(18.21) “Beləliklə, Biz onların barəsində xəbər verdik ki, bilsinlər: Allahın vədi haqdır və Saata şübhə etmək mümkün deyil. Lakin onlar barəsində mübahisəyə başladılar və dedilər: “Onların üzərində bir tikili ucaldın. Rəbbi isə onları daha yaxşı tanıyır”. Öz rəyində qalanlar dedilər: “Biz onların üzərində hökmən məscid tikərik”.
Fövqəluca Allah xəbər verir ki, insanlar mağaradakı adam-ların taleyi haqqında məlumatlandılar. Allaha bu barədə daha yaxşı məlumdur, lakin ola bilsin ki, bu, onlar yuxudan oyandıqdan sonra, gənclərdən birini şəhərə ərzaq dalınca göndərəndə olmuşdu. Onlar ona ehtiyatlı olmağı və qalanları ələ verməməyi tapşırmışdılar, lakin Allah istəmişdi ki, insanların daha da əmə-lisaleh olmalarına kömək edən və gənclərin özlərinin mükafatını artıran hadisə baş versin. İnsanlar son dərəcə qəribə bir möcüzənin şahidləri olmuşdular və öz gözləri ilə görüb inanmışdılar ki, Allahın vədi həqiqətdir və ona şübhə etmək mümkün deyil, hərçənd onlar əvvəllər dirilmənin və əvəzin gerçəkliyi haqqında bir-biriləri ilə mübahisə edirdilər. Mağaradakı insanların hekayəti möminlərin tam iman gətirməyə nail olmalarına imkan verdi və Axirət həyatını inkar edənlərin hamısının baxışlarını təkzib etdi, yuxudan oyanmış gənclər isə buna səbəb olduqlarına görə mükafatlandırıldılar. Allah bu cavanları şöhrətləndirdi, onları, yanlarına gəldikləri insanların gözündə ucaltdı. Sonradan insanlar onların qəbirləri üzərində tikililər inşa etməyi və onların sonrakı taleyinin Allaha daha yaxşı məlum olduğunu yadda saxlamağı qərara aldılar. Hakimiyyət sahibləri isə həmin yerdə içində Allaha ibadət etmək və gənc yeniyetmələrin başlarına gələnləri xatırlamaq üçün məbəd tikmək qərarına gəldilər. Bu yanlış addım idi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qəbirlər üstündə məscid inşa etməyi qadağan etmişdi və belə davrananları ciddi surətdə qınayardı. Ağsaqqalların qərarının xatırlanması heç vəchlə bu qərarın tərifə layiq olmasını təsdiq etmir, çünki mağara əhlinin hekayəti məhz gənc yeniyetmələri üstünlüyünü vurğulayır. Şəhər əhalisinə gəldikdə isə, onlar bilmişdilər ki, gənc yeniyetmələr havaxtsa öz qəbilədaşlarından olduqca bərk ehtiyat edirmişlər və onların gözlərinə görünməkdən belə qorxurmuşlar və buna görə onların qəbirləri üzərində məbəd tikmək qərarına gəlmişdilər.
Bu tarixçə ona parlaq şəkildə dəlalət edir ki, əgər insan öz imanını saxlamağa və azğınlıqdan çəkinməyə can atırsa, onda Allah onu onlardan qoruyur. Əgər insan səadətə can atır və Allahın himayəsinə sığınırsa, onda Fövqəluca Allah ona əmin-amanlıq bəxş edir və bunun sayəsində başqa insanları da doğru yola yönəldir. Əgər insan Allah yolunda Allahın mərhəmətinə ümid bağlayaraq məhrumiyyətlərə və alçaldılmalara dözürsə, onda bu maneələrlə dolu yolun sonunda onu heç ağlına belə gətirmədiyi bir tərəfdən gələcək əzəmət və şöhrət gözləyir. Buna görə Fövqəluca buyurur: “…Bu, Allahdan bir ziyafətdir. Allahın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir” (Ali-İmran, 3/198).
(18.22) “Bəziləri deyirlər ki, onlar üç nəfər idilər, dördün-cüsü onların iti idi. Digərləri də deyirlər ki, onlar beş nəfər idilər, altıncısı itləri idi. Onlar bu minvalla qeybi bilmək cəhdi göstərirlər. Başqaları isə onların yeddi nəfər olduğunu, səkki-zincinin isə itləri olduğunu deyirlər. De: “Rəbbim onların sayını daha yaxşı bilir. Bu, bir-neçə nəfərdən başqa heç kimə məlum deyil”. Onların barəsində ancaq açıq mübahisə et və onların heç birindən onların barəsində soruşma”.
Fövqəluca xəbər verir ki, Kitab əhli mağarada neçə gənc yeniyetmənin olması barədə müxtəlif rəylər söyləyirdilər. Bu ziddiyyətin səbəbi ondan ibarət idi ki, Kitab əhli özlərindən fərziy-yələr irəli sürür və səhih bilikləri olmadığı şeylərdən danışırdılar. Onlardan bəziləri iddia edirdi ki, yeniyetmələr üç nəfər idi, dördüncü isə itləriydi. Digərləri hesab edirdilər ki, onlar beş nəfər idi, altıncı isə itləriydi. Fövqəluca bildirir ki, bu ehtimallar fərziy-yələrə əsaslanırdı və bu da onların yanlışlığını təsdiq edir. Üçüncülər belə sayırdılar ki, yeniyetmələr yeddi nəfər idilər, səkkizinci isə onların iti idi və bu rəy ola bilsin ki, doğru olsun, amma bu barədə ən yaxşısını bilən Allahdır. Buna baxmayaraq, Allah iki əvvəlki ehtimalı təkzib etmiş, üçüncü rəyi isə təkzib etməmişdir və bu bizə imkan verir ki, onun doğru olduğunu düşünək. Bununla əlaqədar mübahisələrə gəldikdə isə, onlar tamamilə mənasızdır, çünki yatmış yeniyetmələrin sayının bilin-məsi insanlara nə ruhi həyatda, nə də maddi həyatda fayda verə bilməz. Bax buna görə də, Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: Həqiqət əsl mənada Ona və səhih biliklərə malik olan az bir qismə məlumdur.
Ey Muhəmməd! Əgər sən Kitab əhli ilə mübahisəyə girir-sənsə, onda müstəsna olaraq ancaq möhkəm biliyə və inandırıcı dəlillərə istinad et və insanlara fayda verməyə səy göstər. Zənnə əsaslanan və inadcıllıqla öz nəzər nöqtəsini müdafiə edən və hətta az əhəmiyyətli məsələlər üzrə, məsələn, yatmış yeniyetmələrin sayı barədə, mübahisələrə qatılan cahillərlə faydasız mübahisələrə gəldikdə isə, belə höcətləşmələrin mənası yoxdur. Belə məsələlər barədə uzunsürən mübahisələr və uzunçəkən müzakirələr vaxt itirməkdir və mənasız qarşılıqlı kin-küdurət törədir.
Buna görə də, Kitab əhlindən mağardakı insanlar haqqında soruşma – onları ehtimalları gerçəkliklə heç bir əlaqəsi olmayan gümanlar üzərində qurulmuşdur. Buradan aydın olur ki, dini məsələlərlə əlaqədar izahat almaq üçün bu şərəfə layiq olmayan insanlara müraciət etmək olmaz. Belə insanlar – verilmiş sahə üzrə kifayət qədər biliyə malik olmayanlar və ya öz sözlərinə xüsusi əhəmiyyət verməyənlər və onları azğınlıqdan saxlayan təqvalı-lıqdan məhrum olanlardır. Əgər şəriət dini məsələlərin izah edilməsi üçün belə insanlara müraciət etməyi qadağan edirsə, onda onlara dini mövzularla bağlı müstəqil fikir yürütmək qadağan edilir. Bununla yanaşı Quran ayəsindən aydın olur ki, elə insanlar var ki, onlara bəzi məsələlərin izahı ilə bağlı müraciət etmək qadağan olunur, amma digər məsələlər üzrə izahat üçün müraciətə icazə verilir. Belə adamlardan onların mükəmməl bildikləri şeylər haqqında soruşmaq olar, çünki Kitab əhlinə sual verməyin qadağan olunması ümumi səciyyə daşımırdı və o, təkcə mağara-dakı adamlar və digər belə hekayətlərlə bağlı idi.
