Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5-ci hissə*
5-ci hissə*

Hələ indi, üstündən tam yeddi il ötəndən sonra xatırlayıram ki, həmin anlarda mən İslamı düşünməmişdim, axtarmamışdım, yadıma belə salmamışdım. Mən Sənə baş əymişdim, Tanrım! Sənə, yalnız Sənə, başqa kimsəyə deyil!!! Ara azacıq seyrəkləşib sakitləşəndə Sima müəllimə yanıma gəldi: - Gəl gedək qonaq otağına, - dedi,- maraqlı mübahisələr gedir orda, mütləq görməlisən. Biz onunla məbədin qonaqları qarşılayıb, Krişnaizmi təbliğ eləmək üçün ayrılan balaca otağına keçdik. Otaqda iki fədai oğlan vardı, biri divara söykənər yerdə bardaş qurub oturmuş, qara gözlərini divardakı hansısa gördüyümü, görmədiyimi nöqtəyə zilləyib sağ əlindəki narıncı torbanın içində təsbehini çevirərək dodaqaltı mantra oxuyurdu. O biri fədai isə eynəkli birisi idi, üstünə gələn, min-bir yolla, nə olursa olsun onu susdurub, “İslam daha gözəldir, İslam daha üstündür”,- deyə isbata çalışan qonaqların üst-üstə qalaqlanan qəzəbinə, marağına, şübhəsinə, istehzasına, hədə-qorxusuna mənim o zamanlar heç cür anlayıb qəbul eləyə bilmədiyim bir səbrlə tab gətirir, hər birisinin hər bir kəlməsini də sonuncu hərfinə qədər dinləyib sonra cavab üçün mütləq icazə alıb da təmkinlə danışmağa başlayırdı. - Zamana və məkana görədir dinlər, qardaşım, zamana və məkana görə gəliblər peyğəmbərlər, zamana və məkana görə həyata keçirib missiyasını Yer üzündə hər birisi. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin banisi Bhaktivedanta Svami Prabhupada Hindistandan Amerikaya yollandığı zaman üstündə yol pulu vardı sadəcə, gedib o nəhəng ölkədə neyləyəcəkdi, bilmirdi də, o sadəcə Krişnanın onun ruhani ustadının vasitəsilə ona ayırdığı missiyanı yerinə yetirirdi və bir gün pulsuz-parasız Amerikanın bir parkında oturub əlində olan tək var-dövləti - balaca karatalları birbirinə vura-vura “Hare Krişna” maha-mantrasını oxuyanda sadəcə bunu gözəl bir şərq mahnısı kimi qəbul eləyib dinləməyə yığışan adamların “bu nədir belə oxuyursan?” sualına cavab olaraq onlara Krişna barəsində danışmağa başladı və bu onun amerikalılar üçün ilk təbliğatı oldu. Sonralar evindən- ailəsindən qaçaq düşən Amerika gəncliyinin depressiyası ilə, nihilist baxışları ilə, hər şeyi və hamını inkar eləyən üsyankarlığı ilə rastlaşacaqdı və bu “Hippi”ləri “Happi”lərə çevirəcəkdi. Marixuanada ruh həzzi axtaran Amerika gəncləri “Hare Krişna” mantrasından alacaqdı ruhunun məmnunluq ehtiyacının qarşılığını. Az qala bütün dünya oxuyacaqdı daha sonra mantraları Prabhupadanın ən sevimli həmdəmlərinə çevrilmiş “Bitlz” qrupuyla. Corc Harrisonun “Qovinda” mahnısıyla başlayır indi də Yer üzünün bütün məbədlərinin ilk ibadətləri. Krişna şüurunda olmaq – dinini dəyişmək, başqa dini qəbul etmək demək deyildir, bu sadəcə bir həyat tərzidir, bir yaşamdır, insana həzz, bilik, əbədiyyət aşılayan elmdir bu, ruh haqqında, Allah haqqında, insan haqqında elmdir. - Ruh haqqında Məhəmməd peyğəmbərə belə demədi Allah heç nə, noldu, sizin Prabhupadanızamı dedi, hindistanlıyamı? Bu qədər satılmayın da ta xaricə-zada nolar, qardaş...- deyə bığlı və qarınlı bir kişi əlini yelləyib başını buladı.

Aha, - qulağının arxasını sığallayan eynəkli fədai sözünə davam elədi, - Allah QuraniKərimdə buyurur ki, “Səndən ruh haqqında soruşarlar, de ki, Tanrıya aiddi bu, sizə verilən sadəcə cüzi bir hissəsidir Elmin”. Aayy sağ ol, - bığlı-qarınlı kişi əlini dizinə çırpıb diqqətlə eynəkli fədainin gözlərinin içinə baxmağa başladı, - gördünmü Məhəmməd peyğəmbərə də demədi ruh haqqında heç nə. Yox, Məhəmməd peyğəmbərə sadəcə izn verilmədi ruh haqqında öz ətrafındakı adamlar üçün danışmağa. Çünki o zamanın cahil ərəbləri üçün ən sadə dildə və ən dərin mənası ən alt qatında verilməli bir kitab gərək idi əslində, tabular, qadağalar, qorxular, cəzalar sadalanmasaydı, yığmaq mümkün deyildi adamların ipini. Cahiliyyə dövrü-dəhşətli zamandır, bir azacıq işığı-nuru və elmi olan şəxsiyyətlər üçün əsl cəhənnəmdir belə mühit, belə bir mühitin heyvanat xislətli şüuru üçün açıla bilməzdi ruh haqqında bilik, onların şüur, təfəkkür dili bir başqaydı çünki, anlamazdılar, daha da müşkülə dönəcəkdi Məhəmməd peyğəmbərin onları Allah yoluna, saflığa çağırmaq cəhdləri, anlayırsınızmı? İslam son dindir, Məhəmməd son peyğəmbərdir, mən Prabhupada tanımam, mən Krişna hərləməm! – deyib çıxdı otaqdan bığlı-qarınlı kişi, ardınca üç kişi və iki qadın da durub otağı tərk elədilər. Hare Krişna! – dedi eynəkli sakitcə gülümsəyərək. Mən...bilirsinizmi, bir nəzirim vardı, qardaşımın oğlu olsa sizə bir qurbanlıq qoç gətirəcəm deyə boyun olmuşdum keçən il, onda birinci dəfə olmuşdum burda, çox xoşuma gəlmişdi səmimiyyətiniz, dininiz, Allahı sevməyiniz...qoç küçədədi, maşının bağajında, gədələrdən ikisini ver gedək gətirək kəsim həyətdəcə, əziz qonaq da burdaymışkən..o Almaniyadan gələni deyirəm, - deyə sanki bayaqdan söz demək növbəsini gözlədiyi üçün indi dil boğaza qoymayıb ağlındakıları birnəfəsə danışan arıq-uzun ortayaşlı kişi eynəklinin üzünə baxdı. Ha-ha-ha! – divara söykənmiş qaragöz fədaidən qəhqəhə qopdu, bir andaca mən də ona qoşuldum və uzun-arıq kişinin heyrət, eynəklinin məzəmmət dolu baxışları altında biz ikimiz də otağı tərk eləməli olduq.

İlk dəfədi burdasız? – soruşdu qaragöz. Aha, siz? Mən elə burda doğulmuşam, - güldü. Gözləri qıyıldı, qəribə işartısı vardı onların, kimlə gəlmisiz? Sima xanımla, - dedim. Ooo, Sima mataci kiy, cay! - dedi. Nə? – anlamadım. Sima anaya eşq olsun! – anlatdı. Gəl bura, - qolumdan tutub artıq boşalmış zalın baş tərəfinə apardı, gəl otur qulaq as, yaxşı? Yaxşı.

