzında yaxaladım, - sən hara gedirsən? - Bir şey alım içməyə, gələcəm, həm də sən məndən bir ay böyüksən axı, birinci sən başla, mən də gəlib çatacam indi, - cavabımı gözləməyərək qapıdan küçəyə qaçdı. Otağa döndüm. Qadın dostumun çarpayısında oturub ayaqlarını bir–birinin üstünə aşırmışdı: - Çəkməyə nəsə var? – soruşdu. - Siqaret? - Nə olsa, - gülümsədi, - başımı buladığımı görüb, - eybi yox, onsuz da tez gedəcəyəm, di başla görüm, - ayaqlarını bir-birindən ayırıb mümkün qədər aralı saxlayaraq belini dikəltdi və başını arxaya verib gözlərini üstümə dikdi. Baxışları bomboş idi... Ona yaxınlaşdım. Yaxınlıqdakı tabureti çəkib qarşısında oturdum: - Axırıncı dəfə nə vaxt sevişmisiz? – soruşdum. - Biz? Yox, biz birinci dəfədir görüşürük, mən burda da heç olmamışam. - Elə demədim, - mən anladım onu, “siz” müraciətinə qulağı alışmadığı üçün çaşmışdı, sən axırıncı dəfə haçan sevmisən? 89 - Sevmişəm? – onun gözlərindəki boşluğun lap uzaq bir dərinliyində nəsə tərpəndi elə bil, bu mənim gözümdən yayınmadı və o, aralı saxladığı ayaqlarını qeyri-iradi olaraq birbirinə yaxınlaşdırdı, sanki uzaq-uzaq illərin o tərəfində qalmış yeniyetmə bir oğlanın onu
indicə görə biləcəyindən xəcalət çəkdi birdən-birə, - nə bilim, uşaq vaxtı bəlkə, məktəb vaxtı...yox, məktəbi bitirmişdim...niyə soruşursan? - Heeç...onunla sevişdinmi heç? Sevdiyinlə yəni. - Yoox, - qadının tarım çəkilmiş bədəni yumşalıb qabağa əyildi, dizlərini qucaqlayıb nəzərlərini mənim ayaqlarıma dikərək dayandı, artıq bu gözlərdə bayaqkı boşluqdan əsərəlamət qalmamışdı, əməlli-başlı dolmuşdu onlar, bədəninin, üzünün çirkinliyi məni çəkindirməsə, yaxınlaşıb başını dizlərimə sıxacaq, ovunduracaq, gözlərini öpəcəkdim bəlkə... - Niyə? – mən qalxıb rəngləri açdım və fırçaları bir-bir masanın üzərinə düzməyə başladım. - Mən kifirəm axı! O isə yaraşıqlıydı, bütün qızlar ölürdülər ondan ötrü, mənə heç gözünün ucu ilə də baxmırdı. Sonra əsgər getdi, sonra da qayıtmadı əsgərlikdən. - Bəs ilk dəfə kiminlə oldu bu? – mən yaxınlaşıb onun qolundan tutaraq ayağa qaldırdım, - burda beləcə dayan,saçlarını verək arxaya…bax belə...hə, kiminlə oldu deyirsən?fırçalardan birini götürüb rəngə sıxaraq ona yaxınlaşdım. - Qonşumuzla. O, anamla yatırdı, bilirsənmi, atam yox idi mənim, lap əvvəldən yox idi, anamı mən doğulmamışdan da qabaq atmışdı...hə...o adam…qonşumuz…bizə gəlirdi öz evinə gəlirmiş kimi,anam işdə olanda da gəlirdi...bir gün də belə oldu...sonra yenə oldu,sonra yenə...anam biləndə çox gec idi, mən artıq onun bizə gətirdiyi dostlarıyla da yatırdım... - Kimin gətirdiyi? – mən fırçanı onun döşünün giləsinin ətrafında fırlayaraq soruşdum. - Qonşunun...mən yatmazdım onlarla, anamın canı üçün, yatmazdım, amma o məni qorxutmuşdu ki bunu anama deyəcək... - Nəyi deyəcək? – mən onun o biri döşünün giləsinin ətrafını rəngləməkdəydim. - Mənimlə yatdığını...utanmışdım, qorxmuşdum həm də…bir də ki, onlar mənə hədiyyələr gətirirdilər, şirniyyatlar da…çətin vaxtlar idi, müharibə gedirdi ölkədə...biz…erməniydik axı..... - Nəə? – mən əlimi bir anlıq saxlayıb onun gözlərinin içinə baxdım. İndi birdən-birə dəhşətli bir qorxuyla dolmuşdu onlar, özümü ələ alıb onun birdəncə mənim biləyimi sıxan titrək əlini kənara çəkdim, - qorxma, bu sadəcə fırçadı, - dedim. - Bağışla...