Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bahadur Mehralı oğlu

Bahadur Mehralı oğlu xanəndə

Həyatı

Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi.

Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi. Səsi o qədər cingiltili və qaltanlı idi ki, çox uzaq məsafədən eşidilərdi. Püxtələşmiş xanəndə tarın bütün pərdələrində asudə gəzişər, xüsusilə Heydəri kimi coşğun zəngulə tələb edən muğamı çox sərbəst oxuyardı. Deyilənlərə görə Bahadır Mehralı oğlu Şuşada Çanaqqalada Qarabağ Şikəstəsini oxuyanda şəhər bulvarında çıxış edən Xan Şuşinski onun səsini eşidib Qarabağ Şikəstəsini oxumağa başlardı. Aralarındakı uzaq məsafəyə baxmayaraq, hər iki xanəndə səs-səsə verib zəngulələr vurarmış. (Azərbaycan gəncləri, 28 aprel, 1984.) Bahadır Mehralı oğlu bir sıra görkəmli sənətkarlarla- xanəndələrdən Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Pəsxan Cəlil, tarzənlərdən Abbasqulu ağa Cavanşir, Isi Əliyev, Allahyar Cavanşirov, qarmonçalanlardan Lətif Əliyev, Abutalıb Kərbəlayı Muxtar oğlu, Yusif Yusifovla çiyin-çiyinə çalışmış, neçə- neçə el şənliklərini, toyları, konsertləri birgə keçirmişlər. O, dəfələrlə Azərbaycan və Zaqafqaziya miqyasında təşkil olunan musiqi və xalq yaradıcılığı olimpiadalarında iştirak etmiş, fəxri fərman və mükafatlara layiq görülmüşdür. 1936-1945-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Bahadır Mehralı oğlu həm də gözəl müəllim idi. 1930-cu illərdə Ağdamda hələ musiqi məktəbi olmadığı bir dövrdə şəhər pionerlər evinin nəzdində xanəndəlik dərnəyi təşkil etmiş və ətraf kəndlərdən də istedadlı uşaqları bu dərnəyə toplamışdır. Bununla da Ağdamda ilk musiqi təhsilinin demək olar ki, təməlini qoymuşdur.


1958-ci ildən ömrünün sonuna kimi o, Ü. Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində xanəndəlik sinfinin müəllimi olmuşdur.

Ustad xanəndə Bahadır Mehralı oğlu Qarabağda çox sayda musiqiçilər yetişdirib tərbiyə etmişdir ki, onların adı mədəniyyətimizin görkəmli nümayəndələri sırasında çəkilir. Əbülfət Əliyev, Qədir Rüstəmov, Aydın Məmmədov, Niqay Bayramov, Barat Fərhadov və b. onun yetirmələridir. Sara Qədimova, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Fatma Mehralıyeva, Rəhilə Həsənova, Şövkət Ələkbərova, Şahmalı Kürdoğlu, Paşa Əsədov, Hafiz Sədrzadə kimi görkəmli müğənni və xanəndələrimiz Bahadır Mehralı oğlunun muğam yolundan bəhrələnmişlər. Bahadur Mehralı oğlu 1962-ci ildə vəfat edib.


Tarix: 21.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...