(16.1) “Allahın hökmü gələcəkdir və onun tezləşdirilməsinə cəhd göstərməyin. O, onların qoşduğu şəriklərdən uzaqdır və fövqəlucadır”.
Fövqəluca bəyan edir ki, Onun vədi haqdır və çox tezliklə gerçəkləşəcəkdir. Mütləq gerçəkləşən nə varsa, onu yaxın adlandırmaq lazımdır.( Bu o deməkdir ki, əgər bir şey hökmən həyata keçiriləcəksə (Allahın Quranda buyurduqları istisnasız bu qəbildəndir), onun yaxınlarda gerçəkləşəcəyini qəbul etmək lazımdır. F.S.) Fövqəluca həmçinin bildirir ki, müşriklərin qoşduğu şəriklərə, oğula və ya zövcəyə və Onu məxluqlarla bərabərləşdirməyə Onun heç bir aidiyyəti yoxdur. O, Onun əzəmətinə yaraşmayan və ya Onun kamilliyinə zidd olan hər şeydən sonsuzluğa qədər uzaqdır. Bunları xatırlatdıqdan sonra Fövqəluca Allah Özünün peyğəmbərlərinə nazil etdiyi vəhylərdən bəhs edir ki, onlar peyğəmbərlərinin ardıcıllarının məhəbbətini qazanmışdır. O, onların barəsində, Özünün həqiqətən malik olduğu qüsursuz sifətlərini yada salmaqla yanaşı xəbər verir. Fövqəluca buyurur:
(16.2) “O, Öz hökmü ilə qullarından istədiyi kimsəyə ( Fövqəluca Allah bu ayədə “istədiyi kimsə” dedikdə, elçilərini nəzərdə tutur. F.S.) mələkləri əmrinə tabe olan Ruh ilə göndərərək buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ilah yoxdur. Təkcə Məndən qorxun!”
Ruh – vəhydir ki, onun sayəsində məxluqların canı əsil mənada yaşamağa başlayır. Allah onu ancaq peyğəmbərlik yükünü ləyaqətlə apara biləcək və bu ağır vəzifənin öhdəsindən gələ biləcək qullarına nazil edir. Peyğəmbərlər onlara nazil edilmiş vəhyi təbliğ etməyə başlayırdılar ki, onun əsasını da bütün zamanlanlarda tövhidə çağırış təşkil edirdi. Peyğəmbərlər (onlara Allahın salamı olsun) insanları Fövqəluca Allahı dərk etməyə və təkcə Onu ilahiləşdirmənin zəruriyyətini təsdiq edən əzəmətli sifətlərinə iman gətirməyə dəvət edirdilər. Onlar Allaha şərik qoşmadan Ona ibadət etməyə çağırırdılar. Məhz buna görə O, Kitablar nazil edir və elçilər göndərirdi. Bütün səmavi şəriətlər bu təlimi bəyan edir və möminləri bunu qəbul etməyənlər və digər baxışlara etiqad edənlərlə mübarizə aparmağa çağırırdılar. Sonra Fövqəluca bu təlimin lehinə şəhadət verən dəlilləri sadalayır:
(16.3) “O, göyləri və yeri haqla yaratmışdır və Ona qoşulan şəriklərdən ucadır”.
Bu surəni bəzən mərhəmət surəsi də adlandırırlar, çünki Quran surəsinin başlanğıcında Allahın məxluqlarına əta etdiyi əsas nemətlərdən, surənin sonunda isə ikinci dərəcəli nemətlərdən bəhs edilir. O bildirir ki, göyləri və yeri haqqa uyğun olaraq yaratmışdır ki, insanlar Onun böyüklüyünü və kamil sifətlərini dərk etsinlər. Bu həm də insanlara başa düşməyə imkan verir ki, O onları Özünə ibadət etmələri və Onun elçilərinin dili ilə bəyan edilmiş hökmləri yerinə yetirmələri üçün Kainatda məskunlaşdırmışdır.
Daha sonra Allah bir daha bildirir ki, O, Ona şərik qoşan müşriklərdən sonsuzluğa qədər uzaqdır. O şanı uca Allahdır və şəriklərə ehtiyacı yoxdur, çünki ibadətə, məhəbbətə və itaət edilməsinə layiq olan Vahid Haqq Allahdır.
Göyləri və yeri yaratmasını xatırladıqdan sonra Allah onların sakinlərini yaratması haqqında xəbər verərək belə buyurur:
(16.4) “O, insanı nütfədən yaratdı. O isə gözlənilmədən açıq-aşkar mübahisəçiyə çevrildi”.
