Həyatı
Ibrahim bəy Ilyas bəy oğlu Fars əyalətinin Cöhrəm mahalında anadan olmuşdu. I Şah Təhmasibdən əvvəlcə sultan, sonra xan ünvanı almışdı. 1539-cu ildən Fars əyalətinin bəylərbəyi olmuşdu. Tarixçi yazır: «Gərmrudun Miyanə (məntəqəsinə) çatdıqda, Qazı xan vəfat etdi. Qazıxanın mülazimləri Həsən sultanı dünyanın pənahı (Şah Təhmasibin) dərgahına gətirdilər. Qazı xanın vəzifəsi Keçəl bəy Hacılu Zülqədərin oğlu Ibrahim bəyə verildi (və o) İbrahim xan ləqəbi aldı». (Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi, «Təkmilətül-Əxbar», Bakı, «Elm», 1996, səh. 84). İbrahim xan 1556-cı ildə Gərmsir şəhərinin kələntəri Əmir Şəmsəddin Şəhriyar Cöhrəmini kor etdiyinə görə, şah tərəfindən tutularaq işdən çıxarıldı. Bir müddət həbsdə yatdı. 1555-ci ildə Fars hakimi İbrahim xan Hacılar-Zülqədər şahın gözündən düşdü. Bu hadisədən danışan tarixçi Əbdi bəy Şirazi yazır: «Qəzvinə xəbər çatdı ki, Şiraz hakimi İbrahim xan Gərmsir (şəhərinin) kələntəri Əmir Şəmsəddin Şəhriyar Cəhrəminini kor edib. Ədalət naminə İbrahim xanı və bu qəbahəti işlətməyi ona tövsiyyə edən onun nökərlərini ələ keçirib cəzalandırmaq üçün fərman verildi. Buna görə Əli sultan Dəmirçulu Zülqədərin oğlu Şahrux bəy Tatioğlu Şiraza yola düşdü. Şirazın idarəsi məzkur Əli sultana verildi. Şahrux bəy hökmə əsasən Şiraza gedib İbrahim xanın boynuna zəncir vurdu. Həmçinin mülazimlərin təhsildarı olan başqa qorçilər öz cəzalarına çatdılar. Şahrux bəy atası müqəddəs Məşhəddən Şiraza gələnə qədər Şiraz hökümətini idarə etdi». (Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi, «Təkmilətül-Əxbar», Bakı, «Elm», 1996, səh. 104). 1558-ci ildə həbsdən azad edilib Astrabada hakim təyin edildi. İbrahim xan 1558-ci ildə türkmənlər tərəfindən öldürüldü.
Tarix: 14.01.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr