Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

9-cu hissə*

Neçəyədi ev? – Masyanın bərəlib gipgirdə olan gözlərinə əhəmiyyət verməyib həmən soruşdum. İyirmi şirvana, ucuzdu, lap qəpik-quruşdu e bilirəm, amma day qız uşaqlarısız da. Nə vaxt köçə bilərəm? Elə günü bu gün, - dedi arvad. Aida! – Masya biləyimi sıxdı, - dəli olmusan? Aha, yaxşı, siz yeməyinizi bişirin, biz də işlərimizi görək gələk, - dedim. İkiniz qalarsız? – arvad oxlovu çıxarıb barmağıyla qıraqlarını siyiraraq dadına baxdı, - zəqqumdu zəhrimar, qatıq turş idi, hə, neyləyək, divanı açaq? Yox, tək qalacam, - dedim.

Masyanın bütün narazılıqlarına baxmayaraq mən axşam elə onun öz şkafından seçib götürdüyüm yataq ağlarını, dəyişək pal-paltarı gətirdim kirayə qalacağım otağa. Nə gözəl bir duyğu imiş azadlıq və rahatlıq! Bura, dünyanın ən kasıb, ən dar, ən kirli, ən yöndəmsiz mənzillərindən biri idi, amma burada anam yox idi, atam da yox idi, saysız-hesabsız kişilər gəlməyəcəkdi bu mənzilə, saysız-hesabsız qadınlar satılmayacaqdı burada. Bura, onun evi idi, onun məndən qabaq yaşadığı, içində nəfəs aldığı, yemək yediyi, yatdığı, kitab oxuduğu, məqalələr yazdığı və kim bilir, bəlkə də elə ən çox məni düşündüyü otaq idi deyə fikirləşirdim, yer üzündə məndən daha xoşbəxt, məndən daha rahat kim ola bilərdi ki? Və hər an gələ bilərdi o, hər an gələ bilərdi divanın altındakı kitabların, dəftərlərin, qəzetlərin ardınca... Gecə səhərə kimi yatmadım, otağımın, daha doğrusu, otağımızın hər zərrəsini sildim, təmizlədim, divanın altındakı əşyaların da tozunu alıb səliqəylə divariçi oyulub şüşəli qapı qoyulmuş şkafa yığdım, hər birisini vərəqlədim, hər birisini bağrıma basdım, oxşadım, sevdim. Və...qara, qapqara cildi olan qalın bir dəftəri də vərəqlərkən, əlimdə İslamın gündəliyini tutduğumu anladım. Bir andaca hamını, hər şeyi unudub qapını qıfılladım, divana çöküb dəftəri qarşıma qoydum. İlahi! Burada onun ən gizli sirləri də ola bilərdi, ən məhrəm duyğularının yazıya çevrilmiş sətirləri də, acılarının tarixləri, sevinclərinin siyahısı, dostlarının, dost olmayanlarının adları, sevgilərinin...sevgisinin...İlahi, bu dəftərdə məndən də varmıydı nəsə? Həyəcandan ölə-ölə elə yenicə oxumağa başlamışdım ki ev sahibəsi qapını döyəclədi: - Aç görüm! Dəftəri cəld yastığımın altında gizlədib qapını açdım. Qarayanız, çəlimsiz bir qız vardı yanında, əllərində kasalar, kasalarda ağ və şokolad rəngində sıyıqvari xəmirlər, mikser, qatılaşdırılmış süd bankası, yağ və daha nələrsə də vardı.

