Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 105-128

(16.105) “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar”.

Yalanı uyduran, açıq-aşkar möcüzələri gördükdən sonra, Allahın Elçisinə (s.ə.s.) inadkarcasına müqavimət göstərməkdə davam edən günahkarlardır. Yalan onların ayrılmaz keyfiyyətlərindəndir və onlar digərlərindən daha çox yalançı adlanmağa layiqdirlər. Allahın ayələrinə iman gətirmiş və Rəbbinə mütiliklə itaət edən Muhəmməd Peyğəmbərə (s.ə.s.) gəldikdə isə, mümkün olmayan bir şeydir ki, o (s.ə.s.) Onun adından yalan danışaydı və ya Ona iftira ataydı. Düşmənləri onu (s.ə.s.) yalançı adlandırırdılar, halbuki bu ləqəbə özləri layiqdilər və buna görə Allah onları rüsvay edərək alçaltdı. Buna görə həmd təkcə Ona məxsusdur!

(16.106) “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır”.

Fövqəluca İslamı qəbul etdikdən sonra dindən dönən fasiqlər üçün hazırlanmış dəhşətli aqibət haqqında xəbər verir. Belə insanlar gözləri açıldıqdan sonra kor olanlardır və doğru yola qədəm basdıqdan sonra ondan sapanlardır. Onlar öz ürəyini küfr qarşısında açaraq, bundan razı qalmış və özlərini rahat hiss etmişlər. Axı onlar Mərhəmətli Rəbbi möhkəm qəzəbləndirmişlər, Rəbb isə qəzəblənəndə heç kim Ona qarşı çıxmağa qadir olmur. Əksinə, bütün varlıqlar itaətsizlik göstərənlərə hiddətlənirlər. Bununla yanaşı onlar sonu olmayan işgəncəli cəzaya layiq görüləcəklər.

(16.107) “Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir”.
(16.108) “Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsil qafillərdir”.

Onlar dünya həyatını sevdiklərinə, yer üzünün nemətlərinə can atdıqlarına və Axirət həyatının əmin-amanlığından əl çəkdiklərinə görə geri dönmüşlər. Onlar haqq dinə qarşı kafirliyi üstün tutmuşlar və buna görə Allah onları doğru təlimdən məhrum etmiş və onları düz yolla aparmamışdır. Kafirlik onların ayrılmaz xassəsi olmuşdur və onların ürəkləri möhürlənmiş və xeyirxahlıq etmək üçün örtülü qalmışdır. Onlar eşitmək və görmək qabiliyyətindən məhrum edilmiş və onlara fayda verə bilən bir şeyə artıq diqqət yetirmirlər. Laqeydlik onları hər tərəfdən əhatə etmişdir və Allahın mərhəmətinin bütün varlıqları əhatə etməsinə baxmayaraq, onlar Onun yardımından və mərhəmətindən məhrum edilmişdilər. İlahi mərhəməti onlara yaxınlaşdığı zaman onu rədd etmiş, onu qəbul etməyi təklif etdikdə, ondan boyun qaçırmışdılar.

(16.109) “Heç şübhəsiz ki, onlar Axirətdə ziyana uğrayanlardan olacaqlar”.

Qiyamət günü qopanda laqeyd fasiqlər zərərə uğradılmışlardan olacaqlar. Onların həyatı məhv olacaq və onlar öz var-dövlətindən və ailələrindən məhrum olacaqlar. Onlar əbədi Cənnət səadətindən zövq almayacaq və işgəncəli cəzaya layiq görüləcəklər. Lakin bu cəza kafirliyə məcbur edilmiş, amma dininə şübhə etməmiş və doğru yolla getmək həvəsini itirməmiş insanlara şamil edilməyəcəkdir. Belə adamlar qınağa layiq deyillər və günahların ağırlığını daşımayacaqlar. Bu o deməkdir ki, əgər insanı kafir olmasını boynuna almağa məcbur edirlərsə, onda ona belə etməyə icazə verilir. Buradan da belə çıxır ki, əgər əri arvadını boşamağa, köləsini azad etməyə, malını satmağa və ya hər hansı malı almağa və yaxud da işgüzar saziş bağlamağa məcbur edirlərsə, onda onun verdiyi sözlər hüquqi qüvvəyə malik olmur, çünki əgər insan onu məcbur etdikləri küfrə görə məsuliyyət daşımırsa, onda o, məcburiyyət qarşısında etdiyi daha az əhəmiyyətli əməllərə görə məsuliyyət heç daşımır.

