İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur. Qərarın qəbulu yəni işin hansı şəkildə icra edilməsi, iradi işin quruluşunda mühüm mərhələdir. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, fəaliyyətin nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, mahiyyətinə görə çox mühüm iradi keyfiyyət hesab olunur.
İcra mərhələsi – iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur.
Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər.
Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar.
Mürəkkəb iradi işdə isə vəziyyət tamamilə dəyişir. Bu zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki, XI sinif şagirdi ali məktəbə daxil olmaq məqsədini qarşısına qoyur. Bu zaman hansı ixtisası, hansı universiteti seçmək məsələsi ortaya çıxır. Şagirdi ingilis dili ixtisası maraqlandırır. Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin məktəbi bitirən yoldaşlarından Dillər Universitetinə daxil olanlar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər arasında mübarizə gedir. Nəhayət o, ingilis dili üzrə mütəxəssis olmaq qərarına gəlir. Bundan sonra yeni mərhələ başlayır. Şagird bunun üçün yol və vasitələr arayır. Müəllimlərindən məsləhət alır. Xüsusi hazırlıq kurslarına gedir. Ciddi şəkildə sınaq imtahanlarında iştirak edir. Nəhayət qəbul haqqında elanlar çıxdıqdan sonra sənədlərini həmin ixtsas üzrə təqdim edir. Bundan sonra test imtahanlarına gedir. Son mərhələdə məqsədinə necə nail olduğunu qiymətləndirir.
Tarix: 27.11.2014 / 13:21 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Ümumi Psixologiya