Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6-cı hissə*

Anam məsələn, mən qızılı hörüklü qızın çarmıxdakı İsadan tikanlı çələng qəbul eləməsi yuxusunu danışan yerdə məni də, ət çəkən maşının qulpunu da əlinin bircə hərəkətiylə saxladı: - Ay dəli, bəsdi bu sektaya-zada getdin, sənə adam balası kimi dedim ki get kilsədə İsa üçn şam yandır həftədə heç olmasa bir dəfə, eləmədin. Bax indi nələr girir yuxuna. - Mama, bu mənim yuxum deyil ki, yuxuda gördüyüm qızın gördüyü yuxudu, o mənə öz yuxusunu mənim yuxumda danışıb sadəcə. - Axmağam mən, hə? Axmağam və başa düşmürəm ki, sənin öz yuxunda sənə öz yuxusunu danışan qız elə sən özün olubsan, başqa birisi yox. - Yoox... - Hə! Bayaqdan bir gözü anamın külqabında közərən siqaretdə, bir gözü məndə, bir əli belində, bir əli də qaz plitəsinin üstündəki çaynikdə olan Yusif dilləndi: - Aydə, iranlılar kirişnada bomba qoyublar dedin? Harda, qız? - Eeee, yuxuda, harda olar? - Həəə...sən də kirişnasan, Aydə? - Aha, - heç bilmədim niyə dedim bunu və məhz elə o andaca düşündüm ki, axı niyə də yox? Bax anamın ikonaları var bu evdə, Yusifin namaz dəstgahı var, Sevanın üstünə pul yağan çarpayısı var, hətta Allahın Masyasının da qantelləri bizdədi, niyə də mənim öz otağımdaca balaca bir səcdəgahım olmasın, niyə? Lap elə bu gündən nə ət yeyəcəm, nə balıq, nə yumurta, nə soğan, nə sarımsaq, nə göbələk, özüm öz əllərimlə hazırlayacam yeməkləri, özüm təklif eləyəcəm hazırladıqlarımı Krişnaya, dadına baxmadan, bəzəyərək, ən gözəl servislə, bax, kitab rəfimi boşaldıb Krişnanın şəklini qoyacam ora, ətirli çubuqlar yandıracam evdə Onun üçün, su təklif eləyəcəm, od, çiçəklərdən çələng...siqaret çəkmirəm onsuz da, hərdənbir içdiyim şampan şərabını da, qəhvəni, kakaonu, hətta çayı da atacam bu gündən, içində azca uyuşdurucu olan heç nə qəbul etməyəcəm...daha lotoreya oyunlarında iştirak eləməyəcəm, daha zarafatla belə pulla kazino tipli oyunlarda olmayacam...və mən hələ ki bakirəyəm...zina üçün heç bir səbəbim və bəhanəm yoxdur, yəni hələ heç bir kişinin qadını olmamışam... - Aydə, - Yusifin səsi məni ayıltdı, - anan mənə axşam demişdi səhər sübhdən gedim at alım, mən də getdim harda soruşdum, güldülər, dedilər at satmırıq biz, gəlmişəm demişəm, hirslənib mənə, deyir ələ salıram onu, Bakı doludu atla, mən də hirsləndim, dedim, gəl sən göstər, mən də alım. Gəldi göstərdi, aldım. Heç bilməzdim burda at əti də yeyirlərmiş. - At ati yox, mudak, at, at, başa düşürsən??? – anam son tikəni də maşının ağzına basıb qulpunu fırlatdı, - kişi deyirsən özünə, amma arvadı salırsan dalınca bazara aparırsan ki, at nədi! - At daaa! – Yusif çarəsizliklə üzümə baxdı və mən məsələnin nə yerdə olduğunu anladığım üçün qəhqəhəylə gülməyə başladım. - Mama at deməyib e, ət deyib, amma ə hərfini deyə bilmir sözün əvvəlində gələndə, rusdu da, dili yatmır, başa düşürsən? - Adə, başa düşürsən???- anam birdən indicə açdığı ət maşınının qulpunu götürüb Yusifin üstünə cumdu, mən gülməkdən uğunub taburetə çökdüm, Yusif qaynamaqdan partlayıb daşan çayniki unudub otağına qaçdı, anam da onun ardınca,
