Mən bu gün Sənə xəyanət eləmişəm. Son yeddi ildə tapındığım bütün prinsipləri pozmuşam. Ət yemişəm, konyak içmişəm, siqaret çəkmişəm, lotoreya bileti alıb yerindəcə uduzmuşam, Nazimə zəng eləyib gecəni onunla keçirmək istədiyimi demişəm, səhər onun evindən üstüm-başım yuyulub təmizlənməmiş çıxmışam və axşama kimi şəhərin küçələrində dolanmışam. İndi buradayam, Atəşgahda. Axşamın qaranlığı düşmədən Sənə yazmaq istədiyim, Sənə yazmalı olduğum, Sənin, yalnız Sənin oxumağını istəyəcəyim bütün məktubları bir-birinin ardınca başlamaq və bitirmək istəyirəm. Gözlərini yum... Oxu...
1 – ci məktub Bakıya ilk dəfə ayağım dəyəndə səkkiz yaşımın içindəydim. Anamın əlindən yapışıb, bizim paltarlarımız və vacib əşyalarımız yığılmış iki nəhəng çemodanı rahatca tutub taksiyə daşıyan Samir əmi dediyim cavan oğlanın ardınca ilk addımlarımı atanda uşaq ağlıma gəlməzdi ki, bu şəhərdə bir ömür boyu yaşamağa məhkum olacaq, bir də doğulduğum Sankt-Peterburqa dönməyəcəyik. Mən hələ bilmirdim ki, atam məni və anamı Azərbaycanla Ermənistan arasında gedən müharibədə atəşkəs dövrü rəsmən elan olundu deyə arxayın olaraq və “bir müsəlman kişisinin öz qızını Rusiyada böyütməsi düzgün deyildir” fikirləri ilə buralara köçürdüb. Və çox-çox sonralar biləcəkdim ki, əslində milis mayoru vəzifəsində işləyən atamın özünün ukraynalı gənc katibəsinə gözü düşübmüş və, o sadəcə və sadəcə, əlinə-ayağına dolaşacaq arvadını səkkiz yaşının içində atılıb-düşən qızıyla Bakıya yollayıb, özü rahatca sevgilisini SanktPeterburqdakı evimizə gətirmək, onunla yaşamaq, həm də rahat yaşamaq qərarını veribmiş. Samir əminin bizi gətirdiyi ev Bakının qaçqınlar yaşayan həyətlərindən birində idi. Atamın tapşırığı və pulu ilə bu üçotaqlı, ikieyvanlı birmərtəbəli mənzil anamın adına alınmışdı artıq. Anam masanın üzərinə kolbasa-çörək və su qoydu. Mən otaqları gəzməyə başladım. Mebellər və qab-qacaq da, yatacaq və pərdələr də hazır idi. Pəncərəsi dar bir ara küçəsinə açılıb üzbəüzdəki bapbalaca ərzaq köşkünə baxan otaqda piano vardı və Samir əmiylə birgə nisbətən yüngül mebellərin yerlərini dəyişməyə başlamış anam bu otağa keçincə, məni qucaqlayıb “bura sənin otağın olsun”, - dedi. Sonra Samir əmi gəldi, pəncərəni açdı, saçlarımı sığalladı, gülümsədi, əlini saçlarımdan çəkincə də anamın pianonun qapağına enmiş əlinin üstünə qoydu, “mən burda olacam hələlik, sonrasına baxarıq”, - dedi. Anam ağladı. Samir əmi onu qucaqladı, “yaxşı, bəsdi, olmaz uşağın yanında”, - deyib apardı. Mən pəncərədən darısqal ara küçəyə, üzbəüzdəki bapbalaca ərzaq dükanına baxmağa başladım. Məndən azca böyük olacaq iki oğlan bir-birinə aman verməyərək danışır, səsləri qalxıb-endikcə, əlləri-qolları da havada yellənirdi. Çirkli və kasıb üst-başlarıyla, köntöy və kobud hərəkətləriylə o qədər məzəli görünürdülər ki, özümü saxlaya bilməyib güldüm. Dönüb baxdılar. - Bu kimdi? – oğlanın biri mənim gözlərimin içinə baxa-baxa o birindən soruşdu. - Nə bilim? - o biri də gözlərimin içinədək baxa-baxa cavab verdi, - russan? – sual mənə idi bu dəfə. - Yox, - dedim və pərdəni cəld bağlayıb otaqdan dəhlizə çıxdım. Orta otaqdakı masanın üzərindən kolbasa dilimi götürüb yeyə-yeyə anamla Samir əmini axtardım. Üçüncü otağın qapısı bağlıydı deyə, həyətə çıxdım. Alçaq balaca hovuzun yanında iki arvad paltar yuyur, üçüncüsü də yuyulanları ipdən asırdı. Həyətin tək iri ağacının altında dörd kişi domino oynayırdı. - Mamaa! – bütün həyətə bağırdım və hamı əlini saxlayıb mənə sarı döndü, mamaa! – bir daha bağırıb dodaqlarımı bir-birinə sıxdım və ağladım.
- Maman evdən çıxmadı ki, balam, - ipə paltar sərən arvad dilləndi. - Mamaa! – mən daha bərkdən bağırıb ağladım... Arvadlar başlarını buladılar. Kişilər pıçıldaşıb gülüşdülər. Daha mənə kimsə baxmadı. Bu həyətdə hamı qaraydı, hamı, hamı... Samir əmi həmin gün, həmin gecə və sonra daha neçə gün, daha neçə gecə bizdə qaldı, mənzilimizin üçüncü otağının qapısı üzümə o qədər çox bağlandı ki, həyətdə paltar yuyan arvadlar, domino oynayan kişilər, küçədə dalaşan, söyüşən uşaqlar gözlərimin içinə o qədər çox baxdılar ki... Sonra bir gün atam gəldi. Anamı da, Samir əmini də vurdu, evdə olan qabların yarısını sındırdı, pərdələri qırıbtökdü: - Qoca köpək, - dedi anam ona, - elə bilirdin sən öz qızın yaşda xaxolu altına alanda, mən sənin namusunu qoruyacam? Yuxuda görərsən o günü! Bütün dostlarınla yatacam bir-bir, bütün qardaşlarına girişəcəyəm, bütün nəslini fahişəyə çevirəcəyəm, baxarsan! - Tfu sənə də, sənə də! – atam bir lomba anamın, bir lomba Samir əminin üzünə tüpürdü, qapını çırpıb həyətə düşdü. Samir əmi paltarlarını bir çemodana yığıb getdi. Anam bütün varlığıyla titrəyə-titrəyə siqareti siqaretə caladı. Mən küçəyə açılan pəncərəmdən bircə anlığa belə çəkilmədim. Atam axşamacan həyətdəki kişilərlə domino oynadı. Sonra atam evə gəldi. Sonra anam masanın üzərinə balıq qızartması, pomidor doğraması, çörək və qırmızı çaxır qoydu. Sonra mən anamın dünən bişirdiyi kartoflu pirojkilərdən ikisini yedim. Sonra atam balıqla çörək yedi, anamsa yalnız çaxır içdi. Sonra mən atamın qucağında oturub boynunu qucaqladım, o, futbola baxdı, mənsə onun üzünə, gözlərinə, bığına, qulaqlarına... Sonra bir meşədə nəhəng bir div atamı qovmağa başladı, mən yerə yıxıldım, dizlərim qanadı, əllərimi havada yelləyə-yelləyə bir az aralıda odun doğrayan kişiləri köməyə çağırdım, kimsə məni eşitmədi, divsə hər addımında daha bir az yaxınlaşdı atama, daha bir az yaxınlaşdı, daha bir az... Sonra anam məni qucağına alıb öz yatağına apardı, mən onların ikisinin arasında uzanıb gözlərimi yumdum...
Atam bizi Bakıda saxlayıb Sankt-Peterburqa döndü. Anam məni yaxınlıqdakı məktəbə düzəltdi. Mən Bakının dünyasına gözlərimi açmağa başladım... Sonrakı aylar, illər bir göz qırpımında keçdi, bilirsən... Atam bizə pul və hədiyyələr yollayır, Samir əmi onları gətirib anama çatdırır, mənim saçlarımı sığallayıb gedirdi. O daha bir də bizdə gecələmədi, məncə, daha üçüncü otağa da ayaqları dəymədi. Atamın kənddəki qohumları tez-tez evimizə gəlməyə, günlərlə qalmağa başladılar. Nənəm, əmim, bibim, bibimin əri, əmimin arvadı, əmimin qaynı, atamın əmisi, dayısı, xalası, bibisi oğlanları... Anamın günü bu qonaqlara yataq və yemək hazırlamaqla keçərdi, bircə dəfə də olsun şikayətlənməz, deyinməzdi. Qonşularımızın çox kasıb və borc içində yaşadıqları bir zamanda bizim evimiz həmişə qonaqlı, soyuducumuz ağzına qədər ərzaqla dolu, süfrəmiz hazır olardı. Anam qonşularla qaynayıb-qarışmazdı, məni də həyətdəki uşaqlarla oynamağa, dərs hazırlamağa buraxmazdı. Deyərdi onlar aşağı pillənin adamlarıdı, and içə bilərəm ki, evlərində kitab şkafları, yazı masaları, qəzet qovluqları yoxdur, adım kimi əminəm ki, onların qadınları televizora ancaq başqalarının taleyi ilə maraqlanıb sonra qeybət qırmaq üçün baxırlar, nə bir ciddi xəbərə qulaq asarlar, nə operaya-baletə baxarlar, nə də qadınlar üçün hazırlanan verilişlərə. Onların heç yemək kitabçaları da yoxdu mətbəxlərində... Anamın adı Nadyadı. Nadejda Cavadovna. Atası özbək olub, anası rus, anasının anası isə qaraçı olub. Anam gəncliyində balerina imiş. Gürcüstanın ən məşhur artistlərindən biri ilə sevgisi varmış. Az qala evlənirmişlər. Anamın anası qızının bir “qara”ya getməsini istəməyib, atası isə onları çoxdan atsa da həmən tapılıbmış ki, oğlan müsəlman deyil, ona getsən, öldürəcəyəm səni... - Atam axund idi axı! Gələn kimi də məni balet məktəbindən çıxartdı. Vaxtanq atdı məni. Mən damarlarımı kəsdim, xəstəxanada ayılanda başımın üstündə cavan bir milis kapitanı dayanmışdı. Onu görəndə qışqırdım: “Vaxtanq!” O qədər oxşayırdılar ki! Nə isə. Sonra ona ərə getdim. Anam daha mane olmadı, elə atam da, - deyə anam tez-tez danışardı… O, mənim atamı sevirdi. Amma hər içəndə Vaxtanqı xatırlayırdı bir az, hər xatırlayanda ağlayırdı bir az, hər ağlayanda ölürdü bir az... Mən bütün gürcülərə nifrət edirdim! Bir dəfə anam dedi ki, mənim otağımı İrina və onun bu yaxınlarda doğulacaq uşağı üçün hazırlamalıyıq.
