Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə*
3-cü hissə*

Və beləcə Adəmin şuurunun tam altıncı alt qatında Həvvaya qarşı qarşısıalınmaz bir nifrət cücərdi. Biz indi məsələn belə təsəvvür eləyə bilərik atalar atasının ilk monoloqunu:”Həvvanın başına daş düşəydi! Hünəri var qarşıma çıxsın, onu bir arasam, bir tapa bilsəm, ölüncəyə qədər zülm çəkdirəcəyəm məni Cənnətdən qovdurduğuna görə...”Bəli, Adəm öz əzəli missiyasını – Yerdə Tanrının nümayəndəsi olmaq vəzifəsini unudaraq Həvvaya kinlə dolu ürəyində Tanrıya yalvarır, bağışlanmasını diləyir, Cənnətə qayıtmaq istəyirdi. Həvva isə... Cənnəti və Tanrı himayəsi əlindən getmiş, Adəmini itirmiş, tək və çarəsiz bir halda “Adəm! Adəm!” deyə fəryad eləyir, kişisini axtarırdı. Cənnətə qayıtmaq ağlına belə gəlmirdi. Başı bəlalıydı, itirdiyi Adəmini düşünməkdən və Tanrıdan onu Adəmə qaytarmasını diləməkdən başqa heç nə gəlmirdi əlindən. Ona yatacaq, yemək lazım idi, bunları öz zərif vücudu ilə əldə eləyə bilməzdi, bir kişiyə ehtiyacı vardı. Və çox maraqlı bir fakt. Hər ikisi yalvarırdı. Adəm Tanrının onu bağışlamasını və Cənnətə qaytarmasını istəyirdi. Həvva isə Adəmi tapmaq üçün yanırdı. Və Tanrı kimi eşitdi? Yerdə Tanrının nümayəndəsi olmaqdan imtina eləmək istəyən Adəmimi? Yoxsa öz missiyasından – Adəmə yoldaş olmaqdan başqa bir şey istəməyən Həvvanımı? Əlbəttə ki Həvvanı! Demək Həvva daha səmimi idi Tanrıyla və Tanrı onu Adəmlə qovuşdurdu. Adəmin isə Cənnətə qovuşmağı Qiyamətə qaldı - o da İblisin sınağından çıxa bilsə əgər!!! Bəli, rastlaşdılar, yuva qurdular, Adəm getdi ov ovladı, quş quşladı gətirdi, Həvva bişirdi, düşürdü, bətnində buğda dənəcikləri bəslədi, uşaqlar doğdu, geyim işinə baxdı, ev döşədi, yuvasındakı ocağın sönməməsi uğrunda ürəyini də alışdırıb yaxdı zamanzaman, hələ üstəlik, onu hər an kənardakı meymunlarla aldatmağa meylli Adəmi əyləndirməyə də vaxt ayırdı, nazını çəkdi, onsuz da islanmmışın yağışdan nə qorxusu, Cənnət itirmək hədəsi yox ki Adəm özünü impotentliyə vursun, “Həvva istədi, mən yox, ay tövbə!”,- desin...beləcə buğdalar artdı, zəmilər əmələ gəldi. Sonra dünyanın ilk davası başladı. Qadın üstə düşdü bu dava. Adəmlə Həvvanın Habil və Qabil adlı oğlanları eyni qıza sahib olmaq istədilər. Qabil buğda qurbanı gətirdi səcdəgaha. Habil dəvə qurbanı. Habilin dəvəsi qəbul olundu. Qabilin buğdası qəbul olunmadı. Və beləcə Qadına və Buğdaya görə Yer üzündə ilk qan töküldü. Qabil Habili öldürdü və ən gözəl qıza sahib oldu. Və beləcə davam elədi bu Qadın və Buğda məsələsi...ta bizim bu günlərimizədək! Və beləcə də Yer nağılının sonunda Göydən üç alma düşəcək deyirlər. Biri adamların başına.