Caya qopi canavalabha, caya girivara dhari Caya Yaşoda Nandana, caya Vradca cana rancana Caya Yamuna tiracana vari, caya Kunca bihari... Hare Krişna Hare Krişna Krişna Krişna Hare Hare Hare Rama Hare Rama Rama Rama Hare Hare O, qara gözlərini yumub fizqarmonda çalaraq, həzin bir səslə oxuyurdu. Mən fizqarmonun üzərindəki balaca karatalları götürmüşdüm, onları mahnının ritminə uyğun olaraq astaca bir-birinə toxundururdum, “Hare Krişna” yerlərində özüm də Qaragözə qoşulub oxuyurdum... Darıxıram o gün üçün, o anlar üçün, o səs üçün, anlayırsanmı...

İndi tez-tez dinlədiyim rok musiqisi kimi keçdi həyat. Eləcə yanımdan keçdi. Məni tanımadan, məni sevməyə macal tapmadan, məni dəyərləndirməyə gücü olmadan keçdi. Haylı-küylü bir romantika – tam bir türk roku. Hərdən mənə elə gəldi ki, var-gücümlə qaçıram, saçlarım qəfildən gözümə-üzümə toxunsa, kəsəcək qədər sürətlidir qaçışım, hərdən də eləcə yerlərə çöküb saçlarımla torpağı çırpır, dağıdır, ağrıdıram, sonra sürünüb sadəcə üzü göylərə çevrilmək, qollarımı yana açıb da gözlərini yummaq, yağışları, yağışları, yalnız yağışları qəbul etmək qədər oldu dadı-tamı dünyanın. Və hər səhər Günəşi salamlamaq, və hər axşam ürək dolusu sevgi yollamaq onunla dünyanın o tayındakı adamlar üçün... Zaman – biz onu hiss elədiyimiz anlarda hakimdir sadəcə. Onu duymadığımız vaxtlarda acizdi, ömrümüzdən, ruhumuzdan, hətta bədənimizdən qoparıb da aparmağa gücü yoxdu. Zamanın necə keçdiyini bilməyənlər ona qalib gələnlərdi, inanıram. Hətta Sən də darıxırsan, hətta Sən də Sənin olub Səndən gedənlərin bir gün mütləq Sənə qayıdacağını gözləyirsən. Bax, mən gəlsəm, bax, mən gələsi olsam yanına, bax, mən son versəm Sənsizliyimə, dönsəm də dərgahına, Allah qonağıyam desəm də qapının astanasında eşidəcəyim “kimsən?” sualına...qalxmazmısan oturduğun taxtından, adlamazmısan mənə uzanan yolların ən uzununu, keçməzmisən Cənnətin də, Cəhənnəmin də odundan-suyundan, basmazmısan bağrına ruhumu, ağlamazmısan xoşbəxtliyindən, sarılmazmısan zamanların həsrətlisi kimi, sevinməzmisən, sevinməzmisən, sevinməzmisən, de.... Orda, Sənə qayıtdığım anlarda dayanmazmı Zaman, durmazmı dünyaların məhvərləri, susmazmı Kainat??? Susursan... Amma burda yağış yağacaq bir azdan, əminəm...

Mənim də gözlərim səmanın qaranlığındakı buludlar kimi doldu, ehh... Anamın son zəngindən neçə gün keçmişdi, indi dəqiq yadımda deyil, amma Sən xatırlayırsan, mən Masyanın qapını döyəcləyən adama: - Nə lazımdı? Kimsiz? Kim lazımdı? Nahidə kimdi? Nə Nahidə? – deyə yuxulu-yuxulu deyinməsinə oyandım. - Nə olub orda? - Nə bilim, deyir Nahidə lazımdı, debilin biridi. Mən saçım-başım tökülə-səpilə birtəhər gözlərimi yarı-yarımçıq açıb qapıya getdim, gözlükdən baxdım, uzun, arıq, qarayanız bir oğlandı, əsəbi və səbrsiz halda qapını təkrartəkrar döyür, açmağımızı tələb edirdi. - Ay xanım, mən bu evə pul vermişəm, vaxtımdan gedir, küçələrdə qalımmı indi? – deyə bağırdığı zaman ikimzin də yuxusu qaçdı və məncə, o anda biz ikimiz də eyni