(16.110) “Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib dözənləri, bunlardan sonra, əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir”.

Fövqəluca Allah qullarını – Onun xatirinə hicrət edənləri bağışlayır və onlara rəhm edir, Onun lütfünü qazanmaq üçün öz ev-eşiyini və var-dövlətini tərk edənləri, məcbur edildiyi yoldan sapdırılmalara və sınaqlara baxmayaraq mömin müsəlman olaraq qalanları, möhkəm etiqadını qoruyanları, Allahın düşmənlərinə qarşı sözü və əməli ilə mübarizə apararaq onları Onun dininə cəlb etməyə səy göstərənləri, insanların əksəriyyətinə bənzəməyərək İslam şəriətinin bu heç də asan olmayan hökmlərini səbirlə yerinə yetirənlərı yaxşılıq və qayğı göstərməklə tərbiyələndirir. Allahın bağışlaması və mərhəməti olan misilsiz mükafata layiq görülmək ən şərəfli vasitədir. Əgər Allah quluna böyül və kiçik günahları bağışlayırsa, onda o, bütün hər cür yaramaz və xoşagəlməz şeylərdən xilas edilir, əgər Allah onu Özünün hüdudsuz mərhəməti ilə örtürsə, onda qul özünün dünyəvi və ruhani işlərini sahmana salır. Qiyamət qopanda da o, Allahın mərhəmət örtüyü altında olacaqdır.

(16.111) “O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir”.

Həmin Gün hər bir insanı ancaq onun öz aqibəti narahat edəcəkdir və bütün qalan insanlar onu ümumiyyətlə maraqlandırmayacaqdır. Həmən gün insan ən cüzi yaxşılığa belə kəskin ehtiyac duyacaqdır, çünki hə bir kəs öz yaxşı və bəd əməllərinin əvəzini bütünlüklə alacaqdır. Allah insanlarla onların törətdikləri cinayətləri artırmaq və ya etdikləri yaxşılıqları azaltmaq kimi ədalətsiz rəftara yol verməyəcəkdir. Bax buna görə Quran ayəsində belə buyurulur: “Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” (Yasin, 36/54).

(16.112) “Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı misal çəkir. Ona ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü”.
(16.113) “Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. Buna görə də zülm etdikləri zaman əzab onları yaxaladı”.

Söhbət mübarək Məkkə barəsindədir ki, cahiliyyə dövründə ora əmin-amanlıq və sakit bir şəhər idi. Bu şəhərdə heç kim zorakılıq etməzdi, çünki müşriklər ona ehtiram göstərərdilər. Əgər bir adam Məkkədə atasının və ya qardaşının qatili ilə rastlaşardısa, ərəblərin tündməcazlığına və şöhrətpərəstliyinə baxmayaraq, qisas almaq üçün ona hücum etməzdi. Bunun sayəsində Məkkədə tam əmin-amanlıq hökm sürürdü. Bununla yanaşı şəhər əhalisi heç nəyin ehtiyacını çəkmirdilər. Hərçənd Məkkə torpaqları dənli bitkilərin becərilməsi və meyvə yetişdirilməsi üçün yararlı deyildisə də, Fövqəluca Allah elə etmişdi ki, bu ərazidə yaşayan sakinlər hər tərəfdən bolluca maddi nemətlər əldə etsinlər. Sonra isə Fövqəluca Allah onlara öz aralarından etibarlılığı və döğruçuluğu ilə məşhur olan bir elçi göndərdi. O (s.ə.s.), onlara ancaq xeyirxah işlər görməyi və yaramaz günahlardan qorunmağı əmr edirdi. Lakin onlar onu (s.ə.s.) rədd etdilər və öz Rəbbinin saysız-hesabsız nemətlərinə naşükürlüklə cavab verdilər. Belə olduqda, Allah onları maddi əmin-amanlıqdan məhrum etdi və onlara aclıq və qorxu libası geydirdi. Əvvəllər onlar belə şey görməmişdilər, çünki bolluq içində və əmin-amanlıq içində yaşayırdılar və bunların səbəbi törətdikləri cinayətlər, imansızlıq və naşükürlük oldu. Allah onlarla ədalətsiz davranmadı, çünki onlar özləri özlərinə zülm etmişdilər.