(18.23) “Heç vaxt demə: “Mən bunu sabah edəcəyəm”.
(18.24) “İnşallah, de! Əgər yaddan çıxartsan, Rəbbini xatırla və de: “Ola bilsin ki, Rəbbim məni daha düzgün yolla aparsın”.
Bu qadağa Quranın bir çox digər qadağalarına bənzəyir və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) konkret bir hadisə ilə əlaqədar nazil edilməsinə baxmayaraq, bütün insanlara aid idi. Buradan belə çıxır ki, Allah Öz qullarına görəcəkləri hər hansı bir işi Allahın iradəsi ilə bağlamadan, qətiyyətlə bildirməyi qadağan etmişdir. İnsan bu qadağanı poz-duqda, onda o, düşündüyü əməli yerinə yetirə biləcəyi haqqında heç bir məlumata malik olmadan, qeybdən danışır və bununla da öz hərəkətini müstəsna olaraq öz insanın iradəsi ilə bağlayır və bununla günah işlədir, çünki hər şey mütləq qaydada ancaq Allahın iradəsi ilə baş verir. Fövqəluca buyurur: “Lakin Allah, aləmlərin Rəbbi bir şeyi istəmədən, siz onu istəyə bilməzsiniz” (Təkvir, 81/29). Allahın iradəsini xatırlamaq insana niyyətini yerinə yetirməyi asanlaşdırır, Fövqəlucanın razılığını almağa kömək göstərir və bu yardım üçün Allaha dua etməyi nəzərdə tutur. Amma insan elə həmişə insan olaraq qalır və bu o deməkdir ki, o, öz unutqanlığı üzündən Allahın iradəsini xatırlamaya bilər. Əgər o, bunu yadına salırsa, onda o, fikrində yerinə yetirməyi nəzərdə tutduğu işi sonra Allahın iradəsi ilə bağlamalıdır ki, arzu etdiyinə nail ola və hər cür naqisliklərdən qoruna bilsin. İnsan Allahın iradəsini xatırlayaraq nəzərdən qaçırdığını xatırlayır, buraxdığı səhvini düzəldir və Rəbbini zikr etməyə başlayır ki, səhlənkar cahillərin sırasına düşməsin. Allahın köməyi olmadan insanın hər hansı bir işi görməyə doğru addım atmağa, sözlərində və əməllərində səhvlərdən qaçınmağa qadir olmamasını bilərək, Fövqəluca Rəbb ona əmr edir ki, belə desin: “Ola bilsin ki, Rəbbim məni daha düzgün yolla aparsın”. Rəbb Ona dua etməyi, Ona ümid bəsləməyi və Onun uğur qazanmaq üçün mütləq ən qısa yol tapacağına insanın əmin olmasını əmr edir. Daha yaxşı olardı ki, insan bununla yanaşı özü də düzgün qərar çıxartmağa can atsın və xeyirxah məqsədə yetişmək üçün əlindən gələn hər şeyi etsin. Belə bir insana Allah düzgün yolla getməyə və bütün təşəbbüslərində doğru davranmağa hökmən kömək edər.
(18.25) “Onlar mağarada üç yüz və bir də doqquz il keçirdilər”.
(18.26) “De: Onların orada neçə il qalmasını Allah daha yaxşı bilir. Göylərin və yerin sirri Ona məxsusdur! O, necə də gözəl görür və eşidir! Onların Ondan başqa Hamisi yoxdur və Onunla bərabər qərar qəbul etməsində şəriki də yoxdur”.
Allah mağaradakı insanların taleyi haqqında Kitab əhlindən soruşmağı qadağan etdikdən sonra, çünki onlar bu əhvalatın təfərrüatını bilmirdilər, O, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) yeniyetmələrin mağarada neçə il keçirmələrini xəbər verdi. Allah aşkarı da, qeybi də Biləndir. Təkcə O, bütün varlıqlar haqqında hər şeyi bilir və mağaradakı adamların taleyi dəqiqliklə təkcə Ona məlumdur. O, göylərin və yerin bütün sirlərini bilir və təkcə O, Öz məxluqlarına Özünün qeybə aid biliklərinin bir qismini aça bilər. Əgər Allahın elçiləri (onlara salam olsun!) onlara nazil edilmiş vəhyləri insanlara çatdırırlarsa, onların sözləri şübhə doğurmayan həqiqətdir. Qeybə aid, hətta elçilərə açıqlanmamış biliklərə gəldikdə isə, heç bir məxluq onlar barəsində məlumata malik ola bilmək qüdrətində deyil.