andaca eyni gözlükdəncə eyni bir gözlə baxıb hər şeyi anladıq. O idi - iranlı tələbə! Anamın dediyi kirayənişin... Masya əsl orta statistik azərbaycanlı kişi vərdişiylə məni həmən yan otağa basdı və qapını açdı: - Buyurun, Yusif, hə? - Salam, - oğlanın da səsi gələndə mən artıq cins şalvarımın dəmir düyməsinə ilişən saçımın ucunu da hörüb qurtarmışdım. - Deyirəm axı, sifət tanış gəlir, mən sizi görmüşdüm burda, indi yuxuluyduq, gərək başa düşəsiz, elə tezdən gəlibsiz ki, həm də xəbər eləmədən, - Masya yenə də tam bir azərbaycanlı kişi kimi əlini atıb oğlanın çantalarını, çemodanını içəri yığmağa başladı. - Xoş gördük, - mən də dəhlizə çıxıb nəhayət ki, Mahsun Qırmızıgül adlı türk müğənnisinin oxşarını qarşıladım. - Sən Aydəmisən? – gülümsədi. - Aha, - mən də gülümsədim, amma ona yox, Masyanın üzündən dammağa başlayan zəhrimara. - Fotonu maman görsətmişdi mənə, ondan bildim, - dedi, - Nahidə xanım gecə gələcək, mənə zəng eləmişdi, dedi “hökmən köç evə, yığış otağa, mən də çatdıraram özümü”. Mənim otağım hansıdı? Düzü evimizin divarlarında keçmişlərin və indilərin müsəlman liderlərinin saqqallıəmmaməli fotolarını görəcəyimi heç vaxt ağlıma-təsəvvürümə sığışdıra bilməzdim, amma budur, indi onlar buradaydılar və anamın otağındakı ikonaları düşünürkən, vaxtilə atamla birgə yaşadığımız evdəki divarlardan Leninin, Marksın, Engelsin, Stalinin saçlı, bığlı, saqqallı fotolarını da xatırlamaya bilmədim. Yusif otağın palazını da yığıb səliqəylə bükərək balkona çıxarandan sonra öz əlləriylə döşəməni, divarları, pəncərə qıraqlarını, masanı, bir sözlə, otaqda onsuz da təmizliyindən par-par yanan hər şeyin hər yerini dodaqaltı nələrsə pıçıldaya-pıçıldaya sildi və daha sonra bir azdan gələcəyini söyləyib getdi. Qayıdanda tək deyildi.

Özü kimi daha iki iranlı tələbənin köməyi ilə bir otaqboyu ağır xalçanı və bir sandığı gətirib dəhlizdə qoydu. Sonra xalçanı otağa sərib, daşınmasından ağır olduğu görünən sandığı da bir tərəfdə yerləşdirdilər və oğlanlar getdilər. Yusif isə üstündə yamyaşıl çəmənlik şəkli olan və bayaqdan boşaldılan, içindən paltarlar, kitablar, dəftərlər, canamaz, İran istehsalı olan yarımfabrikat kotlet qutuları çıxan saysız-hesabsız sellofanlardan sonuncusunu da açdı və qırmızı plastmas aftafanı götürüb mənim və Masyanın heyrətdən gipgirdə olan gözlərimizin qabağından keçib ayaqyoluna qoydu. - Orda duş var daa, - Masya dözmədi, mən pıqqıldadım. - Görürəm ki var, amma bu aftafanı hələ birinci kursa gələndə anam alıb qoyub şeylərimin arasına, yeddinci ildi Bakıdayam, hələ də saxlamışam, inşallah, gedəndə də aparacam özümlə, - Yusif gülümsəyib davam etdi, - bu xalçanı da gələndə gətirmişəm, hardan hara kirayəniş köçsəm də, daşımışam özümlə, ayağım altda öz xalçamız olsun demişəm, bu şəkilləri də... - Bəs bu? – Masya sandığın üstünə oturub soruşdu. - Dur! Dur tez! Tez dur, qız! – deyib Yusif Masyanı yəqin ki tutub sandıqdan uzaqlaşdırmaq üçün irəli getdi və çox yəqin ki ona toxunmaq istəmədiyi üçün havadaca əl-qol ataraq bağırdı. - Noolub? Aaaa! – Masya altında yanan ocaq varmış kimi yerindən hoppandı, - noolub e? - Bərəkət var orda, çörək var, başa düşürsən? - Nəə? – ikimiz də ağzımızı nə boyda mümkündüsə, o boyda da açdıq. - Lavaş var, lavaş bilmirsiz nədi? Anam qoyub, ordan gətirmişəm. - Sən İrandan birbaşa bura gəlibsən? – Masya nəhayət ki, ağzını yığıb soruşdu, mən də dodaqlarım bir-birinə yapışan kimi udqundum. - İrandan avqustda gəlmişəm, avqustun ortası olardı. - A bala, indi oktyabrdı e, - Masyanın ağzı yenə açıldı, mən əlimlə qapadım dodaqlarımı. Həmin gecə anam də gəldi tapıldı. Səhərə kimi otağında Eyyub Yaqubovun “Azəri torpağının hamımız övladıyıq” mahnısına oynadı, axşam namazını qılıb sonra gəzməyə çıxan Yusifin gecə gəlib bizimlə “Titanik” filminə baxandan həmən sonra sakitcə otağına çəkilməsini həzm eləyə bilmirdi deyəsən, arada səsi gəldi, ucadan söyüş söyə-söyə Sevanı lənətləyib sonra ağlayaraq da bu gecə mütləq bura gəlməsini istəyib yalvardı. Sonra Seva gəldi çantalarıyla, çemodanıyla və anamla qucaqlaşıb o ki var ağladılar, sonra da mətbəxə keçib içməyə başladılar. Daha sonra da Eyyubun kaseti gəldi ortalığa, anam dedi qatarda birgə gəldiyi bir azərbaycanlı kişi bağışlayıb kaseti ona, çox yaxşı mahnılar var içində, elə kişi də çox yaxşı adammış, lap ilk baxışdanca anam oxşadıbmış onu kiməsə, sonra isə söhbət elədikcə anlayıblar ki, Sankt-Peterburqdan tanıyırmışlar bir-birlərini hələ, adam atamla dost imiş, amma sonra atam anama olmazın zülmlər eləməyə başlayanda bir qadına bu qədər əzab verməzlər deyə, illər boyu kəsdikləri duz-çörəyi belə gözünə almayıb atamdan incimiş, bir daha qapımızın kandarından içəri basmayıbmış ayağını, hətta daha sonralar anam atamın ona laqeyd münasibətindən, nə bir geyim, nə bir yemək almayıb hər şeyini qızı yaşında olacaq məşuqələrinə xərclədiyi günlərdə anam kimsənin yox, məhz həmin o
ailə dostunun evinə getmiş, qulluqçusu olmuş, hər gün unitazını yumuş, arvadının ayaqqabılarını təmizləmiş, uşağının əskilərini dəyişibmiş. Kişi də anama necə lazımdı hörmət eləyirmiş, pulu pul, geyimi geyim, ərzağı ərzaq... Anamdı da! Analar nağıl danışmazmı? Bu da mənim anamın nağıllarından biri idi danışırdı... Səhər dərsə getmədim. Solçu gənclərin Qız qalası ətrafında keçirəcəkləri etiraz aksiyasına qatılmağı qərar vermişdim. Nəyə və kimə etiraz etməkləri vecimə də deyildi, mənə bu aksiyada ola biləcək bircə insan maraqlıydı – İslam. Onun da təşkilatçılardan biri olduğunu eşitdim, son vaxtlar barəsində deyilən “Dəyişib, ağlını-başını itirib, sektantlara qoşulub, jurnalistikanı da, rəssamlığı da tullayıb bir kənara, heç daha qızlarla da maraqlanmır, dostlarıyla da oturub-durmur...” kimi sözlərdən və son dəfə xəstəxanada halsız uzanmış halda gördüyümdən bəri ilk dəfə gözlərimə işıq, canıma taqət gəldi sanki. Masya mənimlə gəlmədi, nə var e orda dedi, uzağı yenə polislər gəlib döyəcəklər tələbələri, bir-iki jurnalisti tutacaqlar, bir-iki avaranı saxlayacaqlar üzə, bir-iki