Biz ciddi-cəhdlə şkafdan mənim paltarlarımı alıb orta otağa yığır, çarpayını gah bu, gah o divara yaraşdırır, pərdələri necə açsaq körpəyə daha çox gün işığı çata bilər deyə baş sındırırdıq. Mənim on iki yaşım vardı. İrinanın atamın Sankt-Peterburqdakı məşuqəsi olduğunu bilirdim artıq, ondan doğulacaq uşağın mənim bacımmı, qardaşımmı ola biləcəyini də anlayırdım. Anlamadığım bircə şey vardı, anamın bu qadının gəlişini bu qədər səbrsizliklə gözləyib bu dərəcədə həyəcanla hazırlaşması... İrinanı Samir əmi gətirdi. Nəhəng qarnı ilə qapımızdan içəri girən bu on doqquz yaşlı sarışın qadın mənə elə bənzəyirdi ki, anam da, mən də mat qaldıq. Mənim anam da sarışın, ağbəniz idi əslində. Amma o vaxt, özünün on yeddi yaşında atama qoşulub onların kəndinə gəlin kimi gəldiyi zaman onu tərtəmiz rus görünüşünə görə qaytarıb qovmasınlar, ailələrinə gəlin olaraq qəbul eləsinlər deyə, saçlarını da, qaşlarını da zil qara rənglə səliqəylə boyatdırıbmış. Hələ beynəlxalq danışıqlar məntəqəsindən oğlu ilə danışan babam “özün bil, matişkəfason qız olsa elə vağzaldan geri qayıdacaq!”,- desə də, sonradan uzun qara hörüklü, ətəyi dabanlarında don geyinmiş dünya gözəli anamı görüncə ürəyi götürülmüş, oğlunu unudub gətirdiyi qızı bağrına basaraq alnından dönə-dönə öpmüş, “xoş gəlmisən, qızım!“,- deyə kövrəlibmiş. Anam tez bir zamanda bir evin, bir nəslin, bir məhəllənin, bir kəndin ən sevimli gəlininə çevrilibmiş, gözəlliyinə, ağlına, həyasına, əl qabiliyyətinə həsəd aparırmışlar kənd qadınları. Anamdan sonra kənddə rus qızla evlənmək dəbə düşübmüş hətta, uzun hörük saxlamaq, ətəyi dabanlarında donlar biçdirmək xəstəlik kimi yayılıb hopubmuş kənd gəlinlərinin canına. Hələ anamın rəqsi! Bütün mağar tamaşalarına dayanırmış atamla anamın birgə oynadıqları “Ləzginka” rəqsinə... Anam İrinanı qucaqlayıb ağladı: - Mən elə bilirdim o məni atıb, sən demə təzədən tapıbmış! - dedi. Anam düz bir ay İrinanın qulluğunda dayandı, sonra ağrıları başlayanda onu xəstəxanaya apardı, daha sonra yenidən evimizə gətirdi, ona körpəyə baxmağı, atama qulluq eləməyi, nənəmin bişirdiyi yeməkləri hazırlamağı, atamın sevdiyi kimi geyinməyi, bəzənməyi, davranmağı öyrətdi. İrinanın oğlu olmuşdu, uşaq anadangəlmə sünnətli doğulmuşdu deyə, adını elə xəstəxanadaca İbrahim qoymuşdular - bir peyğəmbərin şərəfinə... Sonra atam gəldi. Sonra anam getdi.
