Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ partizanları

Tarixi
Dini təmayüllü olduğu ehtimal edilən qrupun əksər üzvləri 2001-ci ildə Gürcüstan ərzasində, Pankisi dərəsində çeçen mücahidlərinin hərbi bazasında hərbi təlim keçib. Hərbi təlim zamanı gənclər mühasirədən çıxmağı, partlayıcılar aparmağı, çətin şəraitdə döyüş aparmağı, partizan müharibəsinin incəliklərini yüksək səviyyədə mənimsəyiblər. Qruplaşmaya daxil olan gənclər eyni zamanda çeçen mücahidlərinin düşərgəsində öz hesablarına silah almağı və bunu gizli yolla Azərbaycana keçirməyi bacarıblar.

Qarabağa yola düşməyə hazırlaşan partizanlar 2003-cü ilin avqustunda Bakıda parkda yığışarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Qaçmağa çalışan dəstə üzvü, hal-hazırda ömürlük həbsdə olan Məmməd Məmmədov bir neçə tərəfdən atəşə tutulub. Özünü müdafiə etmək, mühasirədən çıxmaq üçünə Məmməd də havaya atəş açıb. Lakin istintaq materiallarına görə, o hüquq mühafizə orqanı əməkdaşlarından birini qətlə yetirib, birini isə ağır yaralayıb. Məmməd Məmmədov bildirib ki, onları həbs etmək üçün gələn MTN-nin əməliyyat qrupuna daxil olmayan və parkda nəzarətdə olan DİN əməkdaşı onun tərəfindən deyil, məhz MTN əməkdaşları tərəfindən qətlə yetirilib.

Qarabağ partizanları 2003-cü il 13-14 avqust tarixində həbs olunublar. 2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Dövlət ittihamçısı ilk prosesdə partizanlara üst-üstə 171 il iş istəyir. 2005-ci il martın 30-da Apellyasiya Məhkəməsində, 2005-ci il avqustun 31-də Ali Məhkəmədə onların işinə yenidən baxılıb, bir qrupu azadlığa buraxılıb, digərlərinin cəza müddəti azaldılıb. 2007-ci il martın 20-də Azərbaycan prezidentinin imzaladığı Əfv fərmanı ilə daha iki nəfər azadlığa buraxılıb. Bu gün “partizanların” hamısı, hətta dəstəyə rəhbərlik edən Rövşən Bədəlov da azadlıqdadır. Azadlığa çıxan dəstə üzvlərinin demək olar ki, hamısı Azərbaycanı tərk edərək başqa ölkələrə (əsasən Türkiyəyə) yaşamağa gediblər. Yalnız bir nəfər, 20 yaşında həbs olunan Məmməd Məmmədov ömürlük həbs cəzasına məhkum edilib. Məmmədin hüquqlarının müdafiəsi ilə ölkənin nüfuzlu hüquqşunasları vəkil Osman Kazım, vəkil Əsabəli Mustafayev və hüquq müdafiəçisi Eldar Zeynalov məşğul olur. Qarabağ Azadlıq Təşkilatı da bu məsələdə fəaldır və bu istiqamətdə ciddi işlər görür.

Üzvləri
Dəstənin sabiq üzvlərindən idmançı, boks üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Ədalət Ağayev Azərbaycanda yaşasa da, Qarabağ partizanları ilə bağlı heç bir mətbu orqana məlumat vermək istəmir. Dəstənin başçısı Rövşən Bədəlov Qarabağ müharibəsinin iştirakçısı olub. Eyni zamanda anası qəlpə yarası alıb və bir gözünü itirib.

7 il həbs cəzası almış partizan Müşfiq Qurbanovun özü və iki qardaşı Qarabağda vuruşub və qardaşlarından bir şəhid olub.

Qarabağda partizanlıq etmək istəyən Xızır Marqaşvili Gürcüstan vətəndaşıdır və 9 il həbs cəzası alıb.


Tarix: 27.01.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Azərbaycanın müharibələri‎
loading...