Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (101-111) ayələr

(17.101) “Biz Musaya doqquz açıq-aşkar möcüzə bəxş etdik. İsrail oğullarından soruş, gör Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi: “Ey Musa! Həqiqətən, mən belə hesab edirəm ki, sən sehrlənmişsən”.

Ey Allahın çoxsaylı ayələri ilə yardım etdiyi Elçi! Sən Allahın elçilərinin insanlar tərəfindən yalançı adlandırılan ilki deyilsən. Sənə qədər onlara Allahın Özü ilə danışan İmran oğlu Musa (ə) göndərilmişdi. O (ə), Fironun və onun camaatının yanına doqquz açıq-aşkar möcüzələrlə gəlmişdi və onlardan hər biri bəs edərdi ki, haqqı axtaran doğru yola gəlsin. Bu möcüzələr: ilan, əsa, su basqını, çəyirtkə, bitlər, qurbağalar, qan, əl və dənizin aralanmasından ibarət idi. Əgər sən buna şübhə etmiş olsan, onda İsrail oğullarından soruş. Onlar təsdiq edərlər ki, Firon bu möcü-zələrə baxmayaraq, pak peyğəmbəri (ə) sehrlənmiş adlandırdı.

(17.102) “Musa dedi: “Sən artıq bilirsən ki, bir başqası deyil, ancaq göylərin və yerin Rəbbi onları əyani möcüzələr kimi nazil etmişdir. Ey Firon! Mən belə güman edirəm ki, sən məhvə düçar ediləcəksən”.

Ey Firon! Göylərin və yerin Rəbbi möcüzələr göndərmişdir ki, Onun qullarının gözləri açılsın. Sən düşündüyünü danışmırsan. Bu üsulla sən Misir xalqını öz tərəfinə çəkməyə cəhd edirsən. Doğrudan da, sən onları axmaq insanlar sayırsan. Mən isə səni məhvə məhkum edilmiş hesab edirəm. Allahın sənə qəzəbi tutacaq və sən cəzalandırılacaqsan. Sənin nəsibin alçaldılma və lənətlənmə olacaqdır.



(17.103) “Firon onları yerlərindən sıxışdırıb çıxartmaq istədi, lakin Biz onu və onunla olanların hamısını suya qərq etdik”.
(17.104) “Bundan sonra Biz İsrail oğullarına dedik: “Yaşa-yın bu torpaqda. Son vəd icra olunduğu zaman, Biz sizin hamı-nızı bir yerdə toplayacağıq”.

Firon Musanı (ə) və onun soydaşlarını Misir torpağından rüsvayçılıqla qovmaq qərarına gəlmişdi. Lakin Allah onu öz qoşunları ilə birlikdə dənizdə batırdı və onların malikanələri və evləri İsrail oğullarının irsinə çevrildi. Onlara bu ölkədə yaşamaq və insanların bir yerə toplanılacağı və hər kəsin törətdiklərinin əvəzini alacağı günə (Qiyamət günü nəzərdə tutulur. F.S.) hazırlaşmaq əmr olundu.


(17.105) “Biz onu Haqq ilə nazil etdik və o, Haqdan enmiş-dir və səni də Biz müjdə vermək və xəbərdarlıq edən nəsihətçi kimi göndərmişik”.

Allah Müqəddəs Quranı həqiqətlə nazil etmişdir ki, insanlar Onun hökmləri və qadağanları, mükafatları və cəzalandıracağı barədə bilikləri öyrənsinlər. Quran insanlara daş-qalaq edilmiş hər hansı şeytandan mühafizə olunan (Müəllif ayənin “...şeytandan mühafizə olunan həqiqət...” fraqmentinin şərhində əks etdirərkən, təbii ki, Müqəddəs Quranın Allahın Özü tərəfindən mühafizə edilməsini nəzərə çapdırmaq istəmişdir. Lakin bu mühafizənin mahiyyəti açıq saxlanmışdı və müsəlmanlar bu misilsiz və fövqəlqüdrət Sahibinə məxsus Əsəri bilavasitə Onun Özünün ilahi elminə, hikmətinə əsasən qoruduğunu düşünürdülər və düşünürlər. Bu əslində də belədir. Lakin bununla yanaşı Müdrik və Alim Allah Quranın mühafizəsindən bəhs edərkən, onu ecazkar özünümühafizə mexanizmi ilə təmin etməsini və bunun da, zamanı gəldikdə, bəşəriyyət tərəfindən Allahın rizası ilə kəşf ediləcəyini nəzərdə tuturmuş. Fövqəluca Allahın insanlara nəsib etdiyi bütün elmi- texniki tərəqqi kimi, Quranın möcüzələrini aşkar etməyi də müsəlman alimlərinə və digər saleh insanlara vaxtı çatdıqca nəsib edir. Bu kəşflərdən biri də Türkiyə Respublikası Quran Araşdırmaları Qrupunun və bir sıra digər alimlərin son illərdə aşkar etdikləri Quran möcüzələridir ki, onlar, Allahın Quranda dəfələrlə xatırlatdığı onun mühafizəsi ilə bilavasitə əlaqədar olmasıdır. Bu barədə həmin Araşdırmalar Qrupunun 2005-ci ildə kitab halında İstanbulda nəşr etdirdiyi “Quran heç tükənməyən möcüzə” adlı 454 səhifədən ibarət olan qiymətli bir əsərdir. Tərcüməmizin 4-cü cildindən başlayaraq, zəruriyyət yarandıqca Səədi Təfsirinin bir sıra ayələrinin təfsilatlı izahında həmin əsərdən, tərcüməçinin sətiraltı qeydlərində istifadə ediləcəkdir. Kollektiv müəlliflər qrupu qeyd edir ki, “Bu günümüzün müasir elminin təzəcə öyrəndiyi bilikləri, hələ 1400 il öncədən Quranın bildirməsi kitabımızda öz əksini tapmışdır. Quran bu bilikləri elmi metodologiyaya əsaslanan fizika, kimya və biologiyaya aid kitablardan fərqli bir üslubda verir. Quran müəyyən bir məsələyə aid nəticəni birbaşa gerçəkdən verdiyi halda, bu nəticəyə uzun illərin elmi axtarış və toplanmış təcrübələri əsasında gələn həmin elmlər bu nəticələrin əhəmiyyətli bir qisminə bilavasitə yazdıqları kitablarda təsadüf edirlər. Amma Quran Kainatın Yaradıcısının Kəlamıdır və Onun təcrübələrə əsasən nəticə çıxarmağa ehtiyacı yoxdur. O, Öz mahiyyəti etibarı ilə hər şeyi Biləndir. Buna görə, bəzən bir sanballı kitabda aparılan tədqiqatlar zamanı əldə edilən nəticəni, Quran dörd-beş sözlə ifadə edir”. Həmin əsər, səhifə 16. F.S. ) həqiqətlə və ədalətlə göndərilmişdir. Onu gətirən Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) olmuşdur. O (s.ə.s.), Allaha itaət edən insanları həm bu dünyada, həm də öldükdən sonra mükafatlandırılacaqları haqqında xoş xəbərlə sevindirmiş və Ona itaətsizlik göstərənləri isə həm bu dünyada, həm də Axirətdə cəzalandırılacaqları barədə xəbərdar etmişdir. Bu o deməkdir ki, o (s.ə.s.), Allahın mükafatının necə olduğunu və Onun cəzasının necə olacağını təsvir etmişdir.


(17.106) “Biz Quranı hissələrə ayırmışıq ki, sən onu insan-lara tələsmədən oxuyasan. Biz onu hissə-hissə nazil etmişik”.
Quran ayələri doğru yolla azğınlıq, həqiqətlə yalan arasın-dakı fərqi nümayiş etdirir. Allah onları nazil etmişdir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) tələsmədən onları insanlara oxusun və onlar da ayələr üzərində düşünsünlər, onların mahiyyətini dərk etsinlər və özləri üçün faydalı olan bilikləri aydınlaşdıra bilsinlər. Vəhylər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) hissə-hissə iyirmi üç il ərzində nazil edilmişdir. Fövqəluca bununla əlaqədar buyurur: “Kafirlər dedilər: “Niyə Quran ona bütövlükdə bir dəfəliyə nazil edilməmişdir?” Biz bunu belə etmişik ki, onlarla sənin ürəyini möhkəmlədək və onu ən gözəl tərzdə sənə izah etmişik. Onlar sənə istənilən məsəli çəkdikdə, Biz sənə həqiqəti və ən yaxşı təfsirini açıqlamışıq” (Furqan, 25/32-33).



(17. 107) “De: “Ona iman gətirin və ya gətirməyin! Həqiqə-tən, onu əvvəllər elm əta edilmişlərə oxuduqda, onlar, çənələri yerə toxunaraq, səcdəyə qapılırlar”.
(17. 108) “Onlar deyirlər: “Rəbbimizə həmd olsun! Həqi-qətən, Rəbbimizin vədi mütləq yerinə yetiriləcək”.
(17.109) “Onlar çənələri ilə yerə toxunaraq və ağlayaraq səcdəyə qapılırlar və bu onların itaətkarlığını artırır”.