Biri qadınların başına. Biri də buğda zəmisinə... Mən İslama vurulmuşdum. Elə ilk söhbətimizdəncə anlamışdım onu sevdiyimi, onunla bütöv bir ömrü paylaşsam bezməyəcəyimi, onun qara, qapqara mirvari kimi gözlərindən başqa yer üzündə heç nəyi görmək istəmədiyimi... Bir çəkisizlik içinə alıb da aparırdı məni sanki, ilk dəfə vurulduğumu, gerçəkdən aşiq olduğumu hiss elədiyim anların şirinliyi idi bu, mən bu şirinliyi yer üzündə daha nəyin dadı-tamı ilə müqayisə eləyə bilərdim ki? 6 – cı məktub Nə olursa olsun, iki dünya birləşsə belə, müharibə, zəlzələ, sel, sunami olsa belə, bütün peyğəmbərlər qarşı çıxıb bütün müqəddəs kitablar ölüm hökmü kəssə belə, adamlar üstünüzə daşla-qılıncla gəlsələr belə, ilk dəfə yalnız və yalnız sevdiyiniz kişinin olun, başqa heç kimin, heç kimin, eşidirsiz??? Anam idi bu sözləri deyən. Mənim atılmış, aldanmış, vəfası, sevgisi, qüruru başqa qadınların ayaqları altına sərilmiş, başqa kişilərin tapdaqlarına təslim edilmiş anam... Onun mənə və rəfiqələrimə, öz rəfiqələrinin qızlarına, ümumiyyətlə yeniyetmə, gənc qızlara ən böyük nəsihəti bu sözlər idi. Anam sevdiyi kişinin olmuşdumu? Bunu düşünəndə yenə də Vaxtanq gəlib dayanırdı gözlərimin qarşısında, yalnız və yalnız ona zahirən bənzədiyi üçün, yalnız və yalnız onu həmişə xatırlatdığı üçün anamın kişisi olmağa layiq görülmüş atamın zavallı halına acıyır, bir-birini bu qədər anlayıb bir-birinə bu qədər uzaq dayanan bu iki insanı başa düşməyə çalışırdım. Anam hər dəfə əməlli-başlı sərxoş olanda Vaxtanqı xatırlayır, onları evlənməyə qoymayan valideynlərini söyür, ona bənzədiyi üçün anama təskinlik verib ürəyini soyudan atama tüpürür, Vaxtanqa gedən yollarını bağlayan canlı-cansız hər şeyə və hər kəsə lənət oxuyurdu. - Sən, balaca fahişə, əgər ilk dəfə sevdiyin kişinin olmasan, səni öz əllərimlə zəhərləyəcəm, eşidirsən? Sən heç təsəvvür eləyə bilməzsən bunun sonrasını yaşamaq necə dəhşətli bir cəhənnəm əzabıdır, Aida, qızım, balam, birdənəm...heç vaxt, heç bir dünya sərvətinə, heç bir maddiyata görə sevmədiyinə bağışlama bakirəliyini, bunu sənə mama deyir, bunu sənə müsəlman nənən də deməz, rus nənən də deməz, anla, nolar... Mən anamı anlayırdım, mən anama inanırdım, mən anamı sevirdim...İslamı da...