dalı-qabağı bilinməyən süjet də göstərəcəklər xəbərlərdə-zadda, bir-iki də deyingən yazar söyəcək onu-bunu qəzetlərdə, vəssalam... Getdi Tofiqi axtarmağa. Mənsə İslamı... Üstünə “Qarışqa həyatına yox!”, “Qara rəngə yox!”, “Ağır yüklərə etiraz edirik!”, “Susmağa yox!”, “Mütiliyə yox!”, “Miskinliyə qarşı çıxırıq!”, “Biz – insanıq, bizi yükləməyə, bizi tapdalamağa kimsənin haqqı yoxdur!” kimi şüarlar yazılmış plakatları daşıyan qırmızı köynəkli, qırmızı kepkalı oğlanlar, qızlar şəhərin hər tərəfindən birdəncə peyda olub səkiləri, divarları, daha sonra Qız qalasını qıpqırmızı rəngə boyamağa başladılar. Adamlar başlarını bulayır, tüpürür, söyür, ya da sakitcə və maraqla seyr edirdilər. Birdən bütün bu çığırtının, bağırtının içərisindən tükürpədici qadın qışqırığı eşidildi. Bütün dünya susdu sanki o anlarda. Hamı səsin gəldiyi səmtə baxdı, mən də. İlahi!

Başından ayağınadək qıpqırmızı rəngə boyanmış arıq, uzun bir qadın çılpaq haldaca adamlara sürtünə-sürtünə qaçırdı. Qadın başını tamam itirmişdi deyəsən, nə eləyəcəyini bilmədən qaçıb-qaçıb qalanı qucaqlamaq istəyirmiş kimi qollarını yanlara açaraq bütün bədəni ilə divara qısıldı. Hər tərəfdən ona sarı axışan qırmızı kepkalı,qırmızı köynəkli oğlanlara, qızlara gözlərinin bir ucuyla baxınca da çevrilib üzü şəhərə sarı dayandı, birdən də tükürpədici səslə qışqırmağa başladı... Səsindən bütün şəhər yerindəcə donmuşdu. Ona ən yaxın məsafədə Qırmızı aksiya iştirakçıları idi. Onlardan sonrakı dalğa ardımızca maraq xatirinə qaçıb toplaşan şəhər camaatı idi – üsyançıların Qara qarışqalar dedikləri yəni. Üçüncü dalğa isə qara geyimliləri aksiyaçıların, aksiyaçıları isə qadının üzərinə sıxışdıran polislər idi – qara-bozumtul rəngdə...

Qəribə və uzun bir yuxu gördüm həmin gecə... Məbəddəydim. Hamı harasa qaçırdı. Deyirdilər məbəddə kimsə bomba qoyub, indi partlayacaq. Sonra dedilər məbədə gələn İran krişnaçıları eləyiblər bunu, daha doğrusu, krişnaçı adlanan iranlılar. Hə, hamı dabanına tüpürüb qaçmağa üz qoydu. Mən də bayaqdan bəri əlini-qolunu oynada-oynada yuxusunu danışan qızılı hörüklü metis qıza qoşulub qaçırdım. Qız yuxuda çarmıxa çəkilmiş İsanı görmüşdü, İsa öz başındakı tikanlı çələngi götürüb qızın başına qoyubmuş, qız da sakitcə ağlayıbmış xoşbəxtlikdən. Qız yuxusunu elə qaça-qaça danışırdı mənə. Birdən hər ikimiz dayandıq. - Bəs Krişna??? – hər ikimiz eyni anda çığırdıq və yenidən məbədə qaçdıq ki, murtiləri partlayışdan xilas eləyək. Və mən birdən-birə nə üçünsə özümü kənddə, atamın anasının evində gördüm. Evin həyətə açılmış pəncərəsində oturub ət kotleti yeyirdim. Alman Quru öz zərif asket bədəniylə qarşımda peyda oldu: - Sən prinsipləri pozursan! Ona görə də pələngə çevriləcəksən! Mənə hücum edəcəksən! – dedi. - Yoox, yox, Qurudev, ola bilməz!!! Artıq cümlənin son sözlərində tam nəhəng bir pələngə çevrilmişdim, “Ola bilməz!” çığırtısı pələng bağırtısı kimi səsləndi və mən Qurunun üstünə cumdum... Bir azdan nənəmgilin naringi bağında gəzirdim yenə.

Əynimdəki donum, hörüyümdəki çiçəklər o qədər gözəl idi ki, bu gözəlliyin və özüməvurğunluğumun yaratdığı rahatlığın qoynunda ekstaza düşdüm, beynimi, ruhumu saran bir musiqinin altında süzdüm, süzdüm... Üzü göylərəydim bu ilahi həzzin içində, Sənin üçün rəqs edirdim, tək Sənin üçün...tək Səninlə! Qaranlıqdı, gecə idi, ulduzlu, aylı bir gecə. Amma Ay tək bir dənə deyildi. Göyün hər bir tərəfinə hər ölçüdə aylar səpələnmişdi, sonra o aylar bir-bir yerə düşməyə başladılar, qaçıb birini götürmək istədim, amma bu beş ya altı gecəlik Ay yerə düşən kimi əzik-üzük bir qəzetə çevrildi. Hər tərəf doldu əziküzük qəzetlərlə. Əlimə götürdüyüm qəzeti açıb səhifələrini hamarladım. Mayakovskiyə oxşayan bir kişinin şəkli və bir səhifə dolusu məqaləsi vardı. Məqalənin adı beləydi: “Azərbaycanda reformatorluq yoxdur”... Kürəyimə dəyən zərbədən səntirlədim. Daş idi. Mitinq iştirakçılarının polislərə atdığı daş. Sonra polisin də məni dəyənəklə vurub itələməsi ilə yerə sərilməyim və dəli olmuş insan selinin mənim üstümdən keçib haralarasa getməsi bir anda baş verdi. Hamı qışqırırdı. Heç kim eşitmirdi. Hamının ağzı açıq idi, qulaqları bağlı. Keçib getdilər. Bayaqkı qəzet parçalarından heç nə ilə fərqlənməyən əzik-üzük varlığımla birtəhər çevrilib üzü göylərə qala bildim. Bütün bədənim ağrayırdı. O hay-küydə, o qələbəlikdə mən yenə də Səni arayırdım... Səma gözlərimə dolurdu. Ulduzlar nə üçünsə göyün yalnız bir küncünə yığılmışdılar. Sanki onları kimsə qoyun sürüsü kimi qovub dəyəyə salmışdı. Dəyənin bir yanından və altından mil kimi uzun zolaqlar çəkilmişdi göy üzünə. Sanki kiminsə nəhəng əli göy üzünü qapqara dırnaqlarıyla cırmaqlamışdı, şirimlar qan rəngindəydi. Dalğaların səsinə başımı qaldırdım. Xəzər qalxmışdı. O qədər qalxmışdı ki, nənəmgilin həyətinə qədər gəlib çıxmışdı. Nəhəng hərbi gəmilər vardı suyun üzündə. İrəlidə gələn gəmidə nəhəng bir qara pişik oturmuşdu. Qara xəz kürk geyinmişdi. Başındakı papağın da üstündə ulduzlar və zolaqlar vardı. Gəmilər nənəmgilin həyətinin lap yaxınlığından keçib İran tərəfə yan aldılar. Sonra qəfildən hər yer işıqlandı, sonra yenə qaranlıq oldu, yenə işıqlandı, yenə qaranlıq oldu, sonda alatoran bir görkəm aldı dünya. Göydə bombardmançı təyyarələr uçur, küçədən tanklar, raket və əsgər dolu zirehli maşınlar keçirdi. Yerə bir bomba düşdü, iki bomba düşdü, sonra hər tərəf bomba zərbələrinə məruz qaldı. Adamlar qaçır, qışqırır, ağlayırdılar. Hamı Səni çağırırdı... İçimdə qəzəb və qaranlıq vardı, Səndən bunu gözləmirdim, Səndən bunu istəmirdim, Səndən bunun hesabını soracaqdım az qala... Baxdığım göy üzündə artıq nə ulduzlar, nə şırımlar yox idi, nəhəng ağ sümük kəllə vardı, o, göz yerlərindəki boşluqlardan yerə sonsuz bir nifrətlə baxırdı. Hamı qorxurdu ondan, hamı! Gözlərimi göydən çəkdim, öz boyumdan bircə baş yuxarıda gözlərimi görmədiyim, bilmədiyim məchul bir nöqtəyə zillədim.