Ey Muhəmməd! İnsanlar Quranın haqdan gəldiyinə əmin olduqdan sonra, onu şübhə altına almaq mümkün deyildir, iman gətirməyənlərə və ondan üz çevirənlərə de: “Ya iman gətirin, ya da gətirməyin! Onsuz da Allahın sizə ehtiyacı yoxdur və siz Ona heç nə ilə ziyan vura bilməzsiniz. Siz təkcə özünüz özünüzə zərər vurursunuz. Onun qulları arasında elələri var ki, O, onlara faydalı biliklər əta etmişdir. Quran ayələri onlara oxunanda öz saqqalları ilə yerə toxunaraq üz üstə səcdəyə qapılırlar, çünki ayələr onlara güclü təsir bağışlayır və onları Allahın qarşısında mütiliyə sövq edir. Onlar Allaha həmd və müşriklərin Ona atdıqları iftiraları Ondan uzaqlaşdırırlar. Onlar dirilmənin və əməllərə görə əvəz veriləcəyinin haqq olduğuna inanırlar. Onlar bilirlər ki, Onun vədində xilaf olmayacaqdır və buna şübhə etmirlər. Onlar başlarını yerə qədər aşağı endirir və ağlayırlar, Quran həqiqətləri isə onların Rəbb qarşısında itaətkarlığını gücləndirir”.
Bu ayələrdə Kitab əhlindən olan möminlərdən bəhs edilir. Onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yaşadığı və ya ölümündən sonra İslamı qəbul edənlərdi. Belə əməlisalehlərdən biri də Abdullah b. Salam idi.



(17.110) “De: “Allahı və ya Rəhmanı çağırın! Siz Onu necə çağırsanız da, ən gözəl adlar – Onunkudur”. Namazını ucadan qılma, onu pıçıltı ilə də qılma, ikisinin arasında bir yol seç!”

Ey Allahın qulları! Dualarınızı Allaha və ya Rəhmana yönəldin. İstədiyiniz kimi davranın, çünki Allah ən gözəl adların Sahibidir. Pis adlar Ona məxsus deyil və namaz zamanı o adları çəkmək olmaz. Namazınızda hansı bir gözəl adı xatırlasanız mütləq istədiyinizə nail olarsınız. Buna görə də siz Onu, xahişlə-rinizə və dualarınıza uyğun gələn gözəl adları ilə çağırmalısınız.
Siz qıldığınız namazlarınız zamanı Quran oxuyanda nə qışqırmayın, nə də pıçıltı ilə oxumayın, çünki bu iki əməlin hər biri qınanılandır. Əgər siz ayəni ucadan oxusanız, müşriklər oxuduğunuzu eşidib Quranı və onu gətirəni söyəcəklər. Əgər siz ayələri pıçıltılı səslə oxusanız, onda onlar Quran oxunmasını dinləmək istəyənlərin qulağına çatmayacaq. Buna görə, siz iki ifratçılıq arasında qalan orta yolu seçin.


(17.111) “De: “Özünə övlad götürməyən Allaha həmd ol-sun ki, səltənətində hakimiyyətinə şərik etməmişdir və alçaldıl-madan qorunmaqda himayədara möhtac deyildir”. Onu əzəmət-lə Fövqəluca say!”

O, mütləq kamilliyə malikdir, hər cür tərifə, ən gözəl sözlərlə şərəfləndirilməyə layiqdir və hərtərəfli əzəmət Sahibidir. O, hər hansı nöqsandan uzaqdır və övlada möhtac deyil. O, hakimiyyətini təkbaşına sürdürür və səltənəti idarə edir. Ali və aşağı aləmlərin sakinləri Onun qullarıdır və müstəqil hakimiyyətə malik deyillər. O, Öz qüdrətini olduğu kimi saxlamaq və Ona kömək etmələri üçün məxluqlarına möhtac deyildir, çünki O, özünəbəsdir və həmdə Layiqolandır. O, nə göylərdə, nə də yerdə heç bir məxluquna ehtiyac duymur. O, onların bəzilərini, Özünün onlara bəslədiyi mərhəməti və rəhməti sayəsində, himayə edir.
Fövqəluca buyurur: “Allah – iman gətirənlərin Hamisidir. O, onları zülmətdən nura çıxarır” (Bəqərə, 2/257). O, insanların Onun əzəmətli sifətlərini xatırlamalarına, Onun gözəl adlarını şərəfləndirmələrinə, Onun qüsursuz əməllərini tərifləmələrinə və şərik qoşmadan təkcə Ona səmimiyyətlə ibadət etmələrinə layiqdir.


Tarix: 18.04.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 627 Bölmə: Ayeler
loading...