az sonra otağın qapısının açar yerinin çıqqıltısı gəldi və mən də otağıma çəkilib kitablarımı bir-bir rəfdən boşaldıb yazı masamın siyirmələrinə yığmağa başladım... Səcdəgahım gözəl alındı. Krişnanın gözlərimin içinə baxıb gülümsəyən surətini tam ortaya yerləşdirib ətrafına çiçəklər düzdüm, gedib hələ qutusu açılıb işlənməyən balaca fincanlardan tapıb yudum, su təklif elədim, su və çiçək. Sonra mantra oxumağa başladım. Bu mənim ilk dəfə Sənin adlarını konkret bir dildə pıçıldayıb təkrarlamağım idi, ilk dəfə Sənə məhz Krişna kimi tapınmağım idi, yer üzündə bütün yollar Sənə gəlməliydi daha, bütün mahnılar Səni xatırlatmalıydı bundan sonra, bütün şeirlər Sənin üçün yazılmalıydı, bütün sevgi etirafları Sənə pıçıldanmalıydı, Sənə, tək Sənə... Dünənki aksiyanın başlanmasıyla bitməsi bir olmuşdu deyə qarmaqarışıqlıqda İslamı tapa bilməmişdim, axşam xəbərlərində isə qısa bir süjet göstərmişdilər: İslam Musayev adlı gənc jurnalist və onun məşuqəsi olan erməni əsilli qadın ictimai asayişi pozdiqlarına görə həbs edilmişlər, Qırmızı aksiyanın əsas təşkilatçıları olan bu iki nəfər qanun və xalq qarşısında cavab verməli, əməllərinə görə layiqli cəzalarını almalıdırlar. Dövlətçiliyimizə, qanunvericiliyimizə, ən nəhayət, müstəqilliyimizə əngəl və real təhlükə yaradanlar gəncliyimiz tərəfindən də ictimai qınağa hədəf olmalı, sözün hər bir mənasında baykot edilməlidirlər. Prezident seçkiləri ərəfəsində bir erməni qadınıyla birləşib özləri kimi əxlaqdan axsayan nankorları ardınca aparan İslam Musayevə ar olsun!

Yusifin qan-tər içində öz otağının qapısını açıb məni və Sevanı çağırmasıyla anamın hönkürtüylə ağlamağa başlaması eyni anda baş verdi. Nə olduğunu anlamayaraq ora cumduq. Anam otağın ortasında, İran xalçasının üstündə çöküb ağlayırdı. Xalatının ətəyi dizlərindən yuxarı sürüşmüş, yalın ayaqları bir-birinin üstünə çarəsizcə, bir də heç bir zaman bu qadını qaldırıb heç bir yerə aparmayacaq qədər acizcə ağarırdı. Yusif yazı masasına söykənib hirsindənmi, qorxusundanmı tir-tir əsirdi. - Nə olub, ona neyləmisən? – mən Yusifin üstünə getdim. Seva anamı qucaqlayıb qaldırmağa cəhd elədi. - Bilmirəm, mən nə bilim nə olub, gəldi, qapını açarladı, hücum elədi üstümə, mən nə bilim nə dedi ta rusca, anlamıram ki. - Mama, a mama, nolub desənə.

