Həyatı
Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlu təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Seyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə.Nəvai, Ş.İ.Xətai və M.Füzuli təsiri görünür.
Zəfər divanının dibaçəsində, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi.
Rübai:
Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti.
İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti".
Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir. "Şükrü sipasi namütənahi ol qadiri-biçunə kim, çün adəm asayişgahidin məxluqatdin bərgüzidə edib nitqi-şərifinə mümtaz qıldı.
Rübai:
Ol kim, cəhan xilqətin ağaz etdi, Sünini kilklə nəqşpərdaz etdi.
İnsanı qamu nitq ilə mümtaz etdi, Nitq əhlini nəzm ilə sərəfraz etdi."
Zəfər divanının daha qısa olan dibaçəsində Nəvai dibaçəsi ilə uyğun gələn digər yerlər də vardır.
Nəvai qitələrindən birini Məhəmməd peyğəmbərə həsr etmişdir. Burada deyilir ki, qeyri xalqların onun dininə etiqad etməsi onlara xeyirdir. Peyğəmbəri günəşə, insanları isə onun şüalarına bənzədən şair deyir ki, zərrələr nə qədər çox olsalar da, günəşə mane ola bilməzlər.
Muhammadi arabi şani ondin azam erur Ki, nuqs bolğay ulus bolsa nafyiğa goyil.
Quyaş aşasiğa lama andin ortuq erur Ki, zarra kasrati bolğay ziyasiğa qoyil.
Zəfər bu şeirə yazdığı nəzirəsinə əlavə etdiyi bir beytdə deyir ki, yalnız peyğəmbərin yolunda fəna mütləq olanlar onun bütün yaradılışın səbəbi olduğunu bilirlər:
Məhəmmədi-ərəbi şanı ondan artıqdır Ki, qeyr millət əgər olmaya ona qail.
Günəş kimi bu cahanı tutubdur ənvarı, Həqir zərrə nədir kim, ola ona hail.
Onun yolunda fəna mütləq olmayan nə bilir Ki, oldur səbəbi külli-afəriniş gil.
Tarix: 14.01.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr