2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365,nəfər əhalisi var. Əhalinin əksəriyyəti azərbaycanlılar olmaqla, qalan qismi çox az sayda (1%-dən az) farslardan ibarətdir.
Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.
Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də "Fındıqlıq" adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.
Səfəvilər dövlətinin qurulduğu tarix İranın Mədəniyyət şurası tərəfindən Ərdəbil Milli Günü adlandırılıb.
Tarix: 08.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycan paytaxtları