Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (1-15)

Mərhəmətli və Rəhmli Allahın ad ilə!


(17. 1) “Dəlillərimizdən bəzisini ona göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət ver-diyimiz Məscidüləqsaya Aparan – pak və müqəddəsdir. Həqiqə-tən, O – Eşidəndir, Görəndir”.

Fövqəluca Allah bu ayədə möhtəşəm əməlləri və əzəmətli lütfkarlığı ilə təzahür edən Öz kamilliyi və böyüklüyünü xüsusilə vurğulayır. Belə əməllərindən biri də Onun Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Məkkədəki ən şərəfli məscid olan Məscidulharamdan gecə vaxtı Qüdsdə yerləşən əl-Əqsa məscidinə aparmasıdır. Bu məscid özü də ən layiqli məscidlərdən biri və peyğəmbərlərin sığınacaq yeri olmuşdur. Bir gecə ərzində Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çox böyük bir məsafəni qət etmiş və elə həmin gecə geriyə qayıtmışdır. Allah ona (s.ə.s.) onun düz yola bağlılığını möhkəmləndirən və onun (s.ə.s.) biliyini artıran möcüzələr göstər-miş, ona (s.ə.s.) dözümlü olmağı və xeyirxahlığı bədxahlıqdan seçmək qabiliyyəti təlqin etmişdir. Bu, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) haqqında Allahın göstərdiyi ilahi qayğıkeşliyinin daha bir təzahürü idi. Allah onun (s.ə.s.) arzu edilən məqsədə nail olmasını hərtərəfli asanlaşdırmış və ona (s.ə.s.) gözəl məziyyətlər bəxş etmişdi ki, onların sayəsində o (s.ə.s.), özündən əvvəlkiləri və müasirlərinin hamısını ötüb keçmişdi.
Bu ayənin aydın mənasına istinad edərək düşünmək olar ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) gecənin ilk saatlarında uzaq səyahətə birbaşa Məscidulharamdan çıxmışdır. Lakin bir səhih hədisdə xəbər verilir ki, o (s.ə.s.), Umm Xanının evindən yola düşmüşdür. Bu isə o deməkdir ki, Məscidulharamın üstünlüyü bütün toxunulmaz Məkkə torpaqla-rına aid üstünlüklə bağlıdır. Əgər insan müqəddəs Məkkə ərazi-sində ibadət edirsə, onda onun savabı, Məscidulharamın daxilində ibadət edənlər kimi, daha çox artır. Bu ayədən həmçinin aydın olur ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səfərə həm ruhən, həm də cismani olaraq çıxmışdır. Əks təqdirdə bu səfər ən böyük möcüzə və məziyyətlərdən sayılmazdı.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gecə səyahəti haqqında, ona (s.ə.s.) göstərilən çoxsaylı möcüzələrin sadalandığı bir çox səhih hədislərdə xəbər verilir. Bu hədislərdən məlumdur ki, o (s.ə.s.), əvvəlcə müqəddəs Qüds şəhərinə yollanmış və oradan göyə yüksəldilmişdir . O (s.ə.s.) yeddinci göyün zirvəsinə qədər qalxmışdır. Cənnət və Cəhənnəm ona (s.ə.s.) orada göstərilmişdir. Göylərin hər birində o (s.ə.s.) peyğəmbərlərlə görüşmüş, sonra isə ona (s.ə.s.) hər gün əlli dəfə fərz namaz qılmaq tapşırılmışdır. O (s.ə.s.) Musa peyğəmbərin (ə) təkidi ilə, gündəlik fərz namazların sayının beş dəfəyə qədər azaldılmasınadək bir neçə dəfə Allahdan xahiş etmişdir ki, ardıcıllarının vəzifələrini yüngülləşdirsin. Bu beş namazı qılan hər kəsə isə Allah əlli namazın savabını verəcəyini vəd etmişdir. Bu gecə ərzində Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və ardıcıllarına o qədər məziyyətlər verilmişdir ki, onları təkcə Əzəmətli və Qüdrətli Allah Özü sayıb qurtara bilər.
Allah bu vəhydə, Quranın nazil edilməsi və ya müşriklərə ona bənzərini yazmalarını təklif etdiyi digər ayələrdə, Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Öz qulu adlandırır, çünki o (s.ə.s.) ən ali yüksəkliklərə məhz öz Rəbbi qarşısında qulluq vəzifələrini qüsursuz yerinə yetirməsi sayəsində nail olmuşdu.
Bu vəhydə həmçinin əl-Əqsa məscidi ətrafındakı torpaqların bərəkətli olmasından bəhs edilir. Orada çoxlu ağaclar ucalır, çoxlu çaylar və çay qolları axır, məhsul isə həmişə bol olur. Bu yerin bir üstünlüyü də əl-Əqsa məscidinin, Məscidulharamdan və Peyğəmbərin (s.ə.s.) Mədinədəki məscidindən başqa, yer üzündə qalan bütün məscidlərdən üstün olmasıdır. Allah möminlərə bu məscidi ziyarət etmək məqsədilə səfərə çıxmağı və onda namaz qılmağı tapşırmışdır. Allah bu torpağı həm də Öz peyğəmbər-lərinin, dostlarının və şan-şöhrət sahibi olan görkəmli saleh insan-ların yaşayış məskəni seçmişdir.