- Təsəvvür eləyin ki, buralar nə vaxtsa dəniz olub, -qırx-qırx beş yaşlarında olan qızılı saçlı universitet müəlliməmiz Sima Bakının dəli küləyini ciyərlərinə çəkərək sinəsini qabartdı və aşağıda ovuc içi tək görünən şəhəri ilk dəfə görürmüş kimi gözlərində ac bir maraqla seyr etməyə başladı. - Təsəvvür eləyin ki, buralar nə vaxtsa dəniz olacaq, - İslam gülərək dedi və bir göz qırpımındaca hoppanıb qalanın çıxıntısının üzərinə keçdi. - Neynirsən, İslam? – müəllimə və ardınca bütün tələbələr qışqırışdılar. - İntihar eləmirəm, qorxmayın…burda dayanmaq istəyirəm bir az, görüm nə hiss edəcəyəm… - Ay səni, dəli oğlan, gəl bu yana, tez…- müəlliməmiz özünə yer tapa bilmirdi. Qızlar da ona qoşulmuşdular. - İslaam, söz deyirlər axı sənə, eşitmirsən? - Bax anana deyəcəyik… - İslaam!.. Oğlanlar isə həm qızlara, həm yıxılmağın bir addımlığında dayanıb artıq kimsəni eşitməyəcək qədər ruhən buralardan uzaq İslama gülürdülər. Mən astaca Səni çağırdım…nolar kömək elə! Yəni doğrudan buralar su olub vaxtilə, deyə düşünürdüm, - deyirdi sonralar İslam, və bu qala sadəcə bir sarsaq hökmdarın öz doğmaca qızına aşiq olmasının tarixçəsini saxlayır özündə? Nə qədər mənasız və utanc gətirən bir tarix, Allahım! Demək bir ata öz qızını ələ almaq üçün bu qalanı tikdirir və elə buradaca ona təcavüz etmək istərkən qız özünü tullayır aşağı, dənizə…dəhşətdi…bir dəfə səni götürüb gəlmək lazımdır bura, səninlə danışmaq lazımdır bu haqda, başqalarıyla mənası yoxdur…”Aida!” pıçıltıyla, az qala ürəyimin içində səsləyib arxaya, mənim ardımca qışqırışan tələbə yoldaşlarımıza baxdım. Zənnim məni aldatmamışdı. Sən qışqırmır, məni çağırmır, sadəcə bir kənarda dayanıb çantanı sinənə möhkəmcə sıxaraq dəhşətlə baxırdın. İlahi! Bu gözlərdə nələr yoxdu! Sənin rəfiqən əməlli-başlı qorxurdu, bizim qızlar da eləcə…dayan, dayan…bəs bu qız kim idi belə? Bu qara paltarlı qız bizimlə gəlməmişdi axı?! Qəribə baxışları vardı…boş idi sanki onlar…əynində uzun, ipək qara dondan başqa heç nə olmadığı bəlliydi. Külək donu bədəninə yapışdırmışdı, vücudunun bütün cizgiləri aydınca görünürdü. Uzun saçları çiyinlərində, boynunda qıvrılırdı. Dodaqlarının ucunda nəsə pıçıldayırdı sanki…nə amma? Birdən qızın mənə baxdığını, mənim üzərimə gəlməyə başladığını gördüm. Sanki yerimirdi qız, havada süzürdü. Dodaqlarındakı pıçıltı birdən-birə bütün dünyanı aldı tutdu, mən bu anlamadığım səslərin içində özümü itirdim, qəribə bir burulğanın içinə düşdüm, gözlərim qaraldı, anlaya bilmədiyim səslərin, ayıra bilmədiyim sözlərin dalğasında başım hərləndi və qara paltarlı qızın bir hava topası, bir külək parçası kimi mənim bütün vücudumdan keçib aşağı yuvarlandığını gördüm… “İslaaaaaam!”, – deyə bütün dünya bağırdı elə bil…- amma mən bircə səs eşitdim, sənin səsini…

