Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qismət Məmmədzadə

Qismət - Müğənni.

Həyatı

Qismət Məmmədzadə 1980-cı il aprel ayının 20-də Bakı şəhərində, Ramazan və Səfagül Məmmədzadələrin ailəsində ikinci övlad olaraq dünyaya gəldi. Adını ata babası Bayram kişinin istəyi ilə Qismət qoydular. Ailədə ata və ana tərəfinin musiqiçi olması onun da uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə səbəb oldu. Kiçik yaşlarından müxtəlif konsertlərdə, şənliklərdə çıxış edən Qismətin ilk televiziya çıxışı 1992-ci ildə televiziya ilə yayınlanan "Sübh şəfəqləri" müsabiqəsində oldu və 1993-cü ildə Qismət o müsabiqənin vokal üzrə qalibi seçildi. Elə o vaxtlar həmin müsabiqədə münsiflər heyətinin sədri olan mərhum bəstəkar Əfsər Cavanşirov Qismətin heç bir musiqi təhsili olmadan belə gözəl oxumasını görüb onu "Bənövşə" uşaq xoruna qəbul etdi. Bir neçə il orda oxuyan Qismət bu arada o vaxtlar fəaliyyət göstərən və tanınmış qarmon ifaçısı Xanlar Cəfərovun rəhbəri olduğu "Ümid" ansamblının müşayətiylə bir neçə mahnılar yazdırıb efirdə və radioda ara sıra ifa edirdi. Bir müddətdən sonra keçid dövrü və səs dəyişkənliyi ilə əlaqədar olaraq oxumağı dayandırdı. 1996-1997-ci illərdə yenidən oxumağa başladı. Amma artıq televiziya ekranlarına çıxa bilmirdi. Maddi vəziyyətin çətin olduğuna görə o toylarda oxumağa başladı. 1999-cu ildə həvəskar studiyalardan birinin köməyi ilə 11 mahnıdan ibarət "Sevmək istərdim" adlı bir kaset hazırlayıb satışa çıxarıb. Bir zamanlar Həzinsəs imzası ilə şerlər yazdığından elə bu ləqəbi də kasetin üstünə yazdırdı. Lakin kaset demək olar ki satılmadı. Artıq Bakıdakı vəziyyət Qisməti qane eləmirdi. Elə buna görə də bir müddətdən sonra ailəsiylə bərabər Moskva şəhərinə pul qazanmaq məqsədiylə gedir. İlk vaxtlar çox böyük çətinliklərlə qarşılaşmasına baxmayaraq o, az bir zamanda Moskvada yaşayan azərbaycanlıların rəğbətini qazandı. Gənc yaşlarından muğama heyran olan və mərhum muğam ustası ustad xanəndə Hacıbaba Hüseynovu özünə ustad hesab edən Qismət estrada, xarici musiqi və xalq mahnıları ilə bərabər artıq muğam da oxumağa başlamışdı. Elə hər bir janrda oxumaq bacarığı da onu Moskvada yaşayan digər millətlərə də sevdirmişdi. 2000-ci ildə, Moskvada yaradılan Nəsibə Zeynalova adına "Nəsibə" teatrının rəhbəri Sərxan Kərəmoğlu Qisməti həmin teatra solist kimi dəvət edir. Bu teatrla bərabər Rusiyanın bir çox şəhərlərində konsert verən Qismət artıq sənət karyerasını Moskvada qurmağı düşünürdü. Lakin bu fikirdən tezliklə daşınmalı oldu.

Moskvada yaşayan və Qismətlə birlikdə çalışan qarmon ifaçısı Alim Vəliyev Qismətə Bakıya qayıtmağı təklif edir. 2002-ci ildə da Bakıya gedir, ilk mahnısı olan "Qismət birdir" mahnısını ona bəstəkar Elçin İmanov təklif etdi. Bu mahnı Qismətə uğur gətirir. 2003-cü ildə Qismətin daha bir audio kaseti "Qismət birdir" adı altında "Səbuhi" studiyası tərəfindən hazırlanıb dinləyicilərə təqdim olundu. Amma bu kaset birinci kimi uğursuz olmadı. Bu dövrlərdə Qismətin daha da tanınmsında teleaparıcı Kamran Həsnlinin böyük köməyi oldu. Bir sıra verilişlərdə konsertlərdə iştirak edən müğənni, 2004-cü ildə hələ Moskvada yaşayarkən mahnılarını eşidib çox sevdiyi Aygün Səmədzadə ilə tanış oldu və onun yazdığı "Bakinsiy roman" mahnısını oxudu. Az bir zamanda bu mahnı hitə çevrildi. Qismətin karyerasında bu mahnının şübhəsiz çox böyük rolu var. Bunun ardından "Səbuhi" studiyası Qismətin daha bir kasetini hazırladı. Bu kasetə də "Bakinskiy roman" adı verildi. Kasetdə Aygün Səmədzadə ilə bərabər Esmiraldanın, Sevda Məmmdlinin, Qismətini yaxın dostu mərhum Emin Cəbrayılovun, klassik bəstəkarların mahnıları və muğam da yer aldı. Bakıya gəldiyi illər ərzində "Ən yaxşı gənc ifaçı", "Qızıl disk", "Hit mahnı ifaçısı" və s. mükafatlara layiq görüldü. 2005-ci ildə İncəsənət iniversitetinin prodüsser fakultəsinə qəbul olunub. Həmin ilin sonunda "De ki..." adlı növbəti kaseti satışa çıxardıb. Kasetdə Aygün Səmədzadə, Xanım İsmayılqızı, Aytən İsmixanova, Tahir Əkbər, Mətanət Nəsirqızı və s. bəstəkarların mahnıları ilə yanaşı aşıq mahnıları və muğam daxil edilib.

Qismətin mahnılarını təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, İranda, Almaniyada, Hollandiyada da sevib, dinləyirlər. Gənc olmasına baxmayaraq demək olar ki, Qismətin böyük və zəngin yaradıcılığı var. Özünün dediyi kimi: "İstiyirəm ki adım Azərbaycan musiqi tarixində qalsın və mən necə həmişə Hacıbaba Hüseynovun adını fəxrlə ehtiramla çəkirəmsə, nə vaxtsa mənim də adım eləcə çəkilsin...."



Filmoqrafiya
Oyunçu (film, 2008)


Tarix: 27.01.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...