Tort bişiririrk, - dedi ev sahibəsi, - Zulka bişirir day doğrusu, mən də baxıb öyrənirəm, Otellonun ad günüsüdü sabahlarım, ondan yana. Günüsü yox, günü, - gülərək onun səhvini düzəltdi qarayanız çəlimsiz qız. Az mənə olar e səhv eləmək, təki siz eləmiyin, bax sən neçə ildi qəzet işlədirsən, bu qızım da tələbədi deyəsən, hə, a qızım, nəçiliyi oxuyursan? Jurnalistikanı, - dediyimi gördüm, qız qəhqəhəylə güldü, ev sahibəsi də xəmirli əlini unlu dizinə çırpıb ona qoşuldu, - noldu ki? Az mənim bəxtimə bax e, bu həyətə ancaq jurnalist-müxbir tayfası gəlir e kirayə qalmağa, valla, Otellonun başının daşıdı da bu müxbir-filan, indi deyəcək bu oğlanı qovaladım, yerinə yenə də jurnalist gəldi, a bala, işiniz-gücünüz yoxdu bəyəm? Bəsdi də yıxdız söydüz bu hökuməti-filanı, adamın çörəyi adamın üzünə durar e o dünyada, siz mənim canım. Mənə dəxli yoxdu da bu söhbətin, bilirsən, Səmayə bacı, müxalifət nədi, heç özünə azad mətbu orqanı deyən yerlərdə də işləmərəm öldürsələr də. İqtidar qəzetində işləyirəm, adam kimi normal maaş alıram, nəyimdi ki. Ağıllı qızsan, valla, Zulka, oğlum olsa alardım səni ona, qız deyilsən e, qızılsan, qızıl, - ev sahibəsi yağladığı tavanı taburetin üstünə qoydu, - hə, indi deməli bir qaşıq ağ xəmirdən qoyuruq, bir qaşıq koriçni, düzmü dedim? Aha, dayan özüm eləyim, sən bax təkcə. Az bə bu üst-üstə dairələr olur axı, zolaqlar hanı? – qadın təlaşla az qala tavanı çevirib altına da baxmaq istəyilə əl-ayağa düşdü. Tələsmə də, indi zolaq bilinər? O sonradan olur, tordu hazırlayıb dilimlərə kəsəndə içindən görünür zolaqlar. Olur zebra, elə? – qadın hırıldadı. Aha...vay, vay, qazı yandırmamışıq ki!

Demək bir gün prezident ölkənin əyalət bölgələrindən birinə səfər edir. Bu bölgədə Zülfiyyə adlı bir qız yaşayırmış. Bu qız həmin il Tibb Universitetinə əvvəl sənəd, sonra isə imtahan versə də cəmi 187 bal topladığına görə testdən o yana keçə bilməyibmiş. Qız bu məğlubiyyətinin ümidsizliyi qoynunda ağrılar və acılar dolu şeirlər yazıb bəxtdən, zəmanədən, testi çıxardanın olanından-olmazından gileylənirmiş, arada da aynaya baxıb görürmüş ki, bu üz-qaşa, bu bədənə diplom əlavə olunmasa, heç bir axmaq heç bir halda heç nəyinə aşiq olub almayacaq bunu. Elə təzəcə intihar haqqında mini-poema yazmağa girişibmiş ki, anası söyə-söyə, deyinə-deyinə mal-qaranı həyətə salıb bağlayaraq “Nə var, nə var padşah gəlir, camaatın malı-heyvanı ölməlidi bu gün acından, tövləyə kilidlənməlidi, belə də iş olar, a bala!”,- deyə eyvana qalxandaca qız saçının bir tərəfini azərbaycanca, o birini fransızca necə hördüyünü belə bilməyərək həmən əyninə ən nimdaş paltarını keçirib atasının axşamçağılar kənd uşaqlarının yığışıb futbol oynadıqları meydançada tum töküb satmaqdan ötəri sovetdənqalma kənd kitabxanasının müdirindən aldığı bir topa Azərbaycan SSR Mərkəzi Komitəsinin partiya və plenumlarının məruzələri çap edilmiş jurnallarından qucağına alıb cumubmuş rayon mərkəzinə, İcra Hakimiyyəti binasının qabağında beləcə başına gün döyə-döyə anasının dediyi padşahın bu gün axır ki, mütləq bu binaya gələcəyi anı gözləyibmiş. Ah, o an! Hər kəsin həyatında bircə dəfə ola bilən, hər kəsin bir ömür əvvəldən ona ayrılmış bir ömürlük ruzisinin gələ