- o, başını aşağı salıb sakitçə ağlamağa başladı, göz yaşları yanaqlarından sürüşüb çənəsinin yanındanca döşlərinə yuvarlanır, səliqə ilə çəkdiyim qırmızı dairələrin üzərində qıprırmızı rəngə boyanaraq onun ayaq barmaqlarına düşürdü. Mən əyilib onları da rənglədim...bunu niyə elədiyimi belə anlamırdım, bu qadının rəsmini çəkməliykən, nə üçün bədəninin orasını-burasını qırmızıya boyadığımı özüm də başa düşmürdüm, qadın da itaətkarcasına dayanıb astaca hıçqırır, titrəyirdi... - Məni...başdan ayağa rənglə...xahiş eləyirəm...- pıçıldadı...- qıpqırmızı, ipisti bir damla düşdü sağ əlimin üstünə, sonra biləyimə qədər iz buraxdı... - ...
Bir azdan evin ortasında saçlarının ucundan dırnaqlarına qədər qan rənginə boyanmış qadın dayanmışdı...o, hələ də hıçqırır, hələ də titrəyirdi...
Dostum
- Dəli olmusan??? – dostumun bağırtısına döndüm, bu nədi belə? Nə deməkdi bu???Hə??? - Belə alındı..mən onu başqa cür çəkə bilmədim...təsəvvürümə gəlmədi, həm o özü bunu istədi. - Ağlın başındadı? Necə yəni özü istədi? - Özüm istədim, - qadın qupquru səslə hissiz-duyğusuz bir halda dedi. - Pahoo...mənim günümə bax bir, ağlını itirmiş dostum və qıpqırmızı fahişəylə avara qalmağıma bax! Oğlan, mən sənə dedim onnan yat ya şəklini çək? - Nəə? Sən demədin ki naturaçıdı o? - Naturaçı özünsən! - diqqətlə hələ də otağın ortasında qıpqırmızı dayanıb tərpənməyən qadına baxdı, - indi bu, necə yuyunacaq, harda çiməcək...bizim suyumuz da yoxdu...pul da azdı... - Mənə heç nə lazım deyil! Mən fahişə də deyiləm! Anlayırsan? Eşidirsən? Fahişə deyiləm!!! Belə gedəcəyəm! Çəkil qabağımdan! 91 Qadın dostumu itələyib elə necə vardısa, o cür də qapıdan çıxıb küçəyə götürüldü.
İlk saniyələrdə nə baş vediyini anlamasaq da, sonrakı dəqiqələrdə nə eləmək lazım olduğunu belə bilmədən ikimiz də onun ardınca küçəyə qaçdıq. O, dəli kimi qaçırdı, qarşısına gələn hər kəsi itələyir, hər kəsə sürtünür, hər kəsdə qıpqırmızı rəng izi saxlayıb yolu gözlərinə yığaraq irəliləyirdi. Adamlar dönüb baxır, maşınlardan siqnal səsləri gəlir, söyüşün, gülüşün sayıhesabı bilinmirdi. Qız qalasına yaxınlaşıqca hər tərəfdən gələn qırmızı kepqalı, qırmızı futbolkalı gənclərə qarışmalı olduq. Bunlar bizim dostlarımız, məsləkdaşlarımız idi, aksiyanın tam dəqiq zamanında bir araya toplaşmaqdaydılar. Evdən bura qədər ardınca qaçdığımız qadın qorxudan başını tamam itirmişdi deyəsən, nə eləyəcəyini bilmədən qaçıb-qaçıb qalanı qucaqlamaq istəyirmiş kimi qollarını yanlara açaraq bütün bədəni ilə divara qısıldı. Hər tərəfdən ona sarı axışan qırmızı kepqalı,qırmızı köynəkli oğlanlara, qızlara gözlərinin bir ucuyla baxınca da çevrilib üzü şəhərə sarı dayandı, birdən də tükürpədici səslə qışqırmağa başladı... Səsindən bütün şəhər yerindəcə donmuşdu. Ona ən yaxın məsafədə biz idik – Qırmızı aksiya iştirakçıları. Bizdən sonrakı dalğa ardımızca maraq xatirinə qaçıb başımıza toplaşan şəhər camaatı idi – Qara qarışqalar yəni. Üçüncü dalğa isə qara geyimliləri bizim, bizi isə qadının üzərinə sıxışdıran polislər idi – qara-bozumtul rəngdə...
