Mətbəxə keçib pəncərəni açdım, qaranlığın sərinliyini içimə çəkdim, saçlarımı açdım, köynəyimin düymələrini də açdım, corablarımı çıxartdım, yalın ayaqlarımdan saçlarımın ucuna qədər keçib gedən soyuq ruhumdakı odu söndürə bilmədi, saata baxdım, gecə saat dördün yarısı idi, anama bir də baxıb vanna otağına keçdim. İlıq duşun altında ötən günlərin bütün ağırlığı, bütün acısı, bütün yorğunluğu canımdan çıxana qədər dayandım, yumulu gözlərimdən axıtdım içimi də yuyub təmizləyən ilıq damlaları, saçlarım boyunca oxşadı məni su, alnımdan, göz qapaqlarımdan, boynumdan, çiyinlərimdən, sinəmdən öpdü, əllərimə doldu ilıqlığı, belimdən, qollarımdan, dizlərimdən sürüşdü, saçlarımı qarışdırdı, üzümü qapadı, dodaqlarımı sıxdı...”səni sevirəm, sevirəm səni, sevirəm...”,pıçıldadı ruhum..bilmədim kimə, bilmədim necə, bilmədim nə üçün... Mən vanna otağından çıxanda anam mətbəxdə tam ayıq bir halda Vaxtanqın bir mahnısını zümzümə eləyə-eləyə çay dəmləyirdi. - Mama, - heyrətqarışıq sevinclə gülümsədim. - Hə, qızım, eşidirəm, - üzümə baxdı. - Yaxşısan? – soruşdum. - Gördüyün kimi, - deyə gümrah bir halda pəncəsi üstə fırlanıb soyuducunu açdı, piroq dilimlərini gətirib podnosa qoydu, sonra dörd fincana da çay süzüb qonaq otağına apardı, - gəl, qızım, çay içirik. Hələ qurumamış çılpaq bədənimə geyindiyim bircə hamam xalatıyla idimsə də, onun ardınca getdim, Yusiflə Seva da ciddi görkəmlə oturub TV izləyirdilər. Dinməzcə, kirimişcə içdik çaylarımızı, sonra anam Markizi qucağına alıb ev telefonunu da dizinin üstünə çəkərək kiminsə nömrəsini yığdı: - Salam, Salam, bu mənəm, Nadya, Akif lazımdı təcili..nə? Yatıb? Necə yəni yatıb? O eşşək hələ yata da bilir? Belə bir gecədə? Yuxusuna da girmir bəyəm qızının ölməyi? Aha, qızının, Aidanın! - Mamaa! – mən yerimdən sıçrasam da o istədiyini deməyə macal tapdı. - Akif...Zavallı Akifim mənim..hə, Aida öldü, maşın vurub, aha, oğlanıyla gəlirmiş, ikisini də əzib maşın, uç nolar, sabah dəfnidi, bilmirəm neynim, kəndə aparım ya burda...ooyyy..bacarmıraaammm....- anam elə ağladı ki sonda, mən də, Seva da, Yusif də heyrətdən dilimizi udduq... - Mama, - haçandan-haçana dinə bildim, - sən dəli olmusan... - Aha, sən tamamilə haqlısan, qızım, mən dəli olmuşam, mən, sənin anan, sənin tək və yeganə anan, dəli olmuşam, başa düşürsən? Sən məni başa düşürsən, Aida?-anam trans vəziyyətindəymiş kimi bomboş, heç bir ifadəsi olmayan baxışlarını qarşısındakı hansısa görünməyən, bilinməyən bir naməlum nöqtədə dondurub sakit səslə monoton təkrarlayırdı, - başa düşürsən? Hə? De, neynim mən, hə? Neynim...neynim ki o gəlsin, hə? Neynim? Seva divanın bir küncünə qısılıb balaca bəzəkli yastığı sinəsinə sıxmışdı, Yusif ona yaxın olan kürsüyə yayılıb qalmışdı, ikisi də anama baxırdılar.
Atamla Qız qalasının üstündə dayanıb söhbət edirdik. Daha doğrusu, atam danışırdı, mən dinləyirdim. - Bilirsən, qızım, həyat sənin ananın sənə bağışladığı andan başlamayıb əslində, mən əvvəllər elə bilirdim, hər bir insan dünyaya gəldiyi zaman onun ətrafında keçmişli, indili, gələcəkli bir aləm yaranır eyni vaxtdaca, elə bilirdim mən yarandığım andan başlayıb dünyanın da həyatı, ola bilməz məndən əvvəl də hər şey mövcud olmuş olaydı, ola bilməz mənim həyatım bitəndən sonra bu dünyada hər şey və hər kəs sakitcə öz yaşamasına davam eləsin, məndən sonra qalanlar da özlərinin yarandıqları andan onlarla birgə yaranmışın içindədirlər sadəcə, hər insan üçün ayrıca bir dünya, təsəvvür edirsənmi? Hər aktyor üçün ayrıca bir səhnə və dekorasiya. Həyat monotamaşadı əslində, böyük teatrda çoxpərdəli pyes deyil, inan buna. Yalnız buna inandığın anda özünün necə güclü olduğunu başa düşə bilərsən. Təklik – yazıqlıq, kimsəsizlik deyil, təklik individuallıqdı, sənin pilləndə səndən başqa kimsənin ola bilməməsidi, təklik – gücdü, öz dünyanı özün qurmaq şansıdı, yaradılmaq, yaşamaq, həyatdan getmək üçün kənardan pultla idarə olunmaq kütlənin təbiətidir, təklər kütlə həyatı yaşaya bilməzlər, bunun üçün yaranmayıblar çünki, anlayırsanmı... - Paap, mən səninlə getmək istəyirəm, apar məni, nolar, sənin yanında qalım, orda işləyim, oxuyum, nolar, apar məni, pa... - Dəli olma, orda məhv olarsan sən, mümkün deyil bir azərbaycanlı qızın SanktPeterburq kimi bir şəhərdə rahat yaşaması, bizim mental dəyərlər tamam başqadır, orda çətin olar sənə. - Mən boğuluram burda, yaşaya bilmirəm, sıxır məni hər şey, ev də, universitet də, məbəd də, rəfiqələrimin çevrəsi də, hər şeyin içində də bir ayrıca iç var sanki, hər tam saydığının nüvəsində dəhşətli bir parçalanma var elə bil, gedirsən, içində rahatlıq taparsan deyə qapılırsan, sonra ən arxayın anındaca dağılır hər şey, tapındığın, güvəndiyin, inandığın hər şey uçur sənin üstünə, xarabalığın altında qalırsan birdənbirə, ayılırsan ki bura da deyilmiş sənin istədiyin, səni istəyən məkan, anlayırsanmı, pa? - Ehh, qızım...- atam boynumu qucaqladı, saçlarımdan öpdü, gözlərimi yumdum qeyriixtiyari, ona yapışdım, nəfəsinə qısılıb susdum, içimi çəkib atamın çiynimə qoyduğu əlini daha bir az sıxdım özümə, həmin anlarda anamın da əvəzinə qısılmışdım bu doğma və sevimli kişiyə, anlayırdım, həmin anlarda anamın da əvəzinə yalvarırdım ona, məni aparsın özüylə deyə, bizi aparsın özüylə deyə... – nə tez böyüdün sən belə, nə tez...- atamın səsi titrədi, mənim dodaqlarım da... - Yaxşı, danışmayaq bunları, - dedim, - danışmayaq. - Sən mələksən, qızım, mələk! Heç bilirsən Rusiyada sənin yaşında qızlar necə yaşayırlar? Onlar bu yaşda atalarını, analarını unudurlar az qala artıq, özləri üçün tam ayrıca bir dünya qururlar, cəngəllik, meşə qanunlarıyla dolanırlar həyatda, kim bacarırsa sağ çıxır çarpışmalardan, kim bacarmırsa sağ çıxmır. Orda insan olursan, ya da insan olmursan, qızım, başlı-başınadı gənclik, sərbəstlik kiminə azadlıq, kiminə yiyəsizlik qismət eləyir, yalnız doqsan doqquz faiz iradə və cəmi bircə faiz bəxt hesabına ayaq üstə dayana bilərsən. “Moskva göz yaşlarına inanmır” filminə ki
baxmısan, bax, hələ Sovet dövrünün filmidi o, gör necə qurulur həyat, necə dəyişir formalaşır insan, onun taleyi. Və indi, artıq Sovet imperiyasının paytaxtı olmayan Moskvada elə bilirsən həyat daha yaxşıdı? İnsan daha rahat və azaddı? Gənclik daha şanslıdı? Yox, bir daha yox! Danışma, paap, mən, əlbəttə, başa düşürəm, sənə də asan deyil, biz neçə illərdi ayrıayrı ölkələrdə yaşayırıq, səninlə yalnız qan qohumu kimi qalmışıq indi, bir də anamın qoruyub gizlətdiyi foto-albomlarda yanımızdasan, vəssalam! Sadəcə bu! Amma bax mənim gözlərimin içinə və de, pa, doğrudanmı mən normal insanam, sənin istədiyin, özün üçün arzuladığın qızam, anamla bir-birinizi sevdiyiniz vaxtların xəyalıyam, doğrudanmı? Sən mənim yaşım qədər geriyə qayıda bilsən, yenə məni arzulayardınmı? Yenə mənim doğulmağımı istəyərdinmi? Yenə sevinərdinmi anam məni dünyaya gətirəndə? Yenə qucaq dolusu çiçəklərlə dünyanın ən xoşbəxt atası kimi gözləyərdinmi doğum evinin qapısında mənim və anamın yolumuzu? Hə? Gözləyərdinmi, de! Qızım, sənin əsəblərin tamamilə pozulub, tamamilə və sənin anan buna görə burda mənə, o dünyada isə Allaha cavab verməli olacaq, başa düşürsən? Nə hala qoyub gör səni, nə psixika ilə böyüdüb! Narazısan, hə? Xoşuna gəlmirəm, eləmi? Mən sənin cavanlıq arzularındakı övladının realı deyiləm, hə? Mən sənin qızın deyiləm, düzdü? Düzdü? Düzdü? De! Dəli olma! Dəli olma dedim sənə! – atam çiyinlərimdən tutub silkələdi, mən hönkürüb ona daha çox sığındım, həmin anlarda anamın da əvəzinə ağladım, ağladım, ağladım...
Atam haqlıydı, mən anamın həyat tərzinə görə çox ağrımışdım, Bakının ortasında cavan, gözəl, ehtiraslı, üstəlik də qərib, hamının rus deyib dayandığı, amma əslində damarlarında bir neçə millətin qanının qarışığını daşıyan bir qadının qızı kimi böyümək düşmüşdü qismətimə, mən bir damcı boyumdan almışdım bir-birindən yad, bir-birindən özgə kişilərin anamın üstündən sürüşüb hərdən-hərdən mənə sarmaşan, dolaşan, məndə ilişib qalan baxışlarını, gizlinin gizıli, aşkarın aşkar sığallarını, nəvazişlərini, anamın otağından çıxıb qapının ağzında guya yaxın ya uzaq qohumlar kimi mütləq mənə bir-iki xoş sözü dayanacaq dilənçisinə verirlərmiş kimi xırda qəpiklər tək atmaları, bəzən doğrudan da saçımdan guya ata ya əmi qayğısıyla öpüb ovcuma kağız pul basmaları, gələn dəfə gələrkən mənə də ayrıca hədiyyələr gətirmələri bir gün anamın onlara açıq həyatının mənə ötürüləcəyinə olan ümid deyildimi? Bu kişilər mənə sabahın potensial fahişəsi kimi baxmırdılarmı? Əgər hələ də üstümə cumub zorlamamışdılarsa, bu yalnız onların, anamın dediyi kimi desəm, az-çox ziyalı və mədəni səviyyəyə mənsub olmalarına görəydi. Mənsə, böyüdükcə, bunun sadəcə qorxu olduğunu anlamışdım. Birinci olmaq qorxusuydu bu. Öz evində saxlayacağı qadının həyatında ikinci, öz evində saxlamayacağı qadının həyatında birinci olmaqdan qorxan tipik azərbaycanlı kişiləri idi anamın bu ziyalı və mədəni səviyyədə hesab elədiyi adamlar... Hərçənd atam daha başqa şeylər düşünürdü.