Özünün hüdudsuz elmi haqqında xatırladıqdan sonra Fövqəluca Allah Özünün ilahi eşitmə və görmə qabiliyyətinin kamilliyini vurğulayır ki, onların sayəsində O, bütün Kainatda baş verənləri görür və eşidir. Sonra isə Allah Özünün ümumi və xüsusi formada olan himayədarlığından bəhs edir. Hər şeyi əhatə edən himayədarlığı Onun Kainatın bütün işlərini idarə etməsində təzahür edir. Allahın xüsusi himayəsinə isə ancaq möminlər layiq görülürlər ki, Rəbb onları zülmətdən işığa çıxarır və ən ağır tapşırıqlarını yerinə yetirməkdə onlara yardım göstərir. Məhz buna görə Rəbb buyurur ki, mağaradakı insanların Allahdan başqa hamisi yox idi. O, onları Öz qayğısı ilə kölgələndirmiş və onlara bol qismət nəsib etmişdir, halbuki o vaxt bir nəfər belə onların qayğısına qalmamışdı.
Təkcə Fövqəluca Allah Qədərlə bağlı qərarlar qəbul edir ki, Kainat da ona uyğun olaraq mövcudluğunu sürdürür. Dini qanunları da Allah təkbaşına qəbul edir. O, qullarını xəlq edir, onlarının taleyini öncədən müəyyənləşdirir, işlərini idarə edir, onlara dini qanunlara və qadağalara riayət etmək hökmü verir, sonra isə onları ya cəzalandırır, ya da mükafatlandırır.
Öncə Fövqəluca Allah artıq xəbər vermişdi ki, bütün qeyb, göylərdə və yerdə baş verənlər təkcə Ona məlumdur. Əgər Allah onları məxluqlarına açmasa, onlar qeybə məxsus heç bir şeyi heç vaxt bilməzlər. Lakin Müqəddəs Quranda çoxlu belə oxşar hekayətlər xatırlanır və buna görə sonra Fövqəluca Allah bu Kitabı öyrənməyi insanlara buyuraraq belə deyir:
(18.27) “Rəbbinin vəhy ilə sənə nazil edilmiş Kitabını oxu. Onun Sözləri əvəzedilməzdir və sən Ondan başqa sığınacaq tapa bilməzsən!”
Kitabı oxumaq əmri onda vəhylə nazil edilmiş bütün hökm-lərin yerinə yetirilməsini nəzərdə tutur, bunun üçün isə hər bir müsəlman Quran ayələrinin əsl mənasını anlamalı, Müqəddəs Quranın bütün hekayətlərinə iman gətirməli, onda olan bütün əmrləri yerinə yetirməli və onda nazil edilmiş qadağaları pozmamalıdır. Təkcə bu qaydada, sözləri əvəz edilə bilməyən Şərəfli Kitaba yanaşmaq lazımdır, çünki onlar həqiqətdir, ədalət-lidir və kamildir. Fövqəluca buyurur: “Rəbbinin sözü haqq və ədalətlə icra edilmişdir!...” (Ənam, 6/115). Quranı təhrif etmək mümkün deyil və bu onun kamilliyi və təkrarolunmazlığının dəlilidir. Əgər onun çatışmazlıqları və ya nöqsanı olsaydı, onda insanlar onu bütövlükdə və ya qismən təhrif edə bilərdilər. Bütün bunlar Müqəddəs Quranın əzəmətini və bütün məsələlərdə məhz ona müraciət etməyin zəruriliyini göstərir. Sığınacaq və xilas olmaq məsələlərinə gəldikdə isə, onları təkcə Fövqəluca Rəbbin dərgahında tapmaq mümkündür və ancaq O, qullarını mühafizə etməyə və onlara sığınacaq verməyə qadirdir. Əgər insan biləndə ki, onun bütün təşəbbüslərində ona himayə edə bilən təkcə Allahdır, onda bu düşüncə onu həm müsibət, həm də xoşbəxt anlarda təkcə vahid Allaha ibadət etməyə və təkcə Ona can atmağa yönəldir. Həqiqətən, insanlar hər an Onun himayəsinə ehtiyac duyurlar və yardım üçün Ona müraciət edirlər.