Allah yer sakinlərini sadalayarkən insanı – yerin ən şərəfli məskununu xatırlatmaqla başlayır. O, dünyaya bir damla formasında gəlir və Allah onu qayğıkeşliklə inkişaf etdirir və boyunu artırır. Nəhayət ondan gözəl xarici görünüşə malik və kamil orqanizmli insan əmələ gəlir. Allah onu çoxsaylı nemətləri ilə əhatə edir ki, zaman keçdikcə bunlar insanı qürrələnməyə və öz uğurları ilə aldanmağa məcbur edir. Nəticədə insan açıq şəkildə mübahisəçiyə çevrilir. Bir şərhə görə, o, öz Rəbbi ilə mübahisəyə başlayır, Ona iman gətirməkdən boyun qaçırır, Onun elçilərinin haqq olduğunu inkar edir və dünyaya ilk dəfə necə gəldiyini unudaraq Onun ayələrini rədd edir. O, Allahın ona bəxş etdiyi və Ona itaətsizlik göstərmək üçün istifadə etdiyi lütflərini yaddan çıxarır.
Digər bir şərhə görə isə, bu ayənin mənası ondan ibarətdir ki, insan dünyaya bir damla görkəmində gəlir və insan qiyafəsinə düşənədək ardıcıl olaraq bir haldan digərinə keçməklə ağıl sahibi olur, danışmaq və sərbəst təfəkkür yürütmək qabiliyyəti əldə edir. Sonra insan öz nəzər nöqtəsini müdafiə etmək və mübahisə aparmaq bacarığı mənimsəyir. Qoy o, Rəbbinə həmd etsin ki, O, onun özünün heç vaxt müstəqil əldə edə bilməyəcəyi qabiliyyət və bacarıqları ona vermişdir.
(16.5) “Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz”.
Allah ev heyvanlarını ona görə yaratmışdır ki, onlar sizə fayda versinlər və maraqlarınıza xidmət etsinlər. Siz heyvanların yunundan, zərif yunundan və dərisindən isti paltarlar və yorğan-döşək hazırlanması üçün və həmçinin evinizin istiləşdirilməsindən ötrü istifadə edirsiniz. Bununla yanaşı, bu heyvanların ətini də yeyirsiniz.
(16.6) “Axşamlar tövləyə qaytardıqda, səhərlər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz”.
Heyvan sürüləri otlayarkən və ya hərəkət edərkən siz onlara baxıb sevinirsiniz. Bu onunla izah olunur ki, heyvanların gözəlliyi və cazibədarlığı onların özü üçün heç bir əhəmiyyətə malik olmasa da, sizə çoxlu fayda verir. Gözəl libaslar geyinib bəzənməyi, uşaqlarınız və var-dövlətinizlə fəxr etməyi sevənlər sizsiniz. Bunlar sizə böyük məmnunluq verir.
(16.7) “Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir”.
Yükdaşıyan heyvanlar yüklərinizi və sizin özünüzü uzaq diyarlara aparırlar, halbuki siz onlarsız buna ancaq böyük çətinliklərlə bağlı olan səyləriniz nəticəsində nail ola bilərdiniz. Lakin Allah sizə görə bunu asanlaşdırmış və heyvanları sizə ram etmişdir. Uzaq ölkələrə səfərə çıxanda onların bəzisindən minik kimi istifadə edir, bəzisi ilə ağır yüklər daşıyırsınız. Həqiqətən, Allah güclü ehtiyacınız olan məxluqları sizə ram edərkən sizə mərhəmət göstərmiş və rəhm etmişdir. Buna görə Ona, Onun hüdudsuz əzəmətinə, kamil hakimiyyətinə və hər şeyi əhatə edən xeyirxahlığına layiq olan həmdsənalar olsun!
(16.8) “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”.
Allah sizin bəzən minik heyvanları kimi, bəzən isə öz ətrafınızdakıların fəxri kimi ( Burada insanların sahib olduqları və onlarla fəxr etdikləri şəxsi əşyaları, zinəti, yaraşıqlı minik heyvanları, var-dövlət nişanəsi olan mal-qarası və s. nəzərdə tutulur. F.S.) istifadə etdiyiniz atları, qatırları və uzunqulaqları sizə tabe etdi. Fövqəluca bu heyvanların yeyilməsi barədə bir şey xatırlatmır, çünki qatır və uzunqulaq ətinin yeyilməsi qıti olaraq qadağan edilmişdir, at əti isə, bir qayda olaraq, yemək üçün istifadə olunmur. Bundan başqa, atların onların ətini yemək üçün kəsilməsi qadağandır, çünki bu, at ilxısı sayını kəskin surətdə azalda bilər. Lakin əl-Buxari və Muslim tərəfindən rəvayət edilən bir səhih hədisdə bildirilir ki, Peyğəmbər (s.ə.s.) at ətini yeməyə icazə vermişdir.
