Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 81-104

(16.81) “Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız”.

Allah, insanın yaratmadığı çoxlu şeylərdən düşən kölgəni xəlq etdi. Onların arasında ağacları, dağları və təpələri misal gətirmək olar. Fövqəluca Allah dağlarda mağaralar yaratdı ki, insanlar üçün bərk isti havadan, soyuqdan, yağışdan və düşməndən sığınacaq olsun. O, həm də insanları hərarətin yüksək olduğu havadan qorumaq üçün libas yaratdı. Əvvəl biz demişdik ki, bu surənin başlanğıcında Rəbbin əsas nemətləri, sonunda isə - ikinci dərəcəliləri sadalanır. Bu ayədə paltarın insanı soyuqdan qorumasından bəhs edilmir, çünki insanın soyuqdan qorunması əsas nemətlərə aiddir. Allah bu barədə surənin başlanğıcında belə deyir: “Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik və başqa faydalar vardır...” (Nəhl, 16/5). Allahın nemətlərinə aid həmçinin zirehli geyimdir. O, insanları döyüş zamanı yaralanmaqdan müdafiə edir. Allah insanları ən mükəmməl formada təxhiz etmişdir və buna görə Rəbbin bütün nemətlərini saymaq heç də asan deyil. Ola bilsin ki, əgər insan Rəbbinin səxavəti üzərində düşünərsə, o, görər ki, onu hər tərəfdən əhatə edən hər şey Onun əzəməti qarşısında baş əyir, Onun hökmlərinə itaət edir və beləliklə, əldə etdiyi nemətləri ancaq Himayədarının və Xeyirxahının xoşuna gələn əməlləri yerinə yetirməyə sərf edər.
Həqiqətən də, Allahın Öz qullarına əta etdiyi nemətlərin bolluğu onları Ona daha yaxşı şükür və həmd etməyə yönəltməlidir. Lakin zalım günahkarlar itaətsizlik və inadkarlıqdan başqa hər şeydən əl çəkirlər. Buna görə Allah buyurur:

(16.82) “Əgər üz çevirsələr, bil ki, sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır”.
(16.83) “Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir”.

Ey Muhəmməd! Əgər onlar Allahdan üz döndərsələr və Onun nemətləri və dəlillərini onlara xatırlatdıqdan sonra Ona tabe olmaqdan imtina etsələr, onda sən onların kafirliyinə görə cavabdehlik daşımayacaqsan. İnsanların ürəyinə iman salmaq sənin vəzifən deyil. Sən haqqı təbliğ etməli, öyüd-nəsihət verməli və itaətsizlikdən çəkindirməlisən və əgər sən öz vəzifələrini yerinə yetirmisənsə, onda onlar ancaq Allah qarşısında cavab verməli olacaqlar. Onlar çox yaxşılıq görmüşdülər və Allahın nemətləri barədə öyrənmişdilər, lakin onlar yaxşılıaları və nemətləri rədd etməyi üstün tutdular, çünki onların əksəriyyəti imansız insanlardılar. Onlarda heç bir xeyirxahlıq yoxdur və Rəbbin çoxsaylı dəlilləri də onlara fayda vermir, çünki onların təsəvvürləri də artıq korlanmış, niyyətləri isə zərərlidir. Onlar küfründə inadkarlıq edən və başqalarını incidən, xeyirxahlığa naşükürlüklə cavab verən, Allaha və Onun elçilərinə qarşı qiyam qaldıran hər kəs üçün Allahın hazırladığı əvəzi mütləq görəcəklər.

(16.84) “Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzrxahlıq etməyə izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır”.
(16.85) “Zalımlar əzab çəkməyə başladıqda, onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir”.