(16.114) “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”.

Fövqəluca Allah qullarına buyurur ki, təkcə halal və faydalı nemətlərə aid olan hevanların əti, taxıllar, meyvələr və digər yeyinti məhsulları ilə qidalansınlar. Yeyinti məhsulları həmişə bu iki keyfiyyətə malik olmalıdır. Bu isə o deməkdir ki, Allahın haram etdiyini və əyri yolla ələ keçiriləni yemək olmaz.
Ey insanlar! Allahın sizin üçün yaratdıqlarından ləzzət alın, ancaq israfçılıq etməyin və yol verilən hədləri aşmayın. Bütün varlığınızla Onun səxavətini qəbul edərək, nazil etdiyi nemətlərə görə Onu tərifləyərək və onları Onun hökmlərini yerinə yetirmək üçün istifadə edərək Allaha həmd edin. Əgər siz təkcə bir olan Allaha səmimiyyətlə ibadət etmək istəyirsinizsə, onda siz sizə əta edilmiş nemətlərə görə Ondan başqa heç kimə minnətdarlıq etməyin və öz Xeyirxahınızı yaddan çıxarmayın.

(16.115) “O sizə ancaq ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsilən heyvanı, ona həvəs göstərmədən və həddi aşmadan yeməyə məcbur olanlardan başqasına haram qılmışdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”

Allah insanlara ancaq zərər vuran şeyləri yeməyi haram etmişdir. O, İslam şəriətinə uyğun olaraq kəsilmiş heyvanlardan başqa, yerdə qalan bütün ölmüş heyvanlara aid olan əti yeməyi qadağan etmişdir. Bu qaydadan yeganə bir istisna – ölü balıqlar və çəyitkələrdir. Allah heyvanın kəsilmiş damarlarından axan qanı icməyi də haram etmişdir. Bu qadağa damarlarda və ya ətdə qalan qana şamil edilmir. Həmçinin donuz ətinin yeyilməsi haramdır, çünki donuz natəmiz və iyrənc heyvandır. Donuz əti dedikdə, donuzun əti, piyi və bu heyvanın cəmdəyinin digər hissələri nəzərdə tutulur. Bütlərə və ya ölülərə qurbanlıq kəsilən hüyvanların əti də haramdır, çünki bu qurbanlar müşriklik ənənələrindəndir.
Lakin əgər insan haram bir şeyi məcburiyyət üzündən yemiş olarsa, məsələn, əgər o, aclıqdan ölmək təhlükəsi qarşısındadırsa, onda ona, zəruri həddi aşmadan, aclığının qarşısını almağa icazə verilir. Lakin əgər insan kəskin aclıq hiss etmirsə və ya aclığını halal nemətlərlə yatırmaq imkanına malikdirsə və yaxud ölməmək üçün zəruri olduğundan çox yeyirsə, onda bu qadağa qüvvəsini saxlayır.
Beləliklə, bu ayədə Allahın yeməyi qadağan etdiyi maddi aləmə məxsus məhsullar xatırlanır. Sonra Fövqəluca Allah buyurur.