(17. 2) “Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə Hami götürməyin!” - deyərək, onu onlara doğru yol Təlimatı etdik”.

Pak və Müqəddəs Allah Musanın (ə) peyğəmbərliyini xatır-latmaqla yanaşı çox vaxt Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) də peyğəmbərliyini yad edir və onların Kitablarını və şəriətlərini yanbayan qoyur. Bu onunla izah edilir ki, bu peyğəmbərlərin Kitabları ən yaxşılarıdır və onların şəriətləri – kamildir. Onların hər ikisi də öz əzəmətli vəzifələrini yerinə yetir-mişlər və onların ardıcılları ən çoxsaylıdırlar. Məhz buna görə Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) xatırladıqdan sonra, Allah İsrail oğulları üçün Təlimat olaraq Musaya (ə) əta etdiyi Tövratdan bəhs edir. Onlar bu Təlimatın sayəsində cahillik zülmətindən elmin nuruna aparan doğru yol tapırdılar. Bu Kitab İsrail oğulları üçün nazil edilmişdi ki, onlar tək olan Allaha ibadət etsinlər və ancaq Ona dua ilə müraciət etsinlər. Onlara tapşırılmışdı ki, özləri üçün dünyəvi və mənəvi məsələlərdə Allahdan başqa digər hamilər axtarmasınlar və ümidlərini hakimiyyət sahibi olmayan və fayda verə bilməyən məxluqlara bağlamasınlar.
Sonra, Pak və Müqəddəs Allah Öz lütfkarlığının himayəsi altına aldığı və Nuh ilə birlikdə xilas etdiklərinin nəslləri olan bəşəriyyətə müraciət edir.



(17. 3) “Ey Bizim övladlarını Nuhla birlikdə daşıdıqları-mızın nəslləri! O, doğrudan da şükür edən qul idi”.

Fövqəluca Allah Nuhu (ə) Allaha minnətdar olduğuna görə tərifləyir və onu (ə) bu gözəl məziyyətlə səciyyələndirir. Fövqəluca bununla onun (ə) nəsllərini bu peyğəmbərdən (ə) nümunə götür-məyə, onun (ə) ardınca getməyə və Allahın bəşəriyyətə bəslədiyi mərhəmətini yadda saxlamağa dəvət edir. Allah insanları qoruyub saxladı, onları yer üzündə Özünün canişini qoydu və qalanlarını isə suda qərq etdi.



(17. 4) “Biz Kitabda İsrail oğullarına öncədən bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad salacaq və son dərəcə təkəbbürlülük göstərəcəksiniz”.

Allah İsrail oğulları üçün yer üzündə mütləq iki dəfə azğın-lıq törədəcəklərini, cinayətlərə yol verəcəklərini, Allahın mərhəmə-tinə qarşı nankorluq edəcəklərini və bu zaman olduqca görün-məmiş təkəbbürlülük göstərəcəklərini öncədən onların Kitabında bildirmişdi. Allah vəd etmişdi ki, bu azğınlıqları gedişində düş-mənləri onlara üstün gələcək və onları əzab-əziyyətə düçar edəcəklər. Bununla Allah onları itaətsizlik göstərməkdən çəkindir-mişdi ki, bəlkə də onlar düz yola gəlib nəsihətləri xatırlayaydılar.