Fövqəluca Qiyamət günü kafirlərin hansı vəziyyətdə olacağından xəbər verir. Heç kim onlara bəraət qazandırmayacaq və onlar cəzadan xilas edilməyəcəklər. Hətta onların Allaha şərik qoşduqları bütlər də onlardan imtina edəcəklər. Belə olduqda, onlar etiraf edəcəklər ki, kafirliyə etiqad edir və Allaha böhtan atırdılar. Hər icmadan bir şahid çıxıb fasiqlərə qarşı şəhadət verəcək və onların, doğru yolla getmək çağırışına necə cavab verdiklərindən danışacaqdır. Bu şahidlər ən pak və ən ədalətli məxluqlar – Allahın elçiləri olacaqlar. Onlar haqqı təsdiq edəcək və onların şahidliyi əsasında Allah ədalətli hökm çıxaracaqdır. Bax onda kafirlərə özlərini doğrultmağa çalışmaq qadağan olunacaq, çünki insanın qəsdlə törətdiyi cinayətiə bəraət qazandırmaq olmaz. Belə hallarda özünə bəraət qazandırma yalan olur və fayda vermir. Əgər günahkarlar yol verdikləri günahları yumaq üçün onları dünya həyatına qaytarmağı xahiş etsələr, heç kim onların xahişini yerinə yetirməyəcək və onlardan tövbə etmələrini tələb etməyəcək. Əksinə, onları ləngimədən sərt cəzaya məruz qoyacaqlar. Onlar bu cəzanı gördükdən sonra heç kim onların aqibətini yüngülləşdirməyəcək və onlara möhlət verməyəcək, çünki onların buna layiq saleh əməlləri olmayacaq. Onların cinayətləri bir-bir sayılaraq yekunlaşdırılacaq. Onlara törətdiklərinin hesabı təqdim olunacaq və onlar öz günahlarını etiraf edib rüsvay olacaqlar.

(16.86) “Müşriklər Allaha qoşduqları şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” Bütlər isə onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar”.
(16.87) “O gün müşriklər Allaha təslim olduqlarını bildirəcək və uydurduqları isə onlardan uzaqlaşıb qeyb olacaqlar”.

Müşriklər Qiyamət günü Allaha şərik qoşduqlarını görəcəklər. Onlar öz baxışlarının qüsurlu olduğunu dərk edəcək və törətdiklərini inkar edə bilməyəcəklər. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Budur Sənə şərik hesab etdiyimiz bütlər! Onlar bizə kömək göstərməyə və bizi qorumağa qabil deyillər”. Onlar özləri deyəcəklər ki, bütlər tamamilə faydasızmış. Bütlər onlardan üz döndərəcəklər və onda onların arasında qarşılıqlı ədavət və düşmənçilik yaranacaqdır. Bütlər onların sözlərini rədd edərək, deyəcəklər: “Siz – dəyərsiz yalançılarsınız. Siz bizə ibadət edirdiniz və bizi Allaha şərik qoşurdunuz, lakin biz sizdən belə davranmağınızı xahiş etməmişdik. Biz hətta güman etməyə belə cəsarət etməzdik ki, ibadətə və ilahlaşdırılmağa layiqik. Buna görə qınanmağa layiq olan təkcə sizsiniz”. Belə olduqda, müşriklər Allaha itaət etdiklərini bildirər və mütiliklə hökm çıxarılmasını gözləməyə başlayarlar. Onlar o anda artıq qəti əmin olarlar ki, onları cəza gözləyir. Ümid bəslədikləri uydurulmuş “ilahlar” onları tərk edərək Cəhənnəmə düşəcəklər. Müşriklər artıq özləri-özlərinə nifrət edəcək, lakin bu zaman onlar, günahkarları ancaq törətdikləri cinayətlərinə görə cəzalandırdığı üçün, Rəbbi mədh etməyə başlayarlar.

(16.88) “Kafir olub, Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq”.

Bu ayədə Fövqəluca Allah cinayətkarları gözləyən kədərli sonluqdan bəhs edir. Onlar iman gətirməkdən imtina etdilər, Allahın ayələrini rədd etdilər, Allahın elçilərinə qarşı vuruşdular, insanlara doğru yola gəlməyə maneə törətdilər və azğınlığın təbliğatçısına çevrildilər. Onlar yer üzündə fitnə-fəsad törətdilər, böyük cinayətlər edərək böyük cəzaya layiq oldular.

(16.89) “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolun Bələdçisi, mərhəmət və müjdə olaraq nazil etdik”.

Fövqəluca, hər ümmətə bir şahid göndəriləcəyini bir daha xatırladır və alicənab Muhəmməd Peyğəmbərin (s.ə.s.) onların arasında öz ardıcıllarının lehinə və əleyhinə şahidlik edəcəyini isə xüsusilə vurğulayır. Fövqəluca Allahın mütləq ədaləti tələb edir ki, hər bir elçi təkcə öz ümmətinə şahidlik etsin, çünki o, öz ardıcıllarının əməlləri haqqında başqalarından fərqli olaraq daha yaxşı xəbərdardır və onların əməllərini daha gerçək araşdıra bilər və onlara daha çox rəhmli yanaşar. Fövqəluca buyurur: ““Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizin hamınıza şahid olsun...” (Bəqərə, 2/143);
“Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid göstərəcəyimiz zaman onların halı necə olacaq? Küfr edib Peyğəmbərə asi olanlar o Gün yerə girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər” (Nisa, 4/41-42).
Sonra Allah Müqəddəs Quranın insanlara dinin əsas və fərdi məsələlərini (Fərdi məsələlər” kimi tərcümə etdiyim ifadə Azərbaycan və rus dilli İslam ədəbiyyatında, bir qayda olaraq, “ikinci dərəcəli məsələlər” («?????????????? ???????») kimi verilir ki, bu heç də “f ə r i” terminininəslində ifadə etdiyi mənanın vacib əhəmiyyətini son dərəcə zəiflədir. Fəri (fərdi) hökmlərə aid olan namaz, oruc, həcc, zəkat və digər mümhüm İslam dininin başlıca və vacib hissələri sayılan məsələləri “ikinci dərəcəli” adlandırmaq əsassızdır. F ə r i’ kəlməsi “qol-budaq”, “şöbə” və “fərdi” mənaları da mövcuddur ki, ana dilimizdə ərəb terminini ifadə etmək üçün mən məhz “fərdi” sözünü ekvivalent kimi götürməyi məsləhət bilirəm. Bu zaman yeganə məqsəd – Azərbaycan dilində “füru” termininin qarşılığı kimi “fərdi” sözündən istifadə etməkdir ki, bu, dilimizdə İslm terminologiyasının sabitləşməsi baxımından əhəmiyyət kəsb edə bilər. Artıq insanlarımız namaz, oruc və s. İslamın kökklü anlayışları haqqında şəriətin ikinci dərəcəli anlayışları kimi düşünməzlər. F.S.
) izah etməsi, bu dünyada və Axirət həyatında mövcud qanunları bəyan etməsi haqqında xəbər verir. Bu Kitabda Allahın qulunun ehtiyacı olan hər şeydən bəhs edilir. Haqq ən aydın və anlaşılan tərzdə açıqlanmışdır, çünki onun sözləri açıq, mənaları isə bəlli və başa düşüləndir. İnsan qəlbinin müntəzəm surətdə təkrarlamasına ehtiyac duyduğu ən mühüm məsələlər isə Quranda dəfələrlə təkrarlanır. Allah onları fərqli sözlərlə bildirir və qullarını müxtəlif dəlillər vasitəsilə əmin edir ki, onların ürəkləri rahatlıq tapsın və xeyirli bəhrələrə nail olsun. Bu bəhrələrin bolluğu Vəhyin insanların qəlbində nə dərəcədə möhkəm kök salmasından asılıdır.
Quranın qısa və aydın ayələri bəzən bir-neçə mənaya malik olur və bunun sayəsində ayələrin mətni dini qanuna çevrilir. Bu qanunlar nəzərdən keçirildikdə isə müzakirə edilən ayəni sonrakı ilə mütləq əlaqələndirmək lazımdır, çünki onlardan çoxsaylı hökm və qadağalar hasil olur ki, onları sadəcə olaraq sadalamaq mümkün deyil.
Quran ayələrinin nazil edilməsinin bütün varlıqları izah etməklə əlaqədar olduğunu nəzərə alsaq, onda onlar Allahın bütün qullarına qarşı yönəldilmiş təkzibolunmaz dəlillərdir. Onlar günahkarları ən kiçik özünüdoğrultma cəhdindən də məhrum edir, müsəlmanlara isə çox böyük fayda verir. Quran müsəlmanlar üçün bütün mənəvi və dünyəvi işlərində doğru Təlimat və mərhəmətdir ki, onun sayəsində onlar həm bu dünyada və həm də ölümdən sonra əmin-amanlığa nail olurlar. Düzgün Təlimatdan istifadə etməklə müsəlmanlar faydalı biliklər əldə edir və saleh əməllər işləyirlər. Mərhəmət sayəsində isə onlar bu dünyada və Axirətdə mükafat, xeyirxahlıq, ruhi rahatlıq və idrak kamilliyi qazanırlar. Həqiqətən, insan təfəkkürü təkcə Quran ayələrinin mənaları üzərində düşünmək sayəsində təkmilləşir, çünki onların mənası ən uca və ən şərəflidir. Bununla yanaşı Quran ayələri saleh əməllər həyata keçirməyə, gözəl əxlaqi normalara riayət etməyə, var-dövləti artırmağa, düşmənə sözlə və əməllə qalib gəlməyə, Fövqəluca Allahın lütkarlığını və Onun təkcə Özünə məlum olan saysız-hesabsız ləzzətlərinin inikası sayılan böyük mərhəmətini qazanmağa kömək edir.

(16.90) “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara yardım göstərməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız”.