Lənətə gələsiz...- mızıldandı anam, - lənətə gələsiz hamınız, hamınız lənətə gələsiz, başını xalçaya çırpıb daha bərkdən ağlamağa başladı. İçib, çox içib, - Seva dilləndi, - kaftar Lamara burdaydı da axşam, mən bildim buna əldəqayırma araq gətirib, bu da sübhdən durub içib. Yaxşı, yaxşı, mama, dur gedək yat öz otağında, yat özünə gəl bir az, sonra danışarıq. Nə? Nə danışarıq? Nə axı? Nə barədə? Sən bilmirsən ki, mənim ürəyim parça-parça olur? Bilmirsiz ki, mən dəli oluram, ölürəm bu oğlan üçün? Nu, dilini bilmirəm də, deyə bilmirəm ona heç nə sizin dildə, o da rusca başa düşmür, neynim mən, hə, Aida, neynim, - anam elə zarıyırdı ki, bəlkə mən ölsəm belə yanıb-töküldüyünü görməzdi kimsə. Maam, yaxşı, başa salarıq sonra onu, - mən Sevaya və Yusifə qaş-göz elədim ki, sussunlar, - gedək yat, dincəl, çox yorulursan sən, belə olmaz. Hə, olmaz belə, olmaz, Aida, başa düşürsən? Mən səhərdən gecəyə kimi bu evi bəzəyirəm, təmizləyirəm, silirəm, yuyuram, yeməklər bişirirəm, paltar tikirəm, toxuyuram, kitab oxuyuram axşamlar, hələ özümə də baxıram, hələ mənim siyasətdən də başım çıxır, bax hər şeyi bacarıram, istəyirsə çadra örtərəm lap, bax qoy o bircə desin, bircə istəsin bunu, mən elə bu dəqiqə durub çadra tikərəm özümə, namaz qılmaq öyrənərəm, nədi onun adı, hə, kəbin, kəbin eləyərəm onunla, amma məni atmasın, getməsin burdan, mənim evimin kişisi olsun, yaxşı, Aida? Seva, nolar tərcümə eləyin ona, bax, mən onun ayaqlarını öpərəm hər gün, - anam sürünüb Yusifin ayaqlarını qucaqladı, dəli kimi öpməyə başladı onları, mən pəncərəyə söykənib key kimi dayandım, Seva ağladı, Yusifsə əyilib anamın saçlarını tumarladı: Nahidə, bax anamın əziz canı üçün, belə eləsən gedərəm burdan, mən səni yatağıma sala bilmərəm, anla, mənim adaxlım var axı, Amerikada universitetdə oxuyur, bilsə, duysa atacaq məni, başa düş, vallah göçəcəyəm burdan, qoy bir ev tapım. Sevirəm səni, sevirəm, sevirəm, Yusif, mən səni sevirəm...- anam Yusifin əllərindənqollarından sallanaraq yalvarır, ağlayırdı, arağın iyindən üzünü-gözünü turşudub ögüməyə hazır olan Yusif isə sifətini mümkün qədər kənara çevirir, məzlum baxışlarıyla məni və Sevanı yardıma çağırırdı. Qoyaq sənin çarpayında yatsın, - dedi Seva, - belə daha tez sakitləşər məncə. Nə deyirəm ki, - bütün varlığı ilə zorlanan Yusif anamı qucağına alıb öz çarpayısına qoydu, anam onun boynunu qucaqlayıb özünə dartdı, oğlanın başını sinəsinə sıxıb gülümsədi və “səni sevirəm, sevirəm səni, sevirəm” deyə-deyə uyudu.

Mən universitetə getdim. Uşaqlar yeni aksiya təşkil eləmişdilər, İslamın həbsini pisləyən, onun azad edilməsini tələb eləyən şüarlar bağırırdılar. Polislər bütün binanı mühasirəyə almış, bütün mərtəbələrdə pusqu qurmuşdular. Aksiyaçıların xəbəri Şəhidlər xiyabanı tərəfdən gəlirdi, gənclər “İslamı azad edin, onun savaş borcu var!”, “Başımızı qatmayın, gəncliyimizi məhv etməyin, savaş başlayın, müharibə elan edin, biz döyüşmək istəyirik!” , “ Rüşvətsiz təhsil tələb edirik!”, “Korrupsiyasız ölkə istəyirik!” kimi plakatlarla çıxıblarmış küçəyə, həmən də polis dəstələri gəlib dağıdıbmış, yenə on beşədək aksiyaçı həbs olunubmuş.