biləcəyi konveyerin hərəkət eləməyə başlayacağı an, taleyin, bəxtin üzünə gülməkdən başqa işi-gücü qalmayacağı o möhtəşəm an! Nə qədər gözləyibmiş o anı, bilsəm mən bir! O ana qədərki bütün anlar saqqız kimi uzanırmış həmin gün, qır kimi qaraldırmış düzüdünyanı qızın gözlərində... Nəhayət! Qara parıltılı maşın İcra Hakimiyyətinin ümumi qapısı qarşısında dayanan kimi qız həmən ildırım sürətiylə maşına yetib rayon icra hakiminin maşından düşdüyü məqamdaca özünü necə sala bilibmiş anasının dediyi padşahın yanına, bir Sən bilirsənmiş, bir də padşahın özü. Qəfil hərəkətdən heç nə anlamayan mühafizəçilər cumub qızı maşından düşürmək istədikləri andaca qız qucağındakı Sov.İKP məruzələriylə birlikdə anasının padşah dediyinə qısılmış, “Babam, babacan, nolar məni xilas elə”,- deyibmiş, gözlərindən gildir-gildir yaş axıbmış Sov.İKP məruzələrinin üstünə, oradan padşahın əlinə, ovcuna. Mühafizəçilərə “olmaz!” işarəsi verən padşah “Nə olub, qız, niyə ağlayırsan?”,soruşduğu zaman qız “ Xoşbəxtlikdən, babacan, xoşbəxtlikdən ağlayıram, mən kasıb, imkansız bir qızam, amma ürəyim zəngindi, içimdə bir dünya dolusu poeziya var, bu günədək də nə yazmışamsa, hamısını Sizə həsr eləmişəm, babacan! Ah, babacan, Siz gələndə buralarda yaz olur, Mənzillərdə işıq olur, qaz olur, ah babacan, ayaz mütəllimovlara, rəsul quliyevlərə, əli kərimlilərə, isa qəmbərlərə nə desəniz, az olur, nə etsəniz, az olur, Siz gələndə dillərdə, könüllərdə bir ayrı avaz olur...”Sən oxuyursanmı hardasa, qız?”,- deyə soruşubmuş babası. “Yox, babacan, məni kəsdilər imtahandan, gələn ilsə heç sənəd verməyə də maddi imkanım olmayacaq, məhv olacam kənd həyatı içində”,- deyib daha bərk sarılmış babasına, gözlərindən axan yaşlar daha çox islatmış Sov.İKP məruzələrini. “Oldu, qız! Çox sağ ol, mən həmişə fəxr eləmişəm Azərbaycan gəncliyi ilə, sənin kimi kadrlar lazımdı bizə, oxumalısan sən, mütləq ali təhsil almalısan, özü də filologiya fakültəsində, BDU-da!”,- deyib, əliylə bayaqdan onlara baxan icra başçısını çağıraraq, bu qızı mütləq ali məktəbə yerləşdirməyi tapşırmış. Qız xoşbəxtlikdən daha bir pors hönkürməkdəykən də mühafizəçilər iki qolundan bir belindən tutub babasından qoparmış, qız bayılmış, bir də BDU-nun filologiya fakültəsinin tələbələri arasında Azərbaycan gənclərinin birinci forumunda ayılmış, keçmiş Lenin, indiki Respublika sarayının qırmızı oturacaqlarının birində elə mürgü vura-vura bayaqdan bəri məruzə edən babasına baxmış, sonra çönüb yanında yatan tələbə yoldaşlarına, xoruldayan prorektorlarına baxmış, sonra isə yenidən yuxuya getmiş... “ Zebra” tortu hazır olub arası kremlənənə qədər bu həyətin ən yaxşı təmirli, ən geniş, qapısı hamının qapısı kimi ümumi həyətə deyil, küçəyə açılan, içində mebelin, avadanlığın ən təzəsi olan otağını kirayələyən Zulka öz keşməkeşli həyat tarixçəsini danışdı. Sonra onlar mənə şirin yuxu və xeyirli gecə arzulayıb getdilər. Otağın yeganə dar pəncərəsinin açıla bilən bircə layını araladım ki qıraqları yanmış biskvitin qoxusu çıxsın. Sonra yastığımı, daha doğrusu, yastığımızı qaldırıb altından qara qalın dəftəri çıxartdım. Oxudum...