(17. 5) “İki fitnə-fəsaddan birincisinin vaxtı yetişdiyi za-man Biz sizə ən qüdrətli qullarımızı göndərdik ki, yurdunuzda dolaşıb axtarsınlar. Vədimiz belə icra edildi”.

İsrail oğulları yer üzündə ilk dəfə azğınlığa başladıqları zaman onların üstünə çoxsaylı cəsur və mükəmməl hazırlanmış döyüşçülər hücum etdilər. Bu, Allahın qədəri ilə, onların törət-diklərinin əvəzi olaraq baş verdi. Allah İsrail oğullarının düşmən-lərinə imkan verdi ki, onların kişilərini öldürsünlər, uşaqlarını əsir götürsünlər və onların mal-mülkünü ələ keçirsinlər. Nəticədə düşmənlər onların evlərinə soxuldular, müqəddəs məscidə girdilər və onu talan etdilər. Allahın vədi icra edildi, bundan qaçmaq mümkün deyildi, çünki belə olması üçün bütün əsaslar artıq törədilmişdi.
Quranı təfsir edənlər İsrail oğulları üzərində qələbə çalan-ların məhz kim olması barəsində müxtəlif rəylər söyləmişlər. Lakin onlar bir məsələdə həmrəy idilər ki, o da işğalçıların kafirlərdən olmasıydı. Bunlar İraqın, Ərəb yarımadasının və ya digər yerlərin əhalisindən idilər. Allah onlara, İsrail oğulları üzərində qələbə çalmağa ona görə icazə vermişdi ki, sonuncular saysız günahlara batmış, Allahın şəriətinin tələblərini yerinə yetirməkdən imtina etmiş və yol verilən hədləri aşmışdılar.


(17. 6) “Sonra Biz yenə sizə onların üzərində qələbə bəxş etdik. Biz sizə var-dövlətlə və oğullarla yardım göstərdik və sizi daha da çoxsaylı etdik”.

Sonradan Allah İsrail oğullarına düşmənlərinin öhdəsindən gəlməyə və kafirləri öz torpaqlarından qovmağa kömək göstərdi. Bununla yanaşı Allah İsrailin oğullarına var-dövlət, övladlar və güc-qüdrət əta etdi. O, onların cərgələrini artırdı və bu onların dindarlığı və Allaha mütiliklərinin nəticəsində oldu. Lakin az keçmədi ki, onlar yer üzündə ikinci dəfə azğınlığa başladılar və belə olduqda, Allah yenə də düşmənlərinin onlara qələbə çalma-sına imkan verdi


(17. 7) “Biz dedik: “Əgər yaxşılıq edərsinizsə, öz xeyrinizə olacaqdır, pislik edərsinizsə, o da zərərinizə olacaqdır”. Sonuncu vədin müddəti yetişdikdə, düşmənlərinizə sizi kədərləndirməyə, ilk dəfə girdikləri kimi, yenə də məscidə girməyə və onu, əllərinə keçənlərlə birlikdə, büsbütün məhv etməyə imkan verdik”.

Ey İsrail oğulları! Əgər siz saleh əməllər edirsinizsə, onda bu sizin öz xeyrinizədir, çünki əməllərinizin faydası sizin özünüzə çatır. Bu, siz hələ dünya həyatında olarkən baş verir və siz düşmənləriniz üzərində qələbə çalarkən buna əmin ola bilərdiniz. Yox, əgər siz günah işlədirsinizsə, onda ancaq özünüzə zərər vurursunuz və düşmənləriniz sizə qalib gəldikdə, Allah sizi buna da inanmağa məcbur etdi. Siz zalımlıq edirsiniz və buna görə üzünüz kədərli olacaqdır. Düşmənlər üstünüzdə hökmranlıq edəcək və sizi əsir götürəcək. Onlar Qüdsdəki müqəddəs məscidə soxulacaq, əllərinə keçən hər şeyi korlayıb dağıdacaqlar. Onlar sizin evlərinizi və məscidlərinizi viranə edəcək, əkin sahələrinizi və zəmilərinizi xarabalığa çevirəcəklər.


(17. 8) “Ola bilsin ki, Rəbbiniz sizi əfv etsin. Lakin siz yenə geri dönsəniz, onda Biz də dönərik. Biz Cəhənnəmi kafirlərin məhbəsi etmişik”.

