Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gövhər ağa

Gövhər ağa; Gövhərnisə bəyim — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin arvadı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi.

Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir. Lakin 16 yaşlı Gövhər ağa 60 yaşlı əri Cəfərqulu xan Xoyskini yox, ərinin cavan və yaraşıqlı mirzəsi olan Əlini sevməyə və onunla məktublaşmağa başlayır. O, Mirzə Əlinin məktublarını əziz bir şey kimi yastığının altında gizlədirmiş, amma necə olursa bu işi Cəfərqulu xan Xoyskinin 1-ci arvadı Səltənət bəyim bilir və qızına tapşırır ki həmin məktubları oğurlasın. Beləliklə, Gövhər ağanın Mirzə Əli ilə sevişməsi sirri faş olur, nəticədə Mirzə Əli güllələnmək yolu ilə edam edilir.

Cəfərqulu xan Xoyskinin 1814-cü ildə vəfat etməsindən sonra Gövhər ağa Qarabağa qayıdır. (1826-cı il tarixli bir sənəddən məlum olur ki, həmin vaxt Gövhər ağaya mərhum Cəfərqulu xan Xoyskinin ailə üzvü kimi Rus hökuməti tərəfindən Şuşa pulu ilə 10 min manat (2 min rus rubluna bərabər idi) illik təqaüd verilirmiş.) O, yenə də əvvəlki kimi gözəl idi və qonşu İran hakimləri bir-birinin dalınca onu almaq üçün elçi göndərirdilər. Knyaz Madatov isə onu istiqamətləndirdi ki Xankişi adlı bir bəyə ərə getsin, hansı ki həmin bəy ağıldan kəm imiş, amma onun böyük var dövləti varmış. Gövhər ağa Knyaz Madatovun məsləhətinə əməl edir və Xankişi bəyə ərə gedir. Onun Xankişi bəyə ərə getməsindən kədərlənən Qarabağ şairləri isə bu münasibətlə çoxlu şeirlər yazırlar və Gövhər ağanı mirvari, yeni ərini isə eşşək adlandırırlar.

Xankişi bəy 19-cu əsrin 30-cu illərinin əvvəlində dünyasını dəyişir və onun bütün var-dövləti Gövhər ağaya miras qalır.

Gövhər ağa bundan sonra xeyriyyəçiliklə məşğul olur, deyilənlərə görə maarif və mədəniyyətə maraq göstərir, sənət adamlarına, alim və şairlərə hamilik edir.
Gövhər ağa 19-cu əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirdi ki, bu indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur. 1884/1885-cı illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir və bərpa etdirdi, hansı ki, həmin məscid hal-hazırda da durur və "Yuxarı Gövhərağa məscidi" adı ilə tanınır.

"Məclisi-fəramuşan"ın məşğələləri çox vaxt bu məscidin hücrələrində keçirilərdi. Bəzi mənbələrdə Gövhər ağanın özünün də qəzəl və fəxriyyələrinin olduğu göstərilir. Ədəbi irsindən hələlik, azərbaycanca bir beyt, farsca bir fərd (beyt) məlumdur.

X.Natəvanı tərbiyə edib, böyütmüş, ona musiqini, şeri, rəsmi sevdirmişdir.

1888 -ci ildə Ağamda Cavanşir nəslinə mənsub İmarət qəbiristanlığında dəfn edilib.


Tarix: 24.01.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 268 Bölmə: Azərbaycanın müharibələri‎
loading...