Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2005)

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — Milli məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir.
Tarixçə
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci il iyulun 21-də Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən yaradılmış "İslahat"; Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən yaradılmış "Azadlıq"; Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Milli Hərəkat Partiyası tərəfindən yaradılmış "Yeni Siyasət"; həmin il iyulun 24-də Vəhdət və Birlik partiyaları tərəfindən yaradılmış "Azərbaycançı Qüvvələr"; Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən yaradılmış "Demokratik Azərbaycan"; Azərbaycan Xalq Demokratik Partiyası və Vahid Azərbaycan Partiyası tərəfindən yaradılmış "Azərbaycan Naminə Seçki Bloku"; iyulun 27-də Qorqud Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən yaradılmış "Azərbaycan Tərəqqi Alyansı"; avqustun 15-də isə Azərbaycan Mübarizlər Partiyası və Azərbaycan Milli Dövlətçilik Partiyası tərəfindən yaradılmış "Birlik" siyasi partiyalar bloklarını qeydə aldı.

Seçkilər
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir.

MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu.

Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi.

Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu.

2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi.

Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi. 115 seçki dairəsi üzrə deputatlar seçilmişdi. 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Lalə Şövkət Hacıyeva Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006- cı il tarixli 2/3 saylı Qərarı ilə deputat mandatından məhrum edildi.

Təkrar seçkilərdə seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyaları protokollarının məlumatlarına əsasən Milli Məclisə 10 yeni deputat seçildi.

Azərbaycan Respublikasının Milli Məclisinin tərkibinə seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50- si ölkədə fəaliyyət göstərən siyasi partiyalar, 6-sı siyasi partiyaların blokları və 59-u özləri tərəfindən deputatlığa namizəd irəli sürülmüşdü.


Tarix: 12.02.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 153 Bölmə: Ümumi
loading...