Demək o məni sevmirdi və demək Sən də bunu bilirdin, çox gözəl bilirdin... Mən ağladım onun dəftərində nə adımı, nə özümü görməyəndən sonra. Ağladım və xatırlamağa çalışdım İslamı ilk gördüyüm andan bu yana mənim üçün olduğunu düşündüyüm təbəssümlərinin, baxışlarının, sözlərinin, addımlarının hər birisini, özümü axtardım onlarda, özümü hiss eləmək istədim, alınmadı amma. Hər şey donmuşdu, bütün xatirələr dağılmışdı və ürəyimdə boşluq vardı özü boyda, boşluqla dopdoluydu ürəyim, partlayacaqdı az qala... Masyaya zəng elədim, gəldi, halımı görüncə də əsəbləşib düz iki saat deyindi, eşitmədiyim, anlamadığım sözləri bir-bir çırpdı başıma, mənsə heç birisini hiss eləmədim, eləcə yastığımı qucaqladım ağladım yenə, gah da key kimi baxa-baxa qaldım Masyanın üzünə, bildiyim tək o idi ki, yatmaq istəyirəm. Yatmaq və hər şeyi unutmaq, hər şeydən qaçmaq daha başqa bir dünyaya, hər şeydən gizlənmək... - Aida!!! – Masyanın səsindən bütün şəhər diksindi yəqin, mənsə gözlərimi tənbəltənbəl ovuşdurub yatağımın içində oturdum, dizlərimi altıma yığıb qaz plitəsinə baxmağa başladım. Bax beləcə açmaq qazı, bax beləcə doldurmaq otağa, bax beləcə uyumaq qoynunda, yatmaq, doyunca yatmaq, İlahi... - Aida! Karsan? Nə olub sənə? Nə olub? Sevmirmiş səni? Heç min il sevməsin, özünü öldürəcəksən indi buna görə? Bəlkə asaq özümüzü, hə? Bəlkə benzin tökək üstümüzə yandıraq? Bəlkə qazı açaq boğulaq, hə? - Hə...- nəhayət dilləndim. - Hə? Demək hə, elə? Eləmi, Aida? Mənə də tüpürürsən, hə? Adam deyiləm, elə? Adam saymırsan məni. - Yatmaq istəyirəm... - Pah, yatmaq istəyir bu! Dur görüm, duur..- Masya çiyinlərimdən tutub silkələdi, sonra qəfil yana döndü və cəmi iki ya üç saniyədən sonra mən ildırım sürətiylə yerimdən hoppanıb özümü çölə atmalı oldum, çünki Masya qaz plitəsinin yanında qoyulmuş vedrədəki ehtiyat suyu mənim başıma tökmüşdü, paltarlarım, yatağım, otağın yarısı islanmışdı... İki saatdan sonra biz artıq döşəyi, yorğanı, yastıqları və örtüyü həyətdə çıxarıb özümüz də olub keçənlərə gülə-gülə dənizkənarı parka tərəf getməkdəydik. Masya dayanmadan danışır, yaranmış şən əhvalımızın itməməsi üçün yadına gələn bütün lətifələri söyləyir, xatırladığı bütün məzəli hadisələri nəql eləyirdi. Masya özünün bütün halıyla bircə həqiqəti aşılamaq istəyirdi mənə: “doğrudanmı mənim sevgim sənə bəs eləmir? Axı sənin mənim kimi rəfiqən var, axı mən bax buradayam, sənin yanında, həmişə də belə olacaq bu, sənin və mənim həyatlarımızdan neçə kişi gəlib keçsə də biz həmişə ən yaxın rəfiqə olaraq qalacağıq, qoymayacağıq gedənlər ruhumuzu parçalasın, bizi həyatdan küsdürsün, bizi ölümə ötürsün, bizi intihara sövq eləsin, bu gün sənə çətindi, sabah da mən pis ola bilərəm hansısa axmağa görə və damarlarımı doğramaq istəyəcəm bəlkə, o zaman yanımda sən olsan, sən alsan əlimdən ölümü tullasan da iki aləm o tərəfə, nə gözəl olar yaşamaq ondan sonra, nə gözəl olar bilsən...” Mən indi Sənin “Ömür yolunda hər zaman yanında olacağam” vədini verdiyin adamı xatırlayıram, bilirsənmi... Həmin adam hərdən-hərdən geriyə boylanıb da arxasınca iki cüt ayaq izi görürdü və inanırdı ki, Sən həqiqətən də onunlasan. Amma bir dəfə çox ağır bir sınaqdan keçməli oldu, başı ayılınca da arxaya baxıb yalnız bircə cüt ayaq izi görəndə sonsuz kədər bürüdü könlünü, “Bəs demişdin, hər zaman yanında olacağam, amma ən ağır günümdə tək buraxmısan məni, baxsana, bir cütdü ayaq izi...” dedi Sənə. Və Sən...Sən sadəcə gülümsəyib söylədin: “Doğrudur, ən ağır günündə bircə cütdü ayaq izi, amma onlar sənin yox, mənimdi, çünki səni qollarımda daşımışam həmin günündə...”