Fövqəluca həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin. Allah həmçinin Cənnət füsunkarlıqları haqqında xəbər verərkən eyni hərəkəti etmişdi. O, insanların yerdə gördüklərinə bənzəyən meyvə ağaclarını adbaad sadalamışdı. Bunlar xurma ağacları, üzümlüklər, nar ağacları və bir çox başqa ağaclardır. Amma yer üzündəki bitkilərə bənzəməyən Cənnət ağaclarını Allah aşağıdakı geniş mənalı ayədə xatırlamışdır: “İkisində də hər meyvədən qoşa-qoşa vardır” (Rahman, 55/52).
Şərh etdiyimiz surədə Allah əvvəlcə, Quranı nazil etdiyi zamanda, insanlara məlum olan nəqliyyat növünü xatırlatmışdır. Bunlar – atlar, qatırlar, uzunqulaqlar, dəvələr, gəmilərdir. Qalan digər nəqliyyat vasitələrini Allah insanlara qətiyyən məlum olmayan məxluqlar haqqında ümumi məna daşıyan ayədə bildirərkən xatırlamışdır.
Allah insanların yer üzündə dəvələr və Allahın yaratdığı digər minik heyvanları ilə hərəkət etməyə nail olduqları yolları yada saldıqdan sonra, Fövqəluca Allah Ona doğru aparan ruhi yol haqqında xəbər verir. Fövqəluca buyurur:
(16.9) “Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
Düz yol – Allaha doğru və ilahi mərhəməti məskəninə aparan ən qısa yoldur. Kənara sapdıran yollar isə - doğru yola zidd olan, insanı Allahdan uzaqlaşdıran və onu əbədi bədbəxtlik məskəninə aparan baxışlar və əməllərdir. Allahın iradəsinə uyğun olaraq möminlər düz yolla gedir, azğınlar isə bu yoldan sapır və kənara meyl edirlər. Əgər Allah istəsəydi bütün insanlar doğru yolla gedərdilər. Lakin Allah düz yola yönəltdiyi bəzi insanlara lütfkarlığını və alicənablığını təzahür etdirir, qalan insanları isə Öz müdrikliyi və ədalətinə uyğun olaraq haqq təlimdən məhrum edir.
(16.10) “Göydən suyu nazil edən Odur. Bu, həm sizin içməyiniz, həm də içində otardıqlarınız üçündür”.
(16.11) “Onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan insanlar üçün dəlillər vardır”.
Fövqəluca Allah bu ayədə insanın diqqətini Rəbbin hüdudsuz qüdrətinə yönəldərək insanları bunun üzərində düşünməyə dəvət edir. Allah Öz fövqəlqüdrəti sayəsində zərif buludlardan yerə su nazil edir. Həmin buludların bol suyu isə ancaq Onun mərhəməti ilə yaranmışdır. İnsanlar bu su ilə öz susuzluğunu söndürür, ev heyvanlarını sulayır və onlara bol məhsul və çoxsaylı nemətlər bəxş edən əkin sahələrini suvarırlar.
(16.12) “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltmişdir. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır”.
Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısıyca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər.
(16.13) “Yer üzündə sizin üçün rənglərin müxtəlifliyini yaratdı. Həqiqətən, bunda xatırlayan insanlar üçün dəlillər vardır”.
Allah Öz qulları üçün müxtəlif heyvanlar, hər cür ağaclar və bitkilər və habelə çeşidli rənglərə malik olan və insanlara cürbəcür fayda verən çoxlu digər məxluqlar yaradaraq bütün yer üzünə yaydı. Bütün bunlar Allahın kamil qüdrətinə, hər şeyi əhatə edən xeyirxahlığına və hüdudsuz mərhəmətinə dəlalət edən əlamətlərdir. Bu həmçinin ona dəlalət edir ki, ibadətə və ilahlaşdırılmağa layiq olan təkcə Allahdır ki, Onun şəriki yoxdur. Lakin bunu başa düşənlər ancaq əldə etdikləri faydalı bilikləri xatırlayanlar və Allahın üzərində düşünməyi əmr etdiyi ayələr barədə fikirləşənlərdir. Bununla yanaşı onlar bu ayələrin nəyə dəlalət etməsi haqqında da düşünürlər.
(16.14) “O, dənizi də xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür”.
Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Bu əşyalar insanlar üçün bəzək şeyləridir və onların simasını daha gözəl göstərir. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Fövqəluca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər.
(16.15) “O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı”.