Sənin anan axmaqdı! Sənin anan ən axırıncı fahişə kimi yaşamağı üstün tutdu, insan kimi yox! Bax, onun həyatına, bax, seçdiyi, münasibətdə olduğu kişilərə bax, gör bir hansı səviyyənin adamlarıdı onlar. Uzağı-uzağı, kiçik və orta məmur zibilliyində eşələnir. O cür qadın! O cür dərrakəylə, o cür gözəlliklə, o boyda enerjiylə...tfu! Onun oturub-durduğu adamlar gərək ən azından Prezident Aparatının yüksək çinli kişiləri olaydı, başa düşürsən? Sabah o dünyada cavab verəndə nə deyəcək Allahın üzünə? Deyəcək imkansız idim? Deyəcək qızımı böyütməliydim? Təhsil verməliydim? Ev almalıydım ona? Yaxşı ər tapması üçün yaxşı həyatla təmin etməliydim? Ay-hay! Elə buna görə düşmüşdün çöllərə? Buna görə satılırdın küçədə qasığını qaşımaqdan, burnunu qurdalamaqdan utanmayan azərbaycanlı kişilərinə? Ə, bunun məmurunun da, köləsinin də! Qızı üçün hər şeyin yaxşısını istədiyi üçün fahişəliyə gedən gedib kişilərin də yaxşılarını seçər heç olmasa, yoxsa sahə müvəkkiliylə filanla gəzişib BDU-da jurnalist oxutmağa nə var ki?!
Mən anlayırdım atamı. Başa düşürdüm ürəyinin acısını da, beyninin qəzəbini də. Amma o da anlamalıydı nəhayət, anlamalıydı ki, anamı Bakı bazarına özü yollayıb, mənim Rusiyada böyüyüb Azərbaycan mental dəyərlərindən uzaq düşəcəyimdən qorxan atam mənim anamı sadəcə və sadəcə qurban verməyə üstünlük vermişdi, mən bu qurbanın boynuna bağlanan qırmızı lentdən başqa bir şey deyildim amma... Yaxşı, belə baxma mənə, hirsliyəm, bilirsən, ananın gecəki zəngindən sonra nə hala düşdüm, bir Allah bilir. Nə qədər zəng elədim sonra, alınmadı, deyəsən evdəki bütün telefonları da söndürmüşdü, kənddə qohum qalmadı zəng eləməyim, heç kim heç nə deyə bilmədi, xəbərləri yox idi, Fərman da cavab vermədi, yatıbmış, səhərə necə sağ çıxmışam bilmirəm. Və sonra mən gəlib Bakıya çatanda bu ifritə deyir ki, içkili olmuşam, bilməmişəm nə dediyimi, üstəlik evdə bir qız da saxlayırmış, bir iranlı oğlan da, necə özümdən çıxmayaydım axı, necə vurmayaydım onu, necə təpikləməyəydim o iranlını, necə tullamayaydım o Sevadı nədi, onu qolundan tutub bayıra? Mən sənin ananı Bakıya bunun üçün göndərmişdim? Bunun üçün? Axı Nadya fahişə olmaya da bilərdi, axı o sadəcə mənim hər ay ona yolladığım pulla səni normal böyüdüb oxutdura bilərdi, axı onun bu şəhərdə nəyi çatmırdı, Aida, nəyi?
Mən susurdum. Əgər atam anamın həyatında məhz nəyin çatışmadığını özü bu qədər illər boyunca anlayıb bilə bilməmişdisə, mən ona nə deyə bilərdim ki? Heç nə... O isə sadəcə və sadəcə özünə mənimmi, Səninmi, anamınmı, yoxsa özününmü qarşısında hesabat verir, bəraət qazanmaq, haqq tanımaq istəyirdi. Elə hey danışırdı, danışırdı, danışırdı...