Əfi yadımdadır, əlbəttə ki! O, gəlib məni xəstəxanadan çıxartdı, dedi atanla gəlmişəm. Atam gəldi, məni qucaqladı, dedi evə gedirik, sonra biz evə getdik, anamla bacım yox idilər orda, onlar çoxdan köçüblər Kalininqrada, dayımın ailəsinin yanında yaşayırlar, anam orada uşaq bağçasında aşpaz kimi işləyir, bacımsa əriylə birgə hansısa fabrikdə çalışırlar, həm də ali təhsil alırlar qiyabi...

Maa...mənim Maam... Bir qadın gəlir xatirimə. Onunla metroda tanış olmuşduq. Hardasa qırx-qırx beş yaşlarında, azca dolu, şirin bir qadın idi. Onu görəndə, daha doğrusu, nəzərlərimiz ilk dəfə qarşılaşanda qəribə hisslər yaşadım, elə bil çoxdan, bəlkə illərdir görmədiyim ən doğma bir insanımla rastlaşmışdım. Gözlərindən ürəyimə sakitlik, mərhəmət, sevgi, rahatlıq axdı. Həyatımda ilk dəfə gördüyüm bu qadını elə ilk baxışdanca sevdiyimi anladım. Hələ bu sevginin ürəyimdə illərdir ki yaşadığını, sadəcə indicə dinib özünün varlığını bildirməsinə də inandım. Yox, mən hətta bu sevginin mənimlə birgə doğulub dünyaya gəlməsini düşündüm bir andaca....amma kim bilir, bəlkə elə anamın bətnində də mən və bu sevgi yan-yana, ya da qucaq-qucağa bəslənmişdik, böyümüşdük, dünyanın bu biri üzünə gələnə qədər ürək-ürəyə, ruh-ruha yaşamışdıq... Anam üçün darıxdım birdən-birə! Üz-üzə oturduğum bu qadına birdən-birə yaxınlaşıb “Ana!” demək, köksünə qısılmaq, başımı dizlərinə qoymaq, beləcə uyumaq, yatmaq, dünyanın bu biri üzünə bir daha doğulmamaq istədim... - Nə olub sənə ? – yanımda oturan dostum qulağıma əyilib gülməyini zorla sıxaraq pıçıldadı, - hayıl-mayıl olubsan arvada, anan yaşdadır e! - Dəlisən? – mən yuxudan diksinmiş adam halıyla ona baxdım. - Aaa, oğlan, sən uymusan ki! – dostum artıq özünü saxlaya bilməyərək qəhqəhəylə gülməyə başladı. Vaqondakılar bizə baxdılar. - Dəlisən? – mən başqa heç bir şey deyə bilməyərək eyni sualı verdim və qulaqlarıma qədər qızardığımı hiss elədim. - Dəli özünsən, avara! – dostum düşəcəyi stansiyaya çatdı deyə, ayağa qalxıb qapıya sarı addımladı, - səhər naturaçımız gələcək, gecikmə. - Yaaxşı, - deyəsən dilim açıldı azca da olsa. 79

Dostum gedəndən sonra qadına daha baxa bilmədim. Eləcə başımı aşağı salıb gözlərimi qarşı tərəfdəki ayaqlara, daha doğrusu, ayaqqabılara dikmişdim... O ayaqlar yerindən tərpənməyincə, mən də qalxıb düşməyəcəkdim, hətta qatar depoya getsəydi belə. Amma stansiyaların birində gənc bir hamilə qadın üçün qalxıb yerimi verdim deyə, istəristəməz qarşı tərəfə dayanmalı oldum və qadın başını qaldırıb gülümsəyərək: - Verin, saxlayım, - dedi və cavabımı gözləmədən, əlimdəki kitabları alıb dizlərinin üstünə qoydu. İlahi, mən azca əvvəl bu dizlərə başımı qoymaq, beləcə uyumaq, yatmaq, dünyanın bu biri üzünə bir daha doğulmamaq istəmişdim... Bayaq dostumla şəhərin mərkəzindəki kitab sərgisindən aldığım bu iki kitaba həsəd apardım deyəsən. Və yenə də anam üçün darıxdım...

