Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erik Vluymans

Erik Vluymans (1963-cü il martın 24-də anadan olmuşdur) – hollandiyalı caz trubaçısı.

Vluymans əvvəlcə Rotterdam Musiqi Akademiyasında təhsil almış, burada klassik musiqinin əsaslarını öyrənmişdir. Müvafiq fakültənin musiqiçiləri ilə tanış olduqdan sonra cazla maraqlanmağa başlamışdır. 1988-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Nyu-Yorkda davam etdirmişdir. Burada o, Donald Berddən trubada ifa sənətinin sirlərini öyrənmiş, təcrübə topladıqdan sonra Frenk Foster və Merser Ellinqtonun böyük qruplarında çıxış etmişdir.

O, öz ifa texnikasını yüksək səviyyədə saxlamaq uçun klassik biliklərini praktikada tətbiq edirdi. Klassik musiqidən caz üçün istifadə etməsi onun öz improvizasiya ideyalarını formalaşdırılmasına imkan verirdi. Vluymans xüsusi elektron effektlərdən istifadə etməklə trubada ifasını daha da gözəlləşdirirdi.

Vluymans böyük holland musiqiçiləri (o cümlədən pianoçu Mixail Borstlap və violonçelçi Ernst Raytsiger) ilə əməkdaşlıq etməklə yanaşı, 1989-cu ildən etibarən bir sıra beynəlxalq layihələrə qoşulmuşdur. Bu layihələr arasında onun amerikalı təbilçi Co Beron, basist Mark Conson və pianoçu Con Teylor ilə birgə işini qeyd etmək olar. Nəticədə 1999-cu ildə onların "Bitches and Fairy Tales" albomu Edison medalına layiq görüldü. Digər əməkdaşlıq nümunələri kimi fransız-veytnamlı gitaraçı Ven Li, alman klarnetçisi Teo Yorgensmann, isveçli basist-violonçelçi Lars Denielsson və finlandiyalı təbilçi, zərb alətlərində çalan Markku Ounaskari, amerikalı basist Cimmi Haslip ilə birgə işi, habelə norveçli bəstəkar Erik Lars Qudim və nyu-cazın banisi Buqqe Vesseltoft ilə birgə layihələri göstərmək olar.

2003-cü ildə o, Hollandiyanın ən nüfuzlu "VPRO/Boy Edgar Award" mükafatına layiq görülmüşdür. Son iki albom – "Summersault" (2006-cı il) və "Gatecrashin’" (2007-ci il) ona Hollandiyanın musiqi sahəsində ən yüksək mükafatı olan Edison medalı qazandırmışdır...

"JazzTimes" jurnalının yazdığı kimi, "Vluymansın ifası aydın və inamlı olması ilə seçilir, bu ifa Klifford Braunun melodikliyini, Maylzın ifa tonlarının çoxunu özündə birləşdirir, lakin onları təqlid etmir".


Tarix: 25.01.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...