Allah İsrail oğullarını əfv edərək, onlara növbəti dəfə yardım göstərmişdir ki, kafirlərə üstün gəlsinlər və qüdrətli bir dövlət yaratsınlar. Amma Allah bir daha Ona itaətsizlik göstərəcəkləri və yer üzündə fitnə-fəsad törədəcəkləri təqdirdə onları şiddətli cəza verəcəyi ilə təhdid edir. Elə hər şey belə də oldu. Onlar itaətsizliyə qayıtdılar və onda Allah Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) onlara qalib gəlməyə imkan verdi. Allah onun (s.ə.s.) əli ilə İsrail oğullarından intiqam aldı və bu, hələ bu dünyada ikən onlar üçün əvəz oldu. Axirətdə isə onları daha dəhşətli və daha müdhiş cəza gözləyir. Bax elə buna görə Allah buyurur ki, Cəhənnəmi kafirlərdən ötrü həbsxana etmişdir. Onlar oraya atılacaq və orada əbədi qalacaqlar.
Bu ayə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) davamçılarını da günah törətməkdən çəkindirir, çünki onlar təkcə bu üsulla, İsrail oğullarının başına gəlmiş bədbəxtliklərdən qoruna bilərlər. Həqiqətən, Allahın qanunları hamı üçün eynidir – onlar dəyişmir və təhrif olunmur. Əgər insan, kafirlər və zalımlar müsəlmanlar üzərində qələbə çalanda, bu barədə düşünsə, ona aydın olar ki, məğlubiyyətin səbəbi müsəlmanlar tərəfindən törədilən günahlardır. Allahın cəzası belə acı olur. Əgər müsəlmanlar Quranı və Sünnəni əllərində rəhbər tutsaydılar, Allah yer üzündə onların hakimiyyətini mütləq təsdiq edər və onlara rəqibləri üzərində qələbə qazanmağa kömək göstərərdi.

(17. 9) “Həqiqətən, bu Quran ən doğru yolu göstərir və xeyirxah işlər görən möminlərə onlar üçün böyük bir mükafat hazırlanması haqqında müjdə verir”.

Fövqəluca Allah ən ədalətli və ən şərəfli inancların, əməllərin və əxlaqi keyfiyyətlərin izah edildiyi Müqəddəs Quranın əzəmətindən xəbər verir. Bu nəsihətlərə əsaslanaraq insan ən kamil, düzgün və ədalətli qula çevrilir. Məhz dinin vacib və könüllü göstərişlərini yerinə yetirən insanlar üçün Allahın Səadət məkanında mükafat hazırlanmışdır ki, onun bütün ecazkar gözəllikləri təkcə Bir Allaha məlumdur.

(17. 10) “Biz Axirətə inanmayanlara şiddətli iztirab hazır-lamışıq”.

Quran ayələri özündə həm müjdə, həm də xəbərdarlıqları əks etdirir. Onlarda imandan və saleh əməllərdən bəhs edilir ki, bunların sayəsində insanlar müjdə eşitmək və mükafat almaq haqqına layiq görülürlər. Ayələrdə bəyan edilir ki, əgər insan özünə başqa yol seçərsə, əzab-əziyyətə məhkum ediləcəkdir.


(17. 11) “İnsan xeyirdən ötrü dua etdiyi kimi, şər üçün də dua edir. Həqiqətən də, insan tələskəndir”.

Həmişə tələsən insanın bu xasiyyəti onun nadanlığına dəlalət edir. O, qəzəbləndiyi zaman ya özünə, ya da uşaqlarına qarğış etməyə başlayır. O, xeyirdən ötrü tələsə-tələsə Allaha dua etdiyi kimi, beləcə tez-tələsik bu lənəti ilə də Ona müraciət edir. Lakin Allah insana qarşı mərhəmətli və rəhmlidir. O, onun xeyirxah dualarını qəbul edir və onun qarğışlarına isə əhəmiyyət vermir. Fövqəluca buyurur: “Əgər Allah insanların dualarında dilədikləri xeyrin gerçəkləşdirilməsini sürətləndirdiyi kimi, onların qarğışlarında dilədikləri şərin gerçəkləşməsini də insanlar üçün sürətləndirsəydi, onda onlar hökmən məhv olardılar” (Yunus, 10/11).

