BMT-nin insan haqları üzrə şurasının 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı ölkəmizin nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Bu barədə Azərbaycanın BMT-nin Cenevrədəki ofisi yanındakı daimi nümayəndəliyindən məlumat verilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı siyahıda ölkəmizdən 4 mindən artıq vətəndaşın itkin düşməsi faktı öz əksini tapıb. Layihədə silahlı münaqişədə iştirakçı tərəf dövlətlərin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əkisni tapıb.
Qətnamə layihəsi istiqamətlərinin operativliyini təmin etmək məqsədilə Azərbaycan nümayəndə heyətinin BQXK, qeyri hökumət təşkilatlarının, insan haqları üzrə milli təsisatların və beynəlxalq təşkilatların, dövlətlərin iştirakı ilə insan haqları üzrə şuranın sentyabr ayında keçirilməsi planlaşdırılmış sessiyası çərçivəsində itkin düşmüş şəxslər probleminin açıq şəkildə müzakirəsinin keçirilməsi və sessiyanın nəticələri əsasında BMT İnsan Haqları üzrə Ali Komissarının rezyümə hazırlaması barədə təşəbbüsü yekdilliklə qəbul edilib. Qətnamə layihəsində, həmçinin BMT baş katibindən layihədəki müddəaların yerinə yetirilməsinə dair hərtərəfli hesabat hazırlamaq barədə xahiş olunub.
Tarix: 27.01.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycanın müharibələri