Rus-yapon müharibəsi (yap. 日露戦争 niti ro-senso; 9 fevral 1904 — 5 sentyabr 1905) – Rusiya və Yaponiya arasında Koreya və Mancuriya üzərində nəzarət üstündə baş vermişdir.
XX əsrin əvvəllərində Rusiya və Avropa dövlətlərinin Uzaq Şərqdəki maraqları Meydzi inqilabından sonra sürətli inkişafa nail olan Yaponiyanın regiondakı maraqları ilə kəsişməyə başladı. Nəticədə ölkələr arasında rəqabət kəskin artdı. Bu müharibə uzaqmənzilli artilleriya, zirehli gəmi, minadaşıyan gəmi kimi yeni silahların ilk dəfə işlədilməsi ilə də tarixə düşmüşdür. Rus-yapon müharibəsi həm də bir Asiya dövlətinin müasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması ilə əlamətdardır.
İmperator II Nikolayın hakimiyyətinin ilk yarısında onun bütün Rusiya siyasətində əsas yerlərdən birini "Böyük Asiya proqramı"na əsasən Uzaq Şərq məsələsi tuturdu.Hələ Reveldə imperator II Vilhelmlə görüşü zamanı Rusiya imperatoru birbaşa, açıqca bildirmişdi ki, o Rusiyanın Şərqi Asiyada qüvvətlənməsi və təsir gücünün artmasına öz hakimiyyətinin "Əsas vəzifəsi" kimi baxır.Rusiyanın Uzaq Şərqdə üstünlüyünə ən böyük hədə Yaponiya idi. Qarşıdurmanın qaçılmaz olduğunu öncədən görən II Nikolay nəinki diplomatik yollarla, həmçinin, hərbi yollarla da müxtəlif tədbirlər görürdü. Belə ki, Avstriya ilə anlaşmanın əldə olunması və Almaniya ilə münasibətlərin yaxşılaşdırılması Rusiyanın mövqelərini möhkəmlədir və həmçinin, Sibir yollarının inşası, donanmanın gücləndirilməsi müharibə ehtimalına qarşı tədbirlərin təmin olunmasına xidmət edirdi. Məlum olduğu kimi,Rusiya və Yaponiya arasında diplomatik münasibətlər hələ 1855-ci ildə pozulmuşdu. Rusiyanın xarici işlər naziri Qorçakov Rusiyanın Yaponiya və Çinlə yaxınlaşmasında maraqlı şəxslərdən biri idi. Qorçakov bu 2 dövlətin dünya siyasətinə gələcək təsirini hiss edirdi və Rusiyanı bu dövlətlə rəqabətdən yayındırmağa çalışırdı. Ancaq Rusiyanın dövlət maraqları onun Uzaq Şərqdə möhkəmlənməsini tələb edirdi. Lakin Rusiya hakimiyyət dairələrində böyük ümid edirdilər ki, Rusiyanın əzəməti qorxusu Yaponiyanı birbaşa hücuma keçməkdən çəkindirəcəkdir. 1867-1868-ci illərdəki burjua inqilabının natamamlığı nəticəsində Yaponiyada daxili bazarın son dərəcə məhdud olması işğalçılıq meyllərini gücləndirmişdi. Hakim dairələr yapon kapitalizminin təşəkkülündən doğan daxili ziddiyətləri özgə torpaqlara təcavüz etmək yolu ilə həll etməyə çalışırdılar.