Otello Cəmi bircə stansiyadan sonra o, kitablarımı özümə qaytarıb, basabasda əriyərək yoxa çıxdı. Mən eləcə qucağımda iki kitabla adamların arasında vaqondan çölə çıxsam da, bütün varlığımı anam üçün bu qədər darıxmağa məcbur eləyən o sirli qadını heç bir yerdə görə bilmədim. Pərt və bir az da əsəbi halda kirayə qaldığım birotaqlı həyət evinə gəldim. Ev yiyəsi – Otello adlı polis yenə arvadını döyüb evdəki qab-qacağın da, yalan olmasın, yarısını qırıb, qonşuları da söyərək harasa getmişdi. Demək, bu axşam yenə də onun arvadı Səmayə gəlib gecədən keçənədək yanımda oturacaq, Otellonu hələ məktəb illərindən bəri necə böyük məhəbbətlə sevdiyindən, valideynlərinin bu sevgiyə necə qarşı çıxdıqlarından, çarəsizlikdən namaza başlayaraq hər gün düz beş dəfə ( bəli, bəli, bəlkə bütün respublika mömünləri üç dəfə eləyərmiş bunu, Səmayə isə məhz beş dəfə) üzü qibləyə oturub namaz qılaraq, Allahdan ona və onun sevgisinə yox yerdən bir yol açmasını yalvarıb diləməsindən, nəhayət bir gün yox yerdən qonşu ölkənin döyüşçüləri hopp eləyib rayonlarını işğal eləyəndə qaçqın-köçkün basabasında Otello ilə birləşib paytaxta gəlməsindən, sonra onun hamilə olmasına baxmayıb, hərbi
komissarlığın Otellonu da zorla könüllülər dəstəsinə basıb ön cəbhəyə yollamasından, yenə gecə-gündüz Allaha yalvararaq, yox yerdən bu başlanğıcda ona vüsal sevinci, sonrasa hicran acısı çəkdirən mənasız savaşı dondurmasını istəməsindən, elə bircə həftədən sonraca ölkədə atəşkəs rejiminin elan olunmasından, beləcə, Allahın, artıq toksikozunun kulminasiyasını yaşayıb hər gün səhərdən axşamadək ögüyənqusan Səmayənin bir dəri-bir sümük halında, üstü-başı bit içində olan Otellonu ona qaytarmasından...oooffff, daha nələrdən və nələrdən danışacaqdı... Mən hərdən Səmayədən qorxardım da. Onun istəkləri nə üçünsə həmişə yerinə yetirilirdi və sanki Allah bütöv bir ölkənin, hətta bütöv bir regionun taleyində mütləq əsaslı siyasiiqtisadi dəyişikliklər eləyirdi ki, Səmayənin duaları müstəcəb, ürəyi isə şad olsun... - İndi bax, iki oğlumuz, bir qızımız var, oğlanlar məktəbə gedirlər artıq, qız da təzəcə ayaq tutub yeriyir, osa səhər gedir, axşam gəlir, axşam gedir, səhər gəlir, məni it yerinə də saymır, tanıyan-bilən hər kəs də deyir ki, kənarda arvadı var...alçaq! Mənim, balalarımın boğazından kəsib hansısa sürtük qancığa yedirdir, arvad saxlayan olub bu da! - Nə bilirsən e, bəlkə elə işdə olur adam, polisdi e bu, gülsatan deyil. Hər yoldan ötənə qulaq asma, baxsana, onu da əsəsbləşdirirsən qısqanclığınla, özünü də döydürürsən, - deyirdim. - Yoox, nə danışırsan, - mən heç hər yoldan ötənə qulaq asan arvadlara oxşayıram ki? Ağanın cəddi haqqı, mənə kart da bunu deyib, su da, Quran da, noxud da: qurd yağı sürtüblər evimizə, baldızlarım eləyib, onları görüm heç sağ çıxmayaydılar o kəndimizdən, elə öləydilər güllənin-tankın qabağında! - Sən falçıları da gəzirsən hələ? – ağzım əyildi deyəsən. - Bəs neynim, adam tutdurum salım bunun dalınca? Millionerəm mən bəyəm? Falçıya-zada anam kömək eləyir, sağ olsun, duadı, pitikdi, yazdırır, açdırır... - Vay, vaayyy, - mən qəhqəhə çəkərdim. - Gül, gül, sənə nə var e, cavan oğlansan, hələ arvadlar-qızlar ölür səndən ötrü, evlənəndən sonra çox yox, iki ya üç il keçsin, baxaram arvadının halına, mənim günümə düşməkdən, heç İmam da zühur eləsə, onu xilas eləyə bilməyəcək, nəinki hansısa diplom-miplom. - Ay qız, yaaxşı! - deyə onun bu cansıxıcı söhbətlərindən canımı alıb hara gedəcəyimi bilməyərək dözmək məcburiyyətində qalardım...