(16.116) “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.
(16.117) “Onları az bir mənfəət və sarsıdıcı əzab gözləyir”.

Yer üzünün nemətlərini öz istəyinizə görə halal və ya haram adlandırmayın. Allahın adından yalan uydurmayın və Ona böhtan atmayın. Əks halda, siz nə yaşadığınız bu dünyada, nə də ölüdükdən sonra uğur qazana bilməyəcəksiniz, çünki O, hökmən sizi rüsvay edəcəkdir. Əgər siz dünyəvi nemətlərdən zövq ala bilsəniz də, bu çox çəkməyəcəkdir, siz isə sonra, müdhiş cəzanın sizi gözlədiyi Cəhənnəmə vasil ediləcəksiniz.

(16.118) “Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik. Lakin onlar özləri özlərinə zülm edirdilər”.

Fövqəluca Allah müsəlmanlara təkcə zərərli və yaramaz məhsulları yeməyi haram etmişdi. Bununla Allah qullarına rəhm etmiş və onları murdar və natəmiz şeylərdən qorumuşdur. Yəhudilərə gəldikdə isə, onlara bir sıra təmiz və faydalı yeyinti məhsulları da, onların törətdikləri zalımlıqlara görə cəza olaraq, haram edilmişdi. Bu barədə Fövqəluca Allah belə buyurur: “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanıq!” (Ənam, 6/146).

(16.119) “Şübhəsiz ki, Rəbbin, nadanlıqları üzündən pis iş görəndən sonra tövbə edib islah olunanları, Rəbbin bundan sonra da, əlbəttə ki, Bağışlayan və Rəhm edəndir”.

Fövqəluca qullarını tövbə etməyə və Ona tərəf yönəlməyə çağırır. İnsan cinayət işlətdikdə, o, öz əməlinin ağır nəticələrindən xəbərsiz olur. Əgər o, Allaha lap şüurlu surətdə itaətsizlik edirsə də, günahı törətdiyi anda onsuz da onun ürəyində kifayət qədər zəruri bilik olmur. Bundan sonra əgər insan günahlarını tərk edərsə, etdiklərinə qəlbən təəssüflənərsə və saleh əməllər etməyə başlayarsa, onda Allah onu bağışlayar və əfv edər. Onun tövbəsi qəbul olunar və o, günah işlədənə qədər olduğu kimi təmiz və ya daha üstün olar.

(16.120) “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi”.

Fövqəluca bu ayədə Özünün sevimlisi, yüksək keyfiyyətlər və ecazkar məziyyətlər əta edilmiş İbrahimin (ə) üstünlüyündən bəhs edir. O (ə), təqlid edilməsi üçün ən gözəl məziyyətlərin təcəssümünü tapdığı bir örnək idi. O (ə), doğru yolla gedir və insanlara ona yönəlməyi nəsihət edirdi. O (ə), Allaha səylə ibadət edir və təkcə Ona səmimiyyətlə xidmət göstərirdi. O (ə), Allaha məhəbbət və tövbə ilə can atır və qalan hər şeydən üz döndərirdi. O (ə), müşriklərdən deyildi və nə sözü, nə də əməli ilə Allaha şərik qoşmurdu. Məhz bunun sayəsində o (ə), bütün sədaqətli tövhid tərəfdarlarının rəhbəri hesab olunur.


(16.121) “O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi”.
(16.122) “Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, Axirətdə də əməlisalehlərdəndir”.
(16.123) “Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”.