Necə özümü saxladım, necə yıxılmadım o qara paltarlı külək parçasının zərbəsindən, necə qayıtdım yanınıza yenidən, heç birini xatırlamıram artıq… Başımda dəhşətli ağrı vardı, gözlərimdə qaranlıq…başqa heç nə… O, yaddaşını itirib, dəhşətdi, - Sima müəllimə məni qucaqladı. İnana bilmirəm, - onun çiyninə qısılıb ağlamağa başladım. Bir həftə idi İslam ağır kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Bir həftə idi nə polisləri, nə həkimləri İslamın huşunu itirməsi səhnəsinin yeganə şahidləri olan biz tələbələr və Sima müəllimə inandıra bilmirdik ki, o heç yerdən yıxılmayıb, onun başına kimsə zərbə endirməyib, o, sadəcə ola bilsin ki, qorxudan ya həyəcandan huşunu itirib, hətta huşunu itirəndə belə başı yerə ağır kəllə-beyin travmasına gətirəcək dərəcədə dəyməyib, əksinə, yıxıldığı andaca oğlanlar elə havada tutublar onu demək olar ki… Bir həftə idi İslam yatıb-yatıb arada gözlərini açır və eyni sözləri pıçıldayırdı: Onu saxlaya bilmədim… Kimi? – soruşurdular. Onu…o qız özünü atdı aşağı…öldü o… Heç kim özünü atmayıb, heç kim ölməyib, sən özündən danış. Nooldu, niyə yıxıldın, hara dəydi başın, kimsə vurdu bəlkə səni, - deyə polislər və həkimlər də eyni sözləri təkrarlayırdılar. O dedi ki…dedi ki…o dedi sonra özünü atdı aşağı… Kim dedi? Nə dedi? O qız…qara paltarlı qız...dedi... Yat, yat. Sonra danışarıq… Bir həftə idi mən və Sima müəllimə xəstəxanadan demək olar ki, yalnız yatmaq üçün çıxıb evlərimizə gedirdik. İslamın Bakıda bizdən başqa heç bir yaxını yox idi… Onun atası yoxdu, anası və bacısı Kalininqraddadırlar, ünvanlarını da kimsə bilmir. İslamın telefonu itməsəydi zəng eləyə bilərdik heç olmasa, - deyirdi Sima müəllimə. Qoy sağalsın, bircə sağalsın, sonra hər şey düzələr, özü zəng eləyər onlara, – yenə hıçqırdım… Ağlama…yaxşı da, bax sən ağlayırsan iki gündü, yemirsən, içmirsən...mən də pis oluram axı…gəl gedək bizə, çay içək, nəsə yeyək, danışaq bir az hər şeydən, mən də təkəm, ölürəm darıxmaqdan. Bu son günlərin qorxusu da yatdı canıma, pis oldum lap… Anam zəng eləməlidir, bir kirayənişin tapıb, onun haqqında danışacaq, bəlkə bu gün gəldi adam elə qalmağa, bir həftədi indi gələr, bayaq gələr deyə gözləyirəm onu, lap başımı itirmişəm… Anan deyib kimdir kirayənişin? Deyib iranlıdır, tələbədir Tibb Universitetində, başqa heç nə bilmirəm.

Oğlandır yəni? Məncə. Sənin anan düz eləmir, bağışla məni, amma belə olmaz…olmaz belə…sən tanımadığın bir xarici tələbəylə bir evdə qalacaqsan? O isə kefi istəyər gəzər MDB-ni başdan-ayağa? Qoy gəlsin, bu dəfə ciddi danışacağam onunla, mən özüm də bezmişəm onun axmaqlıqlarından, elə bil on beş yaşında səfeh bir qızdır! Gedək bizə, Aida…həm evdə təkəm, oturub danışarıq bir az ordan-burdan, fikrimiz dağılar, yoxsa nə mənası, həm də sən gedib evinizdə tək darıxacaqsan uzağı, mən də…gedək… Yaxşı…

-Ya Allah!– deyib ortayaşlı, tosqun kişi yerköküləri tərəzinin gözündən sellofan torbadakı almaların üstünə tökdü, - qonaq olun, müəllimə,- deməyi əlini uzadıb pulu Simadan almağıyla üst-üstə düşdü. - Sağ olun, Allah bazar versin, həm də yadınızdan çıxmasın, bazar günü mütləq gəlin, özüm qarşılayacam sizi. - Oldu, müəllimə, mənim gözlərim üstə. Ağır torbanın bir ucundan tutub soruşdum: - Hətta belə adamları da dəvət eləyirsiz? - Əlbəttə, Allahın evi hamı üçündür, fərqi yoxdur. - Axı dediyiniz fəlsəfəni anlayacaq birisi deyil, məncə. - Bu fəlsəfə hər kəsə onun təfəkkürünün qəbul edə bildiyi qədər açılır, biz ətrafımızda epidemiya görüb əlimizdə olan peyvəndi yalnız sayıb-seçdiklərimizə vura bilmərik, bu, hamıya verilməlidir, əks halda