(18.28) “Səhərlər və gün batmazdan Rəbbinə dua edən-lərlə və Onun Üzünə doğru can atanlarla birlikdə səbirli ol. Bu dünyanın bərbəzəyi xatirinə onlardan üz döndərmə və ürəklərini Bizi xatırlamağa laqeyd etdiklərimizə, öz istəklərinə uyanlara və əməlləri faydasız olanlara itaət etmə!”
Fövqəluca, peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və Onun hökmlərinə və qadağanlarına riayət edənlərə əmr edir ki, öz Rəbbinə doğru can atan və günün əvvə-lində və sonunda Ona səmimiyyətlə dua edən mömin bəndələrlə birlikdə doğru yola səbirlə davam etsinlər. Allaha ibadət və səmimi xidmət göstərilməsi belə möminlərin ayrılmaz keyfiyyətlə-rindəndir. Bu müddəadan aydın olur ki, Allah qullarına öz vaxtlarını, ayrılmaz keyfiyyətləri – Allaha ibadət və səmimi xidmət etmək olan insanlar arasında keçirməyi əmr etmişdir. Müsəlmanlar belə insanlarla, onlar hətta kasıb olsalar da, daha çox ünsiyyət saxlamalıdırlar, çünki saleh insanlarla əlaqə insana saysız-hesabsız faydalar gətirir.
Əgər insan belə şəxsiyyətlərdən üz döndərərsə, bu ona zərərdən başqa bir şey verməz. O, çoxsaylı mənəvi nemətlərdən məhrum olar, onun qəlbi isə getdikcə dünya həyatına alışar. O, maddi nemətlər haqqında daha tez-tez düşünməyə başlayar və eyni zamanda Axirət həyatına can atması tədricən qəlbindən silinər. Bu ona görə baş verir ki, maddi gözəlliklər insanın gözünü tutur, könlünü heyran edir və son nəticədə insan Allahı xatırlamağı yadırğayır və maddi ləzzət və həzlərə doğru yönəlir. O, vaxtını itirir, həyatını korlayır və böyük bir zərərə uğrayır. Nəsibi isə əbədi bədbəxtlik və sonsuz məyusluq olur.
Allah belə insanlara itaət etməyə qadağa qoymuşdur, çünki onlar öz Rəbbini unutmuşlar, Fövqəluca Allah isə onları özlərini unutmağa məcbur etmişdir. Onlar özlərinin alçaq ehtiraslarına güzəştə getmiş və hətta bu onları məhvə və böyük itkiyə doğru aparsa da, öz keflərinə uyğun olaraq davranmışlar. Onlar öz şıltaqlıqlarına pərəstiş etmişlər və buna görə Fövqəluca Allah buyurmuşdur: “Sən öz şıltaqlığına pərəstiş edəni gördünmü? Allah biliyi əsasında onu azdırdı, qulağını və ürəyini möhürlədi və gözlərinə pərdə çəkdi...” (Casiyə, 45/23).
Belə insanlar nəinki mənəvi, həm də dünyəvi nemətlərdən məhrum edilirlər və Allah belələrinə tabe olmağı haram etmişdir, çünki bu günahkarlara itaət etmək insanları onlara bənzəməyə məcbur edir və nəticədə insan onların bəzi yaramaz keyfiyyətlərini mənimsəyirlər. Bu ayədən aydın olur ki, insanlar ancaq həqiqətən təqlid edilməyə nümunə olanlara itaət etməlidir. Çünki onların ürəkləri Allaha məhəbbətlə dolu olur və bu sevgi hissi xeyirxah söhbətlər formasında zahir olur, üzə çıxır. Buna görə mömin insanlar Allahı tez-tez xatırlayır, Onun mərhəmətini qazanmağa can atır və Rəbbin iradəsini öz nəfsi istəklərindən üstün tuturlar. Bunun sayəsində onlar öz vaxtına qənaət edir, işlərini sahmana salır, xeyirxah əməllər, işlər görür, ətraflarındakıları öz Rəbbinin mərhəməti ilə etiqad etdikləri dinə dəvət edirlər. Belə insanlar təqlid üçün nümunə olmağa layiqdirlər.