- Demisən ki, hara baxsam, Səninlə üz-üzə dayanmış olaram, odur ki dinlə! Dinlə və de, bu kəlləylə neyləmək olar? Alıb axı dünyanı əlinə... Məchul nöqtədən gözlərimə nəsə axdı, nəsə doldu, beynim işıqlandı elə bil, ürəyimə güc gəldi, beynimin içindən eşitdim: - Onun yerdə qadını var, onu tap, o qadının başqa bir tayı da var, səhv salma... - Hardadı??? - Baax... Baxdım...iki nəfər idilər, əkizlər qədər oxşar, qarayanız gözəllər...mərmi düz aralarında partladı. Qızlardan biri gözlərimin içinə baxdı. - Odur! – beynimdəki səs dedi. - Bəs mən neyləyim? – soruşdum. - Götür onu sol əlinlə, qaldır başının üstünə, kəlləyə göstər, sonra saat əqrəbi istiqamətində bircə barmağın üstə hərlət onu. Barmağın göbəyində olsun. - Axı gücüm çatmayacaq... - Götür dedim! Sol əlimi uzatmağımla qara qızı başımın üstündə görməyim bir oldu. - İndi gözlərini yum, onu hərlət və hər dövrədə bir kərə adımı çək. On iki dəfə et bunu, tam on iki dəfə...- səs dedi. Gözlərimi yumdum, on bir dövrədən sonra maraqdan ölməyə başladım. On ikinci dövrənin yarısında gözlərimi açdım. Başımın üstündə hərlətdiyim qız tamamilə halsızlaşmışdı, sonra qız yoxa çıxdı. Hər tərəfdə bir sakitlik, rahatlıq duyulurdu, bir az əvvəlki partlayış və hay-küydən əsər-əlamət qalmamışdı. Göyə baxdım. Ağ sümük kəllə yerindəydi. Amma bayaqkı nifrət, iblislik itmişdi. Ağ sümük kəllə gülümsəyirdi və elə bu saf təbəssümünün içində də əriyib yox oldu. Əvvəlcə gözəl bir melodiya eşitdim. Çox qəribə bir ilahiliklə bütün dünyanı doldurmuşdu bu melodiya və hər şey də bu melodiyanın içindəydi, dünya da, mən də... Gözəl bir yerdə, gözəl bir yelləncəkdə oturub yellənirdim. Ağaclar, otlar, güllər, tərtəmiz səma, quşların səsi, sərincə əsən meh, yelləncəkdə uçurmuşam kimi ruhumun səmavi xoşbəxtliyi və bir də o melodiya... İlahi! Mən xoşbəxt idim... Hərdən kürəyimə, qoluma toxunan əllər o qədər doğmaydı ki! Mən gülürdüm. Mən bu ilahi həzzin içində dəli olurdum xoşbəxtlikdən. Mənimlə bərabər kimsə də gülürdü. Hərdən-hərdən arxaya çönüb ona baxırdım... Sən hardaydın, Əzizim... Səhər bu uzun, upuzun yuxumu ona-buna danışmaqdan ağzım da ağradı, başım da. Düzü, mən yuxunun sonuna gəlib çatınca məni dinləyənlərin hər birisi bayaqdan getməli olduqları yerə on dəfə gedib, görməli olduqları işləri əlli dəfə görüb qayıdır, başlarını qaldırıb artıq yuxumun uzunluğundan utandığım üçün qıpqırmızı olmuş üzümə baxanda gözlərindən “noldu, qurtarmadı???” ifadəsini oxuyurdum.


Tarix: 09.06.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 396 Bölmə: Cavidan "Namə"
loading...