xəstəliyin kökünü kəsmək olmaz. - Hə, doğrudur…yoldaşınız, oğlunuz hardadırlar ki? - Yoldaşım bağa gedib, oğlum da atasıyla onların rayonundadır, nənəsi istəyib görsün, mən də yolladım. - Onun atasıyla problem yoxdur, hə? O, istədiyi vaxt sizə gəlib-gedir? - Əlbəttə, nə problem? Biz normal, sivil insanlarıq. Hətta onun indiki arvadı mənimlə məsləhətləşir çox şeydə. - Hmm...elə bizdə də oxşar vəziyyət oldu demək olar ki...düzdür, bir az daha çox problemli...maraqlıdır...bir dəfə demişdiniz Kamran sevgidən doğulan uşaq olub, amma indiki yoldaşınızla da sevgiyə görə birləşmisiz. Demək, ən azı bir dəfədən artıq sevmək mümkündür, hə? - Sənə indi bu qəribə gələ bilər, elə başqalarına da, amma biz insanlar belə yaşayırıq. Hisslər doğulur, inkişaf edir, qocalır, sonra da ölür, qızım...hətta sənə deyim ki, hisslər xəstələnə də bilir, tam elə insanların özü kimi. Onlar bizim içimizdə özümüzün daha bir kopyasıdır hesab elə, təzahürümüzdür bizim, necə ki biz də hisslərimizin təzahürüyük, əməllərimizin və hətta ağlımızın da... Əslində isə nədir sevgi? Xristianlar deyirlər Allah – Sevgidir. Biz, yəni vayşnavlar, ömrümüzü və bütün fəaliyyətimizi Tanrıyla aramızda qırılmış Sevgi bağlarının yenidən bərpasına həsr edirik. Bhakti - yoqa sevgi yoqası deməkdir, Tanrıya sevgi ilə qovuşmaq yoludur.

Həyatımız boyu rast gəldiyimiz bəzi insanlara içimizdəki Tanrı nurunun təzahür edə bildiyi dərəcədə vuruluruq, onların içindəki Tanrı nurunu öz içimizdəkinə bənzətdiyimiz andaca şüuraltımızda həmən əslində Tanrıya, realda isə guya rastlaşdığımız insana aşiq olururq. Realda hər şey illüziyadır. Real dediyimiz dünya yalanın ən böyük təzahürüdür...çatdıq…dayan görüm lift işləyirmi? Lift işləyirdi, amma içəridə daha öncə kimsə təbii ehtiyacını ödəmişdi deyə, üfunətdən burunlarımızı tutub, dodaqlarımızı hirsdən və iyrənməkdən büzərək doqquz mərtəbəni pillə-pillə qalxmalı olduq... Simanın əri evdə idi. Kürsüdə televizora baxa-baxa yuxulamışdı. Namik...Naam…- Sima astaca onun boynunu qucaqlayıb qulağına deyirdi – dur, burda yatma, keç öz yerinə. Aa, gəlmisən? Mən elə kinoya baxırdım, yuxu aparıb...oy, qonağımız da var, siz Allah bağışlayın, - eynəkli, uzun sarışın adam ayağa qalxıb mənə salam verdi, - siz də qreşniksiz? – deyə gülümsəyib zarafatından da qalmadı. Nə? – qeyri-ixtiyari gülümsəsəm də, heç nə anlamadım. O krişnaitlərə belə deyir, fikir vermə. Mənim ərim dünyanın ən sevimli yırtıcısıdır, yaraşıqlı və nəcib bir ətyeyən, - Sima gülərək mətbəxə keçdi, - nə əcəb qayıtdın bəs? Nə bilim...istəmədim, gələn həftəsonu bir yerdə gedərik...nətəhərdi sizin oğlan? Sağalır? İslam? Yox hələ, ağırdı deyirlər. Həm də yaddaşını itirib, sayıqlayır da üstəlik. Boğazımda qəhər hiss elədim. Ərlə-arvadı mətbəxdə baş-başa buraxıb səssizcə eyvana çıxdım. Şəhər ovuc içi kimiydi. Işıqlar gecənin qaranlığını bəzəyirdi. Aşağıda tək-cüt insanlar keçirdi. Heç birisinin bu qədər hündürlükdən onları görüb seyr edən qızılı saçlı gənc qızdan və onun duyğularından xəbəri yox idi. Aşağıya baxdıqca məni arxasınca sürükləyən uçmaq, yıxılmaq, yerə çırpılmaq hissinə hər an daha artıq yenildiyimin də fərqində deyildi kimsə. Külək saçlarımı alıb aparmaq