Qəribə bir boşluq duyurdum içimdə. Mən ətrafımda qaynayan bu etiraz dolu gənclərdən ruhən o qədər uzaq idim ki! Utanırdım, xəcalət çəkirdim rəfiqələrim, dostlarım, tələbə yoldaşlarım, tanıdığım və tanımadığım bütün başqa gənclər sinələrini qabağa verib başlarını dik tutaraq onları narahat eləyən ictimai-siyasi problemlərə qarşı çıxışlar eləyəndə. Məndə yox idi bu hisslər. Məndə yox idi bu istək. Mənim içimdəki etiraz duyğusu nə vaxt, neçə yaşımda, hansı məqamda ölmüşdü, bilmirdim. Bildiyim tək o idi ki, oxuduğum, öyrəndiyim jurnalistika belə, mənim üçün üsyan və etiraz vasitəsi deyildi, mən bu sənəti heç bir zaman heç bir şeyə qarşı çıxmaq üçün istifadə eləməyəcəkdim. Mən yalnız insanların ruhuna, mənəvi aləminə səyahət eləməyi seçəcəkdim bəlkə, orda, o iç dünyada kimin daha vətənpərvər, kimin daha döyüşkən, kimin daha müti olması mənə daha maraqlı idi, bəlkə bir psixoloq olmalıydım əslində, bəlkə bir psixiatr olmalıydım, anamı, atamı, Sevanı, Masyanı, Yusifi anlaya biləydim, İslamın niyə birdən-birə üsyançı birisindən tam sakit bir tərki-dünyaya çevrilməsini başa düşəydim, özümü anlayaydım, niyə indi bu qədər sakit idim öz içimdə, niyə hətta İslamı belə yalnız bir qızın bir oğlanı sevəcəyi kimi sevdiyimdən əmin deyildim, ruhumda qəribə dəyişikliklər baş verirdi, hər gün daha bir az qapılırdım özümə, bu boyda Bakıda can atdığım tək yer Məbəd idi, görmək, ünsiyyətdə olmaq istədiyim insanlar fədailər idi, dinləmək istədiyim tək mühazirə Qurunun danışdığı idi, almaq, oxumaq istədiyim kitablar Prabhupadanın yazdıqlarıydı, məbədin spesifik qoxusunu şəhərin hər hansı bir yerində ani olaraq duyurdum artıq, həmən, həmən yolumu dəyişir, harda nə vacib işim belə olsa saxlayır, mütləq, mütləq gedib səcdəgah zalında oturur, mantra oxuyur, ya mətbəxə gedib fədailərə tərəvəz təmizləməkdə kömək edir, ya qızlarla oturub Krişna üçün çiçəklərdən boyunbağılar hazırlayırdım. Milana adlı gənc qadın vardı, tez-tez onun yanında oturur, murtilər üçün tikdiyi geyimləri muncuq və zərlərlə bəzəməsinə baxardım, parça və bəzək üçün birgə gedərdik dükanlara. Belə günlərin birində sakitcə səcdəgaha girdiyim zaman onun ərinin bardaş qurub oturduğu yerdən mənə diqqətlə baxdığını gördüm, salamlaşdıq və onun gözləri yaşardı. Heç nə anlamasam da bayaqdan bəri gözlərini belə açmadan fizqarmonda mantra oxuyan Qaragöz dediyim fədainin mənə baxmadan belə başıyla nəyisə təsdiq elədiyini sezdim. Sonra Milana məni çağırıb gələn cümə günü üçün ən yaxın çevrədəki dostlarla yığışıb onların kirayədə qaldıqları mənzildə axşama qədər birgə olmağımı, məni maraqlı bir söhbətin, hətta sürprizin gözlədiyi dedi. Bu gün həmin tarix idi və mən bunu xatırlayan andaca dərsi də, kursu da unudub həmən metroya cumdum, metronun girəcəyindəcə Otello adlı məşhur polisi gördüm, ətrafda hamı vurnuxmaya düşmüşdü artıq, onunsa qaşının üstünə xaç işarəli leykoplastır yapışdırılmışdı və olduqca sakit görünürdü, hətta əlində qayçı da yox idi. Eləcə məndən iki ya üç addım irəlidə gedirdi. Birdən beş ya altı yaşı olan balaca bir dilənçi qıza elə bir şapalaq