- Mən kənd uşağıydım. Sonralar hay-küylə dağıdılan nəhəng bir ölkənin vətəndaşı kimi doğulmuşdum, Sovet məktəbində təhsil alırdım, rus sektorunda, rus dilində öyrənirdim bilikləri, rus dilində oxuyurdum dünya ədəbiyyatını, təsəvvür elə, adicə bir kənd uşağı öz kəndindən bir kənd uzaqdakı rus məktəbində o vaxtkı rus, erməni, xaxol-filan hərbçilərinin uşaqlarıyla eyni dərs otaqlarını bölüşür, eyni müəllimlərdən dərs alır, eyni ədəbiyyatı oxuyur, tam bir ailə, qızım, kəndlərimizdəki başqa məktəblərdən tam fərqli bir çevrədə yaranmış ayrıca bir dünya, təsəvvür eləyə bilirsən? Hər gün dərsdən çıxıb öz kəndimizə gəlmək, öz kəndimizin adi məktəbində azərbaycanca dərs alan yaşıdlarımla qarşılaşmaq əsl müsibət idi, mənə yad cisim kimi baxırdılar istər-istəməz, çünki onlar kimi deyildim, onlar kimi baxmırdım həyata, onlar kimi düşünmürdüm də hətta. Mənim içində rahat ola bildiyim dünyada da bu uşaqlar üçün yer yox idi, ola da bilməzdi, çünki, qızım, eynilik, qapalılıq, lakoniklik cırlaşdırır cəmiyyəti, dünyaya açıq olmaq lazımdı, dünyadan təcrid olunan heç bir cəmiyyətin inkişafı mümkün deyil, inan mənə. Onlar kimi almadımsa təhsilimi, onlar kimi baxmadımsa dünyaya, onların can atdıqları ali məktəblər də məni çəkməyəcəkdi, təbii. Mən hətta qarşı cinsə də başqa cür yanaşmışdım, orta məktəbin son siniflərində rus, erməni, elə azərbaycanlı qızlarıyla rahatca birlikdə dərs hazırlayıb kinoya-teatra gedə bildiyim kimi, öpüşə, qucaqlaşa da bilirdim, həmin vaxt mənim kənddəki yaşıdlarım onlarla bir parta arxasında oturmağı belə, əxlaqdan kənar sayıb utanan qız yoldaşlarına romantik, bədbin ruhlu şeirlər yazır, ox sancılmış ürək şəkilləri cızırdılar ağaclara-filan. Təsəvvür elə, bu yeniyetmələrin bəxti gətirəni sevdiyi qıza uzaqdan-uzağa məktub ya şeir yazıb cavabını alan idisə, bəxti gətirməyənləri heyvanat və daha kiçik yaşlı oğlan uşaqları çəkirdi istər-istəməz, istisnalar da ki qoca ya nimdaş fahişələrlə görüşməyə vadar olurdu. Mənsə artıq məktəb tədbirlərində qadın müəllimlərimizi aram rəqsə dəvət edir, özümü kübar və seçilmiş, nəcib bir kavaler qismində hiss edirdim. Sonralar Moskvada ali təhsil almağım da, Sankt-Peterburqda işləməyim də, elə ananla evlənməyim də parlaq oldu, kəndə hər gedişimdə barmaqla göstərilib haqqında hörmətlə danışılanlardan etdi məni, yenə başqa oldum hamıya, amma özününkü saydı məni hamı, bütün kənd...çünki mən daha artığına nail ola bilmişdim öz təhsilimlə və dünyagörüşümlə, təsəvvür edirsənmi? İndiyə qədər də bütün ətraf kəndlərdən yanıma cavanlar göndərirlər, Rusiyadakı imkanlarım hesabına yerbəyer eləyim, əllərinə çörək verim deyə. Amma mənim kəndimin mənim kimi olmayan yaşıdlarımın heç birinin ailəsi mənim ailəm kimi dağılmadı, heç birinin arvadı fahişəyə çevrilmədi, heç birinin qızı jurnalistikada oxumadı və sonra da günün birində öz xalqının dinini, mentalitetini dağıtmaqda ən fəal yardımçı kimi əcnəbi missionerlərin indi bomba kimi hər cəmiyyətə yerləşdirdikləri sektalardan birisinə qulluq eləmədi, Aida, lənət şeytana!!! Əsirdim başdan-ayağa. Həmin anlarda atamın qolunun altından çıxıb qaçmaq, bu adamdan uzaqlaşmaq, məni tapmayacağı, məni görməyəcəyi bir yerə getmək istəyirdim, üzümü, saçlarımı yalayıb üşüdən küləyin məni alıb aparmasını istəyirdim, həmin anlarda kipriklərimi qırpmadan baxdığım, məni də, anamı da ruhumuzun son zərrəsinə qədər didib parçalayan, hay-küyü ilə, adamları ilə, ağacları, binaları, maşınları, qumu, daşı, tozu, torpağıyla aşağıdan yuxarı arsız-abırız gözlərimə dolan Bakının üstünə getməkdən başqa heç nə istəmirdim.