(17. 12) “Biz gecə və gündüzü dəlillər etdik. Rəbbinizin mərhəmətinə can atasınız, illərin sayını və hesabı biləsiniz deyə, gecə nişanəsini götürüb, gündüz əlamətini işıqlandırdıq. Belə ki, Biz hər şeyi təfərrüatı ilə açıqlayırıq”.

Gündüz və gecə Allahın hüdudsuz qüdrəti və hər şeyi əhatəedən mərhəmətini təsdiq edən iki dəlildir. Onlar təkcə Onun ibadətə layiq olduğunu təsbit edirlər. O, gecəni qaranlıq etmişdir ki, məxluqları sakitliyə çəkilib istirahət etsinlər. O, gündüzü işıqlı etmişdir ki, onlar gündəlik işləri ilə məşğul ola bilsinlər, məhsul istehsal etsinlər, ticarət etsinlər, səyahət çıxsınlar. Gündüzün və gecənin bir-birini əvəz etməsi və ayın vəziyyətinin dəyişməsi sayəsində O, insanlara illərin sayını yadda saxlamağı və hesab-lamağı öyrətmişdir və onlar da bundan müxtəlif faydalar əldə edirlər. Allah insanlara Öz dəlillərini izah etmişdir ki, onlar ətrafda gedən prosesləri yaxşıca araşdıra və həqiqəti yalandan fərqləndirə bilsinlər. Bununla əlaqədar Fövqəluca buyurur: “Biz Kitabda heç nəyi nəzərdən qaçırmamışıq” (Ənam, 6/38).



(17. 13) “Biz hər bir insanın əməllərini boynundan asmışıq. Qiyamət günü isə Biz ona kitabını açıq şəkildə təqdim edəcəyik”.
(17. 14) “Oxu öz kitabını! Bu gün sənin özünün öz əleyhinə hesablamağın bəs edər!”

Fövqəluca bu ayələrdə Öz ədalətinin kamilliyindən bəhs edir. İnsanın bütün yaxşı və pis əməlləri təkcə onun özünə qalır. Başqa insanlar onun əməllərinə görə məsuliyyət daşımırlar. Qiyamət qopduqda isə hər bir insan özünün xeyir və şər, böyük və kiçik əməlləri yazılmış lülə halında bükülü kitabı açıq şəkildə görəcəkdir və bu zaman ona əmr ediləcəklər ki, onu əzaba məhz nəyin məhkum etdiyinə şəxsən əmin olması üçün öz əməllərinə özü qiymət versin. Həqiqətən də bu, Allahın ən ali ədalət sahibi və qərəzsiz olmasına dəlalət edir.

(17. 15) “Kim doğru yolla gedirsə, xeyri – özünədir. Azğın-lığa qapılanlar da özlərinə zərər vururlar. Heç bir nəfs baş-qasının yükünü daşımayacaq. Biz insanları, onlara Elçi göndər-mədən, heç vaxt cəzalandırmamışıq”.

Hər kəs doğru yola gəldikdə və ya azğınlığa düşdükdə bunu təkcə özü üçün edir. Heç kim özgələrinin günahının yükünü daşımır və törətdiyi şərin bir qətrəsindən belə özünü müdafiə edə bilməz, çünki Fövqəluca Allah Ədalətli Hakimdir. O, günahkarları o halda cəzalandırır ki, peyğəmbərliyin mahiyyəti haqqında biliyə malik olsunlar və buna baxmayaraq onun aydın dəlillərini etiraf etməkdən inadcıllıqla boyun qaçırsınlar. Amma, əgər günahkar peyğəmbər hökmləri haqqında məlumata malik olduqdan sonra onları yerinə yetirməyə başlayarsa və yaxud ömrünün sonunadək peyğəmbərlərin təliminin varlığı barəsində məlumatsız olarsa, onda Fövqəluca Allah onu cəzalandırmır. Bu ayə ona dəlalət edir ki, peyğəmbərlərin təlimlərinin unudulduğu bir zamanda yaşayan insanlar, həmçinin müşriklərin həddi-buluğ yaşına çatmadan ölən uşaqları, Allah onlara elçini göndərənədək cəzaya məhkum edilməyəcəklər. Həqiqətən, O, istənilən ədalətsizlikdən sonsuzluğa qədər uzaqdır.


Tarix: 18.04.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 828 Bölmə: Ayeler
loading...