Sonra mən anladım ki, anam indiyədək yığıb ehtiyatda saxladığı pullarına şəhərin bir başqa yerində bir başqa mənzil alıbmış. Sonra İrina məni incitməyə başladı. Sonra atam məni anamın yanına apardı. Sonra İrina atamın olanını-qalanını yığışdırıb yoxa çıxdı. Sonra atam Sankt-Peterburqa qayıtdı. Sonra anam ərə getdi. Sonra ərindən ayrıldı. Sonra başqa evə köçdük. Sonra başqa kişiylə yaşadıq. Sonra bu evi də dəyişdik. Sonra bu kişi də yenisiylə əvəz oldu. Sonra mən böyüdüm...
2-ci məktub Yadındamı ilk dəfə iş axtarmaq, pul qazanmaq cəhdim? Yox? İndi danışacam. Bax, Sənin mənə balaca da olsa bir sürprizin, bir həyat hədiyyən olacaq, mütləq olacaq deyə inandığım zamanlar idi, o zamanların sərin axşamlarının birində, qonşu həyətin ikinci mərtəbəsindəki iş kabinetinə bənzəyən otaq - mən, qoca, Sən... Səhərdən dilimə heç nə dəyməmişdi. Qarnım burulub incidirdi məni. Əcaib qurultular eşidilməsin deyə qarşımdakı qəzet, kitab və kağızları bir-birinə vururdum. Bəlkə də əbəs yerə. Qoca yəqin ki eşidirdi bu dəlisov mədə üsyanını. Axı deyirlər korların eşitmə qabiliyyəti daha güclü olur. Gözlərində qara eynək olan bu adam öz evində hər şeyin yerini bilirdi, istədiyi müəllifin adını çəkməsiylə durub nəhəng divarboyu şkafdan kitabını tapması bir olurdu. Hətta bəzi məqamlarda mənə elə gəlirdi ki, qocanın kor olduğunu düz deməyiblər. Amma bu boyda həyətdə hamı yalançı ola bilməzdi axı. Anamın rəfiqəsi olan Lamara elə beləcə də dedi: - O, kordu, heç nə görmür, vaxtilə çox məşhur jurnalist olub, indi buraxdığı qəzet üçün ona məhz sənin kimi birisi lazımdır ki, həm yazılarını yazsın, həm də onu nəşriyyata, redaksiyaya-zada aparsın. Yaxşı pul da verər buna görə. İş istəmirdin? Qarnım növbəti dəfə uğuldayanda kişi mənimlə üzbəüz oturub masanın üzərindəki vərəqləri qarışdırdı: - Sənin yazılarını bəyəndim, Aida xanım. Get, sabah bizim qəzet üçün bir şəkil çəkdir, gətir ver mənə. Özün də axşam bizdə ol. Aida xanım, neçənci kursdasan? - İkinci. - Əla, lap əla.
Səhər universitetdə bütün rəfiqələrimə yaydım ki qəzetdə işə düzəlmişəm. Dərsdən sonra hamılıqla yaxınlıqdakı fotostudiyaya getdik.
Saçlarımı açıb daradılar, dodaqlarımı boyadılar, dilinlə islat dedilər dodaqlarını, bir azacıq da aralı saxla, qoy gözəl düşsün... Küçəyə çıxdıq. Asuda soruşdu: - Redaktorun cavandı heç olmasa? Dəyər ona görə gözlərini xarab eləməyə? - Nə danışırsan, qoca kişidi, heç nə görmür. - Daha deynən erkək kar kor kürküyırtıqdı da. Özünü korluğa vurub orana-burana əla atar, biabır olarsan. Heç olmasa, əlləri ətli-mətlidi, yoxsa quruyub? - Aaaa! Bəsdiii!!! – qızların qəhqəhəylə gülməsindən azca pərt olsam da, özüm də onlara qoşuldum. Axşam şəklimi və son yazılarımı götürüb qonşu həyətdəki evin ikinci mərtəbəsinə qalxdım. Sahilə xala (qocanın arvadıydı) qaşqabaqlı halda qapını açıb məni süzdü: - Bundan sənə bir şey çıxmaz, qızım, o, qocadır, bilmir nə deyir, çox da inanma. Özünə başqa yerdə iş axtarsan, yaxşı olar. Tutuldum. İstədim geri qayıdım, amma içəridən qocanın hökmlü səsi eşidildi: - Sahilə, burax onu yuxarı! Mən gözləyirəm axı! Arvadı ağır gövdəsini və qaşqabağını sürüyə-sürüyə dodağının altında nəsə mızıldanaraq qapıdan çəkildi və yan otaqlardan birinə keçdi. Mən qocanın yanına getdim. Dünənki yerində oturmuşdu, barmaqları gözlə görünməyən klavişləri tıqqıldadırmış kimi hərəkətlər edirdi masanın üstündə, içinin qaranlığında hansı musiqini dinləyirdi, hansı ritmə köklənmişdi, bir özü bilirdi, bir də barmaqları. - Otur, - dedi, - nə gətirmisən, oxu. Yazılarımı oxudum. Şəklimi istədi, verdim, əlində sığallayıb yüngülcə gülümsədi: - Heyif, görmürəm. Səsin o qədər gözəldir ki, təsəvvür eləyirəm özün necə ola bilərsən...mənim üçün bax, bunları köçür, qoy qırağa. Mən onun kirillə və pozuq-qaralama