Bu gün isə Səmayə otağıma gəlmədi və mən işin çox ciddi olmasını anlayıb, bəlkə Otello onun canına da zərər yetirmiş ola bilər deyə, özüm qapılarını döydüm. Balaca oğlu açdı qapını. Evin ortasında tornado fırlanmışdı elə bil. Pərdələr, divan-kürsü örtükləri, masa süfrəsi əyilib hərəsi bir yana sallanmışdı. Yerdə konfet kağızları, oyuncaq tikələri, qab-qacaq qırıqları,uşaq paltarları, işlənməmiş və işlənib sonra top kimi yumrulanmış uşaq bezləri, daraq, saç sancağı vardı. Ayağımı içəri qoyandaca döşəmənin çoxdan bəri yuyulub təmizlənmədiyini hiss elədim, corablarım şirəyəmi, qartmaq bağlamış çirkəmi yapışdı. Yandakı otağın açıq qapısından yığışdırılmamış yataq, yerə səpilmiş balışlar, yorğanlar görünürdü. Hər yer yun və toyuq tükü içində idi. Uşaqların üçünün də burnu axırdı, üstbaşları kirli, saçları pırtlaşıq və daranmamış idi. Səmayə divanın bir küncünə qısılıb çirkli şalvarının balaqlarını dizlərinə qədər qatlamış, əyninə Otellonun nimdaş polis forması köynəklərindən birini keçirmiş, başını yaş dəsmalla bağlamışdı. Yaxınlaşanda onun sol gözünün altının qarasını, qollarının, qıçlarının göy ləkələrini gördüm. - Sağsanmı? – birtəhər gülümsəyərək soruşdum. - Görürsən ki, sağam, nə soruşursan? – birtəhər ağlamasını boğub cavab verdi. - Aydındır, yenə qısqanıbsan. - Ehh...nə qısqanmaq? Hal var məndə? Harama yaraşır indi? - Bəs nə oldu axı? - Heç zad! Döşəkdə iynə qalıbmış, o günü duanı içinə tikəndə başım qarışıb seriala, qalıb orda heç demə, indi də batdı buduna bunun, bu da dəli oldu, açdırdı, tökdürdü yatacaqları yerə...- üzünü qapayıb hönkürdü. - Sonraaa? - Nə sonra? Nə sonra? Yüz manatlıq dualarım batdı, hələ əlli manat da borcum qalıb ekstrasensə. - Adam, dəlisən sən? Nə danışırsan? - Dəli nənəndi, avara çuşka! Səni iti qovan kimi qovacam ha küçəyə! Bunun xozeykayla danışmasına bax! Tərbiyəsiz! - Oofff! Səmayə bacı, niyə hirslənirsən? Bir sakitləş, özünə gəl, sonra baxaq görək necə yardım eləyirik sənə...adam, sən döyülmüsən əməlli-başlı, ərin ağ eləyib tamam, heç arvadı da döyərlər? 82

- Bütün caduları silmişdi o ekstrasens, bunu ki, baldızım mənə qarşı bağlamışdı, bu ki, yatağa-zada da girə bilmirdi day mənnən, hamısını təmizləmişdi...ufff, yandım, ay Allah! Sən yox yerdən bir daş sal Otellonun başına! - Ay Səmayə!!! Qarğış eləmə...