Yaponiyanın müstəmləkə təcavüzünün ilk hədəflərindən biri Koreya olmuşdur. XIX əsrin axırlarında Çini birlikdə istismar etmək və onu "nüfuz dairələrinə" bölmək üçün ilk addımı İngiltərə və ABŞ-ın köməyi ilə Yaponiya atdı. Koreya uğrunda mübarizə 1894-1895-ci illərdə Çin-Yaponiya müharibəsinə səbəb oldu. 1895-ci ilin aprelində Çinlə Yaponiya arasında imzalanmış Smonsek müqaviləsinə görə Çin Koreyanın müstəqilliyini tanıdı, Tayvan və Lyaodun Yaponiyaya verildi. Çin böyük məbləğdə təzminat ödəməli oldu. Yaponiya ilə müharibədə məğlubiyyət Çinin müstəmləkəçi dövlətlər arasında bölüşdürülməsi prosesini sürətləndirdi. ABŞ Çinin müstəmləkəçi dövlətlər tərəfindən bölüşdürülməsi prosesindən kənarda qalmaq istəmirdi. ABŞ dövlət katibi C.M.Hey 1899-cu ildə verdiyi notada "açıq qapı" adlandırılan doktrinanı elan etdi. Doktrinanın mahiyyəti bundan ibarət idi ki, ölkələr Çinin ayrı-ayrı regionları və portları ilə artıq müqavilə baglamış digər dövlətlərin hüquqlarına müdaxilə etməmək ,başqa ölkələrin maraq dairələrini pozmamaq,öz nüfuz dairələrinə daxil olan gəmilər üçün daha yüksək rüsum təyin etməmək barədə öhdəlik götürməli idilər[ ]. Bu doktrinanın meydana çıxması məhz o zaman mümkün oldu ki,ABŞ iqtisadi inkişafda aparıcı Avropa dövlətlərinin səviyyəsinə çatdı və onlarla rəqabət apara bilərdi.Əgər əvvəl elan olunmuş Monro və Olini doktrinaları Avropa ölkələrinin Latın Amerikası qitəsinin işlərinə müdaxiləsinə qarşı yönəlmişdisə,Hey doktrinası ondan fərqli olaraq artıq ABŞ üçün Çində başqa dövlətlərlə bərabər iqtisadi imkanlar tələb edirdi. 1902-ci ildə bütün Avropa dövlətləri Heyin təklifini qəbul etdilər.Rusiyaya gəlincə isə o,bir sıra qeyd-şərtlər etdi,belə ki,onun Çinə daşıdığı malların tarif müdafiəsinə ehtiyac vardı.Çinə hamıdan yaxında yerləşən və bunula da əlaqədar olaraq başqa ölkələr qarşısında üstünlüyə malik olan Yaponiya Amerikanın təklifinə etiraz etmədi.Beləliklə,yalnız Rusiya xususi mövqe tuturdu ki,bu da müəyyən mənada ABŞ,İngiltərə və Yaponiyanın Uzaq Şərqdə ona qarşı yaxınlaşmasına təsir göstərdi.
XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı xeyli sürətlənmişdi.Burada kapitalizm təhkimçi mülkədarların tədricən burjua təsərrüfatçısına çevrilməsi yolu ilə inkişaf edirdi.Bu isə kəndlilərin əsas kütləsinin uzun müddət mülkədar asılılığından saxlanmasına səbəb olurdu. Sənayeçilər iri fabrik – zavodlar inşa etdirir,dəmiryolu tikintisi coşqun surətlə genişlənir,banklar və səhmdar cəmiyyətləri artırdı. Rusiyada sindikatlar sayca üstünlüyə malik idilər.1902-1907-ci illərdə burada "Truboprokat" , "Prodamet" ,"Qvozd" , "Prodauqol" və s. inhisarlar meydana gəlmişdir.İnhisarlarla sıx əlaqədə olan iri banklar ölkədə həlledici rol oynamağa başlamışdılar. XX əsrin əvvəllərində ölkədə ictimai-siyasi proseslər dərinləşməyə başlamışdı.Burjua –liberal ,sosial-demokrat hərəkatı güclənmiş,ilk siyasi partiyalar yaranmağa başlamışdı.
XX əsrin başlanğıcında Yaponiya iqtisadi cəhətdən Avropanın digər böyük dövlətlərindən və ABŞ-dan hələ geridə qalmaqda idi. 1900-1903-cu illərin dünya iqtisadi böhranı ölkədə kapitalın və istehsalın təmərküzləşməsi prosesini sürətləndirmişdi.
