beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanqərvənd xalçası

Xanqərvənd – Qarabağ tipinə aid olan xovlu xalça.

Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

"Xanqərvənd" adlanan bu xalçalar əvvəllər Gəncə – Qazax tipinə, sonralar isə ( təxminən XVIII əsrin II yarısından ) Qarabağ tipinə aid edilmişdir. Xanqərvənd kəndi Bərdə şəhərindən 20 km şimal – qərbdə yerləşən böyük bir kəndin adıdır. İki böyük xalçaçılıq mərkəzinin – Gəncə və Qarabağın xalçaçılıq sənətini davam etdirən bu kənd bu iki xalçaçılıq məktəbinin bədii və texniki xüsusiyyətlərindən istifadə etmiş və qədim zamanlardan yüksək keyfiyyətli xalçaların istehsal olunduğu mərkəz hesab edilmişdir. Burada xalı, gəbə və müxtəlif ölçülü digər xalçalar, həmçinin xovsuz xalçalar – palaz, kilim, zili istehsal edilmişdir. Beləliklə, Xanqərvənd vaxtilə Gəncə və Qarabağın xalçaçılıq mərkəzi olmuşdur. O, ətraf ərazilərin – Faxralı, Samux, Şadılı, həmçinin Ağcabədi və Tərtər rayonlarının xalçaçılıq məntəqələrinin xalçaçılıq sənətinə də müsbət təsir göstərmişdir.

Bədii analiz

"Xanqərvənd xalçaları" müxtəlif növdə olurlar. "Xanqərvənd xalçaları" orta sahəsində göl olan və olmayan növlərdə olur. Orta sahəsinin kompozisiyasını göllərin təşkil etdiyi xalçalar gölsüz kompozisiyaya malik xalçalardan daha çoxdur. "Xanqərvənd" xalçaları Cənubi Azərbaycan xalçası olan "Ləçək turunc xalçası"nı xatırladır və strukturuna görə onunla eynidir. XIX əsrdə yaradılmış bu xalçanın mərkəzi rombabənzər gölü və onu dörd tərəfdən əhatə edən ləçəklər – "Balıq" adlandırılan naxışlarla örtülmüşdür. Xanqərvənd kəndinin xalçaçıları "Balıq" naxışını yaddaşa görə toxuyurdular və ona tez–tez müraciət edirdilər. Mərkəzi göl ilə onun ətrafında yerləşdirilmiş ləçəklər arasında hamar fon, həmçinin fona doğru istiqamətlənmiş oxşəkilli caqlar – Xanqərvəndin özünəməxsus xüsusiyyətləridir. Orta sahəni əhatə edən haşiyə zolağı iki zərif mədaxil və "İslimi" adını almış orta haşiyədən ibarətdir. Belə mürəkkəb quruluşlu orta sahə haşiyəsinə Əfqanıstanın, İranın, Cənubi Azərbaycanın, xüsusilə, "Bicar xalçası", "Əraq xalçası", "Müstovfi xalçası" xalçalarında və Qarabağ xalçası olan "Balıq xalçası"nda rast gəlmək mümkündür. Göllü Xanqərvənd xalçası XX əsrin əvvəlində toxunmuşdur. Bu xalça, öz quruluşuna görə, yuxarıda analiz edilən xalçaya bənzəsə də, ondan öz sadəliyi ilə seçilir. Xovsuz Xanqərvənd xalçasının orta sahəsinin kompozisiyası müxtəlif elemnetlərdən ibarətdir, lakin onlar öz orijinallığı ilə seçilən bitkin naxışlardan ibarətdir. "Xanqərvənd xalçaları" müxtəlif ölçüdə və müxtəlif sıxlıqda toxunur.

Texniki xüsusiyyətlər

Həm xovlu, həm də xovsuz "Xanqərvənd xalçaları" müxtəlif format və ölçüdə olur. Düyünlərin sıxlığı və xovun uzunluğu da müxtəlif olur. "Xanqərvənd" xalçaları qədim zamanlardan Azərbaycanın ən yaxşı xalçaları hesab olunur.


Tarix: 24.03.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Toxuculuq