Üstündən yeddi il keçib o günün və mən indi dönüb arxaya baxdığım zaman neçə dəfələrlə dəfə bircə cüt görürəm ayaq izini, neçə dəfələrlə dəfə Sənin qollarında keçdiyimi anlayıram bütün acıların üzərindən... Masya düz iki gün mənimlə qaldı, sonrakı iki günü isə mən onlarda qaldım, daha bir günü bulvarda tən yarı elədikdən sonra mən onunla sağollaşdım və bir daha intihar barədə düşünməyəcəyimə and içdim. Daha sonra kirayə qaldığım mənzilə qayıdıb İslamın qara dəftərini bir də açdım, özümün, adımın, bircə xatirəmin, damla qədər sevgimin olmadığı bu dəftərə indi sadəcə İslamın ola biləcəyi, ya da ən azından onun yerini biləcək kiminsə ola biləcəyi ünvanı tapmaq üçün baxırdım. O, həbsdə deyildi artıq, tələbə yoldaşlarımız deyirdilər deyəsən atası gəlib aparıb onu özüylə, amma hara, bilinmir, ola da bilər ki, Kalininqrada-anasının yanına aparsın. İndi nisbətən soyuq başla düşünə bilirdim deyə İslamın məhz “Qara mirvari”lilərin yanında ola biləcəyi gəlirdi ağlıma. Sekta həyatının nə demək olduğunu, sektaya qapılmağın insanı ətrafdan necə təcrid elədiyini bildiyim üçün gəlmişdim bu qənaətə və hətta İslam orada deyildisə də, mən özüm öz ürəyimdə yaranmış bütün şübhələrə son qoymaq üçün mütləq “Qara mirvari”lilərin dərgahına getməli, İslamı son dəfə olaraq axtarmalıydım. Elə buna görə də qara dəftərin arasından M.A.A. inisiallı vizit kartını götürüb, həmən qapını açarladım və son pullarımı ovcumun içində sayıb-ayırıb taksi saxlayaraq, həmin ünvana yollandım. Qara haşiyəli tünd göy rəngli dəmir qapıdan birmərtəbəli yastı tikilisi olan həyətə girdim. Qara geyimli qadınlar, kişilər vardı həyətdə. Adamların hər birinə diqqətlə baxmaq istəyirdim, kim bilir, bəlkə görəcəkdim onu, görüb çağıracaqdım, gəldiyimi bildiyi an, məni gördüyü an üzünün ifadəsindən daha dəqiq anlayacaqdım məni sevdiyini ya da sevmədiyini. Mənim üçün yer üzündə bundan vacib sual yox idi həmin anlarda, bilirsən. Hamının başdan-ayağa qədər qara geyinməsi və ümumi sakitlik sıxdı ürəyimi, bəlkə də hüzr yeridir deyə düşündüm və içimdə yaranan qəfil narahahatlıq duyğusunun diqtəsiylə irəli gedib qarşıma ilk çıxan sarışın arıq gəncdən soruşdum: - Salam, bağışlayın, mənə İslam lazımdır, tələbə yoldaşıyam. Burda var belə adam? - Xanım, vallah heç nə deyə bilmərəm, amma bir nəfər var, Əfi, dərgah barədə hər şeyi ondan soruşsanız yaxşı olar. - O adamı necə görə bilərəm? - Otağı burdadı, pilləkənin lap yanında, dayanın icazə alım sizin üçün. Oğlan pilləkənin yanındakı qapını döyüb içəri girdi, sonra çıxıb başıyla işarə etdi ki, içəri keçə bilərəm.
