Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Mansurov

Mansurov Eldar Bəhram oğlu – Tanınmış Azərbaycan bəstəkarı.

Həyatı

Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. Ailəlidir, 2 oğlu var.
Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.
Tarzən Bəhram Mansurovun oğludur.
Tarzən Elxan Mansurovun qardaşıdır.
Kinooperator Aydın Mansurovun qardaşıdır.

Yaradıcılığı

"Bayatılar"

Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilmişdi. Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi Monika Salmaso tərəfindən səsləndirilib. Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verdi. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. Levent Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. 1995-ci ildə yunan müğənnisi Petros Durdubakis Bayatıları "TAXIDIARIKO BIRD" adlı mahnı kimi ifa etdi. 1997-ci ildə isə digər yunan müğənnisi Dimitra Qalani, şair Nikos Maraitisin "Bu yanğınlar" adlı mətni ilə "Bayatıları" bir daha ifa etdi. Bir neçə il sonra daha bir yunan müğənnisi Vasilis Lekkas Bayatıları – "TAXIDIARIKO BIRD" ifa etdi.

Artıq 20 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənir və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılır. Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.

Türkiyənin tanınmış DJ-ləri – Hüseyn Karadayı və Cem Nadiran "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa etdilər. Elə həmin il yunan DJ Pantelis də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa etdi. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa etmişdir. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başladılar. 2009-cu ildə italiyanın "Cantodiscanto" qrupu "Bayatıları" fərqli şəkildə ifa etdi.

Elə həmin ildə rumıniyalı DJ Edvard Maya "Bayatılar"dan öz "Stereo love" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə etdi. Elə həmin il "Stereo love" isveçli PJ feat Velvet, və kanadalı Mia Martina ifasında da səslənərək dünyanı dolaşdı. "Zalim" ilə məşhurlaşan Türkiyəli Levent Yüksel 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa etdi. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa etdi. 2005-ci ildə Nyu-Yorkda yaranmış "Brazilian girls" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə etdi. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "The Guzek Trio" üçlüyü ifa etdi. Elə həmin il "Bayatılar"ı DJ Brizi və Eusebio Belli ispan dilində səslənən "Moliendo Cafe" (extended version) kompozisiyasına daxil etdilər. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu oldu. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa etdilər.

2012-ci ilin əvvəlində gənc türk müğənnisi Aydan Kaya və "SALTANATH" rok qrupu Bayatıların "Zalim" versiyasını özlərinə məxsus ifa etdilər.

"Bəhramnamə"

Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən görkəmli ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap etmişdi. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunurdu. İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verdi. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır. "Bəhramnamə" layihəsi əvvəlcə alboм şəklində musiqisevərlərə təqdim olundu. Sonra layihənin efir ömrü başlandı: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səsləndi. Nəhayət, layihə nəhəng konsertlə tamamlandı. 2005-ci ilin dekabrın 1-də Heydər Əliyev adına Sarayda, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Bəhramnamə" layihəsinin təqdimatı keçirildi. Musiqiçilər tamaşaçıları yeni janrla tanış etdilər. Onun adı simfo-folk-rokdur. Burada simfoniya, rok, caz və muğam harmonik şəkildə vəhdət təşkil edir. Zala toplaşanlar Eldar Mansurovun yeni yaratdığı orkestrin müşayiətilə "Bəhramnamə"nin canlı ifasını ilk dəfə eşitdilər. Pianoçular Nazim Əhməd və İlqar Bakıxanov, bas gitarada Ramiz Ağazadə, gitarada Rafiq Rəsulov, tarla çalan Yaşar Hüseynov və zərb alətləri ifaçısı Sergey Krasnyanskidən ibarət olan orkestr "Bəhramnamə"ni yüksək səviyyədə musiqisevərlərə təqdim etdilər. Bəstəkarın qardaşı – tarzən Elxan Mansurov orkestrin müşayiətilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılmış kompozisiyaları atasından yadigar qalmış tarda ifa etdi. Bu muğamlar, amma digər interpretasiyada – vokal-instrumental variantda populyar müğənni Manana və xanəndə Elbrus Abdulzadənin ifasında səsləndi. "Bəhramnamə"də Şərq və Qərb görüşüb. Hər iki sivilizasiyanın kəsiyində yerləşən Azərbaycan bu iki qütbü özündə birləşdirir. Eldar Mansurov orijinal sintez yaradıb: о, simfoniya, rok və muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib. "Bəhramnamə"də səslənən hər bir kompozisiya musiqiçilərin ifasında Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.