şəklində olan əlyazmasını elə əl yazısı ilə latın qrafikasına çevirməliydim. Yaza-yaza gözlərim nə üçünsə elə hey gedib qocanın, Asuda demişkən, ətli-mətli əllərində ilişir, qalırdı, qızlarla səhərki zarafatlarımızı xatırlayıb qocanın onsuz da məni görmədiyindən arxayın bir halda gülümsəyirdim. Barmaqları yenə də masanın üstündəki mənim görmədiyim klavişləri dilləndirməkdə idi, nəfəsi otağı başına alıb yandırırdı. Yanaqlarım od içindəydi, qocanın həssaslığının təsirindən idi, anlayırdım... - Al, bu kitabçada bir adam deyim, onun telefonunu tap, de mənə, - bir telefon kitabçası qoydu qarşımda. Aman! Ölkənin bütün yazıçılarının, şairlərinin, mətbuat adamlarının ev ünvanları və telefonları vardı burada! Ona lazım olanı tapıb dedim. - Səhər saat on üçün burda ol. Nəşriyyata getməliyik. Bax ha, on tamamda gözləyəcəyəm. Evdə Sahilə xalanın sözlərini anamla Lamaraya danışdım. Anam güldü. Lamarasa deyindi: - Qısqanır da onu. Kişi də az aşın duzu deyil axı, döyür, söyür arvadını, onun deyinməyi ucbatından gəlini, oğlu, nəvələri aylarla qapılarını açmırlar. Amma necə də olsa, qoca kişidir də, kor, dünya işığına həsrət, onun əsəblərini başa düşmək olar.
- Səhər kilsədə anam üçün şam yandırmağı yaddan çıxartma, Aida, işini bitirdin, yolüstü mütləq dəy, bir-iki kilo da alma alarsan verərsən qapıdakı dilənçilərə, pul qoymuşam aynanın qabağında, - anam sevimli qara pişiyini qucaqlayıb burnundan öpdü, - Markizim məniiimmm... Səhər saat on tamamda qonşu həyətdəydim. Qoca çox eleqant geyinmişdi, əl ağacı və qara dəridən qovluq götürmüşdü. - Qoluma gir, səkilərin tinlərində, küçəni keçəndə mənə de. Hər gün onca dəqiqəyə keçi kimi hoppana-hoppana getdiyim yolu az qala bir saata yarı elədik. Sonra taksiyə oturub Azərnəşrə yollandıq. Kişi biləyimi sıxır, hərdən barmaqlarıyla ehtiyatla sığallayırdı. - Səni bilirsən necə təsəvvür eləyirəm? Uzun, qızılı saçlarını çiyinlərinə tökmüsən, lap şəlalə kimi. Gözlərin o qədər gözəldir ki...bir də, dodağının üstündə xırdaca bir xal var. - Siz məni görürsünüz bəyəm? - Səni bu gecə yuxumda görmüşəm. Mənim ilham pərim olmuşdun...Aida xanım, həmişə şalvar geyinirsən? Yox, bu daha ağ oldu. - Siz hər şeyi görürsüz. - Mən ürəyimin gözüylə görürəm səni. - Bəs... - Şalvar geyinməyini hiss eləməyə nə var ki, ayaqlarının istisini duymuram, ondan bildim. Qulaqlarımacan qıpqırmızı olduğumu bilsəm də, bu kor qocanı beləcə yolun ortasında başlı-başına buraxa bilməyəcəyim üçün və bu məsuliyyət hissimdən daha güclü olan maraq duyğusu da ağlıma hakim kəsildiyindən bir qədər də gözləməyi qərara aldım. Qoca məni redaksiyanın işçiləri ilə tanış elədi. Hə, demək, bu erkək kar kor bu qəzetin təsisçisi imiş, buradakı çalsaç, çirklipencək adam baş redaktor, o biri uzundraz da çalsaçın müaviniymiş. Çalsaç çirklipencək dünən səliqəylə ağ vərəqlərə köçürtdüyüm yazıları və mənim şəklimi, üstəgəl iki məqaləmi zərgər diqqətiylə nəzərdən keçirməyə başladı, hərdən başını qaldırıb üzümə baxır, “yaxşıdı, aha, əla, əlaaa, gedər, bu da gedər”,- deyə sözlər mırıldanırdı. Uzundraz gözünü bir an da olsa məndən çəkmir, çalsaçın suallarına da iki kəlmədən bir çaşıb səhv cavablar verirdi. Sonra uzundrazla qoca xeyli ikilikdə pıçıldaşdılar. Uzundrazın gözləri qaynayırdı, tez-tez mənə baxır, gülümsəməyi də unutmurdu. - Gedək, Aida xanım, bu günlük tanışlıq bəsdir. - Görüşənədək, - uzundraz hırıldadı. Qoca, deyəsən, bir az da ürəklənmişdi. İndi biləyimi daha bərk sıxır, yeriyərkən bütün vücuduyla mənə daha çox qısılmağa çalışırdı. - Aida xanım, heç nişanlın-zadın olub? Yəni oğlanın... - Necə bəyəm? - Birdən sənin işləməyinə mane ola bilən kimsə olar deyirəm. - Yox, elə bir adam yoxdu, həm də mən axı jurnalistikada oxuyuram, bu onsuz da mənim işim olacaq ömür boyu.