Bu ayədə yad edilən səbirliliyə gəldikdə isə, bu ad altında Allahın hökmlərinin səbirlə yerinə yetirilməsi nəzərdə tutulur. Bu - ən şərəfli səbirlilik formasıdır və əgər insan onu kamillik səviyyəsinə çatdıra bilərsə, onda qalan bütün şeyləri səbirlə yerinə yetirmək onun üçün çətinlik yaratmaz.
Bu Quran ayəsində həm də Allahı xatırlamanın və günün başlanğıcında və axşamqabağı Ona dua ilə müraciət etmənin üstünlüyü xüsusilə vurğulanır. Allah iman sahiblərini bu əməllə-rinə görə tərifləyir və bu ona dəlalət edir ki, səhər və axşam Allahı xatırlama – zikr etmə Allahın bəyəndiyi əməllərdəndir. Əgər Allah hər hansı bir əməli sevirsə, onda O, qullarına o əməli mütləq yerinə yetirməyi əmr edir və onları buna ruhlandırır.
(18.29) “De: “Haqq – Rəbbimizdəndir. Kim istəyir inansın, kim istəmirsə, qoy inanmasın”. Biz zalımlar üçün onları hər tərəfdən divar kimi əhatə edəcək Od hazırlamışıq. Onlar yardım (və ya yağış) üçün yalvarmağa başlasalar, onda onlara ərinmiş metala (və ya yağ çöküntüsünə) bənzər və üzü yandıran su ilə kömək edilər. Necə də çirkin içki və murdar məskəndir!”
Ey Muhəmməd! İnsanları Rəbbindən onlara nazil olan Haqq barədə xəbərdar et. Bundan sonra həqiqət və yalan, doğru və yanlış yollar onlara məlumdur. Onlar bəxtəvər möminləri və bədbəxt kafirləri tanıya biləcəklər və bütün bunlar Allah tərəfindən həqiqəti sənin dilinlə izah etməsi sayəsindədir. O həqiqət o dərəcədə açıq-aydındır ki, heç kim artıq ona şübhə edə bilməz. İman gətirmək istəyən hər kəs, iman gətirə bilər və hər kim də küfrə etiqad etmək istəyərsə, istədiyi kimi davrana bilər. İnsan üçün başqa yol yoxdur: o, ya doğru yola gəlməlidir, ya da azğınlıq yoluna qədəm qoymalıdır. Allah ona iradə əta etmişdir ki, onun sayəsində o, imanla küfrü, xeyirxahlıqla bədxahlığı müstəqil olaraq seçə bilsin. Əgər insan iman gətirirsə, onda o, doğru yola gələcək-dir, əgər iman gətirməkdən boyun qaçırırsa, onda axı haqq ona artıq məlumdur və heç kim onu haqq dinə etiqad bəsləməyə məcbur etməyəcəkdir. Fövqəluca buyurur: “Dində məcburiyyət yoxdur. Doğru yol artıq azğınlıqdan fərqlənmişdir” (Bəqərə, 2/256).
Sonra Fövqəluca Allah möminləri gözləyən sonucdan və kafirlərin düşəcəkləri aqibətdən xəbər verir. Küfrə etiqad edənlər, günah işləyənlər və Allaha itaətsizlik göstərənlər üçün Cəhənnəm Odu hazırlanmışdır ki, o, Cəhənnəm əzabkeşlərini hər tərəfdən keçilməz divarla əhatə edəcəkdir. . Onlar cəzadan can qurtara bilməyəcəklər, xilas yolu da tapa bilməyəcəklər və yandırıb-yaxan alovun ovuna çevriləcəklər. Əgər onlar dözülməz susuzluqlarını söndürmək üçün su istəsələr, onları ərimiş qurğuşuna və ya qaynar bitki yağının çöküntüsünə bənzəyən suya “qonaq” edəcəklər. Bu su onların üzünü yandıracaq və təsəvvür etmək çətindir ki, o, onların bağırsaqlarını və daxili orqanlarını nə günə qoyacaqdır. Fövqəluca buyurur: “İman gətirməyənlər üçün Oddan paltar biçəcək, başlarına isə qaynar su töküləcək. Ondan onların dərisi və içalatı əriyəcəkdir. Onlar üçün dəmir toppuzlar hazırlanmışdır” (Həcc, 22/19-21).