Yaponiya inhisarlarının səciyyəvi cəhətlərindən biri ondan ibarət idi ki,onlar sələmçi-ticarət kapitalı əsasında yaranaraq inkişaf etmişdilər.Bu isə inhisarların quruluşunda və fəaliyətində yarımfeodal üsullarının hökm sürməsi ilə müşaiət edilirdi.2ci səciyyəvi cəhət inhisarlaşma prosesinin sənayenin inkişafını aşağı səviyyədə olduğu şəraitdə getməsində idi.Ölkənin iqtisadi inkişafında maraqlı olan hakimiyyət dairələri inhisarlara fəal köməklik göstərir və onları müdafiə edirdilər.Yapon kapitalizmi hərbi-feodal səciyəsi daşıyırdı,bu da mahiyyət etibarilə inhisarçı kapitalizm ilə yarımfeodal qalıqların çulğaşmasından ibarət idi.
1904-cü ilin fevralın 5-də Yaponiya xarici işlər naziri Cyutaro Komuro Peterburqdakı səfirə teleqraf göndərdi ki, "bu mənasız,boş danışıqları qurtarsın" və Rusiya ilə diplomatik danışıqları kəssin. 6 fevral 1904-cü ildə artıq Yaponiya ilə Rusiya arasında diplomatik əlaqələr kəsildi.2 gün sonra fevralın 8-dən 9-na keçən gecə Yaponiya müharibə elan etmədən Rusiyaya qarşı hərbi əməliyatlara başladı.Yaponlar Port-Artur və Çemulpo hərbi dəniz bazalarına hücum etdi. ABŞ və İngiltərə Yaponiyanın Rusiyaya qarşı müharibəyə başlamasında maraqlı idi və ona iqtisadi yardım göstərirdi.Rusiyaya isə Fransa kömək edirdi.Almaniya bildirirdi ki,Rusiya-Yaponiya müharibəsinə qarışmayacaq.Eyni zamanda Almaniya Uzaq Şərqdə müharibənin başlanmasını razılıqla qarşıladı.Almaniya bildirdi ki,Avstriya-Macarıstan Balkanlarda Rusiyanın mənafeləri üçün təhlükə yaratmayacaq. Yaponiya müharibəyə işğalçılıq məqsədilə başladığını gizlətmirdi.1904-cü ilin əvvəlində Yaponiyanın Rusiyaya qarşı müharibəyə başlaması üçün əlverişli şərait yaranmışdı.İngiltərə Türkiyədən tələb etmişdi ki,Qara dəniz boğazlarından Rusiyanın gəmilərini buraxmasın.1904-cü ildə ABŞ və İngiltərə Yaponiyaya 6%-lə 110 milyon dollar kredit vermişdi.Yaponiya hökuməti krediti gömrük hesabına qaytarmalı idi.1905-ci ilin martında ABŞ və İngiltərə Yaponiyaya 4,5%-lə 150 milyon dollar kredit verdi ki,Yaponiya bunu tütün satışından əldə etdiyi gəlirlər hesabına qaytarmalı idi.Yaponiyanın hərbi xərclərinin 40%-i xarici yardıma əsaslanırdı.
ABŞ və İngiltərə üçün rus-yapon müharibəsi böyük gəlir mənbəyi idi.ABŞ Rusiyanın siyasətini Uzaq Şərqdə öz mənafeləri üçün əsas təhlükə mənbəyi sayırdı.Lakin mənafe ümumiliyi ABŞ-la İngiltərə arasında ziddiyətləri aradan qaldırmadı.Yaponiyanın siyasəti də ABŞ-ın Uzaq Şərqdəki mənafeləri üçün təhlükə yaradırdı.İngiltərə bitərəf olduğunu bildirdi.Fransa isə Uzaq Şərqdə müharibəyə qoşulmaq,xüsusilə İngiltərəyə qarşı hərbi əməliyatlara başlamaq istəmirdi.Lakin yapon diplomatiyası Rusiya ilə Almaniya arasında münasibətlərin kəskinləşməsinə nail olmadı.Ona görə Rusiya hökuməti Yaponiya ilə müharibə zamanı ölkənin qərb sərhədlərinin təhlükəsizliyi üçün narahat deyildi.