İbrahim (ə) Allahın ona əta etdiyi aşkar və batini nemətlərinə şükür edərdi. O (ə) vəzifəsini qüsursuz olaraq yerinə yetirirdi və buna görə Allah onu (ə) Özünün seçdiyi sevimlisi, pak məxluqlarından və yaxın qullarından biri etmişdi. Allah ona (ə) faydalı biliklər və saleh əməllər bəxş etmiş və onların sayəsində o (ə) doğru yola gəlmiş, haqqı dərk etmiş və hər şeydən öncə ancaq ona üstünlük vermişdi. Allah dünya həyatında ona (ə) bol qismət, gözəl zövcə, saleh övladlar nəsib etmiş və Allaha xoş gələn nəcib əxlaq vermişdi. Axirət həyatında isə onun (ə) üçün bilavasitə Fövqəluca Allahın yaxınlığında hündür saraylar hazırlanmışdır. İbrahim peyğəmbərin (ə) ən böyük məziyyətlərindən biri – onun (ə) yolu ilə getmək və ondan (ə) nümunə götürmək hökmüdür ki, bütün bəşəriyyətin ağası və elçilərin ən kamili olan Muhəmməd Peyğəmbərə (s.ə.s.) və onun (s.ə.s.) ardıcıllarına tövsiyə edilmişdir.

(16.124) “Şənbə günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir”.

Şənbəyə riayət etmək məcburi qaydada təkcə onun barəsində ixtilafa düşənlərə əmr edilmişdi. Bunlar cüməyə ehtiram bəsləməyən yəhudilər idilər ki, bundan sonra Allah onlara şənbəyə riayət etmək hökmü vermişdi. Onların arasında ziddiyyət yaranmasaydı, buna lüzum qalmazdı, çünki həftənin ən şərəfli günü cümə günüdür və Fövqəluca Allah bu günə ehtiram bəslənməsi haqqını müsəlmanlara bəxş etdi. Qiyamət günü başlayanda Allah insanlara onlardan kimin haqlı, kimin isə yanıldığını, kimin mükafata layiq görüldüyünü, kimin isə əzab-əziyyətə məhkum edildiyini açıqlayacaqdır.

(16.125) “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və dəvət etdiklərinlə ən gözəl tərzdə mübahisə apar. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları daha yaxşı tanıyır”.

Ey Muhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən. Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər. Əgər onlar belə bir müdrik çağırışa qulaq assalar, onda digər daha az əhəmiyyətli məsələlərə keç. Əgər onlar haqqı qəbul etməkdən imtina etsələr, onda yaxşı nəsihətlər verməyə çalış. Bu o deməkdir ki, möizəçi dinin hökmləri və qadağalarını xatırlatdıqdan sonra, öyüd-nəsihət verilənləri İslama cəlb etməli və onlari qorxutmalıdır. (Burada söhbət İslamın gözəllikləri və Cənnətlə cəlb etməkdən və Cəhənnəm və onun əbədi əzab-əziyyəti ilə qorxutmaq nəzərdə tutulmalıdır. F.S.) Bundan ötrü Allahın qanunlarına riayət edilməsinin gətirəcəyi çoxsaylı faydalardan və Allahın haramlarının pozulması nəticəsində dəyəcək böyük ziyandan bəhs edilməlidir. Allahın dininə etiqad edənlərin üstünlüyü və haqq dindən üz çevirənlərin rəzil olacağı haqqında danışmaq olar. Həmçinin Allahın itaətkar saleh möminlər üçün həm bu həyatda və həm də öldükdən sonra hazırladığı mükafatdan və hər iki dünyada itaətsizlik edənləri gözləyən cəzadan danışmaq olar. Əgər belə nəsihətlərdən sonra da dinə çağırılan şəxs özünün etiqad etdiyi baxışlarının doğru olduğunu iddia edərsə və hətta müsəlman dəvətçisini öz dininə qoşulmağa çağırarsa, onda onunla mübahisə etməyə icazə verilir. Lakin belə mübahisələri ən gözəl tərzdə aparmaq lazımdır ki, nəsihət verilənə məntiqi dəlilləri və müqəddəs mətnləri anlamaq asan olsun. Məsələn, dəvətçi inandırıcı saydığı dəlillərə istinad edərək müqabil tərəfi özünün haqlı olduğuna inandırmağa səy göstərməsi və bu vasitə ilə istədiyinə asanlıqla nail olması. Belə mübahisələr qərəzli deyişməyə və söyüşməyə çevrilməməlidir, çünki belə olduqda onlar heç bir faydalı nəticələr vermir, halbuki müsəlmanların məqsədi - ətrafdakıları doğru yola yönəltmək üçün təbliğat aparmaqqdır, onlara üstün gəlmək, onlara qələbə çalmaq deyildir.
Həqiqətən də, Fövqəluca Allah insanları azmağa təkan verən səbəblər haqqında, insanı azğınlığa məhkum edən əməllər haqqında gözəl məlumata malikdir və buna görə günahkarlar öz günahları üçün mütləq əvəz alacaqlar. Bununla yanaşı, Allah doğru rəhbərliyə layiq olan saleh insanlardan da xəbərdardır. Məhz buna görə, Allah onları düz yola yönəldir, onları Öz kölgəsi ilə örtür və onları Özünün sevimlisi edir.