Mən içəri girdim və qarşımda ucaboylu, arıq bədənli, uzun qara əbalı bir cavan kişi gördüm. Salamlaşdıq. Bu, balaca bir otaq idi. Bircə pəncərəsi, divanı, kürsüləri, yurnal stolu, televizoru, DVD – si, tumbadakı çoxlu sayda diskləri, divardakı rəflərdə kitabları , yerdə xalçası, tavanda çilçırağı vardı. - Otur istədiyin yerdə, - dedi və mən kürsülərdən birində oturdum. Mən diqqətlə otağı nəzərdən keçirib gözlərimi çilçıraqda saxladım. Çilçıraq tam mərkəzdə bir böyük, ətrafında bir neçə nisbətən kiçik, bunların da ətrafında çoxlu xırda kürəciklərdən ibarət idi. Gözləri çəkmədən baxdıqda, kürələrin xəfifcə rəngdən-rəngə düşməsindən yaranan hərəkət effektini sezmək olurdu və Əfi deyəsən mənim məhz bu effekti görə bilməyimi hiss edib də onunla söhbətinin daha rahat keçəcəyini anladı. - Qalaktikamıza bənzəyir, hə? Gözəldir? - Gözəldir! - Yaradanın qurduğu hər şey gözəldir. Dünya da, canlı-cansız hər şey və hamı da! Bax, gözəl qız, sən bura gəlib çıxmısansa, demək ən şanslı adamlardan birisən, çünki dərgaha bizim istəyimiz və icazəmiz olmadan kimsənin gələ bilməsi mümkün olan iş deyil! - Amma qapı açıq idi taybatay, hamı rahatca girirdi, mən də gəldim. - Qız, - Əfi qarşımda diz üstə çöməlib oturduğum kürsünün qoltuqlarından yapışdı. Gözlərini gözlərimə dikib bir anlıq susdu. Qəribə gözləri vardı.Yaşıl idimi onlar, maviydimi, qonur idimi, boz idimi, sarıydımı? Hər an rəngini dəyişirdi və eyni zamanda bu rənglərin hamısını da özündə əks elətdirirdi, eynilə tavandakı çilçırağın kürələri kimi adamın gözlərini alıb haralarasa aparırdı…- sənin adın nədir? - Aida, - öz səsimi hardansa çox-çox uzaqlardan eşitdim. - Aida…- o daha diqqətlə mənə baxmağa başladı, bu adamla daha əvvəllər rastlaşmışdıqmı, tanıyırdımmı onu, xatırlaya bilmədim. Amma o sanki çox gözəl bilirdi kim olduğumu, mən ürəyimdə hər an daha bir az artan ümidə kökləndim, bəlkə Əfi deyilən bu adam doğrudan da bilir mən kiməm, bəlkə İslam danışıb ona barəmdə, fotoşəklimi göstərib, adımı deyib, hər nədirsə, qarşımda məni sanki min ildir ki tanıyan birisiydi, əmin idim. Və Əfinin boynundakı qara mirvaridən olan uzun təsbehi görmək də bəs eləmişdi ki, buranın məhz “Qara mirvari” dərgahı olduğunu anlayım, demək səhv gəlməmişdim, İslamı tanımaya bilməzdi Əfi, eləysə nəyi gözləyirdim ki. - Mən İslamı görmək üçün gəlmişəm, - dedim. - İslamı? – o, daha artıq diqqət və əminliklə üzümə baxmağa başladı. Yox, nə olursa olsun, bu adam məni sümüklərimə qədər tanıyırdı, bu adam hər şeyi bilirdi haqqımda, başqa adı ola bilməzdi onun mənə o cür baxmasının. Qapı döyüldü və kimsə onu çölə çağırdı. Əfi otaqdan çıxan kimi qalxıb pəncərəyə yaxınlaşdım. Qızılı ipəkdən olan pərdəni aralayıb çölə baxdım. Bu pəncərə dar bir dəhlizə açılırdı. Qara geyimli qadınlar, kişilər bu dar dəhliz boyu o yana-bu yana keçir, bir-birlərini astadan çağırır, nəsə danışır, harasa gedir, hardansa gəlirdilər. Gözlərimin önündən keçən adamların hər