- mənim tüklərim başımda biz durdu bu qarğışdan. Zarafat deyil, sabaha-birisigünə kometadan-filandan gəlib Otellonun başına düşsəydi, onun badına paytaxtın yarısı dağılmalıydı... - Bəlkə polisə gedəsən?! Bax, bütün qonşular şahid duracaqlar, mən də ərizədə-zadda yardım eləyərəm, bu kişini yerinə oturtmaq gərək nəhayət! - Polisə? Ağlın başındadı? Polisdən polisə şikayət eləyim deyirsən? Bu ölkədə evindəki arvadını döyməyən polis var bəyəm? Bilmirsən ki, qadın hüquqları-zadı boşboş şeylərdi, kağızda-sənəddədi ancaq? Şikayət eləyəcəm, elə o polisxanada pis gözlə baxacaqlar mənə, deyəcəklər abırlı arvad kişisindən polisə şikayət eləməz, sataşıb eləyərlər, biabır olaram, hələ hay-küy salsam, hislənib döyməsələr, zorlamasalar, böyük şey olar. - Yaxşı daa, nooldu elə, ölkə dərəbəylikdi bəyəm? Hüquqlarını bilsənə! - Baxma e, sən cavansan, subaysan, üçdə alacağın yox, beşdə verəcəyin, işin-gücün də şəkil çəkməkdi, mənsə iki oğula, bir qıza cer-cehiz, dirrik almalıyam hələ, baxma körpədirlər, bir azdan hopp eləyib boyumu keçəcəklər, deyəcəklər, “anam, neylədin bizim üçün?” Nə deyəcəm? Deyəcəm, öz qadınlıq hüquqlarımı tələb elədim, azad yaşamağa qərar verdim, sizi atasız böyütməyi hər gün təpik altda qalmaqdan üstün tutdum, ona görə də ehtiyac içində, çətinliklə boya-başa çatdırdım, oğlanlarıma hərbi bilet, qızıma diplom almağa pulum olmadı?! Nə danışırsan sən? İndi heç olmasa bazara-dükana gedəndə şəstlə “ərim polisdir, bu rayona baxır, polis Otello”,- deyirəm, satıcılar, alverçilər başıma fırlanırlar, ikiqat-üçqat ucuzuna alıram nə istəsəm...Vaaay! – Səmayə birdən elə bağırdı ki, ətini kəsdilər elə bil. - Nooldu? – mən hövlnak dönüb ortalıqda oynayan uşaqlara baxdım ki, bəlkə birinə nəsə oldu. - Serialım başlayıb, xəbərim yoxdu, əngim qızıb sənlə, ayy səni zəlil olasan, uşaq, kanalı elə dəyişiblər, xəbərim olmayıb...hanı pult? Hanı pult, ay itin balasıııı?- deyə yerindən qalxıb uşaqlarını ayağıyla,əliylə o yana-bu yana itələyərək televizorun pultunu axtarmağa başladı. Evdə çığırtıdan-bağırtıdan ağız deyəni qulaq eşitməsə də, mən divanın üstündə gözümə dəyən pultu götürüb Səmayəyə uzadaraq az qala qışqırdım: - Budey pult! Öldürmə uşaqları görüm, öz altında qalıbmış. - Nə? Puuult? Kar olasııız, imkan verirlər ki eşidiiim? Rədd olun görüm o biri otağa! – pultu əlimdən qapıb uşaqlarını yataq otağına basaraq qapını üstlərinə bağladı.

- Mən gedim... - Get dəə, - mızıldanıb əlini şalvarının cibinə salaraq bir ovuc günəbaxan tumu çıxartdı və divanda yerini rahatlayıb tumları bir-bir çırtlamağa, qabıqlarını döşəməyə tüpürməyə başladı...

