Bəzən qadınlar deyir ki, biz bir gün olmasaq, kişilər aclarından nə edəcəklərini bilməz. Çünki kişilər yemək bişirməkdə heç də mahir deyillər. Təbii ki, dünyanın ən yaxşı aşbazlarının məhz kişi olması aksiomu bu fikirləri alt-üst edib. Ancaq bəzi qadınlar bütün bunlara baxmayaraq, hələ də öz fikirlərindən daşınmamaqda israrlıdırlar. Biz də bu dəfəki “Aşbaz Abbas” bölməmizdə çox az ehtimal olunmasına baxmayaraq, bəzi kişilərin dadlı yemək bişirə bilməməsi “təhlükəsini” nəzərə alıb yeni bir dadlı, ləzzətli yemək reseptini Sizinlə bölüşürük. Buyurun, tətbiq edin və xanımınızı sözün hər mənasında təəccübləndirin.
Beləliklə, tez hazırlanan qiymə souslu makaron.
Qiymə souslu makaron hazırlamaq elə də çətin iş deyil. Adi makaron süzməyi yəqin ki, çoxumuz bilirik. Bu yeməkdə qiymənin hazırlanması nisbətən çətin mərhələ hesab edilir.
Qiymə sousun hazırlamaq üçün bizə lazımdır:
150-200 qram qiymə;
1 ədəd iri pomidor;
1 ədəd baş soğan;
3 ədəd şirin bibər;
2 qaşıq tomat;
Duz, istiot.
İndi isə aşbazlığa başlaya bilərik. Əvvəlcə tavanı qazın üzərinə qoyub yarım dəqiqə kimi gözləyirik, tava qızdıqdan sonra oraya 2-3 yemək qaşığı yağ, 3-4 yemək qaşığı su əlavə edirik. Daha sonra qiyməni tavaya tökürük. Onun rəngi dəyişilməyə başlayan zaman soğanı xırda-xırda doğrayır və onu da tavaya əlavə edirik. Soğanla qiyməni 4-5 dəqiqə kimi qovurduqdan sonra isə bu qarışığa xırda-xırda doğradığımız bibərləri əlavə edirik. Onların hamısını bir yerdə qovurduqdan sonra pomidorun qabığını soyur, onu doğrayır və sousa əlavə edirik. Sonda hazırladığımız sousa zövqə görə duz, istiot əlavə edərək 10-15 dəqiqə qovururuq və budur artıq sousumuz hazırdır.
Makaronun hazırlanması isə olduqca asan mərhələdir. İstifadə edəcəyimiz qazana yarısına qədər (nəzərdə tutduğumuz insanların sayından aslı olaraq dəyişə bilər) su töküb onu qaynamağa qoyuruq. Su qaynadıqdan sonra makaronu ora əlavə edirik. Makaron suda 10-15 dəqiqə qaynadıqdan sonra artıq qazı söndürüb makaronu süzə bilərik.
Artıq heç çəkinmədən yeməyi servis edə bilərsiniz. Bununla xanımınıza sübut edin ki, yemək hazırlamaq heç də onun dediyi qədər əziyyətli iş deyil.
Nuş olsun!
Tarix: 07.01.2015 / 12:15 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Aşbaz Abbas