"Bəhramnamə-2" 2005-ci ildə ifa olunmuş "Bəhramnamə" layihəsinin davamıdır. Bəstəkar bu yeni layihədə həm səslənmə, həm də forma etibarilə yenilliklər etmişdir. Birinci layihədən fərqli olaraq Eldar Mansurov burada Azərbaycan milli musiqi aləti olan tardan və rok qrupundan başqa ilk dəfə böyük simfonik orkestrdən istifadə edir. Bu üç müxtəlif janrlara aid olan alətlər bir-biri ilə sintezdə çox gözəl və həmahəng səslənir. "Bəhramnamə-1" layihəsindən fərqli olaraq bu dəfə simfonik orkestr yeni layihəyə səslənmədə xüsusi gözəllik gətirir. Üç janrın sintezi, belə bir səslənmə "Bəhramnamə-2"ni ona bənzər layihələrdən öz orijinallığı ilə tam fərqləndirir. "Bəhramnamə-2" özündən əvvəlki layihə kimi 2 hissədən ibarətdir – instrumental və vokal. Layihənin vokal hissəsində solistlərdən başqa ilk dəfə olaraq kapella xorundan istifadə olunur. İnstrumental hissəsində isə Eldar Mansurov bir sıra yenilliklər edir. Belə ki, bu dəfə tardan başqa, Azərbaycan milli nəfəsli alətlərindən – ney, balaban, tütəkdən istifadə olunur. "Bəhramnamə-2"də "Rast" dəstgahından başqa bəstəkar çalğı praktikasında az ifa olunan "Qafqaz Humayunu", "Nəva-Nişabur", "Çoban bayatı", "Kürdü-Şahnaz" müğamlarına müraciət edir. Ümumiyyətlə, "Bəhramnamə-2" janr, forma və üslubuna görə orijinal və unikal bir layihədir.

Əsərlərinin siyahısı
"12 prelüd" f-no üçün-(1974)
"Sonatina" f-no üçün-(1975)
"Poema" violin və f-no üçün-(1976)
"Simli kvartet №1"-(1977)
"Konsert" violin ilə simfonik orkestr üçün-(1978)
"Simfoniya № 1"-(1979)
"Simli orkestr üçün pyeslər"-(1979)
"Simli alətlər üçün musiqi"-(1980)
"Pastoral" simli kvartet üçün-(1981)
"Bayatılar" а`каpellа xoru üçün-(1981)
"Simfoniya №2" kamera orkestri üçün-(1981)
"2 romans" bariton səs və f-no üçün-(1982)
"Adajio və skertso" fleyta və f-no üçün-(1982)
"Simfoniya № 3"-(1982)
"Uşaq xoru üçün 2 mahnı"-(1982)
"Nəfəsli septet üçün 6 pyes"-(1983)
"Saqinamə" tar və simli kvartet üçün-(1983)
"Nəfəsli aləylər orkestri üçün marş"-(1983)
"Kamera orkestri üçün Pastoral"-(1984)
"Violin və f-no üçün sonata" (1985)
"Vətənim mənim" uşaq xoru üçün mahnılar silsiləsi-(1985)
"Каntata – "Ölməzliк" B.Vəziroğlunun sözlərinə-(1985)
"Uşaqlar üçün f-no pyesləri silsiləsi-(1986)
"14 prelüd" f-no üçün-(1986)
"Simli kvartet № 2"-(1986)
"6 prelüd" f-no üçün-(1986)
"Rubato" кlavesin, çelesta və f-no üçün-(1986)
"Rübai"-Ö.Xəyyam,M.Gəncəvi və S.Şirazinin sözlərinə а`каpellа xoru üçün-(1987)
"2 kontrabas üçün pyeslər"-(1988)
"Muğam-dəstgah" orqan üçün-(1989)
"Mahur-Hundi" simfonik muğamı-(1990-1991)
"Simfoniya № 4"-(1991)
"Freskalar" kamera orkestri üçün-(1991)
"Аdajiо" violin və simfonik orkestr üçün-(1991)
"Passakaliya" simfonik orkestr üçün-(1991)
"Estrada-simfonik orkestri üçün pyeslər-(Müxtəlif illər)
"3000-dən çox mahnılar və instrumental musiqi-(Müxtəlif illər)
""Bəhramnamə" – tar,simfonik orkestr və rok qrupu üçün musiqi-(2004)
"Кleopatra" – rок-balet-(1998)
"Оlimp" – 1 pərdəli rок-balet-(2004)
"Yeddi gözəl" – rок-оperа-(2005)
"Simfonik rəqslər" – (2010).