Allahın riayət edilməsinə hökm verdiyi ədalətlilik, Ona və Onun məzluqlarına ədalətli yanaşmağı nəzərdə tutur. Buna görə insan onun özü və mülkiyyəti ilə bağlı ona həvalə edilmiş bütün vəzifələrini qüsursuz yerinə yetirməlidir. O, öz vəzifəsini Rəbbi qarşısında icra etməli və insanlara qərəzsiz yanaşmalı, əgər o, rəhbər vəzifə tutursa, bu vəzifə yükünün məsuliyyətini layiqincə daşımalıdır. Bu eyni dərəcədə bütün hökumətlərə, prezidentlərə, hakimlərə və onların müafinlərinə aiddir.
Ədalətlilik adlanan hökmlər Allahın Öz Kitabında və Öz Elçisinin (s.ə.s.) dili ilə bəyan etdiyi, yerinə yetirilməsinə və məcburiliyinə hökm verdiyi ehkamlardır. İnsanlarla qarşılıqlı münasibətlərdə ədalətlilik dedikdə, alqı-satqıya və digər əqdlərə düzgün riayət edilməsi başa düşülməlidir. İnsan ticarət etdiyi zaman başqalarını ölçüdə və çəkidə və başqa hallarda aldatmamalı və insanlarla zalımcasına davranmamalıdır.
Əgər insanlarla qarşılıqlı münasibətlərdə ədalətə riayət edilməsi məcburi hökmdürsə, alicənablıq göstərmək – arzuolunandır. Alicənablıq göstərmək, insanlara öz malı, fiziki gücü, bilikləri ilə və başqa üsulla fayda verməkdir. İnsanının ev heyvanlarına və ya digər heyvanlara göstərdiyi qayğı da alicənablıq sayılır. Lakin Allah yaxşı əməllərin bütün növlərindən qohumların xeyrinə çəkilən xərci xüsusilə qeyd etmişdir. Bununla Allah qohumluq əlaqələrinin saxlanmasının vacibliyini qeyd edir və insanları qohumlarına xeyirxahlıq etməyə çağırır. Bu bütün qohumlara, həm yaxın, həm də uzaq olanlara şamildir. Lakin qohum yaxın olduqca, onun ona yaxşılıq və ehtiram göstərilməsinə haqqı artır.
Sonra isə Fövqəluca Allah hər cür yaramaz və qınanılan əməlləri və zalımlığı haram edir . Yramaz əməllər – böyük günahlardır ki, onlar nəinki İslam şəriəti ilə, həm də bəşər ağlı və fitrəti ilə də qəbahətli hesab olunur. Belə günahlar – Allaha şərik qoşma, haqsız adamöldürmə, zina, oğurluq, özündənrazılıq, təkəbbürlülük, məxluqlara nifrət bəsləmə və digər oxşar cinayətlərdir. Qınanılan əməllərə aid olanlar isə, insanın Fövqəluca Allahın qarşısında öz vəzifələrini pozması ilə bağlı olan bütün günahlardır. Bütün məxluqlara qarşı yönəldilmiş hər hansı ədalətsiz münasibətlər, yəni onların həyatına, namusuna və ya malına edilən qəsdlər zalımlıq hesab olunur.
Bütün deyilənlərdən aydın olur ki, bu ayə özündə dinin bütün hökmlərini və qadağalarını ehtiva edir. Elə bir dini hökm yoxdur ki, bu ayənin ümumi mənası ona aid olmamış olsun. Bu, əsasdır və şəriətin fərdi ehkamları ondan şaxələnirlər. Ədalətə riayət etmək, yaxşılıq göstərmək və qohumları təmin etmək əmri Allahın bütün hökmlərini özündə təmərküzləşdirir. Yaramazlıqların, qınanılan əməllərin törədilməsinə və zalımlığa qadağan qoyulması isə Allahın bütün haramlarını özündə birləşdirir. Bunun sayəsində Allahın verdiyi hökmlərin gözəlliyi və Onun bütün qadağan etdiklərinin çirkinliyi aşkar olur. Bu meyarlara istinad etməklə insanların istənilən ifadələrini və ya əməllərini dəyərləndirmək olar. Nitqi eyni zamanda doğru Təlim, şəfa, nur və hər təşəbbüsdə meyar olan Allah Xeyirxahdır!
Bax buna görə bu ayənin sonunda Allah bildirir ki, Öz Kitabında haqqı izah etmiş, faydalı işlər görməyə hökm vermiş və zərərli əməllər törətməyi qadağan etmişdir ki, insanlar Quranın öyüd-nəsihətləri üzərində düşünsünlər və onların dərin mənalarını dərk etsinlər. Əgər insanlar onların barəsində düşünsələr və əməllərində onları əsas götürsələr, onda səadət qazana bilərlər ki, ondan sonra onlar artıq bir də heç vaxt kədərlənməzlər.
Fövqəluca Allah dinin fərz hökmlərinin yerinə yetirilməsinə əmr verdikdən sonra, O, insanın özünün könüllü surətdə qarşılıqlı əhd ilə öhdəsinə götürdüyü vəd və sözləşmələri yerinə yetirməyi ona əmr edir. Fövqəluca buyurur:

(16.91) “Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir”.