birinə diqqətlə baxmaq istəyirdim, hər birinə…başım hərləndi. Ürəyimin çırpıntılarını eşidirdim. Sanki məni boş, qaranlıq bir otağa salıb öz ürəyimin döyüntüləri içində dəli olmağa məhkum etmişdilər. Artıq dəhlizdən gələn səslər belə itmişdi bu çırpıntıların içində. Sonra ətrafda hər şey əridi, otaqdakı əşyalar bir-birinə qarışdı, qalaktikanı xatırladan çilçıraq üzərimə əylidi, rəngdən-rəngə düşən kürəciklərin hər birində öncə öz üzümü, sonra isə Əfini gördüm, sonra Əfinin sifəti də
əyildi, eybəcərləşdi, ağzı burnuna, gözləri çənəsinə qarışdı…və bütün bu qarışıqlıq elə beləcə, ərimiş halda, vulkan lavası kimi üstümə axdı…Qatar gedirdi harasa…taqtaraq, taq-taraq, taq-taraq…hər şey itmişdi - həyəcanlar, qorxular, ağrılar…o qədər yüngül idim ki! Sərin meh əsib də saçlarını qarışdırdı…taq-taraq, taq-taraq…qatar gedirdi…sonra…başımda dəhşətli bir ağrı duydum…yenə düşdüm ürəyimin çırpıntıları içinə…taq-taraq, taq-taraq…sonra boğuq və qarışıq səslər axdı üstümə…sonra bu səslər də itdi…və Əfinin səsi son bir zərbə kimi çırpıldı başıma… - Nə oldu sənə? Niyə belə oldun? Al bu suyu iç… - İstəmirəm…- birtəhər pıçıldadım. - Aida, sözə qulaq as, iç deyirəm, iç və özünə gəl, İslam da gələcək indi, mən xəbər yolladım ona, heç nə üçün darıxma. - İslam? – mən key kimi Əfinin üzünə baxa-baxa bir-iki qurtum su içdim, sonra yavaş-yavaş ayılmağa, yenə də huşumu itirdiyimi anlamağa başladım, Əfi bir kənarda dayanıb sakitcə məni izləməyindəydi. Sonra qapı bir də döyüldü, onu bir də çağırdılar və mən stolun üstündəki stəkanın suyunu axırıncı damlasına qədər içdim. Saçlarımı barmaqlarımla qaydaya salmağa çalışdım, əllərimin içini üzümə çəkib gözlərimi möhkəmcə sıxıb yenidən açdım və tamamilə ayıldım. Əfi içəri girdi: Hə, Aida, yaxşısan? Yaxşıyam, amma bəs hanı o? Gələcək bir azdan, darıxma, - gülümsədi. Siz - “Qara mirvari”llilərsiz? Bəli, Aida həzrətləri! – birdəncə elə şəfqət və elə mehribanlıqla baxdı ki üzümə, məni doğrudan da min ildir ki tanıdığından lap arxayın oldum, mən də gülümsədim. Bax, Aida, gəl sənə qız və mirvarilər haqqında bir nağıl danışım. Demək bir dəfə sənin kimi gözəl və gənc qıza içi mirvarilərlə dolu böyük bir çanta verirlər və deyirlər ki, baxmadan, seçmədən özü üçün bircəsini seçsin. Qız əlini hər dəfə çantaya salıb bir mirvari çıxarır və bəlkə bundan sonrakı bundan daha iri , bundan daha parlaq olar deyə tullayıb yenidən sınayır bəxtini. Mirvarilərsə irili-xırdalı bir-birini əvəz eləyir, ən irisini ovcunda tutduğu anda daha da artır qızın marağı, demək daha iriləri var çantada hələ deyə bir çanta dolusu mirvarini dənələyib buraxır əlindən, bir də ayılır ki, axşam düşür artıq və çantanın dibində 3-4 xırda, yöndəmsiz muncuq qalıb. Əlindən buraxıb heç cür qayıdıb götürməyə ixtiyarı olmadığı bir-birindən gözəl və böyük mirvarilərsə ətrafına səpələnib sadəcə…qız ağlayır…
Tarix: 09.06.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 413 Bölmə: Cavidan "Namə"