vurdu ki, uşaq ilk anda nə olduğunu belə anlamadan kirimişcə yıxıldığı mərmərin üzərindən key və boş baxışlarıyla hamını süzdü, amma polisin: - Qancıq balası! Bir də səni burda görsəm dərini soyaram! – deməsindən sonra ayılıb bağırmağa başladı. - Ağlama, - ona yaxınlaşıb qaldırdım, - ağlama, gəl gedək ananın yanına, hardadı anan, ağlama. Bütün bu məktublar boyunca ilk dəfədir Sənin adına and içirəm, inan, kimsə yaxınlaşmadı, kimsə səsini belə çıxartmadı, kimsə polisi qınamadı, kimsə körpənin
ağrısına şərik çıxmadı, hamı kar, kor, lal idi, hamısının qulaqlarını, dillərini, könüllərini möhürləmişdin Sən...niyə? Yalnız o körpənin ağrıması üçün? Sənin yəni bu qədər çox ehtiyacın var insan ağrısına? Bu qədər çox??? Gəl görüm! – qolumdan sərtcə qaldırdı birisi, döndüyüm zaman Otello olduğunu gördüm, - anasısan? Hə! – az qaldı üzünə tüpürüm onun. Yalançının ağ... Sənin deyəsən hələ ağzın dad bilməyib ha! – bağırdım, - indi Fərman İbadova zəng edəcəm, baxım sabahdan özün burda dilənirsən ya yox! Qudurmuş it! Sənin Fərmanını da, özünü də...- desə də birdən tutuldu, dili topuq çaldı, hətta qolumu da buraxdı, - deyirəm qarışmayın! Şəhəri it gününə qoyub bunlar, alverçilərdi bir də dilənçilər, yerimək olmur əllərindən! Get, get dayanma burda. O uşağın böyüyü gələnə kimi burda dayanacam, sonra gedəcəm, - dedim və bayaqdan bəri hind kinolarında döyülən qəhrəmanların acısına baxmaq üçün toplaşıb sakitcə seyr eləyən adamlara baxdım, İlahi, mən harda yaşayırdım, bu adamlar kim idi, bu xalq nə düşünürdü, bu millət nə üçün yaşayırdı, nəyin naminə, nəyin uğrunda, nəyin xətrinə axı...

Milanagildə altı nəfər idik. Mən, Milana, əri Hikmət, Nicat və Sadiq adlı iki fədai, bir də Qaragöz. Biz Milana ilə mətbəxdə mərciməklə göyərti içlikli yarpaq dolmaları hazırlayırdıq, sonra o, səhərdən soyutduğu biskvitləri üst-üstə qoyub kremlə bəzədi, tortun üzərində hovuz, hovuzda iki qu quşu düzəltdi, daha sonra biz yeməkləri yan otaqdakı səcdəgaha, Krişnaya təklif eləmək üçün apardıq. Sonra ümumi süfrəyə oturduq və Tanrı mərhəməti adlanan Prasad adlı təklif olunmuş təamlardan dadmağa başladıq. Hiss edirdim ki hamının nəzərləri hərlənib-fırlanıb mənim üzərimə gəlir, gördüyüm zaman həmən baxışlar yana qaçır, dodaqlar xəfifcə titrəyir, səslər dəyişir. Ya mən burda təzəyəm, məndən utanırlar, ya da onlar qədər fədailik təcrübəm yoxdu deyə neofit hesab edirlər deyə düşündüm. Əslində isə... Əslində isə sonradan sahaccilik kimi anlayıb biləcəyim bir mətləb varmış ortalıqda. Bu çevrədə olanlar məbəd fədailərinin gizli iç qrupu kimi imiş, onlar Bhaqavat-gitada Krişnanın Özü istədiyi zamanda Özü istədiyi məkanda Özü istədiyi insanda təcəlla eləyə bilməsinə inanırmışlar. Milana da, əri Hikmət də, Nicat və Sadiq də Krişna Yer planetinə hər dəfə gəldiyi zaman Onun ətrafında olan tanrıçalar imiş, Qaragöz Onun özü, mənsə...mənsə Onun əzəli və əbədi sevgilisi... Əvvəl güldüm. Sonra küsdüm, məni dolayırlar deyə qırıldım. Daha sonra qorxdum, bu bir günah və küfrdü, məni də qatacaqlar, ruhum cəhənnəmlik olacaq deyə, tərəddüdlə çabaladım içimdə.

