Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şiraklar

Şiraklar – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış qədim türk etnoslarından biri.

Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd olunur. Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan qaldırılmışdır. Antik mənbələrdə şiraklar haqqında bəzi məlumatlar qorunub saxlanılmışdır.

Antik müəllif Tatsit (Annallar,XII,15) Şimalda "şirakların çarı Zorsin" ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində "ç" səsi olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə "çur" – "qəhrəman", "çin" (şin,sin) – "kimi" sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi" anlamındadır.

I əsr müəllifi Strabon Şimalda şirakların bir hökmdarının adını Abeak kimi göstərir. Bu ad da türkcədir. Altay dillərində "abaqa" – "əmi" mənasındadır. VIII əsrdə Altayda telenqutların başçısı Abak, [[teleutlar]ın XVII əsrdə xanı Abak adlanırdı. XIII əsrdə Çingiz xanın nəslindən Abaqa xanın adı da mənşəcə bu sözlə bağlıdır. Çuvaşlarda indi də Abak və Abayak şəxs adları var.

Tatsit (Salnamə,XII,16) sirakların Şimali Qafqazda şəhərlərinin adını Uspu kimi yazır. Q.Qeybullayev yazır ki, bu toponim Uçupa yaxud Uçopa (Üçoba) kimi bərpa olunmalıdır (Azərbaycan türkcəsindəki oba sözünün qədim türk dilində upa, upu formaları məlumdur).

Nəhayət qeyd edilməlidir ki, qaraqalpaqlarda Kara-Sirak, özbəklərdə Çuvan-Sirak, Katta-Sirak, türkmənlərdə Çirakçi adlı tayfalar vardı. Təkcə bu fakt sarmatların sirak türk mənşəli olduğunu aydın göstərir. V.İ.Abayevin şirakları irandilli sayması və hətta sirak sözünü osetin dili əsasında "rəvan rəqs edən" kimi izah etməsi isə elmi həqiqətə uyğun deyil.

Şirakların Cənubi Qafqazda nə vaxt məskunlaşmaları mənbələrdə göstərilməyib. Lakin Qafqaz Albaniyası haqqında bəhs edən mənbələr şirakların adını alban tayfalarından biri kimi çəkir. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində isə şirakların miladdan əvvəl yaşamaları məlumdur.

V əsr ərmən tarixçisi Moisey Xorenasinin e.ə.II əsrdə Şimaldan türk bulqarların gəlib Ermənistanda məskunlaşmasını yazması və Şirak hakimi ifadəsini işlətməsi (III kitab, 43-cü fəsil) şirakların orada miladdan əvvəl məskunlaşdığını göstərir. Həmin müəllif I əsrdə ərmən hökmdarının Şirakın oğlanlarından Quşarı Kəngər və Kolb əyalətlərinə hakim təyin etməsini də yazır (II kitab,VIII fəsil). Bu məlumatdakı Quşar şəxs adı da türkcədir. Bu ad "kuş" – "qartal" (Azərbaycanda arxeoloji qazıntılar zamanı antik və erkən orta əsrlərə aid kiçik qartal fiqurları tapılmışdır) və "ər" sözlərindən ibarətdir. Ona görə də hay tədqiqatçısı P.K.Patkanovun Ermənistanda şirakların məskunlaşmasını miladın IV yüzilinə aid etməsi düzgün deyil.

Qərbi Azərbyanda şiraklar Arpaçay sahilində məskunlaşmışdlar. Orta əsr mənbələrində bu ərazilər Şirak-el adlandırılır. Tarixi ədəbiyyatda rast gəlinən Şuraqel, Şörəyel formaları da məhz Şirak-elin təhrif edilmiş formalarıdır. Hətta Ərmən hökmdarı Tiridatın dövründə (665-699) şirakların Şirakovan adlı şəhərinin olması da məlumdur. II əsr ərmən tarixçisi Ananiy Şirakatsi (Şiraklı) məhz şirak mahalının adı ilə adlanmışdır. IX əsr ərəb müəllifi İbn Xordadbeh Ermənistandaki Şirak mahalının adını Siirac kimi qeyd etmişdir. Kitabi Dədə Qorqudda isə bu toponim katiblərin səhvi üzündən Şirəku kimi qeyd olunmuşdur. XX əsrdə Qərbi Azərbaycanda Şirakqala şəhər xarabalığı vardı. Ermənistanda Şirak rayonunun adında bu etnosun adı XX əsrin ortalarına kimi qorunurdu. Erməni tarixçiləri şirakları irandilli saydıqlarına görə bu toponim dəyişdirilmrdi.

Şirakların digər bir hissəsi isə Qafqaz Albaniyasında Qanıx (Alazan) və Qabırrı (İori) çaylarının arasında məskun idi. İndi Gürcüstanın ərazisinə düşən bu ərazidə şirakların adı Şirak düzünün adında qorunmuşdur.

Maraqlısı odur ki, şirak tayfasnın adı topnimlərdə həm də Çıraqlı (Siraklı, Şiraklı) kimi qalmışdır. Azərbaycannda Çıraqlı adlı 4 kənd var. Çıraqqalanın adı da bu etnonimlə əlaqələndirilir.

Deməli hələ eramızdan əvvəl Şimaldan gəlmiş türk şiraklar Şimali Azərbaycanda məskunlaşmış və heç şübhəsiz ki, Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamışlar.


Tarix: 17.01.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 137 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...