(16.126) “Cəzalandırmaq istəsəniz, onlar sizə nə cəza veriblərsə, siz də onlara eyni cəzanı verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir”.

Fövqəluca incidilənlərə və zülm edilmişlərə öz incidənləri və zülmkarları ilə ədalətlə davranmağa icazə vermişdirsə də, onları alicənablıq və xeyirxahlıq göstərməyə çağırmışdır. Ey insanlar! Əgər siz sizi sözü və ya əməli ilə incitmiş kəsləri cəzalandırmağa hazırlaşırsınızsa, onda onlarla sizlə rəftar etdikləri kimi rəftar edin. Onlara sizə verdikləri əzabdan artıq əzab verməyin. Yox, əgər əvəz verməkdən vaz keçsəniz və sizi incidənləri bağışlasanız, bu sizin üçün daha yaxşı olar. Allah sizi ən mükəmməl surətdə mükafatlandırar və belə sonluq sizin üçün daha yaxşı olar. Fövqəluca buyurur: “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və sülh yaratsa, o, mükafatını Allahdan gözləməlidir. Həqiqətən, O, zalımları sevməz!” (Şura, 42/40).
Sonra Fövqəluca Allah Elçisinə (s.ə.s.) buyurur ki, Ona yardım barədə yalvararaq və öz qüvvəsinə ümid bəsləməyərək, insanları Allaha səbirlə çağırsın. Fövqəluca buyurur:

(16.127) “Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma”.
(16.128) “Həqiqətən də, Allah təqvalılar və yaxşı işlər görənlərlədir”.

Ey Muhəmməd! Səbirli ol, çünki səbirlilik çətin anda sənə yardımçı olar və ruhunu sabitləşdirər. Çağırışına cavab verməkdən boyun qaçıran günahkarlara görə də kədərlənmə. Həqiqətən, qəm sənə heç bir xeyir gətirməz. Onlar sənin əleyhinə bədxah fitnə-fəsadlar qursalar da kədərlənmə! Həqiqətən, kafirlərin hiyləgərliyi onların öz əleyhinə çevriləcəkdir. Sən Allahdan qorxur və yaxşılıqlar edirsən, Fövqəluca Allah isə təqvalı olanlara və xeyirxahlıq edənlərə həmişə kömək edir və doğru yol göstərir. Belə möminlər küfrdən və itaətsizlikdən ehtiyat edir, Allaha səmimiyyətlə elə ibadət edirlər ki, sanki Onu görürlər və əgər onlar onu görməsələr də, onlar çox gözəl məlumdur ki, Allah onları müşahidə edir. Bununla yanaşı, onlar Allahın məxluqlarına yaxşılıq edir və onlara xidmət göstərmək üçün əllərindən gələni yerinə yetirirlər. Ey Rəbb! Bizi də təqvalılardan və xeyirxahlıq göstərənlərdən biri et!


Tarix: 18.04.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 805 Bölmə: Ayeler
loading...