Aşağıya baxdıqca məni arxasınca sürükləyən uçmaq, yıxılmaq, yerə çırpılmaq hissinə hər an daha artıq yenildiyimin də fərqindəydim…
Sonra atam elə küçədəcə mənimlə vidalaşıb getdi. Sonra mən evə getdim. Sonra anam məni qapıdan qaytardı, dükandan ona siqaret almağımı istədi. Sonra mən siqaretləri ona verdim və dəhlizdən mətbəxə keçdim ki su içim. Sonra mətbəxdəki balacaboy yaşlı kişini və kök qarayanız qadını gördüm. Qadın məni görən kimi içini çəkib bismillah dedi, kişi isə dodaqaltı nəsə pıçıldamağa başladı. Qəribə qoxu vardı mətbəxdə, tük yanmışdı elə bil, ya da şəkər, ya əski, bəlkə də bunların hamısı birlikdə. Salam verib dəhlizə qayıtdım, anam öz otağında İsanın rəsmi olan ikonasını yenə də açıb qarşısında dua oxuyurdu. - Maam, bu adamlar kimdi evdə? – soruşdum, - niyə burdadırlar ki? - İlahi, kömək elə və qoru, - anam bir də deyib sinəsinə xaç çəkdi və mənə çöndü, onları sənə görə gətirmişəm, səni təmizləməkdən ötəri. - Anlamadım. Nədən? Niyə? - İlahi, kömək elə və qoru, - anam yenə İsanın rəsmi olan ikonaya baxdı. Mətbəxə qayıtdım. Kişi açıq qəhvəyi rəngli nimdaş vilvet pencəyinin içəri döş cibindən sellofan tikəsinə bükülmüş balaca bir bağlama çıxartdı, sellofanın düyünlənmiş uclarını aça bilmədiyi üçün dişləriylə dartıb cırdı, sonra bağlamanı masanın üzərində qurdaladı, bağlamanın içindən çıxan qəhvəyi rəngli kütlədən üç barmağı ilə bir qədər götürüb mənə yaxınlaşdı: - Ye, - dedi kötükdən gələ biləcək kökündən qırılmış bir səslə. - Nədi bu? – iyrənmiş halda üzümü turşudub yana çəkildim, - kimsiz siz? Bura niyə gəlmisiz? - Ağanın ocağından təbərrikdi, qız, ye ki için təmizlənsin, şeytan çıxsın sənin ürəyindən, Allahın dininə gələsən, Allahın yoluna qayıdasan, Allahın adına and verirəm səni, bismillahir-rəhmanir-rəhim. - Dəli olmusuz? – kişinin az qala ağzıma toxundurduğu əlini itələdim, - açılın başımdan görüm! - Qız, cəddi vuracaq səni, kəssənə səsini! – yoğun arvad əlindəki “Borjomi” butulkasından ovcuna su tökə-tökə mətbəxin divarlarına, pəncərə qabaqlarına, sonra mənim başıma səpməyə başladı, ovcundaca dodaqlarıma uzatdı: - İç! – dedi, - ağanın ocağından təbərrik suyudu, Həccdən gəlib bu su, iç için paklansın, tez ol, vaxtım yoxdu, hələ çimməlisən, üstün doludu çirkabla, bütün qusullarını da verməliyəm.