Cəhənnəm əzabkeşlərinin susuzluqlarını söndürmək istə-dikləri içki necə də iyrəncdir! Onlar öz əzablarını azaltmağa cəhd göstərəcəklər, amma bundan sonra əzabları daha da şiddətlənəcək, əziyyətləri daha da ağrıdıcı olacaqdır. Həqiqətən də, Cəhənnəm çox mənfur sığınacaqdır. Bundan başqa, Cəhənnəmdə işgəncələrdən xilas olmaq mümkün deyil, çünki o, əbədi əzablar və misli görünməmiş məşəqqətlər məskənidir. Bu əzab-əziyyətlər hətta bir an belə kəslməyəcək və günahkarlar tam ümidsizliyə qapılacaqlar. Onlar xilas olmaqdan əllərini tamamilə üzəcəklər, Rəhmli Allah isə onları unudacaq və iztirab çəkmək üçün Cəhənnəm Odunun burulğanına atacaq. Bu ədalətlə ediləcəkdir, çünki bundan əvvəl bu günahkarlar Allahın Özünü unutmuşdular.
Sonra Fövqəluca Allah ikinci qrup insanları xatırlayır və buyurur:
(18.30) “İman gətirənlərə və xeyirxah əməllər işləyənlərə gəldikdə isə, Biz yaxşılıq edənlərin mükafatlarını itirmirik”.
Bu insanlar Allaha, mələklərə, Müqəddəs Kitablara, elçilərə, Qiyamət gününə və Allahın qədərinə uyğun olaraq müəyyən edilən bütün yaxşılığa və pisliyə iman gətirirlər. Bununla yanaşı onlar xeyirxah işlər görür, yəni dinin fərz və könüllü hökmlərini yerinə yetirirlər. Allah isə Onun xatirinə və Onun şəriət hökmlərinə tam uyğun olaraq səmimiyyətlə xeyirxah əməllər işləyənləri mükafatsız qoymur. Allah belə xeyirxahlıqları unutmur və onları öz mömin zəhmətkeşləri üçün qoruyub saxlayır ki, onlardan hər birini Öz ilahi mərhəmətinə uyğun olaraq hərtərəfli mükafatlandırsın. Sonra Rəbb Özünün mükafatlandırmasından bəhs edərək belə buyurur:
(18.31) “Çaylar axan Ədəm bağları məhz onlar üçün hazır-lanmışdır. Onlar qızıl bilərziklərlə bəzənəcək və onlara atlas-dan və zərxaradan yaşıl libaslar geyindiriləcək. Onlar orada taxtlara dirsəklənərək oturacaqlar. Gözəl mükafat və füsunkar məskən!”
Düzgün iman sahibi olanların və xeyirxah əməllər işləyən-lərin mükafatı belə olacaqdır. Onlar ecazkar Cənnət bağlarında Cənnət sakinlərini vəcdə gətirən çoxsaylı ağacların kölgəsində daldalanacaqlar. Onların ətrafında heyranedici Cənnət ağaclarının və hündür sarayların yanlarından keçən çaylar şırıldayıb axacaq. Onlar qızıl zinətlərlə bəzənəcək, yaşıl atlasdan və zərxaradan çox qəşəng libaslar geyəcəklər. Atlas – nazik və zərif ipək parçadır, zərxara isə bir qədər qaba ipək parçadır. Onlar üstü bahalı örtüklərlə bəzədilmiş taxtlar üstündə yastılanaraq oturacaqlar. Ərəb sözü olan “ərikə” (“taxt”) ancaq zənginlik mücəssəməsi olan yataq dəsgahlarına aid edilir. Ərəb feli olan “ittakaa” (“söykən-mək”, “dayanmaq”) insanın rahatlıq və məmnunluq duyduğu vəziyyətini təsvir etmək üçün istifadə edilir. Cənnət sakinləri yorğunluq və taqətsizlik bilməyəcəklər, əbədi yeniyetmə gənclər onlara istədikləri hər şeyi gətirəcəklər. Ən başlıcası – möminlərin Cənnət bağlarında həmişəlik məskunlaşmaları və oranı heç vaxt tərk etməyəcəkləridir.