Ölkə daxilində müharibəyə münasibət
Müharibə ərəfəsində olduğu kimi müharibə başlananda da Peterburqda ölkənin Uzaq Şərqdə xarici siyasət strategiyasıvə müharibənin məqsədləri barədə vahid rəy yox idi. Başında stats-katib A.M.Bezobrazov duran və hələ boksçu üsyanının yatırılması zamanı Çinə daxil olan Bezobrazov güruhu adlanan qruplaşma Rusiyanın Mancuriyada və Koreyada müfuzunun güclənməsinə yönələn qəti kurs uğrunda çıxış edirdi. 1903-cü ilin martında Mancuriyadan qayıtmış Bezobrazov hazırlayıb çara göndərdiyi məruzədə Koreyada konsessiyala malik olmanın Rusiya üçün faydalarını hər cür qeyd edirdi. Bütün bu məsələlər Mancuriya və Koreyada rus konsessiyalarının istismarı üçün şəxsi cəmiyyətin yaradılmasının taleyi həll olunan 26 mart tarixli xüsusi müşavirədə müzakirə olundu.Bu təkliflər Uzaq Şərqdə vəziyyəti mürəkkəbləşdirir və Yaponiya ilə münasibətləri daha da qızışdırırdı. V.N.Lamzdorfun dəstək verdiyi S.Y.Vitte rus qoşunlarının Mancuriyadan çıxarılması tərəfdarı idi. Lakin daxili işlər naziri V.K.Pleve Bezobrazovçuların tərəfini tutaraq,şəxsi cəmiyyətlərin yaradılması uğrunda çıxış etdi. Bu məsələnin həlli zamanı Vitte və Lamzdorf təcrid olunmuş vəziyyətə düçdülər və son nəticədə Uzaq Şərqdə rus meşə sənayesi cəmiyyətinin nizamnaməsi qəbul olundu.Çinin bir sıra şəhərlərindən qoşunların hələlik çıxarılmaması qərara alındı. Tarixdə "yeni kurs" kimi məşhur olan bu siyasətə həm çarın ətrafında və hökumətdə,həm də sahibkarlar arasında olan nüfuzlu şəxslər dəstək verirdilər. Onların arasında böyük knyaz Aleksandr Mixayloviç,Kvantun vilayətinin rəisi Y.İ. Alekseyev, daxili işlər naziri V.K. Pleve, qraf İ.İ. Vorontsov-Daşkov və başqaları vardı.Bu qrupun ideoloqu istefada olan potmistr A.M. Bezobrozov idi. Koreyanın ərazisində gəlirinin yarısının birbaşa çar xəzinəsinə daxil olmalı olduğu konsessiyaların yaradılması kimi avanturist layihələr yolu ilə Bezobrazovçular II Nikolayın dəstəyinə nail oldular."Yeni kurs" açıq-aşkar avantüra idi və onun dövlət maraqları ilə heç bir əlaqəsi yox idi.Çunki Uzaq Şərqdə vəziyyətin kəskinləşməsinə və Yaponiya ilə müharibəyə doğru aparırdı.Lakin çarın dəstəyini alaraq,o,maliyyə naziri S.Y.Vittenin,xarici işlər naziri V.N.Lamzdorfun təklif etdiyi və hərbi nazir A.N.Kuropatkinin dəstək verdiyi mötədil və ölçülüb-biçilmiş yanaşmanı üstələdi.Vitte nazir postunu itirdi,postunu saxlamış Lamzdorfun mövqeləri isə zəiflədi.
Tarix: 18.02.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 354 Bölmə: Ölkələrinə görə tarix