Sonra isə bu söhbətin marağı və dadı çəkdi məni apardı özünə, birdən-birə qarşı çıxıb çevrədən kənarlaşdırılmayım, sonuna qədər gedim də baxım nə olacaq deyə artıq məni ayağa qaldırmaq üçün yerdən qopan dizimin üstündən basdım da oturdum. Gülümsədim... Prasaddan sonra mantralar oxuduq, mənim ruhi dünyadakı əbədi və əzəli sevgiılim olan Qaragözlə göz-gözə baxdıq, baxdıq, güldük, güldük, bu dünyanın müharibələrini çözdük, təbii fəlakətlərini araşdırdıq, siyasi durumlarını lağa qoyduq, müqəddəs kitablardakı illüstrasiyalarda özümüzə bənzəyən simaları axtardıq, tapdıq, təəccübləndik, inandıq, özümüzü kainatın göbəyində hiss elədik...

Binamızın qarşısına çatanda bizim blokun ağzında xeyli adam toplaşdığını gördüm. Arvadlar deyinir, söyür, aşağıdan yuxarıya qapaz göndərir, kişilər namus-qeyrət söhbətləri eləyir, cavan uşaqlarsa fit çalır, qəhqəhəylə gülürdülər. Məni görəndə hamı susdu. Amma bu sükut bir ya iki anlıq çəkdi. Çünki qonşu həyətdəki qoca erkək kar kor qəzet təsisçisinin yekəpər arvadı: - Budey ha, bu da bunun doğduğu, bir damcı boyuynan ərimə girişirdi, demirdi də ki ha, babası yaşda adamdı, Azərbaycan boyda namı-sanı var, girinc eləmişdi kişini, - dedi və hamı maraq, ikrah, istehza dolu nəzərlərlə məni süzməyə başladı. - Axı nə olub burda, kimsə deyər? – deyə mən əslində yenə də anamın sərxoş başla nəsə bir oyun çıxartdığını artıq kortəbii olaraq anlasam da kiminsə mənə dəqiq bir şey söyləməsi ümidilə adamlara baxdım. - Heç zad! Anon batmış içib sallanıb pəncərədən! Biz də dəlixanaya gərək zəng vuraq, bu nə biabırçılıqdı axı! – qonşulardan biri, əyriağız Saray xala deyindi. - Aidaaaa! Aiiiiida! Qalx yuxarı, tez! – Sevanın səsinə başımı qaldırdım. Aman Allah! Anam doğrudan da mətbəxin pəncərəsindən bu yana adlamış, eləcə səkkizinci mərtəbədəncə sallanıb qalmışdı. Sevanın səsi anamdan var gücü ilə tutub saxlamağa çalışan Yusifin o tərəfindən gəlirdi. Anamın çəhrayı ipək xalatı bədəni boyunca sürüşüb yuxarı dartınmış, tamamilə çılpaq vücudu axşamın qaranlığında ağappaq işıldayırdı. Arvadları tüpürməyə, kişiləri kənardan baxmağa, cavan uşaqları fit çalıb hırıldamağa da elə bu gözəlliyi ilə ən iyrənc hissləri oyatmaqdan başqa nəyəsə yaramayan bədən idi. Səkkiz mərtəbəni lifti belə gözləmədən birnəfəsə qalxıb təpiklə qapımızı açdım. Mətbəxə cumdum. Seva artıq gücü tükənməkdə olan Yusifin belindən yapışıb ağlaya-ağlaya özünə çəkir, buraxsa anam da, Yusif də həyətə yıxılacaqlar deyə kömək istəyir, yalvarırdı. O biri pəncərəni açıb başımı həyətə çıxartdım: - A nu rədd olun burdan, plebey köpəyuşağı! – deyə sonra ayaqlarını balkonun aşağısı boyunca keçən su borusunun üzərinə möhkəmcə pərçim eləyərək yerdə və göydə hər kəsi və hamını arxasına dolayan anamın üstünə bağırdım, - ya sən artistliyini qurtarırsan, ya mən Yusifə deyirəm səni buraxsın! - Aydəə, - Yusif son nəfəsini verirmiş kimi zarıyaraq yazıq-yazıq mənə çöndü, buraxsam gedər axı, Aydə..