Bu ayədə insanın Rəbbinə verdiyi bütün vədlərindən bəhs edilir. Bu, ibadət etmək haqqında vəd, xeyirli iş tutacağı barədə söz verməsi və ya and içməsidir. Bu həm də insanın başqa insanlarla bağladığı saziş və ya yerinə yetirəcəyinə söz verdiyi vədə ola bilər. Əgər insan öz üzərinə belə öhdəlik götürürsə, onda o, onları yerinə yetirməli və bunu, imkan daxilində, ən mükəmməl tərzdə həyata keçirməlidir. Bax buna görə Allah qullarına Onun adı ilə and içdikdən sonra onu pozmağı qadağan etmişdir.
Ey insanlar! Əhd bağladıqda siz Allahı özünüzə zamin edirsinizsə, Onun adı ilə zamin durduğunuz öhdəliyinizi pozmağınıza isə icazə verilməmişdir. Əks təqdirdə siz Ona hörmətsizlik və hətta saymamazlıq etmiş olarsınız. Bir nəfər sizə etibar göstərdikdə, sizə ümid bağlamış olduqda və Allahın adını çəkərək içdiyiniz andla qane olduqda, siz vədinizə xilaf çıxmamalı və Onun adı ilə içdiyiniz andı yerinə yetirməlisiniz. O, sizin bütün əməllərinizdən agahdır və buna görə hər kəs özünün fikrinə və niyyətinə uyğun olaraq əvəz alacaqdır.

(16.92) “İpliyini möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir”.

Əgər siz verdiyiniz vədləri və bağladığınız əqdləri pozsanız, onda ən yaramaz və ən pis müqayisəyə layiq olarsınız. Sizi ipliyini möhkəm əyirib, işini qurtardıqdan sonra, onu açıb sökən bir qadınla müqayisə etmək olar. Qadın bütün səyini ipliyi əyirməyə sərf etdikdən sonra onu açıb sökür, lakin məyusluqdan və yorğunluqdan başqa heç nə əldə edə bilmir. Bu belə bir qadının ağlının dayazlığına dəlalət edir və əgər insan vədini pozursa, onu da zalım, cahil və axmaq, möminlikdən, igidlikdən və ləyaqətdən məhrum adam adlandırmaq olar.
Sizə öz vədlərinizi qarşılıqlı aldatma vasitəsinə çevirmək yaraşmaz. And içərək Allahı zəmanətçi götürüb fürsət gözləyən insanlar məhz bu sayaq rəftar edirlər. Əgər onlar zəif olduqlarını və müqabil tərəfə müqavimət göstərməyə qabil olmadıqlarını hiss etdikdə, öhdəliklərini yerinə yetirirlər. Onlar onu verdikləri sözü yerinə yetirmək və içdikləri andı pozmamaq xatirinə deyil, zəif olduqlarına görə icra edirlər. Lakin onlar özlərini güclü hiss etdikdə və öhdəliyin pozulmasının onlara dünyəvi işlərdə mənfəət gətirəcəyini güman etdikdə, onlar vədlərini yerinə yetirmir, Allahla bağladıqları əhdə və içdikləri andlara laqeyd yanaşırlar.
İnsanlar ancaq öz istəklərinə yol verdikdə və onları Allahın ehkamlarından, insan ləyaqətindən və xeyirxah əxlaq normalarından üstün tutduqda, məhz belə davranırlar. Onlar bu minvalla başqalarını sayla və güc-qüvvə ilə ötüb keçməyə çalışırlar. Lakin əsil həqiqətdə bu bir sınaqdır, çünki Fövqəluca Allah belə aldanmaları ona görə yaradır ki, doğruçu insanlarla bədbəxt günahkarlar arasında fərq aşkara çıxsın. Qiyamət günü başlayanda isə Allah qullarına ixtilafa düşdükləri barədə hər şeyi izah edəcəkdir. Belə olduqda hər kəs etdiyi əməllərə müvafiq olaraq əvəz alacaqlar, xainlər isə alçaldılacaq və rüsvay ediləcəklər.

(16.93) “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız”.