- Hə, düzdür...sən bax axı əslən rayon qızısan da, hə? Atan rayondandı, hə? - Düzdü. - Rayonda nənə-baba həyətiniz var da yəqin, hə? - Var, əlbəttə. - Orda əncir, gilas, daha nə bilim nə kimi ağaclar çoxdu? - Çoxdu, meşə kimidi nənəmgilin həyəti. Qocanın nəfəsi get-gedə təntiyir, həyəcanı açıq-aydın hiss olunurdu. Birdən az qaldı utanam yerə girəm xəcalətimdən ki, bu qədər çarəsiz və zəif bir qocadan bədgümanam. İnsan həyatının son ilini, son ayını yaşayır bəlkə, ömrünü həsr elədiyi qəzetçiliyinə aparan yolda başı havalı və sarsaq bir qıza möhtacdır, bəlkə indi burnunun ucu göynədi vaxtilə doğulub yaşadığı kəndləri üçün, meşə kimi həyətləri üçün, əncir, gilas, daha nə bilim nə ağacları üçün, mənsə...Elə təzəcə ona yazığım gəlməyə başlamışdı ki... - Aida xanım, - qocanın nəfəsi üzümün sol tərəfini yandırdı,- heç ağaca çıxmısan? - Nəə??? - Ağaca yəni, ağaca daa, çıxmısanmı soruşuram. - Necə bəyəm, başa düşmədim? - Burda başa düşməli nə var ki, qızlar ağaca çıxmır bəyəm? Sən nənənin-babanın həyətində heçmi ağaca dırmaşmadın? - Nə bilim, yadıma gəlmir. Bəlkə uşaq vaxtı, amma, vallah yadıma gəlmir. - Ordan çox yəqin ki yıxılmısan yerə, hə? - Yox, yıxılmamışam, - çaşqınlıqdan və əsəbimdən nə edəcəyimi bilmirdim, axı bu nə axmaq söhbət idi? - Niyə yıxılmamısan? Gərək yıxılaydın. Heç olmasa, tövlənin damından. - Tövlənin damında nə işim axı? - Bəlkə çıxmışdın da. - Yox, çıxmamışdım. - Heç xəndəyə-zada da yıxılmamısan? - Başa düşmürəm, axı mən nə üçün mütləq yıxılmalıydım? - Aida xanım, bilirsənmi, bu iş belədir ki...məsələ burasındadır ki, mənim ayrıca bir mənzilim var. Mənim adamım, yəni bayaq gördüyün müavin, səni ora aparır, sonra məni də aparır, biz orda yaxından tanış oluruq, sonra yəqin ki səni işə də götürürəm, görsəm yaxşı işləyirsən, evi də keçirdərəm adına, yaxşı? Aida xanım, cavab ver də! - Maşın!!! Az qala “Mersedes”in altına düşəcəkdik. Sürücü başını çıxarıb deyindi: - O kordu, sənin də gözlərin tutulub??? Mənim beynim tutulmuşdu o anlarda, bircə məhəlləmizə tez çatsaydıq, bircə bu səfeh qocanı onun qısqanc arvadına sağ-salamat təhvil versəydim... - Aida xanım, təsəvvür eləyirəm bizim üçün necə xoş keçər, sən susursan, demək ki razısan, düzdü? Sənə quzu kəsərəm, Aida xanım...Amma bir şey var ki, gərək qabaqcadan mütləq sənə deyəm. Sonra qorxub-eləyərsən, mən də inciyərəm. Məsələ burasındadır ki, mən çox çılğınam, çox eyy, lap dəli kimi çılğınam, gözümə heç nə görünmür çılğınlığım tutanda...əsirsən ki! Deyəsən, sən də çılğınsan ha, - biləyimi elə sıxdı ki, az qaldı damarlarım partlasın, ağrıdan içimi çəkdim, - bax belə, Aida xanım, inildəməyin ürəyimi parçaladı... Evə çatdıq...
Sahilə xala qaşqabağını töküb qapıda dayanmışdı: - Nə gec gəldiniz, - dedi, - işə götürdü səni? - Hə, götürmüşəm, - qoca dedi. - Yox, Sahilə xala, mənlik deyil bu iş, çox tələbkardırlar, mən dərslərimi çatdıra bilməyəcəm o rejimlə işləsəm, - dedim. - Başa düşürəm, qızım, - Sahilə xala dərindən köksünü ötürüb rəngi qaçmış, üz-gözünü tər basmış erkək kar-korunu itələyə-itələyə pilləkənə sarı apardı. - Axı sənin yazını bu nömrədə verəcəyəm, - qoca səntirləyib dedi, səsi titrəyirdi, qonorar da alarsan. Mən dönüb baxsam da, Sahilə xalanın əlini ağzına qoyub başını yana tərpətməsindən “sus və get” işarəsini başa düşdüm və heç nə demədən öz həyətimizə keçib qapımızı döyməyə başladım... Ahh! Hələ indi xatırladım kilsəyə getməli, ana nənəmin ruhu üçün İsanın qarşısında şam yandırmalı, dua pıçıldamalı olduğumu...
3-cü məktub “28 may” metrosunun yanındakı qələbəlikdə iki kilo ağ alma alıb üzüyuxarı, kilsəyə tərəf gedəcəkdim. Almanın pulunu ödədiyim zaman basırıqda kimsə məni itələdi və almasatanın yanında kətildə oturub, ağrıdığı üçün bərk- bərk sarındığı bilinən qıçını uzadan noxudsatan qocanın üstünə yıxılmaqdan özümü zorla saxladım. Mənimlə qocanın arasına nəhəng bir palçıqlı polis çəkməsi girdi. Noxud ləyəni aşdı, çəkmənin ikinci dəfə görünməsiylə alma tası böyrü üstə düşdü. Birtəhər başımı qaldırıb ətrafa baxanda dörd yanımda bir Kərbəla müsibəti gördüm. Limon, göyərti, çorab, qaloş satan arvadların şivəni, şokoladları, peçenyeləri, saqqızları ayaqlar altında əzilən yeniyetmələrin bağırtısı, “28 may” metrosu ətrafındakı qələbəlikdə hər iki adamın arasına mütləq girib, toxunduğu hər şeyi dağıdan qara, kirli çəkmələrin içindən boy atan igid-igid polislərin ana-bacı saxlamayan söyüşlərdən köpüklənən at ağızları, qaçan, yıxılan, ağlayan, qarğıyan, qadınların ağrıları bir-birinə qarışmışdı. Hər dəfə bu metronun yaxınlığında gördüyüm mənzərə idi bu və bunu Sənə niyə danışıram ki? Məndən çox olmurdunmu oralarda? Məndən çox izləmirdinmi? Məndən çox çağırmırdılarmı Səni oradakı adamlar??? Yadındamı, orada demək olar ki, hər dəfə qarşılaşdığım ucaboylu, çürümüş kartof rəngli polis vardı, həmin polisi uzaqdan görəndə qaçardı adamlar hara gəldi, ondan qaçıb başqa polislərə pənah aparardı çoxu, təki qabını aşırtsınlar, təki anasına-bacısına söysünlər, təki dəyənəklə vursunlar bir-iki dəfə, amma əynindəki, əlindəki paltarları kəsik-kəsik eləməsin özüylə gəzdirdiyi iri dəmir qayçı ilə o dəhşətli məxluq. Təki dürtmələməsin o qayçının ucuyla böyrünü-qoltuğunu o faşist… Yadındamı… - Otello!!! – dəhşətlə bağırdı qulağımın dibindəcə yun köynəklər satan on üç-on dörd yaşlı oğlan uşağı.
Qaaaaç!!! – ayağını kənara atdı yanındakı isti şarf və papaqlar satan qadın. Qancııııq!!! – qadına əli çatmadığı üçün quduz köpəyə dönən kartof rəngli nəhəng polis onun qarşısına keçən oğlanın satdığı köynəklərin birinin qolundan yapışdı, - gəl görüm, küçük!!! Qancıq anandı, erməni kopayoğlu!!!- bağırdı oğlan. Sssənin ananı erməni…!!! – oğlanın üstünə şığıdı polis. Balamdı, qaçqınıq, nolar burax, nolar ayağın altda ölüm, balanın canına and verirəm səni, Allaha and verirəm… - qorxusundan yaxınlaşa bilməyən, dərdindən uzaqlaşa bilməyən qadın satdığı şarf və papaqları bərk-bərk sinəsinə sıxaraq ağlayırdı. Kəsməəə, kəsmə nolar…anaaaaa…..- satdığı yun köynəkləri əllərindən buraxmaq istəməyərək ağlayırdı oğlan. Hhh! Hhh! Hhh!!! – fısıldayırdı faşist, yun köynəkləri, oğlanın əynindəki nimdaş gödəkçəni, böyrünü, qoltuqlarını iri dəmir qayçı ilə doğram-doğram eləyərək…
Ayaqlarıma toxunan əllər bayaqkı qocanın idi, palçığın, lilin içində ovuc-ovuc noxudları yığırdı. Mənim aldığım almalar çoxdan sellofan torbanı cırıb yoxa çıxmışdılar. Bu meydanda hamı, hər şey qaçırdı kartof rəngli üzü olan nəhəng, bədheybət faşistdən… Nə olursa olsun, buradan çıxmalıydım, kilsəyə isə almasız da getmək olardı, əsas qapının ağzındakı balaca piştaxtadan şam alıb İsanın qarşısında yandırmaq idi. Üzümə üzlər, əllərimə əllər, gözlərimə gözlər toxundu, sürtündüm adamlara, əzildim aralarında, yıxıla-dura birtəhər seyrəkliyə çıxınca da qarşımda qaçan qızın kitabları yerə düşdü, qeyri-ixtiyari əyilib qaldırdım, üç kitab idi, bir-birindən qalın, bir-birindən ağır. Başımı qaldırıb qızı görməyəndə “Kitab, kitab, ay qız…” çağırmaqdaydım ki, qollarımı iki tərəfdən burub ayaqlarımı yerdən üzərək məni aparıb bir maşının içinə atdılar. Heç nə anlamırdım. - Nə olub axı, məni niyə tutmusuz? Niyə tutmusuz məni? – deyə soruşsam da, kimsə cavab vermədi. İki dəqiqə keçmədi ki, bayaqkı qızı və daha üç oğlanı yanıma sıxışdırdılar, bir çanta kitabı ayaqlarımız altına səpdilər. Oğlanlar da, qız da həmən dəli kimi yerə çöməlib kitabları qucaqlarına yğımağa başladılar. Mən də yığdım. Bayaqkı kitablardan idi. Ağır, qalın… - Çox sağ olun, - qız sakitcə dilləndi. - Dəyməz, amma bizi niyə tutublar? - Kitablara görə, nəyə görə olar ki? – oğlanlardan biri dedi. - Başa düşmədim… - Mataci, siz sankirtanaya çıxmayıbsız bəyəm? - Nəə???- yadplanetli dinləyirəmmiş kimi oğlanın üzünə baxa-baxa qaldım. - Siz kitab yaymırdınız? – qız da soruşdu. - Yoox, nə kitab? Nə yaymaq…
On beş dəqiqədən sonra biz polis şöbəsində izahat verirdik. Qız və üç oğlan üzvləri olduqları hansısa cəmiyyətə zəng elətdirdilər, sahə müvəkkili və polislərsə mənim o kitabların tam təsadüf nəticəsində əlimə gəldikləri haqda danışdıqlarımı cəfəngiyyat adlandırıb inanmadılar və bir saatadək müddətdə haqqımda bütün məlumatları toplayıb “vəzifədə-filanda kimin var?”,- deyə soruşdular. Atamın əmisi oğlunun adını verdim və bir-birlərinin üzünə baxıb əl-ayağa düşərək “telefonunu bilirsənmi ?”,-soruşdular. Dedim. Zəng eləyib dəqiqləşdirməyə belə ürək eləmədiklərini görəndə eynim açıldı, evimizin iki gündən bir qonağı olan, atamdan çox görüb alışdığım Fərman əmiyə onların yanındaca zəng eləyib “sadəcə hal-əhval tut, inanaq”,- deməklərinə baxmayaraq, “məni tutublar, şöbədəyəm”,- dedim və… Növbəti yarım saatın içində mən artıq evimizə gedən yolda,Fərman əmiyə hesabat verməkdəydim: - Vallah, bilmirəm nə kitablardı, papacanı, bilmirəm. - Necə bilmirsən? Əlində kitabla tutublar səni, müştəri çağırdığın yerdə, utanmırsan? Krişnaitimiz əskik idi elə! Yekə qızsan, sənə görə itə-qurda məzə oldu adım, belə Allah adamısan, götür Quran yay da! Quran yaysan, dünya dağılardı? Pəh, işinəgücünə bax!!! Nadya, bax, sənə deyirəm, gözlərini aç, bu kitaba yaxşı-yaxşı bax, bir də qızına bax! O Krişna cəmiyyətidi nədi, avara-uvara satanistlər-filanlar yığışıb gecələr pişik-mişik yandırırlar, nə bilim, inəkdi, kələdi deyirlər allahımız, orgiya-zad təşkil eləyirlər səhərə kimi, qruppovuxa, dana! Nə danışırsan, Fərman! Aida, sən nədi, dəli olmusan??? Eeee!!! Əl çəkin! – mən mətbəxə keçib su içdim, - dedim təsadüfən oldu, deməli, təsadüfən oldu daa!
Tarix: 09.06.2015 / 13:23 Müəllif: Aziza Baxılıb: 373 Bölmə: Cavidan "Namə"