(16.16) “Əlamətlər, ulduzlar vasitəsilə də yolu müəyyənləşdirirlər”.
Qullarının əmin-amanlığı üçün Fövqəluca Allah yer üzərində əzəmətli dağlar yerləşdirdi. Onlar yeri silkələnməkdən qoruyur və ona məxluqları narahat etməyə imkan vermir. Bunun sayəsində insanlar əkinçiliklə, inşaatla məşğul ola bilir və yer üstündə hərəkət edirlər. Allah Özünün mərhəməti sayəsində yer üzündə başlanğıcı uzaq ölkələrdə yerləşən və insanların içməli suya ehtiyacı olduğu yerlərə axan çaylar yaratmışdır. Onlar onunla yanğılarını söndürür, ev heyvanlarını sulayır və əkinlərini suvarırlar. Allah içməli suyu nəinki yerin üstündə, həm də altında yaratmışdır ki, insanlar içməli suyu quyular qazmaqla əldə edirlər. Onlar suya qədər gedib çatır və onu yerin altından Allahın öyrətdiyi müxtəlif əmək alətləri sayəsində çıxarırlar. Allah Öz mərhəməti yerdə həmçinin yollar salmışdır. Onlar uzaq ölkələri bir-biri ilə birləşdirir ki, insanlar doğru yol tapa bilsinlər. Vadilər görmək olar ki, onlar hər tərəfdən dağ silsilələri ilə əhatə olunmuşdur və Allah onların arasında insanların keçə biləcəyi cığırlar yaratmışdır.
(16.17) “Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?”
Fövqəluca Allah özünün nəhəng məxluqları və çoxsaylə səxavətləri barədə xatırlatdıqdan sonra bəyan edir ki, Ona bərabər və oxşar olan yoxdur. Məgər bütün varlığı xəlq edən və istədiyini həyata keçirən Allah, nə böyük, nə də kiçik varlıqları yaratmağa qabil olmayanlara bənzədilə biərmi? Doğrudanmı insanlar ağıllanmayacaq və başa düşməyəcəklər ki, Vahid Xaliq olan Allah, həm də ibadətə layiq olan Vahiddir? O, təkbaşına yaradır və idarə edir və təkcə O, ibadətə və təqdis olunmağa (Müəllifin “təqdisə layiq” ifadəsindən də məlum olur ki, müqəddəs olan təkcə Allahdır və buradan çıxarıla bilən nəticəyə görə Fövqəluca Allahdan (və Onun adlandırdıqlarından) başqa heç kim və heç nə müqəddəs adlandırılmağa layiq deyil. F.S.) layiqdir.
(16.18) “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”.
Ey insanlar! Allahın şəriki yoxdur! O sizi və qalan məxluqları yaratmışdır və siz Ona ibadətdə şərik qoşmamalısınız. Əksinə, siz təkcə Ona səmimi xidmət etməlisiniz. Öz Rəbbinizin nemətlərini sadəcə saymağa cəhd göstərin və buna görə Ona minnətdarlığınızı bildirmək haqqında düşünməyin. Siz bunu heç vaxt edə bilməzsiniz! Həm də siz heç vaxt Allaha bu nemətlərinə görə təşəkkür edə bilməzsiniz, çünki O, qullarını görünən və görünməyən səxavəti ilə hər anda, onlar hər dəfə nəfəs alıb-verdikdə, təmin edir. İnsanlar tərəfindən Onun lütfkarlıqlarının bəziləri başa düşülür, bəziləri isə dərkedilməz qalır. Bununla yanaşı Allah qullarını hər cür təhlükələrdən qoruyur ki, onları da saymaq mümkün deyildir. Onun gözəl adları arasında – Bağışlayan və Rəhmli adları. O, insanları olduqca böyük nemətlərlə mükafatlandırır, amma Özü kiçik bir şükürdən razı qalır.
(16.19) “Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir”.
(16.20) “Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar”.
Allahın mərhəməti çox böyükdür, Onun alicənablığı hüdudsuzdur, Onun bağışlaması bütün qullarına aiddir, Onun elmi isə bütün varlıqları qapsayır. O, sizin gizlətdiklərinizdən və ya aşkarda etdiklərinizdən xəbərdardır. O, Onunla yanaşı ibadət edilən uydurulmuş ilahlara qətiyyən oxşamır, çünki onlar nə böyük, nə də kiçik məxluqu yaratmağa qadir deyillər, halbuki onlar özləri xəlq edilmişlər. Axı onlar özləri Fövqəluca Xaliqə möhtac olduqları halda necə yaradıcı ola bilərlər?!!
Tarix: 18.04.2013 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 988 Bölmə: Ayeler