Əgər Fövqəluca Allah istəsəydi, bütün insanları toplayıb doğru yola gətirərdi. O, kimi doğru yola, kimi də azğınlığa yönəldəcəyini, tək Özü həll edir. O, Öz biliyinə və ilahi müdrikliyinə müvafiq olaraq davranır. Əgər O, insanları doğru yola yönəldirsə, onlara mərhəmət göstərir. Əgər O, onları haqq Təlimdən məhrum edirsə, deməli, O, onlarla ədalətlə rəftar edir. İnsanlar etdikləri xeyirxah və bədxah əməllərinə görə mütləq məsuliyyətə cəlb olunacaqlar və onda hər kəs tam və ədalətli əvəz alacaqdır.

(16.94) “Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün Axirətdə də böyük bir əzab hazırlanar”.

Alçaq istəklərinizə yol verib andlarınızdan istifadə edərək başqa insanları aldatmayın. Verdiyi vədləri istədiyi vaxt yerinə yetirib, istəmədiyi vaxt yerinə yetirməyənlərə oxşamayın. Əgər siz belə davransanız, onda sizin ayaqlarınız düz yolda möhkəm dayandığı halda bükülər. Siz sizə qəm və kədər gətirən cəzanı dadmalı olacaqsınız. Doğru yoldan çıxmağın və başqalarını da azdırmağa başlamağın qisası belə alınacaqdır.

(16.95) “Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allahın dərgahında olan savab sizə daha xeyirlidir”.

Fövqəluca Öz qullarına verdikləri vədləri və içdikləri andları cüzi bir dünya mənfəəti xatirinə pozmağı haram etmişdir. Əgər siz Allahın sizə lütfkarlıq göstərməsini üstünlük verirsinizsə və verdiyiniz vədləri yerinə yetirirsinizsə, onda Fövqəluca Allah sizi həm bu dünyada, həm də öldükdən sonra sizə mükafat bəxş edəcəkdir. Belə hərəkət etmək, əgər siz bunu bilsəydiniz, fani dünya həyatından yapışmaqdan daha yaxşıdır.


(16.96) “Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını mütləq verəcəyik”.

Keçici nemətlərdənsə əbədi nemətlərə üstünlük verin. Malik olduğunuz Yer nemətləri, hətta onlar olduqca çox olsalar belə hökmən tükənəcəklər. Halbuki sizin üçün hazırladığı mükafat həmişəlik qalacaqdır. Şübhəsiz ki, ağıllı Axirət hayatındakı gözəl və sonsuz zövq-səfa müqabilində insan Yerdə olan cüzi və fani ləzzətlərə üstünlük verməz. Fövqəluca belə buyurur: “Lakin siz dünyanı üstün tutursunuz! Halbuki Axirət daha xeyirli və daha baqidir” (Əla, 87/16-17);
“Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir” (Ali-İmran, 3/198).
Allah bu qaydada qullarını dünya nemətlərinə uymamağa çağırır. Bu, xüsusilə, insana zərər verən maddi həzzlərə aiddir. Onlar insanı dinin vacib ehkamlarından yayındırır və onu maddi mənfətləri Allah qarşısında öhdəlikləri yerinə yetirməkdən üstün saymağa sövq edir. İnsanın maddi nemətlərə aludə olmaması və zahidliyə üstünlük verməsi üçün, o, dünyəvi ləzzətləri gələcək həyatın ləzzətləri ilə müqayisə etməlidir. İnsan onları müqayisə edərək, onların arasında çox böyük fərq olduğunu aşkar edir və mütləq ən yaxşı olana üstünlük verir. İslam dininin təşviq etdiyi zahidlik adı altında özünü təkcə namaz, oruc və ya Allahı zikr etmə kimi dini ayinlərə həsr etməyi başa düşmək lazım deyil. Əksinə, müsəlman, şəriətin hökmlərini qəlbən və cismən yerinə yetirmədikcə və Allahın dinini sözü və əməli ilə təbliğ etmədikcə, heç vaxt zahid sözünün düzgün başa düşülən mənasında zahidlik etməz. Əsil zahidlik – insana mənəvi və maddi əmin-amanlığı üçün faydalı olmayan şeyləri tərk etməkdən və habelə fayda və mənfəət gətirən hər şeyə can atmaqdan ibarətdir. Əgər insanlar səbirlə Allaha itaət etsələr, tabesizlik göstərməkdən çəkinsələr və dinə zərər vuran alçaq həzlərdən qaçınsalar, onda onlar mütləq xeyirxah əməlləri ilə layiq görüləcəkləri mükafatı üstələyəcək mükafat alacaqlar, çünki hər saleh əmələ görə mükafat on dəfədən yeddi yüz dəfəyə qədər və hətta daha artıq artırılacaqdır. Allah xeyirxahlıq edənlərin mükafatını itirməz və buna görə də sonra Fövqəluca həm bu dünyada və həm də ölümündən sonra möminləri gözləyən mükafatlandırmanı xatırladır. Fövqəluca belə buyurur:

(16.97) “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”.

Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Fövqəluca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir.

(16.98) “Quran oxuduqda qovulmuş və daş-qalaq edilmiş şeytandan Allaha sığın!”

Müqəddəs Quran bütün Kitabların ən şərəflisi və əzəmətlisidir. O, insanların qəlbini sahmana salır və onların qarşısında geniş biliklərə yol açır. Əgər insan Allahın Yazısını oxumaq istəyirsə, onda o, xeyirxah addım atmağa və Quran ayələrinin mənasını və əhəmiyyətini başa düşməyə çalışanda onunla amansız döyüşə başlayan lənətlənmiş şeytandan Onun himayəsinə sığınmalıdır. Şeytanın fitnələrindən qorunmaq üçün Allahın qulu yardım məqsədilə öz Rəbbinə müraciət etməlidir. Buna görə Quranı oxumağa başlamazdən əvvəl: “Lənətlənmiş şeytandan Allaha sıöınıram!” – deməlidir. Bunu dedikdə söylənən sözlərin mahiyyətinə varmalı və bütün varlığı ilə, şeytandan xilas olmaq ümidi ilə, Allaha doğru can atmalı və onun vəsvəsəsindən, yaramaz təlqinlərindən xilas olmalıdır. Bu o deməkdir ki, müsəlman iman və təvəkkül libası geyməli və öz düşməninə qarşı mübarizədə ən güclü silahdan istifadə etməlidir.

(16.99) “Şübhəsiz ki, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində şeytanın heç bir hökmranlığı yoxdur”.
(16.100) “Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir”.

Şeytan, Vahid Allaha iman gətirmiş, Ona şərik qoşmayan və Ona təvəkkül edən mömin insanlar üzərində hakimiyyətə malik deyil. Onlar Onun yardımına bel bağlayır və O da onları, ürəklərinə yol tapa bilməyən şeytanın fitnəkarlıqlarından qoruyur. Həqiqətən də, şeytan təkcə onu özünə himayəçi seçənlərə üstün gələ bilir. Bunlar – Allahın himayəsindən boyun qaçıran və şeytana tabe olmağı üstün tutan və onun tərəfdarları olan fasiqlərdir. Onlar şeytana ürəklərinə hakim olmaq üçün özləri imkan veriblər və o da onları günah işlətməyə doğru itələyir və onları od-alov saçan Cəhənnəmə aparır.

(16.101) “Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların əksəriyyəti bunu bilmir”.

Fövqəluca bildirir ki, Müqəddəs Quranı inkar edən günahkarlar öz kafirliklərinə haqq qazandırmağa cəhd göstərirlər. Fövqəluca Allah Müdrik Hakim olduğu üçün qanunlar qəbul edir və ilahi müdrikliyinə və mərhəmətinə müvafiq olaraq bəzi hökmlərini digərləri ilə əvəz edir. Lakin kafirlər bu özəllikdən istifadə edərək, Allahın Elçisini (s.ə.s.) yalan danışmaqda ittiham edirlər. Onlar onu (s.ə.s.) uydurmaçı və yalançı adlandırırlar, amma onların əksəriyyəti bu barədə heç nə bilmirlər. Onlar öz Rəbbi haqqında, Onun şəriəti haqqında məlumatsız olan cahillərdir. Tamamilə aydındır ki, nadan insanların düzgün biliklərdən məhrum olan qınağına əhəmiyyət verməyə lüzum yoxdur, çünki tənqid həmişə tərifə və ya qınağa layiq olanı bilməyə istinad etməlidir. Bax elə buna görə, sonra Fövqəluca bir hökmün başqasının əvəzinə nazil edilməsinin hikməti haqqında xəbər verərək, belə buyurur:

(16.102) “De: “Müqəddəs Ruh onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə, haqla nazil etmişdir”.