Filmoqrafiya
Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film) (Aztv)-musiqisindən istifadə edilən bəstəkar
Almas İldırım (film, 1991)
Aran (film, 1985)
Bakı bağları. Buzovna (film, 2007)
Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
Bakı bağları. Şüvəlan (film, 2007)
Bala-başa bəla! (film, 1995)
Bəxt üzüyü (film, 1991)
Bəxtəvər (film, 1990)
Bizim paytaxt Bakımız (film, 2008)
Daşdan tikilmiş şəhər (film, 2008)
Dəniz səyahəti (film, 1992)
Əndazədən çıxanlar (film, 1988)
Əzablı qurtuluş (film, 1993)
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
Güzgü (film, 1990)(I)
Heydər Əliyev. Onuncu film. Xüsusi təyinat (film, 2008)
Hökm (film, 1994)
İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002)
İşğal (film, 1994)
Qeybdən gələn səs (film, 2002)
Qisas günü (film, 1993)
Müqəddəs oda yanaram (film, 1991)
"Neftçi"-87 (film, 1987)
Şirin bülbül (film, 2000)
Toy (film, 2005)
Yük (film, 1995)
Yürüşün sonu varmı? (film, 1985)
Qeybdən gələn səs (film, 2002)
Təhlükəsizliyimizin tarixi (2009)
Hörümçək toru (film, 2011)
Kapitan. Anar Məmmədxanov (film, 2012)

Teatr tamaşalarına yazılmış musiqilər
"Canlı musiqi"-(1982)
"Dar ağacı"-(1986)
"Dərviş və ölüm"-(1986)
"Gecə döyülən qapılar"-(1989)
"Kürən at" (Divar)-(1988)
"Sevgilimin anası"-(1989)
"Çələbi xan"-(1990)
"Bal çəlləyi"-(1991)
"Mənim ağ şəhərim"-(1991)
"Dişi canavar"-(1991)
"Məşuqələr"-(1992)
"Pul dəlisi"-(1992)
"Nəhəng qurbağa balası"-(1991)
"Аһ qadınlar qadınlar"-(1992)
"Nəğməli,təbəssümlü səyahət"-(1992)
"Evlənmək istəyirəm"-(1993)
"Aktyor"-(1994)
"Kələkbaz qızlar"-(1994)
"Bu dünyanın adamları"-(2000)
"Misir gecələri"-(2004)
"Şeyda"-(2008)
"Vicdansız"-(2009)
"Bəylik dərsi"-(2009)
"Sonuncu seriya"-(2010)


Tarix: 11.01.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1910 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...