Mənim atam Mənim atam da əzazil idi. Yer üzündə anamı və məni döyməkdən başqa işi-gücü yox idi. Daha doğrusu, anamı və məni döyməkdən başqa bacardığı tək iş – tuşla qravürlər çəkmək idi ki, zəhləsi getdiyi müəllimlikdən azca başı açılan kimi otağına çəkilib ağappaq kağızlara qara cizgilər atmağa başlardı. Deyəsən rəssamlığa olan həvəsim də elə atamdan mənə irsən keçmişdi. Amma atamdan fərqli olaraq, mən qan-qırmızı rənglə işləməyi sevirdim. Ilk rəsmim hələ də gözlərimin qabağından çəkilmir, hərdən-hərdən yuxuma da girir. “Ana” adlı bu rəsmi 10 yaşımda çəkmişdim. Necə gözləmişdim atamın işdən qayıtmasını, necə tələsmişdim anamı çəkdiyim rəsmi ona göstərməyə, necə əsmişdim başdan-ayağa qədər... - Bu nədi belə? - Şəkildi, paa. - Nə şəklidi bu? Belə şəkil olar? – donquldanmışdı atam. - Nə bilim…mamanı çəkmək istədim...- mızıldanmışdım mən. - Mamanın harasıdı ki bu? - ..., - susub diqqətlə onun əlindəki rəsmə baxmış və yalnız indi görmüşdüm nə çəkdiyimi, - yarası...- demişdim astaca... - Nəə??? – atam dəli olmuşdu hirsindən, kağızı tikə-tikə eləyib təpəmə çırpmışdı, qolumu burub qışqırığıma gələn anamın üstünə tullamışdı məni, - küçük! Anama qısılıb ağlamışdım, o isə yalnız atam hirslə qapını çırpıb həyətə çıxandan sonra məni qucaqlamağa ürək eləmişdi, əllərimi, saçlarımı dönə-dönə öpmüşdü, gözlərindən üzümə-gözümə ipisti damlalar düşürdü, alnının sağ tərəfində leykoplastır ağarırdı, dünən elə günün bu vaxtındaca atam külqabıyla vurub yarmışdı, gözlərimə axmışdı o yaradan fışqırıb anamın üzünə yayılan qıpqırmızı rəng... Anamın miskinliyini, çarəsiz halını, atamın qarşısındakı məğlubiyyətini həzm eləyə bilmirdim, mənə elə gəlirdi ki, o günün birində ya özünü, ya da atamı hər hansı bir yollasa mütləq öldürməlidir. Mən ona kömək eləməyə də hazır idim, sonra onlardan kim öləcəkdisə, məhz onun qanını şüşəyə tutub evimizin divarlarına qıpqırmızı çiçək şəkillləri çəkəcəkdim, sağ qalana qələbə hədiyyəsi kimi. Təəssüf… Kimsə kimsəni öldürmədi və mən evimizin divarlarına heç vaxt heç nə çəkmədim... İndisə anam üçün dəhşətli dərəcədə darıxırdım və bu hissin niyə məni birdən-birə haqlamasını anlaya bilmirdim. Yox, o metrodakı qadına görə oldu hər şey. Mən ona baxıb qucağına qısılmaq, dizlərinə başımı qoyub uyumaq, yatmaq, dünyanın bu biri üzünə bir daha doğulmamaq istəmişdim birdən–birə nə üçünsə... Amma nə üçün? Niyə? Bəs anam niyə başıma düşüb çıxmır? “Birdən nəsə olar, deyirlər axı yaxın qohumların başına iş gələndə adam bunu hiss eləyir”,- deyə anama zəng elədim. Dəstəyi bacım götürdü. M.A.A. Şam yeməyindən sonra televizorda baxmağa maraqlı heç nə tapmadım deyə yerimə uzanıb bu gün aldığım kitablardan nisbətən naziyini oxumağa başladım. Elə beşinci səhifəyə adlamışdım ki, kitabın içindən nəsə sürüşüb sinəmə düşdü. Qaldırıb baxdım, vizit kartı idi. Ünvan, telefon nömrəsi və sadəcə M.A.A. inisialları. Heç nə anlamadım. Kitablar axı satış sərgisindən alınmışdı və müəllifin özü şəxsən imzalamışdı bunları. Mən fikir vermişdim ki, o, nə üçünsə məhz yeddinci səhifədə qoyur imzasını və təbii ki, həmin səhifəyədək vərəqləyib baxmışdım yazıçının upuzun imzasına. O zaman beşinci səhifədə heç nə yox idi, sonra da kitabları kimsəyə verməmişdim baxmaq üçün... Aman!


Tarix: 09.06.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 456 Bölmə: Cavidan "Namə"
loading...