istəyirdi özüylə, uzaq qaranlıqlar baxışlarımı... Aida, telefonun... – Sima içəridən mobil telefonumu gətirdi. Anam idi. Deyirdi dərsdən sonrakı vaxtlarımı evdə olum mütləq, çünki kirayənişin oğlana ancaq evin telefon nömrəsini verib, hər dəqiqə zəng edib ora köçə bilər. Sən nə danışdığını bilirsən, mama? Sən tanımadığımız bir adamı evə buraxmağımı istəyirsən? Həm də xarici bir ölkənin adamını? Sən dəli olmusan yəni? Mən sənə deməyə artıq söz də tapa bilmirəm... Kəs səsini, ev mənimdir, sənin atanın yox! Nə vaxt mənim ayıma iyirmi-otuz min dollar göydən pul yağdıracaq, onda da oturaram evimdə. Olaram sizin müsəlman arvadlarınız kimi xanım. Sənə isə ümumiyyətlə universiteti atmağı məsləhət görürəm, axmaq qız. Ər lazımdı sənə, ər! Bəsdiii...mən özgəsinin evindəyəm, mama, məni bu adamların yanında dəli eləmə. Sənə kobud cözlər deməyə vadar eləmə, başa düşürsən sən məni? Sən özün sarsaqsan, mənim nə təqsirim? Sənə adam kimi deyirəm ki, evdə ol, oğlan gələcək, üç ayın pulunu da almışam qabaqcadan, hər dəqiqə evə köçə bilər, balaca otağın açarını ona verərsən, çayına, yeməyinə, pal-paltarına, otağına baxarsan mən gələnə kimi...

Dayan bir! Sən nə danışırsan? Yox, nə danışırsan sən? Sənin hansısa xaxalın gələcək köçəcək evə və mən hələ ona qulluq da eləməliyəm? - O mənim xaxalım deyil, Aida! O, kirayənişindir. Bizdən onu soruşan hər kəsə də onun sənin əmin oğlu olduğunu deyirsən, vəssalam. Ən birinci də sənin o lesbiyan rəfiqənə. - Mama, Masyaya belə demə! - Da poşla tı! – anam söhbətə son qoydu. Əsirdim başdan-ayağa. Yenə eyvandan küçəyə baxmağa başladım. Artıq şəhərin uzaq-yaxın işıqları, tək-cüt insanları gözlərinə görünmürdü. Aşağıya baxdıqca məni arxasınca sürükləyən uçmaq, yıxılmaq, yerə çırpılmaq hissinə hər an daha artıq yenildiyimin də fərqindəydim…

Gəl bir az çörək yeyək, - Simanın səsi başımdakı qarmaqarışıqlığı dağıtdı və məni otağa çəkdi. Gəldim, - deyib əllərimi yumağa keçdim. O, ət yeməyəcək? Ət yemirsən sən də, Aida? – Namik öncə arvadına, sonra mənə sarı baxdı. Bilmirəm ki...Aida, neyləyək? Mənimləsən ya Namiklə? – Sima gülərək soruşdu. Heç birinizi tək qoymaram, - özümü doğma birisi kimi hiss etdiyim bu adamların yanında tamamilə rahatca süfrəyə oturub, içində mal ətindən borş olan boşqabı qabağıma çəkdim. Aay sağ ol, yoxsa ki, dedim indi sən də Simanın greşnik rəfiqələri kimi mənə dərs verəcəksən ki, ay meyit yeyirsən, ay mal əti ananın ətidi hesab elə, yesən ona ziyandı, o dünyada da, bu dünyada da...eeehhheee...- Namik gülə-gülə əlini qaşıqqarışıq yelləyib yeməyə girişdi. Əslinə baxanda düzdür, bizim Yer planetinin rəmzi İnəkdir, bəs nahaqdan qədimdə inanırdılar ki, Yer öküzün buynuzları üzərində dayanıb? Yer həm də anamızdı bizim, Təbiətə də Ana deyirik, elə? Təbiətin ən gözəl təzahürü isə bizim analarımızdır...Hər inək öldürülməsi isə Yerə daha bir zərbədir, bir də ruhani ustadımız deyir ki, əgər Yerdəki bütün abortxanaları və bütün sallaqxanaları ləğv edə bilsək, nə müharibələr üçün zəmin yaranacaq, nə bir başqa neqativ enerji yığımı təbii fəlaəkətlərə, xəstəliklərə gətirəcək, vəssalam, - Sima tərəvəzli şorbasını qarışdıraraq mızıldandı, yeyin, nuş olsun....