Müqəddəs Ruh – Allahın elçisi mələk Cəbraildir. O (ə) qüsurlardan məhrumdur, etimadı itirmir və nöqsanlardan xilas edilmişdir. O (ə), ədalətli tənqid edilməsi mümkün olmayan həqiqi hekayətlər, ədalətli hökmlər və hikmətli qadağalar yazılmış vəhy gətirmişdir, çünki əgər onlar həqiqətdirsə, onda onlara zidd olan nə varsa, əsil yalandır.
Quran ayələri tədricən nazil edilirdi ki, müsəlmanların imanını möhkəmlətsin. Bunun sayəsində haqq onların qəlbinə yavaş-yavaş nüfuz edir və onların ürəyində kök salmış iman sarsıdılmaz dağlara çevrilirlər. Onlar bilirlər ki, Səmavi Vəhy həqiqətdir və əgər Allah əvvəlcə hökm nazil edir və sonra onu ləğv edirsə, onda onlar bilirlər ki, yeni hökm əvvəlkilərdən geri qalmır və hətta onlardan üstün olur. Onlar inanırlar ki, dini hökmün ləğv edilməsi Allahın müdrikliyinə və sağlam düşüncəyə uyğundur.
Lakin Quran ayələri təkcə möminlərin imanını gücləndirmir. Ayələr onlar üçün həqiqi təlimat və müjdədir. Onlar əşyaların əsil mahiyyətini möminlərə açıqlayır, haqqı nahaqdan, düz yolu isə azğınlıqdan fərqləndirməyə kömək edir. Bununla yanaşı ayələr heç vaxt tərk etməyəcəkləri gözəl mükafatı yada salır. Onlar bir-birinin ardıya nazil edilirdilər ki, möminlər əsil həqiqəti daha yaxşı başa düşə bilsinlər və nazil edilən müjdəyə daha möhkəm inansınlar. Əgər Müqəddəs Quran bir dəfəliyə nazil edilsəydi, insanların onun hökmlərini dərk etməsi çətinləşərdi. Allah bir və ya bir-neçə hökm və yaxud hikmətamiz hekayət nazil edirdi və insanlara imkan verirdi ki onların mənasını və təyinatını anlasınlar. İnsanlar onların mənalarını dərk etdikdən sonra, Allah yeni ayələr nazil edirdi. Bunun sayəsində səhabələr böyük yüksəkliklərə nail olur, qüsurlardan və pis vərdişlərdən xilas olurdular. Onlar özlərini gözəl əxlaqi keyfiyyətlər və xeyirxah əməllərlə bəzəyirdilər ki, bu da onların özlərindən əvvəlki və sonrakı nəsilləri ötüb keçmişdilər. Mömin səhabələri əvəz edən insanlara gəldikdə isə, onlar Quran ayələrini öyrənməli, özlərində nəcib əxlaqi keyfiyyətlər tərbiyə etməli, Quranın nuru ilə nadanlıq və azğınlıq zülmətini ziyalandırmalı və Quranı bütün əməllərində özünün Bələdçisi hesab etməliydilər. Ancaq bu üsulla onlar öz ruhi-mənəvi və dünyəvi işlərini sahmana sala bilərdilər.

(16.103) “Biz onların: “Quranı ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dilidir. Bu isə açıq-aydın ərəb dilidir”.

Fövqəluca xəbər verir ki, müşriklər Muhəmməd Peyğəmbərin (s.ə.s.) Quranı insanlardan öyrəndiyini deyirdilər. Müqəddəs Quran ərəb dilində nazil edildiyi halda onların Muhəmməd Peyğəmbərin (s.ə.s.) məsləhətçiləri hesab etdikləri şəxslərin əcnəbi olması və ərəb dilini bilməməsi onların zənnini yalana çıxarmırmı?!! Ümumiyyətlə, məgər belə gümanlar etməyə dəyərmi? Əlbəttə ki, yox! Amma yalançılar haqqa iftira atmaq istədikdə, onlar yalanın nə ilə qurtaracağını düşünmürlər. Hər şey onların bəyanatlarının açıq-aşkar ziddiyyətli və qüsurluluğuna gətirib çıxarır ki, onların üzərində sadəcə düşünən hər bir kəs onları rədd etməyə məcbur olur.

(16.104) “Allah Onun ayələrinə inanmayanları, əlbəttə ki, doğru yola yönəltməz və onlar üçün üzücü bir əzab vardır”.

Əgər insanlar Allahın sarsılmaz həqiqətinin aydın dəlilləri olan ayələrinə iman gətirmək əvəzinə, onlardan boyun qaçırarlarsa, onda Fövqəluca Allah onları doğru yola yönəltməz. Onlara doğru yola gəlməyə imkan verilir, lakin onlar ondan üz çevirirlər və buna görə Haqq Təlimdən və Allahın yardımından məhrum edilmə bu dünyada cəzalandırılmaya çevrilir və ölümdən sonra isə onları üzücü əzab gözləyir.


Tarix: 18.04.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1221 Bölmə: Ayeler
loading...