Xeyirxah əməl sahibləri üçün hazırlanmış Cənnət məskəni necə də gözəldir! İnsan qəlbinin sevindiyi və insan baxışlarının məftun olduğu və onların hər şeyi əldə edə biləcəkləri sığınacaq necə də cazibədardır! Bu sonsuz sevinc, fasiləsiz məmnunluq və təsvirəgəlməz səadət olacaqdır. Həm də axı Cənnətdən daha yaxşı hansı məskən ola bilər ki, ən aşağı pillədə olan sakin belə öz saray və bağları arasında iki min il gəzib dolaşsa da, bundan sonra daha gözəl bir şeyin mövcudluğu haqqında, hətta ağlına belə gətirə bilməyəcəkdir. O, ürəyindən keçən və sadəcə yadına düşən hər şeyi alacaqdır. O, hətta barəsində düşünməsini xəyalına gətirmədiyi şeyləri alacaqdır və bu mükafat əbədi olacaqdır. Bundan başqa, bu mükafat anbaan daha da gözəlləşəcək və füsunkarlaşacaq. Ey sonsuz İltifat Sahibi Allah! Bizi yol verdiyimiz nöqsan və günahlarımızla törətdiyimiz şər əməllərimizə görə Öz mərhəmətindən məhrum etmə!
Bu ecazkar ayə və digər oxşar ayələr ona dəlalət edir ki, Cənnətdə qızıl bəzək şeylərini həm kişilər, həm də qadınlar taxa-caqlar. Bu həmçinin digər səhih naslarla da təsdiq olunur. Həm-çinin bu ipəkdən olan bəzək şeylərinə (geyimlərə) də aiddir.
Sonra Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək buyurur:
(18.32) “Onlara iki kişi haqqında misal çək. Onlardan birini Biz iki üzümlüklə təmin etdik, onları xurma ağacları əhatə etdik və aralarında tarla saldıq”.
İnsanlara iki kişi haqqında hikmətli məsəli danış. Onlardan biri Rəbbinə ona nazil etdiyi səxavətinə görə şükür etdi, ikincisi isə Ona minnətdarlıq etməkdən boyun qaçırdı. Onların necə davranması, nə söyləmələri, əməllərinin verdiyi nəticələri haqqın-da insanlara xəbər ver. Allahın qullarına, belə insanları bu dün-yada və öldükdən sonra Axirətdə gözləyən cəza və mükafatlar haqqında söylə və qoy onlar iki kişinin taleyini düşünsünlər və bu əhvalatdan faydalı nəticələr çıxartsınlar. Bu məsəlin mahiyyəti iki kişinin məhz kim olmalarında deyil. İnsanlar bu məsəl üzərində dərindən düşünməlidirlər, çünki belə insanlara bütün zamanlarda və bütün ölkələrdə rast gəlinir. Özü də onlar Allahın bildirdikləri ilə qane olmalıdırlar və əgər onlar həmin şəxslərin sonrakı taleyi haqqında fərziyyələr uydurmağa cəhd göstərsələr öz çiyinlərinə ağır məsuliyyət yükü götürəcəklər.
İki kişidən biri naşükür insan idi və ona iki gözəl bağ əta etmiş Allahın əzəmətli lütfkarlığını etiraf etməkdən boyun qaçırır-dı. Bağlarda müxtəlif meyvə ağacları boy atmışdı və onların arasında üzümlük və xurma ağacları xüsusilə fərqlənirdilər. Üzüm təngləri hər iki bağın mərkəzi hissəsində çıxmışdı və onların ətrafında isə xurma ağacları ucalmışdı və bu, hər iki bağa qəribə bir görkəm verirdi. Günəş şüaları və küləklər bu ağacları oxşayır və onların meyvələrini yetişdirir və sulu edirdi. Bu iki bağın arasında isə zəngin tarla var idi. Bütün bu deyilənlərdən sonra, soruşmağa bir şey qalırdı, bu bağlarda məhsul necə olurdu və ağacların suvarılmasına su bəs edirdimi? Bax buna görə sonra Fövqəluca Allah buyurur:
Tarix: 18.04.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1096 Bölmə: Ayeler