Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi.
Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər.
Tarixi
İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi.
İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular. Bu yeni təyyarələr hələ sınaq mərhələsində olduqları üçün çox sayda mülki xidməti heyət üzvü təyyarələrin göstəricilərini izləyir, əskiklikləri qeydə alırdı.
Legionun tank birləşməsi 180 ədəd yüngül "PzKw I" tankı ilə təchiz olunmuşdu. Alman təlimatçılar bu tankların heyətini ispanların arasından hazırlaşdırırdı.
1936-cı ilin avqustunda alman təyyarələri Frankonun Mərakeşdəki əsgərlərini İspaniyaya daşımaqda yardım göstərdilər. Bu onların münaqişədəki ilk əməliyyatları idi. Qarşıdakı bir neçə ay ərzində alman hərbi yardımı kəskin şəkildə artdı. 1936-cı il noyabrın əvvəllərində bütün bölmələr Kondor Legionunun tərkibində birləşdirildi. Onun tərkibinə Hüqo Şperrlenin rəhbərliyi altında 100 təyyarə və 5000 pilot daxil idi. Heyətin rotasiyası sayəsində münaqişə dövründə 20 000 alman pilotu və digər mütəxəssislər İspaniyada xidmət keçdilər.
Kondor Legionundan əlavə nasionalistlərin tərəfində İtaliya və Portuqaliyadan göndərilmiş hərbi birləşmələr də iştirak edirdilər.
Münaqişədə iştirak etməklə Almaniya özünün yeni silahlarını və hərbi texnikasını sınaqdan çıxarmaq imkanı qazanmışdı. Messerschmitt Bf.109 qırıcıları, Heinkel He-111 və Junkers Ju-87 "Stuka" bombardmançıları ilk dəfə bu münaqişədə özlərini göstərmək imkanı əldə etdilər. İkinci dünya müharibəsinin ilk illərində məhz bu təyyarələr və İspaniyada uçuş təcrübəsi olan pilotlar alman hərbi aviasiyasının əsas hücum qüvvəsini təşkil edirdilər.
Təyyarə və tank bölüklərindən əlavə Kondor Legionunun tərkibinə alman Hərbi Dəniz Qüvvələrinin (Die Kriegsmarine) bölmələri də daxil idi. Onlar ispan həmkarlarını təlimatlandırmaqla yanaşı, hərbi əməliyyatlarda da iştirak edirdilər. Gizli şəkildə həyata keçirilən "Ursula əməliyyatı" (Unternehmen Ursula) çərçivəsində 8 alman sualtı qayığı respublikaçılara məxsus gəmilərə qarşı hücumlar təşkil edirdilər. İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus 58 sualtı gəmi də Sottomarini Legionari ("Sualtı gəmi Legionu") adı altında Frankoya yardım üçün göndərilmişdi.
Almanlar həmçinin 88 mm-lik ağır zenit artilleriyasını da İspaniyada sınaqdan çıxarmışdılar.
Vətəndaş müharibəsinin başa çatmasına yarım il qalmış respublikaçıların tərəfində döyüşən könüllülərdən ibarət interbriqadalar buraxıldı və İspaniyadan çıxarıldı, sovet hərbi mütəxəssisləri də həmçinin. Kondor Legionu isə yalnız münaqişənin sonlarına yaxın Almaniyaya geri çağrıldı.
Ju-87 "Stuka" şığıyan-bombardmançılarından başqa bütün təyyarələr almanlar tərəfindən Franko qoşunlarına hərbi yardım kimi saxlanmışdı.
Gernika və Rügen əməliyyatı
Rügen əməliyyatı — 26 aprel 1937-ci il tarixində respublikaçı qüvvələrin nəzarətində olan dinc bask şəhəri olan Gernikanın "Kondor Legionu" və italyan hərbi aviasiyası tərəfindən birgə həyata keçirilən genişçaplı bombardmanı. Polkovnik-leytenant Volfram Frayher fon Rixthofenin rəhbərlik etdiyi əməliyyat nəticəsində müxtəlif versiyalara görə 120-3000 nəfər həlak olmuşdur. Bu hadisə dünya ictimaiyyətinin diqqətini bu münaqişəyə yönəltmiş və kəskin beynəlxalq qınağa səbəb olmuşdu.
Pablo Pikasso bu faciədən təsirlənərək özünün məşhur "Gernika" əsərini yaratmışdı.
Münaqişədən sonra
İkinci dünya müharibəsi dövründə Franko Kondor Legionunun xidmətlərinin əvəzini çıxmaq üçün Vermaxtın tərkibində yalnız SSRİ-yə qarşı aparılan əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət "Mavi Diviziya"nı Almaniyaya göndərdi.
1998-ci ildə Almaniya parlamenti hərbi obyektlərə Kondor Legionunun tərkibində döyüşmüş pilotların adının verilməsini qadağan etdi. Lakin, 2005-ci ilədək Bundesverin qırıcı eskadrilyası Legionun pilotlarından ən yaxşısı hesab olunan Verner Möldersin adını daşıyırdı.
Tarix: 26.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 230 Bölmə: Almaniya tarixi