Nə danışırsız siz? Nə çirkab? Nə su? Rədd olun bu saat bu evdən! Rədd olun! Mamaaa!!!- mən arvadın ovcunu da itələdiyim anda kişi qolumdan tutub burdu, ikisi birləşib məni yerə yıxdılar, kişi ayaqlarımın üstünə oturub qollarımı da yanlara sıxdı, arvadsa ağzımı zorla aralayıb halva yeməyimi istəyirdi, iyrəndiyim üçün ögüdüm, tüpürdüm, arvad “Allah sənə lənət eləsin!”,- deyib üzümə-başıma vurmağa başladı. Anamı çağırdım, atamı çağırdım, Səni çağırdım, Səni çağıranda ağzımı nəhəng və tərli əliylə sıxdı arvad, əlindəki neştəri üzümə yaxınlaşdıranda dəhşət içərisində çabalamağa başladım, gözlərim onların bircə kiprikliyində titrəyən tiyənin parıltısına qapandı, alnımın tən ortasında əvvəl istilik, sonra göynərti hiss elədim, sağ gözümün üstünə axan isti mayenin öz qanım olduğunu anlayanda huşumu itirdim.
Özümə gələndə anamın məni qucaqlayıb hönkür-hönkür ağladığını gördüm. Gözlərim dumanlıydı hələ, ayaqlarım, qollarım zoqquldayırdı, nə baş verdiyini, harada olduğumu anlamırdım hələ. Sonra üstümdə oturub məni sıxan kişini, başımın üstünə əyilib ağzıma zorla halva dürtən qadını, sonra onun məni vurmasını, sonra ağzımı qapamasını, sonra da gözlərimin qabağında parıldayan neştəri xatırladım. Alnımın ortası yanırdı. - Mama, maam, neylədin sən, - soruşdum halsız, - neylədin sən, maam... - Bağışla məni, nolar bağışla, mənim bir dənə qızım, mənim mələyim, bağışla məni. - Onlar kim idi, maam? - Pirdən tapmışdım onları, Lamara demişdi içinə şeytan girən adamları sağaldırlar, ekstrasensdirlər, Lamara demişdi sən çox dəyişmisən, qızım, sən həqiqətən də çox dəyişmisən, universitetdən də soyumusan, maraqlanmışam, bütün dərslərdən kəsirlərin var, adın qovulacaq tələbələrin siyahısındadır artıq, bütün günü gedib məbəddə kartof-alma təmizləyirsən, nə bilim, mantralar oxuyursan hansısa, üstəlik də orda da maraqlanmışam, mənə deyiblər ki, məbədin içində ikilik yaradan bir çevrəyə qoşulmusan, özlərini Tanrı, nə bilim tanrıçalar sayanların dəstəsindəsənmiş, atan da dünən sənə görə vurdu məni, Yusifi də qovdu, Sevanı da! Heç bilirsən ki Seva hamilədi? Heç xəbərin var ki Sevanın Bakıda məndən başqa kimsəsi yoxdu? Detdom uşağıdı axı yazıq, hara gedəcək, kimlə qalacaq? - Maam, sən niyə belə elədin, niyə? Mənim alnıma neyləyiblər onlar? O qadın məni ülgüclə kəsdi, maam! - Mən bunu bilmirdim, mən dua eləyirdim İsa üçün, sənin atan dünən məni it kimi təpiklədi, qızım satanistlərə qoşulub, amma sənin heç nədən xəbərin yoxdu dedi. - Mama, axı krişnaçılar satanist deyillər. - Fərman deyib ona belə, yadında, mənə də demişdi, gecələr orgiyalar edirlər demişdi hələ, mən heç nə bilmirəm. Dünən Markiz də çox narahat idi, atan məni vurandan sonra o da yoxa çıxmışdı, sonra gördüm ki pəncərədən tullanıb küçəyə, ölüb, təsəvvür edirsənmi, mənim Markizim intihar elədi, Aida! Mənim gözəl qara pişiyim, qara mirvarim mənim...- anam yenə hönkürdü. - Hanı o adamlar? – mən gözlərimlə ətrafı axtardım. - Qovdum onları, iti qovan kimi qovdum, sənin bağırtıların birdən kəsiləndə ürəyim dayandı elə bil otağımda, bura cumdum, gördüm huşunu itiribsən, kişi oturub üstündə, arvad da sənə su səpib şillələyir, dəli oldum, qapını açıb rədd olun dedim evimdən, yoxsa polis çağıracam. Sən dəlisən, maam, sən doğrudan da dəlisən...
