Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pivə qiyamı

Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch) - Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç).
Tarixi fon
1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi.

1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər.

Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi. Lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər. Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.

Qiyam
8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E.Remin rəhbərliyi altındakı hücum dəstələri Hərbi Nazirliyin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.

Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərbi Nazirliyə tərəf irəliləməyə başladılar. Lakin, Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçıları dağıtdı. Nəticədə nasist partiyasının 16 üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.

Qiyamdan sonra
1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə qiyamın təşkilinə görə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edildi, lakin cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur Mənim mübarizəm (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.


Tarix: 26.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 255 Bölmə: Almaniya tarixi
loading...