beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeyvə xalçaları

Zeyvə xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Zeyvə xalçaları qədim və zəngin tarixə mlikdir.Şəkildə təsvir edilən xalçanın adı Qubadan 30km cənub - şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. Xalçanın xalq arasında "qədim Zeyvə" adı ilə məşhur olması onun qədim dövrə aid olduğunu təsdiq edir. Bu kompozisiyalar təkcə şimal - şərqi və şimal - qərbi Azərbaycanın, xüsusi halda Gəncənin xalçaçılıq məntəqələrində deyil, Ermənistanın şimal - şərq hissəsində və Göyçə gölünün sağ sahilində olan azərbaycanlılar arasında da istehsal olunurdu.

Bədii xüsusiyyətləri

"Zeyvə" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə ardıcıl yerləşdirilmiş bir neçə göldən ibarətdir. "Zeyvə" xalçasının əsas elementini təşkil edən və tamamilə punktir xətlərlə yerinə yetirilən bu gölləri onların forma və mənşəyinə görə orta əsrlərə aid etmək olar. Onlar ulduza bənzər həndəsi formaya malikdirlər. Qubanın xalçaçılıq məntəqələrində istehsal olunan bu göllərin forması dəyişmir, daxili bəzəyi isə müxtəlif cür olub, bəzən simvolik məna kəsb edən xaç şəklini alır. Azərbaycan xalçaçıları toxuduqları göllü xalçaları ya "təkgöl", ya da "qoşa göl" adlandırırlar. Məsələn, əgər eni bir metr olan xalçanın ara sahəsində bir göl yerləşdirilmişdirsə, ona "təkgöl" xalça deyirlər. Əgər xalçanın sahəsi çoxdursa, ara sahədə bir sırada iki və bəzən də üç göl yerləşdirilir. Xalça toxuyanlar belə xalçanı "qoşagöl" adlandırırlar. Hal - hazırla istehsal olunan "Zeyvə" xalçalarının köbələri xarakter etibarilə "Pirəbədil" xalçalarının köbələri ilə oxşardır. Lakin "Çaxmağı" və "Zülflü aləm" xalçalarının ara haşiyəsi ilə eyni olan xalçalara da rast gəlmək olar. Onlar yaxın keçmişə qədər məhz "Zeyvə" xalçaları üçün daha xarakterik idi. Nadir hallarda "Zeyvə" xalçalarında Bakı xalçaları üçün xarakterik olan "Kaşı" köbəsinə rast gəlinir. "Zeyvə" xalçalarının ara sahəsinin fonu bir çox hallarda göy rəngdə, bəzən isə tünd - qırmızı, tünd- abı və ya bej rəngli olur.

Texniki xüsusiyyətləri

"Zeyvə" xalçalarının ölçüsü 100x160sm-dən 130x200sm-ə qədərdir. Bəzən uzunsov xalçalara istehsal olunur. İlmələrin sıxlığı 40x40 ilmədən 50x50 ilməyə qədərdir (bir kvadrat metrdə 160000 ilmədən 250000 ilməyə qədər, bir kvadrat metrində 350000 ilmə olan xalçalara da rast gəlmək olar). Xovun hündürlüyü 3-6mm-dir.


Tarix: 24.03.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Toxuculuq