Dəhlizdən otağıma keçəndə aynada üzümü gördüm. Alnımda, iki qaşımın tən ortasında bir santimetr uzunluğunda qıpqırmızı xətt görünürdü. Üst-başımdan, üzümdən, əllərimdən iyrənirdim, otağıma qaçdım ki, hamam xalatımı götürüm və gedib yuyunum. Aman Allah!!! Mənim bütün paltarlarım yerdə idi, çarpayımın altı üstünə çevrilmişdi, mənim bütün ayaqqabılarım ortalığa səpələnmişdi, kitablarım, bəzək əşyalarım, divarlardakı şəkillər, Krişnanın şəkilləri, Radhanın şəkilləri, Vrindavan qopilərinin şəkilləri, çoban oğlanlarının şəkilləri...heç nə yerində deyildi, onları çırıb tapdalamışdılar...və... Və mənim səcdəgahım dağıdılmışdı! Mənim səcdəgahım olan rəf divardan sökülüb yerə salınmış, Krişnanın yemək, su, od, çiçək təklif etdiyim çərçivəli şəkil parça-parça edilmiş, qablar çırpılıb sındırılmış, təsbehim qırılmışdı... Hər şey donmuşdu yer üzündə. Mənim ürəyim kimi donmuşdu Dünya. Bu donuqluğu hələ də mətbəxdə dizləri üstə çöküb ağlayan anamın hönkürtüləri də tərpədə bilmirdi... Qaçdım. Əynimdəki əzik-üzük, cırıq-qırıq paltarlarla, hörüyümün qarışmış, kilkələnib düyünlənmiş halıyla, alnımın qurumayan qanıyla çantasız və pulsuz eləcə yolu gözlərimə alıb qaçdım. Ətrafımdan adamlar keçdi, ayılmadım, maşınlar keçdi, oyanmadım, sinəmdə daş vardı elə bil, daş qədər ağırlaşmışdı ruhum, nəfəsimi, hərəkətimi, hıçqırıqlarımı hiss eləmirdim, bütün bunları yalnız haçandan haçana, bəlkə neçə saatlar boyunca şəhərin bütün küçələrindən, dalanlarından keçib yaddaşımın ən gizlin küncündə ilişmiş hisslərin diqtəsilə keçib, nəhayət ki, dünya içində dünya, şəhər içində şəhər olanı yer üzündə hər yerdən və hər kəsdən ayıran hündür daş hasara söykənəndə duydum. Karatalların, fizqarmonun, mrdanqanın səsi oxşadı ruhumu, hasar boyunca sürüşüb yerə çökdüm, Hare Krişna Hare Krişna Krişna Krişna Hare Hare Hare Rama Hare Rama Rama Rama Hare Hare vibrasiyasının dalğası aldı apardı ruhumu harasa, haralarasa, buralardan çox, çox, lap çox uzaqlara... Sən hardaydın, Əzizim... Haribol, - Sadiqin səsinə başımı qaldırdım. Haribol, - cavab verdim. Nə olub sənə? Bilmirəm. Vahidi görmüsən? – Qaragözü soruşurdu. Yox. Evdən gəlirəm.
Mən də indi gəldim, heç birisi yoxdu məbəddə, Quru mühazirə oxuyur, ŞrimadBhaqavatamdan, gedək dinləyək. Dur, burda qalma, sonra çıxarıq şəhərə, yaxşı? Yaxşı, - dedim və mənə uzatdığı əlindən tutub ayağa qalxdım.
Tarix: 09.06.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 318 Bölmə: Cavidan "Namə"