- Getsin qoy, burax! Ölmək istəyəni saxlamazlar ki, heç olmasa, özü rahat olacaq daha, əzabları bitəcək, - ürəyim partlasa da səsimi mümkün qədər sakit və təmkinli saxlamağa çalışırdım. - Aida... – anam titrək səslə zarıdı. - Mən burdayam, mama, eşidirəm səni, eşidirəm və təkrar edirəm, bəsdi artistlik elədin, ayaqlarını hara qoyduğunu görürəm, səni indi itələsək də ordan sallanıb aşağı düşmək istəməzsən, yekə adamsan, dalın qalıb bayırda, uşaq-muşaq gülür sənə, bəsdi də, ayıbdı axı..ehh! Pəncərəni çırpıb otağıma keçdim və qapını kilidləyib səcdəgahımın qarşısına gəldim: - Nolar, onu itələ içəri, hə?! – dedim halsız və çarpayıma sərələndim. İki dəqiqədən sonra Seva ilə Yusif mənim qapımın arxasından çağırırdılar: - Qoyduq onun otağına, pəncərələrini kilidlədik qəşəng, otaqda kəsici, deşici heç nə saxlamadıq, manikür naboruna kimi aldıq çıxartdıq, yatsın bir az qoy, sən gedəndən dəlilik eləyir, oyun qalmayıb çıxarmasın. - Mən də it yorğunuyam, qız, dözə bilmirəm day, yatmaq istəyirəm, - dedi Yusif. Məndən cavab eşitməyincə də çıxıb getdilər. Bu gün olanları düşündüm. Özümün Bəxt ilahəsi kimi, Krişnanın əzəli və əbədi sevgilisi kimi onun yanınca yerə gəldiyimi, missiyamın insanlara Krişnanı necə sevmək lazımdı deyə şəxsi sevgimin nümunəsində göstərmək olduğunu düşündükcə gülümsədim, sonra qorxdum, sonra sındım öz içimdəcə, daha sonra isə inanmadım...inanmadım! Axı mən Qaragöz fədaiyə qarşı bir qızın bir oğlana aşiq olaraq duyacağı heç nə hiss eləmirdim özümdə. Sevgi, sevgili deyib düşünərkən ağlıma da, ürəyimə də ilk gələn ad İslam idi və mən hələ də onu tapıb görə bilməmişdim. Əmin idim ki, o desə, o istəsə ardınca mitinqlərə də gedə bilərəm, savaş meydanlarına da atılaram, istəsə, çağırsa, “Qara mirvari”li də olaram... O isə yox idi, heç yerdə yox idi, var idisə də mən onu görmürdüm, görə bilmirdim... Qaragöz mənim özümü, bədənimi deyil, mahiyyətimi sevdiyini deyirdi, mahiyyəti sevməyin nə demək olduğunu anlamırdım mən, bəs mən İslamı necə sevirdim ki? Özünümü sevirdim, bədəninimi sevirdim, mahiyyətinimi? Mən sevmək nə demək deyə bir şey başa düşürdümmü əslində? Ya mənim bu hissim də üsyan və etiraz hissim kimi uşaqlığımınmı, ilk yeniyetməliyiminmi hansısa məqamında ölmüşdü, itmişdi? Budur, Milanagildə Qaragözlə arada təkbətək qaldıq. Əslində mənim özümə daha maraqlıydı Qaragöz mənimlə necə davranacaq, özünü necə aparacaq, Krişnanın Radhasını sevdiyi kimi sevdiyini bildirəcəkmi mənə? Osa sadəcə susurdu. Gözlərimin içinə baxa-baxa susurdu. Qəribə bir haldaydım, baxışlarımı dondurmuşdu elə bil gözlərinin zülmət qaranlıqlarının tam dərinliyindən boylanan bircə damcı işığın içində. Nə kipriklərimi qırpa bilirdim, nə üzümü kənara çevirmək ixtiyarındaydım, nə də dinməyə halım vardı. Axdım, əridim, itdim onun gözlərinin zülmət qaranlıqlarında...