Şam yeməyindən sonra Namik bizə xeyirli gecə diləyərək yataq otağına çəkildi. Sima isə kəklikotu dəmləməsi və quru süd, kərə yağı, şəkərdən hazırlanmış kokoslu kürəciklər gətirdi: - Bax bu balaca şirniyyatın adı “Sadəcə möcüzə”dir. Bir dadına bax, adamın ürəyi kimi əriyir lap, fantastikadır! Elə Krişna özü də fantastikadır, sənə hər şeyi danışacam

Onun haqqında, səhər məbəddəki bayramda da özün görəcəksən necə gözəl bir aləmdir bu...Quru da gələcək, sənin üçün xeyir-dua istəyəcəm Ondan, yaxşı? Mənim Qurum dünyanın ən mükəmməl ustadıdır...Yat, mən də yuyunub yatacam...həm də bu gecə baxaq nə görəcəksən yuxuda, birinci dəfədir axı bizdə qalırsan, özü də yatağının üstündə Radha-Krişna var, baxsana...

Divanın arxasındakı divardan yağlı boya ilə işlənmiş tabloda Sidr ağacından asılı bəzəkli yelləncəkdə Tanrı Krişna və Onun əbədi yoldaşı olan Bəxt ilahəsi Radha bir-birlərinə qısılaraq dünyaların ən gözəl Sevgi nağılını yaşayırdılar…Gözəl bir mahnı vardı havada, çox şirin bir ilahiliklə bütün Kainatı doldurmuşdu bu mahnı. Hər şey bu mahnının içindəydi, hər şey…mən də… Böyük, sanki sonu belə olmayan bağ idi, naringi ağacları vardı hər tərəfində. Əlimi atıb naringi dərdim və soyub dilim-dilim yeyə-yeyə ətrafıma baxmağa, bura haradan gəlib düşdüyümü, buradan necə çıxmağın mümkünlüyünü düşünməyə başladım. Hələ tam yetişməyib meyvə. „Yaman tez gəlmişəm…“- ağlımdan keçdi və bağın bir tərəfindən su şırıltısı eşidib elə o tərəfdəki tək nar ağacına tərəf getməyə başladım. Elə tələsdim ki… Ayağım nəyəsə ilişdi. Az qala yıxılacaqdım. Yıxılmadım. Ama çeçədim. Yetişməmiş naringinin turş şirəsi boğazıma od qoydu. Haçandan-haçana özümə gəlib nifrətlə naringi ağaclarına baxdım. Mənə elə gəldi ki, ağaclar qəhqəhə çəkib halıma gülürlər. Hətta bu qəhqəhələrdən qulaqlarım batırdı az qala. Əllərimi qulaqlarıma sıxıb yerə çöməldim. Gözlərimi yumdum. Bir anda onlarla, yüzlərlə, minlərlə əl daraşdı mənə. Gözlərimi açanda elə beləcə də gördüm. Bəyaz, bir qədər də solğun əllərin hücumuna məruz qalmışdım. Saçlarımı, ayaqlarımı, qollarımı dartışdırır, əynimdəki donun ətəklərini qaldırıb vücuduma pərçim olurdular. Onlara müqavimət göstərə bilmirdim. Bu saysız-
hesabsız əllərin heç bir əxlaqa sığmayan təcavüzünü saysız-hesabsız af-uflar, iniltilər, sözlərini aydın eşidə bilmədiyim ehtiraslı pıçıltılar müşayiət edirdi. Hiss eləyirdim ki, artıq donum da, alt paltarlarım da əynimdə yoxdur. Yerdəydimmi, göydəydimmi, anlaya bilmirdim. Uçuşan, oynaşan bəyaz əllər bədənimi başqa heç nə ilə təmasda olmağa imkan vermirdi. Amma bilirdim ki, üzüm göylərə sarıdır. Ağzımı, qulaqlarımı