Həyatı
Baxşəliyev Adil Baxşəli oğlu 1959-cu ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə Ağdam şəhər 3 nömrəli orta məktəbi "əla" qiymətlərlə bitirib. 1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə indiki AMEA-nın Tarix İnstitutuna dissertant qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin edilib.
1996-cı ildə "XVII əsrin 40-cı illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti və mədəni həyatı (E.Çələbinin "Səyahətnaməsi" əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə isə "Səfəvilər dövründə Azərbaycanın cənub şəhərləri (dövrün səyyah gündəlikləri əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb.
2006-cı ildən professordur. Bir monoqrafiyanın, üç dərs vəsaitinin, beş tədris-metodik vəsaitin, 70-dən artıq elmi məqalənin müəllifidir.
2000-ci ildən Sumqayıt Dövlət Universitetində işləyir. Hazırda Tarix fakültəsinin dekanı və Azərbaycan tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri vəzifələrində çalışır. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Ailəlidir. İki övladı, bir nəvəsi var.
Tarix: 22.01.2015 / 19:28 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanın müharibələri