Mənə yaxınlaşdı, gözlərini gözlərimdən çəkməyərək yaxınlaşdı, saçlarımda hiss elədim əllərini, sonra alnımdan öpdü, sakitcə, doğmaca, saf bir öpüş idi bu, gözlərimi yumdum, nəfəsimi qısdım, içimi çəkdim və bir də Milana məni silkələyib ayıldanda özümə gəlib harda, kimlə, nə üçün olduğumu xatırlamağa başladım... Sevanın qışqırığına çıxdım. Anamın otağında bağıra-bağıra qalmışdı. Yusiflə eyni vaxtda qapıdan necə keçdik bilmirəm. Anam taxtın o biri tərəfinə düşmüş, döşəmədə halsız uzanmışdı, sol biləyndə çızıqlar vardı və bu cızıqlardan qan axırdı. Yanında boş şpris, qırıq ampula vardı, çox güman ki, damarına dimidrol yeritmiş, boşaltdığı ampulanın qırığıyla da biləyini cızmışdı, diqqətlə baxanda cızıqların səthi və şaqüli olduğunu gördüm, Sevaya anlatdım ki, damarını doğramayıb anam, sadəcə bizi qorxudur, daha doğrusu, onu rədd eləyən Yusifə görədir bu tamaşalar, üstəlik də sərxoşdu deyə başına girəni də, girməyəni də edir. Biz üçümüz köməkləşib anamın arıq da olsa ağır bədənini yenə taxta uzatdıq və üstünü örtdük ki yatsın. Mən onun biləyini spirtli pambıqla silib sarıdım, əlinin üstünü, barmaqlarını sığalladım, ovuclarımda sıxdım saxladım əlini...Yusiflə Seva otaqdan çıxdılar və mən sığalı, nəvazişi, istisi üçün darıxdığım bu dünyada ən doğma əli sinəmə sıxdım, ürəyimin istisində qızdırmağa çalışdım, üzümü sürtdüm ona, alnımı qoydum, öpdüm bu əli, öpdüm bu barmaqları doya-doya, öpdüm... Başımı qaldıranda anamın yumulu gözündən gicgahına, ordan da yastığa axan damlaları gördüm. Mən anamın tamam yatdığına əmin olandan sonra otağın qapısını açıq qoyaraq ayaq barmaqlarımın ucunda dəhlizə çıxdım və Yusifin qapısının ağzından hənirtilər, pıçıltılar eşitdim: - Qəribə oğlansan...qəribəsən, adam sənin əlində titrəyir...- Sevanın səsi idi bu, təntiyətəntiyə, nəfəsi kəsilə-kəsilə deyirdi, qırıq-qırıq idi sözləri, öpüşlərarası danışdığı duyulurdu. - Soyun...soyun nolar, çıxart bunu, hə...aaahh...sən nə qəşəngsən... - Yoox... - Gəl bura...gəl... Qapı örtüldü, daha mən heç birinin səsini eşitmədim. Içimdə qəribə bir təlatüm vardı, gözləmədiyim, görmədiyim bir olayın bircə divarlığında idim və məndən üç ya dörd addım o tərəfdə nələr baş verdiyini təsəvvürümdə ha canlandırmağa çalışsam da heç nə alınmadı, sinəmdən keçən gizilti qollarımda, qarnımın aşağısında, ayaqlarımda dolaşdı, başım yüngülcə hərləndi, gözlərim dumanlandı bir az və mən Qaragözü xatırladım, məhz Qaragözü, onun mənə baxdığı zaman yaşadığım hissləri indi bu anlarda da yaşadığımı anladım... Mən İslamı sevirdim amma... İslamı sevirdim...


Tarix: 09.06.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 356 Bölmə: Cavidan "Namə"
loading...