qapayan əllər nə üçünsə gözlərimə dəymirdilər. Və bütün varlığımı bürümüş əsarətin içərisində gözlərimin azad olması məni sevindirirdi. Baxışlarımı mümkün qədər uzağa yönəldib bu anda yaşadıqlarımdan ruhumu azacıq da olsa ayırmağa cəhd elədim. Haçansa Quranın tərcüməsində oxuduğum “Hansı tərəfə dönüb baxsanız da, Tanrı ilə üzüzə dayanmış olursunuz...” ayəsi düşdü yadıma. Tanrı ilə üz-üzə... Amma Sənin dərgahına yönələn baxışlarımın yolunu topa-topa buludlar kəsdi. Buludlarda dünyanın ən müxtəlif yerlərində bu anda baş verənlər əks olunurdu. Sanki kimsə pultu əlində saxlayıb onların üzərində kanalları bir-bir dəyişir, bütün dünyadan canlı görüntülər nümayiş elətdirirdi. Bax, bu, Hindistandır... Yenə körpü uçub. Mən gözümü dünyaya açandan indiyə qədər elə hey eşidirəm ki, Hindistanda körpü uçub, sərnişin qatarı, ya da avtobus dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var... Yaralıların ah-naləsi bəyaz əlləri müşayiət edən iniltilərə qarışdı və onların içində əriyib itdi... Bu nədir? Somalidə ac qalan qara-qura əhali...İlahi! bunlar insandımı? İlahi, bunlar da bizimlə eyni bir dünyada, eyni bir zamandamı yaşayır? İlahi, bunlar yaşayırmı? De, bunlar sənin qaralama dəftərindimi? Bunlarınmı üstündə öyrəndin insan yapmağı? Bəs bu nədir? Antarktida buzlaqları...əriməkdə... Qırx günlük palçıqdan yaratdıqlarının yerdə törətdiyi fitnə-fəsada dözməyib buz ürəyinmi əriyir? Nə deməkdir bu? Səbir kasan daşıb basacaqmı düzü-dünyanı? Buludların üzərindən al-əlvan adamlar qışqırışırdılar: “Qiyamət! Qiyamət qopur, Qiyamət!” “ Hə, əlbəttə, başqa adı ola bilməzdi bunun. Ətə qiyam, qiyama ət... Lap çaşıb qaldım. Bu nə sərsəm fikirlərdir gəlir ağlıma?! İlahi...bircə bu əllər tez çəkilib getsəydi! Bircə azad olsaydım! Deyəsən, axı özüm də ehtiraslanıram get-gedə...ah, nə yaxşı...nə yaxşı...” Beləcə Səninlə üzbəüz azadlıqda qalan gözlərimi ehtiras öz zərif nəfəsiylə qapadı! Artıq mənim də iniltilərim bəyaz əlləri müşayiət edən af-uflara qarışdı... Sonra hər şey yoxa çıxdı, iniltilər də, toxunuşlar da. Gözlərimi açdım. Heydən düşmüş varlığımla üzü göylərə Səninlə üzbəüz oldum yenə də. Hər yerdə bir sakitlik vardı. Bəyaz əllər də yox idilər artıq, göyün mavi ekranındakı canlı yayım reportajları da… Başımın üstündə dayanmış qırxıqbaş, narıncı rəngdə paltar geyinmiş arıq, uzun adam üstünə bağırırdı: - Sən burda neynirsən? Bu nə görkəmdi? Haydı dur geyin, qaç ora, orda səni yaratmaq istəyirlər, amma axı sən varsan, sən burdasan axı?!..


Tarix: 09.06.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 446 Bölmə: Cavidan "Namə"
loading...