Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlibaba Məmmədov

Əlibaba Məmmədov - Azərbaycan Respublikasının görkəmli xalq artisti, xanəndəsi.Mündəricat
1 Həyatı
2 Haqqında
3 Əsərləri
4 Keçidlər


Həyatı

Məmmədov Əlibaba Balaəhməd oğlu 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdı. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır.

1945 ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968 ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhəbrlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.

Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam –dəsgahlarının səsyazıları AzTR Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.

“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTR Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963 cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həmdə dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.

Haqqında

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstt-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də xalq artisti Əlibaba Məmmədovdur. Bu sənətkarın adı çəkiləndə "Humayun" yada düşür. Çünki bu təsnifin ən qabil ifaçısı məhz Əlibaba Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə geniş şöhrət tapan Əlibaba Məmmədov dövrünün çox novator sənətçilərindən sayılıb. O, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib.

1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə filarmoniyada Xalq Çalğı Alətləri Ansamblı yaradılmışdır. Baxış-müsabiqədə ansambla "Humayun" adı verildi. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Görkəmli sənətkar Hacı Məmmədova məxsus fikirdi: "Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur". Sonralar bu ansamblda Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova və başqaları da oxudular. Onlar Əlibaba Məmmədovdan həm öyrənirdilər, həm də dəyərli məsləhətlər alırdılar. İndi də bu ansambl öz fəaliyyətini dayandırmayıb. Sorağı müxtəlif bölgələrdən, hərbi hissələrdən və hospitallardan gəlir.

Əlibaba Məmmədov bir qərinədən çoxdur ki, Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fondu"nda saxlanmaqdadır.

Əlibaba Məmmədov təsnif janrında ustad oxuyan sənətkar sayılıb. "Ağarma saçım, ağarma", "Ağrıma ürəyim, ağrıma" kimi mahnıları elə həzin, ürəkdən oxuyub ki, bu gün də həmin musiqi parçalarını biz bu ifaçıda eşitməyi daha çox sevirik.

Əlibaba Məmmədov gənclik illərindən mahnılar bəstələyib. Mikayıl Müşfiqin, Əliağa Vahidin sözlərinə yazdığı mahnıları dövrümüzün şöhrətli müğənniləri - Zeynəb Xanlarova, Rübabə Muradova və digər tanınmış sənətçilər sevərək ifa ediblər. Sovet dövründə müğənninin, xüsusilə də xanəndənin bəstəkarlıq etməsi bir qədər yasaq idi. Ona görə də Əlibaba Məmmədovun musiqi həyatı verdiyi sözlər artıq "Xalq mahnısı" libasına bürünərək oxunurdu. Amma el arasında, xüsusilə də sənətkarların özləri bilirdilər ki, bu, bəstəkar mahnısıdır, onun yaradıcısı da Əlibaba Məmmədovdur. Xalq tərəfindən həm öz ifası, həm də mahnıları rəğbətlə qarşılanan müğənni bəstəkar kimi tanınmasına maraqlı deyildi. Çünki o, ürəyinin diktəsi ilə hərəkət edirdi. Şeir xoşuna gəlirdisə, ona musiqi qoşmaq iradəsindən asılı olmurdu.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. Onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adlarını da aldı. Bir müddət xalq mahnılarına, muğamlara, xüsusilə də bu ruhda olan musiqi parçalarına münasibətdə laqeydlik var idi. Əlibaba Məmmədov da bu biganələr mühitində öz dəst-xəttindən, avazından bir an da olsun çəkinmədi: "Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil. Onu adi insan yaratmayıb ki... Allah vergisidir. Mövlam nə edərsə, gözəl edər. Yəqin ki, milli musiqimizi bürümüş bu qaranlıq aləmə bir işıq düşəcək". Uzaqgörənliklə düşünülmüş fikirlər gerçəkləşdi. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sənət və sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdyi diqqət yaşlı sənətkarlarımızın hədsiz sevincinə səbəb oldu. Birdən-birə suyu qurumuş, cadarlaşmış torpağa sanki bahar yağışı yağdı. Əlibaba Məmmədov söyləyir: "Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filoarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrini bölüşdürmək üçün imkanımız və yerimiz olacaq".

Ömrünün ahıl çağını yaşayan xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir. Onun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth etmişdir. Ustad Seyid Şuşinskidən aldığı dərs ömrü boyu yaddaşından və yaradıcılıq fəaliyyətindən silinməmişdir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhrünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynamışdır.

Əsərləri
İnandır Məni
Yaşa Hələ
Sən Gərək Güləsən
Səni Gözlər
Mənim Azərbaycanım
Müxalif Təsnifi
Bakı
Şur Təsnifi (Yaşa Ürəyim)
Mehriban Həkim
Vətən Yaxşıdır


Tarix: 21.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 630 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...